Prezident İlham Əliyev Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binasının əsaslı təmir və bərpa işlərindən sonra açılışında iştirak etmişdir

Dekabrın 30-da Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binasının əsaslı təmir və bərpa işlərindən sonra açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binası Bakıda tikilən memarlıq abidələri sırasında xüsusi yer tutur. Özündə böyük tarix yaşadan və möhtəşəm memarlıq quruluşu ilə paytaxta xüsusi yaraşıq verən bu bina hazırda zəngin Azərbaycan mədəniyyətinin bir parçasıdır.
Tarixi araşdırmalar təsdiqləyir ki, XIX əsrin ortalarından Bakıya daha çox alman və isveç əsilli insanlar gəlməyə başlamışlar. Bakıda yaşanan neft bumu ölkəyə xaricdən işçi qüvvəsinin gəlməsi ilə nəticələnir. O dövrdə Bakıda məskunlaşan alman və isveç əsilli insanlar burada dini ibadət üçün bu kilsəni tikmək qərarına gəlirlər. Tarix boyu tolerantlığı ilə nümunə olan xalqımız bu ideyanın həyata keçirilməsində onlara dəstək verir. Beləliklə, 1896-cı ilin martında Bakıda yevangelik-lüteran kilsəsinin təməli qoyulmuş və 1899-cu ildə istifadəyə verilmişdir. 24 yaşlı alman Adolf Eyxlerin memarı olduğu bina o dövrdə Bakının ən nadir arxitektura inciləri sırasına daxil olur. O vaxtlar bu binanın tikintisinə Nobel qardaşları da diqqət göstərir, odur ki, kilsənin istifadəyə verilməsi mərasimində Bakı qubernatoru ilə yanaşı, Emmanuel Nobelin də iştirak etməsi təsadüfi deyildir.
1900-cü ildə kilsədə orqan quraşdırılır və elə həmin il burada ilk konsert təşkil olunur. Sovet dönəmində bir çox dini ibadət ocaqları kimi, bu kilsənin də fəaliyyəti dayandırılır, bəzi hallarda bina sökülmək təhlükəsi ilə üzləşir. Sonrakı illərdə bina Nazirlər Kabinetinin qərarı ilə kamera və orqan musiqisi zalı adlandırılaraq Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verilir. O vaxtdan keçən dövr ərzində illər bu binada öz izini qoyur. Baxımsızlıq üzündən binanın tavanı demək olar ki, tamamilə yararsız vəziyyətə düşmüşdü. Mebel və inventarların köhnəlməsi isə burada mərasimlərin təşkil olunmasını mümkünsüz etmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə binada əsaslı təmir və bərpa işlərinin aparılmasına başlanılmışdır. Mədəni dəyərlərə xüsusi diqqət və qayğı ilə yanaşan dövlətimizin başçısı Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının da təmiri və bərpası haqqında imzaladığı sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrılmışdır. Bir neçə ay ərzində burada aparılan işlər bu tarixi binanın həyatında mühüm rol oynamışdır.
Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə binada həyata keçirilmiş əsaslı bərpa və yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, uzun illər burada müxtəlif mədəniyyət tədbirləri keçirilmişdir. Bu tarixi bina bir çox möhtəşəm konsertlərə ev sahibliyi etmişdir.
Binada yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı inzibati binaya da baxdı. Bildirildi ki, burada kamera və orqan musiqisi zalının kollektivinin işləməsi və rahat fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır.
Dövlətimizin başçısı və xanımı əsas binada yaradılmış şəraitlə də maraqlandılar.
Qeyd olundu ki, Azərbaycan mütəxəssisləri əsaslı təmir və bərpa işlərini binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirmişlər. Ənənəvi alman qotik memarlığının ən gözəl nümunələrindən olan binanın akustikasına xüsusi diqqət yetirilmişdir. Bundan əlavə, binada ilk dəfə havalandırma sistemi qurulmuşdur. Məlumat verildi ki, xaricdən dəvət olunan mütəxəssislər orqanı bərpa etmişlər.
Burada 110 il əvvəl ilk dəfə orqanda ifa olunmuş musiqi - Aleksandr Hilmanın "Gendelin marşı", habelə dünya musiqisinin incilərindən bir neçəsi Azərbaycanın Əməkdar artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Rəna İsmayılovanın orqanda ifasında səsləndi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva binanın təmirdən əvvəlki vəziyyətini əks etdirən şəkillərə baxdılar.
Dövlətimizin başçısı binada görülmüş işlərdən razılığını bildirdi.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında