Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev yeni kampusda görülən işləri əks etdirən stendlərlə tanış oldu.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdilər. Bildirildi ki, 7 hektar ərazisi olan kampusun tikintisinə 2012-ci ildə başlanılıb və tədris üçün tam hazır vəziyyətə gətirilib. Təhsil kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub. Bakı Ali Neft Məktəbinin kampusu əsas tədris korpusunu, kitabxana kompleksini, kütləvi tədbirlər üçün akt zalını, idarəetmə bölmələrinin yerləşdiyi binanı, yeməkxananı, uşaq bağçasını, ən müasir tələblərə cavab verən və qapalı idman zallarından, qapalı üzgüçülük hovuzundan, açıq tennis, voleybol, basketbol meydançalarından və stadiondan ibarət idman və 400 nəfərlik yataqxana kompleksini birləşdirir.

Prezident İlham Əliyev kampusun açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı əsas korpusda yaradılan şəraitlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, ulu öndərin və Prezident İlham Əliyevin təhsilə qayğısını əks etdirən fotoguşə yaradılıb. Kampusdakı 600 yerlik akt zalı kütləvi-mədəni tədbirlərin yüksək səviyyədə təşkili üçün modern tələblərə cavab verən infrastruktura malikdir. Əsas korpusdakı tədris binasında istismara verilən mühazirə zalları və məşğələ otaqları ən müasir avadanlıqla, o cümlədən multimedia vasitələri, internetlə təchiz olunub. Təhsil ocağının kitabxanasında 100 nəfərlik oxu və dövri mətbuat zalı, 40 nəfərlik kompüter zalı, təlim otaqları və elektron kitab verilişi zonası yaradılıb. Tədris laboratoriyalarındakı cihaz və avadanlıq Almaniyanın “Gunt” və “Lukas nulle” şirkətlərinin istehsalıdır. Tələbələr onların vasitəsilə tədris olunan fənlər üzrə tədqiqat işlərini yerinə yetirərək hesabatlar hazırlayırlar.

Bildirildi ki, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərin bir çoxunun imkanları mütəxəssis hazırlığına cəlb edilib. Belə ki, “ABB” şirkəti kampusda inteqrasiya edilmiş idarəetmə və təhlükəsizlik laboratoriyasını, “Schneider Electric” şirkəti qəza hallarının idarəedilməsi və avtomatlaşdırılması laboratoriyasını, “AVANDSİS group” və “Schneider Electric” şirkətləri birlikdə avtomatik sistemlərin elementlərini və proqram təminatını, “Emerson process management” şirkəti isə nəzarət-ölçmə və idarəetmə laboratoriyasını Bakı Ali Neft Məktəbinə hədiyyə ediblər. Bundan başqa, neft-qaz mühəndisliyi, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedralarının ərazisində laboratoriya işlərinin yerinə yetirilməsi üçün müasir avadanlıqlar, qurğular yerləşdirilib, bərpaolunan enerji mühəndisliyi və elmi-tədqiqat laboratoriyaları istismara verilib.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin fərmanı ilə 2011-ci ildə SOCAR-ın strukturunda yaradılıb. Bu ali təhsil ocağının yaradılmasında məqsəd fəaliyyətini xaricdə genişləndirən SOCAR-ın, eləcə də ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında təhsil almış ingilisdilli mütəxəssislərə olan ehtiyacını ödəməkdir. Bu məqsədə çatmaq üçün, ilk növbədə, Bakı Ali Neft Məktəbində müasir tələblərə cavab verən təhsil infrastrukturu yaradılıb, tədris prosesinə yüksəkixtisaslı professor-müəllim heyəti cəlb olunub, tədrisə dəstək məqsədilə zəngin kitabxana-informasiya fondu qurulub. Bundan başqa, orta məktəblərin və liseylərin məzunları olan, test imtahanlarında ən yüksək bal toplamış abituriyentlər tədris prosesinə cəlb edilib. Bununla da Bakı Ali Neft Məktəbi yüksək nüfuzlu ali təhsil müəssisəsindən birinə çevrilib. İndi bu təhsil ocağının tələbələri transmilli, beynəlxalq neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçirlər. Bu da onların gələcəkdə beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır. Tədris prosesini müasir tələblərə uyğun təşkil etmək üçün yüksəkixtisaslı ingilisdilli yerli və əcnəbi mütəxəssislər kafedraların fəaliyyətinə cəlb olunub. İdarəetmə bölmələrinin ştatları əsasən xarici ölkələrdə ingilis dilində təhsil almış mütəxəssislər hesabına formalaşdırılıb. SOCAR-ın dəstəyi hesabına təhsilin ödənişsiz olması və tədris prosesinin istehsalatla sıx əlaqədə həyata keçirilməsi perspektivləri ilk gündən Bakı Ali Neft Məktəbini abituriyentlər və valideynlər üçün cəlbedici edib. 2012-2016-cı illərdə keçirilən qəbul imtahanlarının nəticələrinə görə yüksək bal toplayan abituriyentlər Bakı Ali Neft Məktəbinin ixtisaslarını seçiblər. Bu illərdə qəbul olan abituriyentlərdən 76-sı Prezident təqaüdünə layiq görülüb. Tədrisin birinci ilində tələbələrə ingilis dili və İKT üzrə yüksək biliklər verilir, sonrakı illərdə peşə və ixtisas fənləri öyrədilir. 2012/2013-cü tədris ilindən Bakı Ali Neft Məktəbinə “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə, 2013/2014-cü tədris ilindən başlayaraq isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə tələbə qəbulu aparılır. İlk iki ixtisas üzrə mütəxəssis hazırlığı Böyük Britaniyanın Heriot-Vatt Universiteti tərəfindən təklif olunan tədris proqramları əsasında həyata keçirilir. Bu məqsədlə 2012-ci ildə həmin universitetlə Bakı Ali Neft Məktəbi arasında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə bu təhsil ocağındakı tədris prosesi Heriot-Vatt Universitetindəki proseslə paralel aparılır, yekun imtahanları və cavabların qiymətləndirilməsini həmin universitetin professor-müəllim heyəti keçirir. Son illərdə keçirilən semestr imtahanlarının nəticələrinin müqayisəsi göstərir ki, Bakı Ali Neft Məktəbinin tələbələrinin göstəriciləri Heriot-Vatt Universitetinin, onun Malayziyada və Dubayda fəaliyyət göstərən filiallarının tələbələrinin nailiyyətlərindən yüksəkdir. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tədris proqramı isə Avropa Kredit Transferi Sisteminin proqram paketindən götürülən ən mütərəqqi proqram olaraq tələbələrə bu sahədə müasir bilik və vərdişləri aşılamağa imkan verir.

Prezident İlham Əliyev lay mühəndisliyi laboratoriyasının fəaliyyəti ilə tanışlıq zamanı Böyük Britaniyanın Heriot-Vatt Universitetinin neft-qaz mühəndisliyi kafedrasının baş direktoru, professor Con Ford bildirdi ki, bir neçə ildir Heriot-Vatt Universiteti  Bakı Ali Neft Məktəbi ilə sıx əməkdaşlıq edir. Bu laboratoriya da əməkdaşlıq çərçivəsində qurulub. Bundan başqa, bu təhsil ocaqları arasında neft və kimya mühəndisliyi ilə bağlı iki ali təhsil proqramı həyata keçirilir. Gələcəkdə isə iki yeni magistratura proqramı ilə bağlı əməkdaşlıq qurulacaq.

Con Ford Bakı Ali Neft Məktəbinə dəstəyinə və olduqca qısa zamanda bu cür möhtəşəm binanın inşasına görə dövlətimizin başçısına təşəkkür etdi. O, 10 il əvvəl Bakıda olduğunu, ötən müddətdə paytaxtımızın sürətlə inkişaf etdiyini vurğuladı. “Mən dəfələrlə Sizin neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı fikirlərinizi eşitmişəm”, - deyən Con Ford bu fikri yüksək qiymətləndirdiklərini və mövcud əməkdaşlığın da bunun göstəricisi olduğunu bildirdi.

Prezident İlham Əliyev xoş sözlərə və əməkdaşlığa görə təşəkkür etdi. Dövlətimizin başçısı bildirdi ki, Ali Neft Məktəbinin laboratoriyalarında təqdimatı edənlər xaricdə təhsil alıb qayıdan şəxslərdir. Bu, sevindirici haldır. İndi onlar öyrəndiklərini tələbələrə tədris edəcəklər. Azərbaycan Prezidenti dedi ki, əvvəllər çox sayda gənclərimiz təhsil almaq üçün xarici ölkələrdəki aparıcı universitetlərə göndərilirdi. Bu gün belə ali təhsil ocaqları artıq ölkəmizdə fəaliyyət göstərir. Bakı Ali Neft Məktəbi də bu səviyyədədir. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, dünyada neftin qiymətinin düşdüyü bir dövrdə insan kapitalına investisiyaların qoyulması dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir.

Məlumat verildi ki, kampusdakı 300 nəfərlik yeməkxana kompleksi iş günü ərzində tələbələrə və əməkdaşlara yüksək iaşə xidməti göstərmək üçün zəruri infrastruktura və işçi heyətinə malikdir. Şəhərcikdə beynəlxalq standartlara cavab verən iki idman zalı və hovuz yaradılıb. Zəruri inventarla təchiz olunan idman kompleksi gənclərin idmanla məşğul olmasına geniş imkanlar açır, burada yarışların keçirilməsi üçün də hər cür şərait var.

Bakı Ali Neft Məktəbinin nəzdində uşaq bağçası da fəaliyyət göstərir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb.

Sonra dövlətimizin başçısına Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən ixtira edilən avtomatik günəş izləmə sistemi haqqında məlumat verildi. Bildirildi ki, bu sistem gün ərzində günəş şüalarını izləyir və panelləri Günəşə yönəlmiş vəziyyətdə saxlayır. Artıq  məktəbin ərazisində bu sistemin istifadəsinə başlanılıb.

Kampusda açıq havada 2 tennis kortu, voleybol, basketbol, yüngül atletika meydançaları və fitnes zalı inşa edilib. Bundan başqa, 1000 tamaşaçı yeri olan süni örtüklü meydança da tələbələrin ixtiyarına veriləcək. Kampusda 400 yerlik yataqxana da yaradılıb. Burada 2, 3 və 4 nəfərlik otaqlar bütün şəraitə malikdir, mərtəbələrdə camaşırxanalar və mətbəxlər istifadəyə verilib.

Qeyd edək ki, bu il Bakı Ali Neft Məktəbində “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə məzunların ilk buraxılışı olacaq, onlara həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot-Vatt Universitetinin diplomları veriləcək. 2017/2018-ci tədris ilində isə bu ixtisaslar üzrə magistratura səviyyəsinə ilk qəbul keçiriləcək. Hər iki ixtisas üzrə magistr hazırlığı Heriot-Vatt Universitetinin təklif etdiyi tədris proqramları əsasında qurulacaq. Bakı Ali Neft Məktəbi tədrisin keyfiyyətini yüksəltmək və mütəxəssis hazırlığı sahəsində beynəlxalq əlaqələrinin genişləndirilməsinə böyük önəm verir. Bu məqsədlə bir çox ölkələrin müvafiq qurumları və iri şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb, Bakı Ali Neft Məktəbi keyfiyyətin idarəetmə sistemi, ekologiya idarəetmə sistemi və əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri üzrə beynəlxalq sertifikatlara layiq görülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ali Neft Məktəbinin tələbə-müəllim heyəti ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

 

Prezident  İlham  Əliyevin  çıxışı

 

– Əziz dostlar, tələbələr, müəllimlər, Neft Şirkətinin nümayəndələri!

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışını qeyd edirik. Bu şəhərcik ən yüksək standartlara cavab verir. Bakı Ali Neft Məktəbi artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Bu illər ərzində bu məktəb Azərbaycanın təhsil məkanında artıq öz layiqli yerini tuta bilibdir. Bu gün məktəb yeni şəhərciyə, yeni binaya köçür. Burada oxumaq, biliklərə yiyələnmək üçün bütün şərait yaradılıb, ən müasir texnologiyalar tətbiq olunur. Bütün binalar çox gözəl, zövqlə tikilib, burada ən müasir laboratoriyalar fəaliyyət göstərir və bu gün mənə təqdimat da edildi. Burada təhsilin səviyyəsi ən yüksək standartlara cavab verəcək.

Şadam ki, artıq bu məktəbdə müəllim kimi işləyən bizim gənc mütəxəssislərimiz də öz dövlətinə, Vətəninə sədaqət nümayiş etdirirlər. Vaxtilə biz onları dövlət xətti ilə xaricdə oxumaq üçün dünyanın aparıcı ali məktəblərinə ezam etmişdik. Onlar oxuyub, yaxşı mütəxəssis olub, Vətənə qayıdıb və bu gün öz biliklərini tələbələrlə bölüşürlər.

Bu məktəbin yaradılması və artıq belə gözəl şəhərciyə köçməsi bir daha onu göstərir ki, Azərbaycan qara qızılı insan kapitalına sərmayə kimi qoyur. Bunu mən hələ 2003-cü ildə demişdim ki, neft bizim üçün məqsəd deyil, vasitədir. Biz neftin hesabına ölkəmizi gücləndirməliyik, inkişaf etdirməliyik, neftdən əldə olunan gəliri insan kapitalına sərmayə kimi qoymalıyıq. Biz bu gün bunu əyani şəkildə görürük. Azərbaycanın uğurlu neft siyasəti bu gün demək olar ki, bütün sahələrə öz müsbət təsirini göstərib, o cümlədən təhsil sahəsinə. Son illər ərzində ölkəmizdə yaradılmış yeni təhsil müəssisələri bu gün məhz bunun hesabına fəaliyyət göstərir. İnvestisiya, maddi imkanımız olmasa idi, istəyimiz olsa belə bütün bu işləri görmək çətin olardı. Biz neftdən əldə olunan gəlirlərdən çox səmərəli şəkildə istifadə etdik. Ölkəmizi gücləndirdik, yeni infrastruktur yaratdıq, bütün şəhərlərimiz abadlaşdı, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrildi. Bütün bölgələrdə quruculuq-abadlıq işləri uğurla gedir. Bu gün Azərbaycan iqtisadiyyatı daha çox qeyri-neft sektoru hesabına inkişaf edir. Əgər son illərin statistikasına nəzər salsaq görərik ki, bu gün Azərbaycan iqtisadiyyatının əsas təkanverici qüvvəsi qeyri-neft iqtisadiyyatıdır.

Eyni zamanda, əlbəttə, neft sektoru bu gün ölkəmizin həyatında çox mühüm rol oynayır və gələcəkdə də oynayacaq. Bizim təşəbbüsümüzlə icra edilən layihələr artıq çoxdan ölkə hüdudlarından çıxıb, beynəlxalq məna daşıyır. “Əsrin kontraktı” artıq 20 ildən çoxdur ki, icra edilir. Biz bütün bu nailiyyətlərə “Əsrin kontraktı”nın nəticəsində çata bilmişik. Bu gün isə XXI əsrin kontraktı - “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Azərbaycan bu nəhəng, meqalayihənin icrasında liderlik rolunu oynayır. Bu liderlik rolumuz artıq üçüncü dəfə Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının qətnaməsində də öz əksini tapmışdır. Bu layihədə iştirak edən bütün ölkələr, eyni zamanda, Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın nümayəndələri qəbul edilmiş qətnamədə ölkəmizin liderlik rolunu bir daha göstərirlər, bunu təsdiq edirlər. Bu, böyük şərəfdir və böyük məsuliyyətdir. Azərbaycan nəinki ölkə daxilində enerji məsələlərinin həllində nümunə göstərir, biz regional və qlobal əməkdaşlıq baxımından da bu gün xüsusi rol oynayırıq. Bu gün icra olunan Cənub Qaz Dəhlizi Avropada ən böyük infrastruktur layihəsidir, 40 milyard dollar səviyyəsində sərmayə qoyuluşu nəzərdə tutulur. Bütün işlər qrafik üzrə gedir. Əminəm ki, gələn il biz bu layihənin ən önəmli hissəsi olan “Şahdəniz-2” və TANAP layihələrinin icrasına nail olacağıq. Ümid edirəm ki, layihənin qalan bütün seqmentləri də vaxtında icra ediləcək.

Bax, bizim dinamikamız bundan ibarətdir. 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan layihəsi bundan sonra qaz layihələrinin icrasına gətirib çıxarıb. Bütün bu işlərin təməlini ulu öndər Heydər Əliyev 1994-cü ildə qoymuşdur. “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Mən və Xoşbəxt müəllim yaxşı xatırlayırıq ki, bu kontraktın ərsəyə gəlməsi nə qədər çətin idi. Ulu Öndər o vaxt bizi Neft Şirkətinin nümayəndələri kimi, Hyustona ezam etmişdi. Biz orada bir aydan çox danışıqlar aparmışdıq və çalışırdıq ki, Azərbaycan dövlətinin maraqlarını tam müdafiə edək. Hesab edirəm ki, buna nail ola bildik. Gərgin, bəzi hallarda çox çətin şəraitdə keçən, bəzi hallarda qarşıdurmalara gətirib çıxaran danışıqlarda Azərbaycan çox böyük uğurlara nail ola bilibdir və bunun nəticəsində bu gün mənfəət neftinin 75 faizi Azərbaycana qalır. Baxmayaraq ki, “Əsrin kontraktı”nın bütün investisiyaları xarici şirkətlər tərəfindən qoyulur və digər bir çox önəmli məsələlər burada öz əksini tapmışdır. O cümlədən xüsusi qeyd etməliyəm ki, bizim təkidimizlə kontraktın şərtlərinə salındı ki, Azərbaycan mütəxəssislərinin sayı bütün bu kontrakt işlərində tədricən artacaq və bu gün biz bunu görürük. Əgər 1994-cü ildə mütəxəssislərimizin say nisbəti təqribən 5-10 faiz idisə, bu gün bu, 90 faizə çatıb və bütün ən çətin, ən mürəkkəb texnoloji proseslərdə bizim mütəxəssislərimiz iştirak edirlər. Ona görə “Əsrin kontraktı”nın əhəmiyyətini artıq Azərbaycan xalqı görür. Əgər o vaxt bu kontrakt imzalanmasaydı, Azərbaycana heç kim investisiya qoymazdı, biz nəhəng neft infrastrukturu yarada bilməzdik.

Bu yaxınlarda inşasına başladığımız böyük neft qazma qurğusu artıq hazırdır, yaxın vaxtlarda istifadəyə veriləcək. Oraya qoyulan sərmayənin həcmi 1 milyard dollardan çoxdur. Neft-qaz əməliyyatları üçün lazım olan bütün dayaq blokları, platformaların üst hissələri Azərbaycanda istehsal edilir. On minlərlə insan bu işlərə cəlb olunub, yaxşı maaş alır, öz peşəkarlığını nümayiş etdirir. Bir neçə il bundan əvvəl bizim təşəbbüsümüzlə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Nəyə görə? Əgər “Əsrin kontraktı” olmasaydı, bizə bu qədər gəmilər də lazım olmazdı və bu gün bizim gəmiqayırma zavodumuz həm SOCAR üçün, həm Xəzər Gəmiçiliyi üçün sifarişlər icra edir. Əminəm ki, Xəzəryanı ölkələr də zavodun imkanlarından istifadə edəcəklər. Yəni, “Əsrin kontraktı”nın imzalanması demək olar ki, bütün iqtisadiyyatımızı hərəkətə gətirdi. Yerli firmalar kontraktlar imzaladılar, maddi vəziyyətlərini yaxşılaşdırdılar. Hazırlıqlı kadrlar artıq Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərirlər və biz bu müsbət dinamikanı saxlayırıq.

“Əsrin kontraktı” bu gün də ölkəmizə xeyir gətirir və bildiyiniz kimi, indi SOCAR-la tərəfdaşlar arasında danışıqlar gedir ki, bu kontraktın müddəti uzadılsın və mən buna müsbət baxıram. Əlbəttə, bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, kontraktın müddəti daha da uzadılsın.

“Şahdəniz-2” bu gün dünyanın ən böyük qaz layihələrindən biridir. Artıq neçə ildir ki, “Şahdəniz” qazı dünya və region bazarlarına çıxarılır. Bu gün isə biz artıq Cənub Qaz Dəhlizinin icrasına çox yaxınlaşmışıq. Bu layihə Azərbaycanı bizim üçün əsas olan xarici bazarlarla, Avropa bazarları ilə birləşdirəcək. Bundan sonra onilliklər ərzində Azərbaycan Cənub Qaz Dəhlizinin icrasından iqtisadi maraqları təmin edəcəkdir. 

Bugünkü hadisə dediyim bu dinamikanın məntiqi nəticəsidir. Yenə də qayıdıram 2003-cü ilə. O vaxt demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Bunu da etdik və insan kapitalının əsas mənbəyi təhsildir. Son illər ərzində Azərbaycanda 3 mindən çox məktəb təmir olundu, tikildi. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bundan yuxarı nəticə ola bilməz.

Bizim ali məktəblərimizdə tədris prosesi təkmilləşir. Biz vaxtilə gənclərimizi xaricə göndərirdik. Mənim təşəbbüsümlə minlərlə gənc Dövlət Neft Fondunun xətti ilə xaricə göndərildi. Həmçinin SOCAR da bu layihəyə qoşularaq gəncləri xaricə göndərdi. Biz bu məqsədlər üçün bəlkə də 100 milyonlarla dollar vəsait xərclədik. Yəni, bu, insan kapitalına qoyulan vəsaitdir. Ancaq sonra mən dedim ki, əlbəttə, bu proses davam etdirilməlidir. Eyni zamanda, biz Azərbaycanda müasir təhsil kompleksləri yaradaraq elə etməliyik ki, gənclər burada qalsınlar. Bax, bu gün biz bunu görürük. Bu məktəbdə həm Azərbaycan gəncləri oxuyur və yüksək biliklərə nail olur, eyni zamanda, tam əminəm ki, yaxın gələcəkdə xaricdən də buraya çox böyük axın başlayacaq. Çünki burada yaradılmış şərait inanmıram ki, hər hansı bir başqa yerdə olsun.

Buranın yeri də çox böyük rəmzi məna daşıyır. Mən 10 il bundan əvvəl Dövlət Neft Şirkətinə göstəriş vermişdim ki, onilliklər ərzində çirklənmiş Bibiheybət ərazisini, buruqların ətrafını təmizləsinlər, neft gölməçələrini qurutsunlar, bu zonada böyük yaşıllıq zolaqları salınsın və onlar bu işlərə başladılar. Bu yerlərin foto və videogörüntüləri əlbəttə ki, vaxtilə müxtəlif dərgilərdə, jurnallarda, qəzetlərdə dərc edilmişdi. Hətta məşhur Ceyms Bondun filmlərindən biri də burada çəkilmişdir. Əgər o filmə baxsanız görərsiniz ki, buradakı mənzərə nə gündə idi. Bura ekoloji fəlakət zonası idi. Ancaq bu gün bura şəhərimizin ən abad yerlərindən biridir.

Burada yaşıllıqlar salındı, ağaclar əkildi, eyni zamanda, neft buruqları da öz fəaliyyətini davam etdirir. Burada belə gözəl neft məktəbi, idman şəhərciyi, Su İdmanı Sarayı yaradıldı, bax, o binalar jurnalistlər üçün tikilmişdir. Hesab edirəm ki, bu da nadir təşəbbüsdür. Heç bir başqa ölkədə dövlət jurnalistlər üçün bina tikmir. Bu binalarda yaşayan və yaşayacaq jurnalistlər müxtəlif mətbu orqanların nümayəndələridir, burada mənzillərin bölgüsü də püşkatma yolu ilə aparılıb, yəni, ədalət və obyektivlik tam təmin edilib.

Bibiheybət ekoloji fəlakət zonasının abadlaşdırılması, təmizlənməsi bir daha onu göstərir ki, biz qara qızıl kapitalını insan kapitalına qoyuruq. Çünki siz gənclərin bəlkə də yadında deyil, on il bundan əvvəl Bakının havası tam fərqli idi. Bir tərəfdən bax, bu ərazidə buxarlanan neft, digər tərəfdən isə indiki “Ağ şəhər” ərazisindəki neft tullantıları havanı çirkləndirirdi. Həmin ərazidə təmizləmə işləri nəticəsində bir metrdən çox neft çöküntüləri çıxarıldı. İndi “Ağ şəhər” müasir ekoloji layihəyə çevrilib. Balaxanı zibilxanası da fəlakət zonası idi. Orada yandırılan zibil şəhərimizin səmasına zəhərli tüstü buraxırdı. Həmin ərazi də təmizləndi. Sonra Böyükşor gölü. Bu göldən İkinci Dünya müharibəsi zamanı açıq rezervuar kimi istifadə olunurdu, onun kənarında neft qoxusundan dayanmaq mümkün deyildi. İndi bu gölə quşlar qonur. Budur bugünkü Azərbaycan. Biz neftlə çirklənmiş bütün əraziləri təmizləyirik və təmizləyəcəyik. Bakı bu gün parklar, bağlar şəhəridir, təmiz hava şəhəridir. Eyni sözləri Sumqayıta da aid etmək olar.

Mən bu gün SOCAR-ın fəaliyyətini qeyd etmək istəyirəm. Həm ölkə daxilində xarici tərəfdaşlarla icra edilən layihələrdə, eyni zamanda, xaricdə böyük sərmayə qoyurlar. Türkiyədə təqribən 20 milyard dollara yaxın sərmayə qoyulur. Azərbaycanda polimer, azot gübrələri, neftayırma zavodları, müəssisələrin modernləşdirilməsi və digər layihələr artıq SOCAR-ı dünya miqyaslı enerji şirkətinə çeviribdir. Neft və qaz bundan sonra da ölkəmizin inkişafına xidmət göstərəcək, qeyri-neft sektoru isə ölkə iqtisadiyyatını şaxələndirəcək. Gənclər bizim uğurlu gələcəyimizi təmin edəcəklər. Beləliklə, Azərbaycan dövləti yaşayacaq, güclənəcək və xalqımız qürur hissi ilə bunu görərək daha da böyük həvəslə ümumi işimizə töhfə verəcək. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm və sizə uğurlar arzulayıram.

* * *

Sonra Bakı Ali Neft Məktəbinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Şəmsi MUSAYEV çıxış edərək dedi:

– Cənab Prezident, mən 2013-cü ildə Bakı Ali Neft Məktəbinin qaz mühəndisliyi ixtisasına qəbul olmuşam və Prezident təqaüdünə layiq görülmüşəm. Hazırda IV kurs tələbəsiyəm. Mən həm öz adımdan, həm də bütün tələbələrimiz adından Sizə göstərdiyiniz bu böyük diqqətə, qayğıya görə təşəkkürümüzü bildiririk.

Hazırda bizim ali məktəbdə 76 Prezident təqaüdçüsü təhsil alır. Bu, bizim üçün çox böyük bir şərəfdir ki, biz Prezident təqaüdçüsü adına layiq görülmüşük. Sizin ali məktəbimizi yaratmağınız, belə gözəl şəhərciyin tikilməsi, burada çox keyfiyyətli istehsalat təcrübəsinin təşkil edilməsi və təhsilimizin tamamilə ingilis dilində olması bizim bir mütəxəssis, bir şəxsiyyət kimi formalaşmağımızda çox böyük rol oynayıb.

Bildirmək istəyirəm ki, bizim məktəbdə imtahanlar Şotlandiyanın Heriot-Vatt Universiteti tərəfindən götürülür. Tədris işləri isə yerli müəllim və professor heyəti tərəfindən aparılır. Nəticələr isə onu göstərmişdir ki, son 3 ildə Heriot-Vattın bütün dünya üzrə tələbələri arasında birinci yeri məhz elə Bakı Ali Neft Məktəbinin tələbələri tutub.

Cənab Prezident, bildirmək istəyirəm ki, biz çox xoşbəxtik. Biz qürur duyuruq ki, belə yüksək səviyyədə təhsili hər hansı bir xarici ölkədə yox, məhz elə öz Vətənimizdə alırıq. Sizin də söylədiyiniz kimi, bizim ali məktəbimiz məhz Sizin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarınızın bariz nümunəsidir. Mən öz adımdan və bütün tələbə yoldaşlarım adından söz verirəm ki, Sizin bu böyük etimadınıza cavab olaraq biz bu ali məktəbi yüksək səviyyəli mütəxəssis kimi bitirəcəyik və SOCAR-ın müəssisələrində və ya Azərbaycanın digər iqtisadi sahələrində peşəkar mütəxəssis kimi çalışacaq, daim Vətənimizə, dövlətimizə, Prezidentimizə sədaqətlə xidmət edəcəyik.

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında