“Pirallahı” Günəş Elektrik Stansiyası istifadəyə verilib

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Pirallahı” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.

Azərbaycan Prezidenti stansiyanı işə saldı.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov dövlətimizin başçısına “Pirallahı” Günəş Elektrik Stansiyası layihəsinin texniki-iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verdi.

Bildirildi ki, layihənin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təminatından ibarətdir. Ümumi layihə gücü 12/8 MVt olan layihənin icra müddəti 2014-2020-ci illəri əhatə edir. Birinci mərhələdə 2,8 MVt gücündə “Pirallahı” Günəş Elektrik Stansiyası layihəsinin 1,1 MVt-lıq hissəsi üzrə Pirallahı rayonunun şimal-şərq hissəsində iki hektar torpaq sahəsində tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda stansiya istismar təlimatına uyğun olaraq test rejimində fəaliyyət göstərir və bu il iyunun 1-i tarixinə 1,5 milyon kVt/s elektrik enerjisi istehsal edilib ki, bunun sayəsində 330 min kubmetr təbii qaza qənaət olunub.

Qeyd olundu ki, burada ümumilikdə 4400 Günəş paneli quraşdırılıb. Layihə çərçivəsində “Bir ev-bir elektrik stansiyası” prinsipi əsasında Pirallahıda 235 nömrəli məktəbdə 25 kVt-lıq Günəş elektrik stansiyası quraşdırılıb və Dövlət Agentliyi tərəfindən test rejimində istismar olunur. Növbəti illərdə bu stansiyanın məktəbin balansına verilməsi nəzərdə tutulub. Bundan əlavə, ərazidə 85 metr hündürlüyündə stasionar və “KamAZ” avtomobilinin bazasında səyyar inteqrə olunmuş Ölçü-Müşahidə Nəzarət Kompleksi yaradılıb. Bu kompleksə Günəş müşahidə stansiyası, mobil külək müşahidə stansiyası, küləyin sürətini və istiqamətini ultrasəs metodu ilə ölçən “Dopler SODAR” daxildir. Kompleks ölkə üzrə istənilən ərazidə stasionar rejimdə hər 20 metr məsafədə və 20-300 metr hündürlükdə bütün geofiziki-metroloji parametrləri ölçməyə və təhlil etməyə imkan verir.

Prezident İlham Əliyevə “Azgüntex” zavodunda istehsalı nəzərdə tutulan Günəş və külək texnologiyaları əsasında hazırlanan qurğu və avadanlıq barədə məlumat verildi. Dövlətimizin başçısına, həmçinin Dövlət Agentliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq Günəş texnologiyasına əsaslanan küçə və istirahət parkları üçün “ağıllı” işıqlandırma sistemləri haqqında məlumat və nümunələr təqdim olundu. Bildirildi ki, bu sistemlər stasionar xarakter ­daşımaqla müstəqil rejimdə işləməyə qadirdir.

Alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqi enerji təhlükəsizliyinin yüksəldilməsində, təbii qaza qənaət olunmasında, atmosferə atılan zərərli tullantıların azalmasında, ekoloji tarazlığın təmin olunması ilə innovativ inkişafın sürətlənməsində və yeni iş yerlərinin yaranmasında mühüm əhəmiyyətə malikdir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında