Azərbaycan-Latviya biznes forumu

{nl}

Yanvarın 17-də Riqada Azərbaycan-Latviya biznes forumu keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Valdis Zatlers biznes forumda iştirak etmişlər.
Forum iştirakçıları Azərbaycanın və Latviyanın dövlət başçılarını hərarətlə qarşıladılar.
Biznes forumda hər iki ölkədən 200 iş adamı iştirak etmişdir. Forumun əsas məqsədi sahibkarlar arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq, ticarət dövriyyəsini hər iki ölkəni qane edən səviyyəyə çatdırmaqdır.
Prezidentlər biznes forumda çıxış etdilər.
Latviya dövlətinin başçısı bildirdi ki, bundan əvvəl keçirilmiş biznes forumlar zamanı ölkələrimiz arasında səmərəli əlaqələr qurulmuşdur. Bunun nəticəsində müxtəlif layihələr həyata keçirilmişdir. Bu qarşılıqlı faydalı işbirliyinin səmərəli siyasi əməkdaşlıqdan qaynaqlandığını vurğulayan Valdis Zatlers qeyd etdi ki, bunun üçün müvafiq qanunvericilik bazası da hazırlanmışdır.
Prezident İlham Əliyevin Latviyaya səfərinin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinin təzahürü olduğunu vurğulayan Valdis Zatlers dedi ki, bu səfər çərçivəsində dövlət başçılarının imzaladığı bəyannamə əsasında əməkdaşlığımız daha da inkişaf edəcəkdir. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə İKT sahəsində inkişaf etdiyini bildirən Latviya Prezidenti mədəni mübadilənin də genişləndiyini dedi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda çıxış etdi.
Dövlətimizin başçısı tədbirin əhəmiyyətini vurğulayaraq artıq Latviya-Azərbaycan biznes forumlarının ənənəvi xarakter daşıdığını dedi. Ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, bugünkü siyasi əlaqələr və Azərbaycan ilə Latviya arasında olan əməkdaşlıq meyilləri biznes sahəsində inkişafa da gözəl şərait yaradır. Riqada hər iki ölkə prezidentlərinin imzaladığı bəyannamənin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu sənədin gələcək əməkdaşlığın perspektivlərini müəyyən etdiyini dedi.
Azərbaycanın iqtisadi inkişafı barədə danışan Prezident İlham Əliyev son 7 ildə ölkəmizdə ÜDM-in təxminən 3 dəfə artdığını, yoxsulluğun 4-5 dəfə azaldığını, 900 mindən artıq iş yerinin açıldığını, təkcə ötən il 15,5 milyard dollar məbləğində investisiya qoyulduğunu bildirdi. Azərbaycanda çox əlverişli investisiya mühitinin olduğunu deyən dövlətimizin başçısı bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün səylər göstərildiyini bildirdi.
Azərbaycanda geniş modernləşdirmə prosesinin getdiyini xatırladan Prezident İlham Əliyev ölkəmizin də xaricdə investisiyalar qoyduğunu dedi.
Bu günlərdə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Bakıya səfəri zamanı Avropa İttifaqı ilə ölkəmiz arasında energetika sahəsinə dair mühüm sənədin imzalandığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Latviya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə öz töhfəsini verir.
Xəzər dənizi hövzəsi ölkələrinin Baltikyanı dövlətlərlə ənənəvi əlaqələrinin inkişafında nəqliyyat layihələrinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini xüsusi qeyd etdi.
Dövlətimizin başçısı biznes forumun gələcəkdə uğurlu nəticələr verəcəyinə əmin olduğunu dedi.
Tədbirdə Azərbaycan ilə Latviya arasında biznes və investisiyalar sahəsində əməkdaşlığa dair birgə sənədlər imzalandı.
Biznes forumda Azərbaycanın və Latviyanın iqtisadi inkişafı, investisiya imkanları və əməkdaşlıq potensialı barədə ətraflı məlumat verildi, müxtəlif layihələrin təqdimatları keçirildi.
Azərbaycan və Latviya prezidentləri tədbir çərçivəsində təşkil edilmiş sərgi ilə tanış oldular, hər iki ölkədə istehsal edilən müxtəlif növ məhsulların nümunələrinə baxdılar.

{nl}


AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında