Şriftin ölçüsü:
30.12.2010 08:45 | Oxunma sayı: 410
Dekabrın 29-da "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatının təqdim olunması mərasimi keçirilmişdir.
Mərasim Azərbaycanın dövlət himninin səslənməsi ilə başladı.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, "Jurnalistlərin dostu" mükafatı mediaya qayğı göstərən görkəmli dövlət və hökumət xadimlərinə, şəxsiyyətlərə verilir. Sonuncu dəfə bu mükafat ümummilli lider Heydər Əliyevə təqdim olunmuşdur.
Bildirildi ki, "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirmişdir. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 xəbər portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak etmişdir. Respondentlərdən "2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz" sualını cavablandırmaq xahiş edilmişdi. Sorğuda iştirak edən KİV-lərin 81 faizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab etmişdir.
Əflatun Amaşov qeyd etdi ki, bu sorğunun nəticələri Prezident İlham Əliyevin mətbuat sahəsində uğurlu siyasətinə, jurnalistlərə və jurnalist təşkilatlarına göstərdiyi diqqət və qayğısına Azərbaycan jurnalistlərinin verdiyi yüksək qiymətdir.
Sonra mükafat Prezident İlham Əliyevə təqdim edildi.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyev bu günü həyatının ən əlamətdar günlərindən biri kimi səciyyələndirdi və onu bu mükafata layiq görənlərə təşəkkürünü bildirdi. "Çalışacağam ki, Azərbaycanda azad, müstəqil mətbuatın inkişafı üçün fəaliyyətimi davam etdirəm və demokratik islahatların aparılmasında hər zaman fəal olam", - deyən Prezident İlham Əliyev bir məqamı da vurğuladı ki, ölkədə söz və mətbuat azadlığı təmin olunmuşdur. Bu da müstəqilliyin bizə verdiyi imkanlardan biridir.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda müstəqil, azad mətbuat müstəqilliyin ilk illərində yaransa da onun sistemli inkişafı ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra mümkün olmuşdur. Bu sahədə əsaslı dönüş 1998-ci ildə ulu öndərin mətbuat üzərində senzuranın ləğvi barədə imzaladığı sərəncamla başlamışdır. Hazırda hüquqi dövlət quruculuğunda xüsusi rola malik olan mətbuat və söz azadlığının bərqərar olması üçün ölkədə kompleks tədbirlər davam etdirilir. "Azərbaycanda azad mətbuatsız hüquqi dövləti təsəvvür etmək mümkün deyildir", - deyən dövlətimizin başçısı mətbuatın inkişafı prosesinin ölkədə uğurla davam etdiyini bildirdi. Qeyd etdi ki, dövlətin əsas niyyəti Azərbaycan vətəndaşlarının informasiya əldə etmək imkanlarını genişləndirmək və yüksək səviyyədə təmin etməkdir.
Ölkədə demokratiyanın inkişafı istiqamətində mətbuat azadlığının böyük rol oynadığını deyən Prezident İlham Əliyev müstəqilliyimizin 20 ili ərzində Azərbaycanda güclü, müstəqil mətbuatın formalaşdığını da diqqətə çatdırdı. Bu məsələdə jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı ölkədə gedən inkişaf proseslərindən də danışdı, Azərbaycanın uğurlu tərəqqisinin artıq reallıq olduğunu dedi. Bildirdi ki, bunu beynəlxalq təşkilatların reytinqləri də təsdiqləyir. Prezident İlham Əliyev əmin olduğunu vurğuladı ki, gələcəkdə də Azərbaycan inkişaf yolu ilə gedəcəkdir və ölkədə mövcud vəziyyət buna imkan verir.
Hazırda ölkəmizin informasiya müharibəsi şəraitində yaşadığını, dünyadakı erməni lobbisinin bizə qarşı informasiya müharibəsi apardığını deyən Prezident İlham Əliyev bu mübarizədə Azərbaycanın qalib gəldiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı dedi ki, bunu ermənilərin son vaxtlar isterik hərəkətləri də sübut edir. "Biz hücum diplomatiyası aparırıq", - deyən Prezident İlham Əliyev vurğuladı ki, vaxt keçdikcə bu sahədə uğurlarımız daha çox olacaqdır.
Dövlətimizin başçısı jurnalist peşəsinin çətin və məsuliyyətli olduğunu deyərək gələcəkdə də media işçilərinin sosial problemlərinin həlli istiqamətində mühüm addımların atılacağını diqqətə çatdırdı. Bildirdi ki, 2010-cu ildə bu sahədə həyata keçirilən tədbirlər növbəti illərdə də davam etdiriləcəkdir. Bu işdən məqsəd jurnalistlərin sosial problemlərinin həllinə yardımçı olmaqdır. Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatını almaqdan məmnun olduğunu dedi və bir daha minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Azərbaycan dövlətinin bundan sonra da mediaya öz dəstəyini davam etdirəcəyini dedi və ölkəmizdə müasir jurnalistikanın formalaşmasının əsas istiqamət kimi götürüldüyünü bildirdi.
* * *
Sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olmuş 50 jurnalist mükafatlandırıldı. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qalib gələn jurnalistlərə diplomları təqdim etdi.
(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.