Xəbər verildiyi kimi, martın 16-da Heydər Əliyev Mərkəzində V Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdikləri ziyafətdə Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstan prezidentləri, Səudiyyə Ərəbistanının şahzadəsi, həmçinin bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, dünya siyasətində əhəmiyyətli rol oynayan ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər də var idi.
Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə artıq beşinci dəfədir keçirilir. İki gün davam edəcək builki Forumda beynəlxalq münasibətlərin gələcəyi, münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər müzakirə olunur. Forumda 50-dən çox ölkədən 300-dək nümayəndə iştirak edir. Artıq Qlobal Bakı Forumu ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra VİKE-FREYBERQA ziyafətdə çıxış edərək dedi:
-Axşamınız xeyir, Zati-aliləri İlham Əliyev.
Zati-aliləri Birinci vitse-prezident xanım Mehriban Əliyeva.
Əziz dostlar, həmkarlar, Qlobal Bakı Forumunu və Nizami Gəncəvi Mərkəzini dəstəkləyənlər.
Hesab edirəm ki, bizi həqiqətən çox böyük qonaqpərvərliklə qəbul etdiyinizə, ürəklərinizi bizə geniş açdığınıza və əvvəllər ölkənizi tanımayanlara ölkənizi təqdim etdiyinizə görə Azərbaycan Prezidentinə səmimi minnətdarlığımı ifadə etməklə hamımızın adından danışmış olaram. Artıq buraya müəyyən müddətdir ki, gələnlər hər səfərdə ölkədəki tərəqqinin, nəzərəçarpan inkişafın şahidi olurlar. Yeni gözəl memarlıq nümunələrini görürlər, Heydər Əliyevin xatirəsinə ucaldılan bu muzey kimi dünya səviyyəli tikililərin şahidi olurlar. Ölkənizin tarixində dahi şəxsiyyət olan Nizami Gəncəvinin əldə etdiyi nailiyyətləri təbliğ edən Mərkəzin təsis olunması ilə bağlı ideyanıza və səylərinizə görə Sizə minnətdarıq.
Beş məşhur poemanın müəllifi Nizami Gəncəvi fikirlərini, mövzularını saysız-hesabsız təqlid edənlər və davamçıları üçün ilham mənbəyi olmuşdur. Ən azı, məsələn, Şekspirin müəllifi olduğu “Romeo və Cülyetta” əsərini qeyd etmək olar. Bu əsərlər çox uzun və keşməkeşli yollarla bir hekayət kimi İtaliyaya, sonra isə İngiltərəyə və dünyanın başqa yerlərinə gəlib çıxmışdır.
Bizə bir araya gəlmək fürsəti yaratdığınıza görə Sizə həqiqətən də minnətdarıq. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda olmaqdan həzz aldığımızı söyləsəm hamımızın adından danışmış olaram. Sizin qonaqpərvərliyiniz bizim ürəyimizcədir. Bu qonaqpərvərliyin öz çaları və tərzi var. Biz bunu həqiqətən yüksək qiymətləndiririk. Bu, çox böyük və səxavətli bir addımdır. Buna görə biz Sizə minnətdarıq. Artıq V Bakı Qlobal Forumu keçirilir və buna görə Sizə minnətdarıq. Hər bir forum əvvəlkindən yaxşı olmuşdur. Beləliklə, biz, Sizin burada gördüyünüz kimi bir çox müxtəlif və uzaq yerlərdən olan insanları bir araya gətirən, onlara dünyaya dair baxışını, narahatlıqlarını və hamımızın bir yerdə dünyanı necə daha da yaxşı etmək üçün yaradıcı ideyalarını paylaşmaq imkanını verən tədbirin beynəlxalq müstəvidə davamlı olaraq inkişafını səbirsizliklə gözləyirik. Hesab edirəm ki, qısa müddət ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox iş görə bilmişdir. Beş il çox yaxşı bir ildönümüdür, lakin tarix baxımından çox qısa vaxtdır. Bizim Bakı Forumuna əlavə olaraq çoxlu sayda ölkələrdə dəstək proqramlarımız var və bu il biz ilk dəfə Çinə gedəcəyik. Beləliklə, biz dünyada baş verən hadisələr barədə məlumatlıyıq və onlara açığıq.
Əziz dostum və qardaşım doktor İsmail Serageldinin həmsədr olduğu Nizami Gəncəvi Mərkəzinin beynəlxalq idarə heyəti adından beşinci ildönümü münasibətilə bizim Sizə kiçik hədiyyəmiz var. Bu hədiyyədə idarə heyətinin üzvləri və Nizami Gəncəvi Mərkəzini dəstəkləyən digər şəxslərin keçmiş tarixinə və onların Azərbaycan ilə əlaqələrinə nəzər salınır. Ümid edirəm ki, bu hədiyyə Sizin xoşunuza gələcək.
Mən fəxr edirəm ki, Azərbaycan ilə ilkin təmasım Azərbaycanın o zamankı Prezidenti Heydər Əliyevin vasitəsilə olmuşdur. Bu, Baltik dənizi və Qara dəniz ölkələri arasında Yaltada keçirilən çox xüsusi bir görüş idi. Bu görüşü artıq bu gün keçirmək mümkün deyil. Lakin Baltikyanı üç ölkənin prezidentlərinə Stalinə satıldığımız yeri öz gözləri ilə görmək, Stalin, Ruzvelt və Çörçilin oturduğu üç kreslonu görmək üçün Levadiya qəsrinə səfər etmək imkanı verilmişdi. Bu, rəsmi deyildi və təəssüf ki, məndə o günün şəkilləri yoxdur. Çünki biz bunu sadəcə ona görə etdik deyək ki, onlar bizi o realist siyasət dönəmində düşmənlərə bax belə satdılar və qısamüddətli maraqlar üçün zəruri olan siyasətlə məşğul idilər. Ümid edirik ki, bu realist siyasət keçmişdə qalacaq. Biz bunu bu gün müzakirə etdik ki, ölkələrə beynəlxalq hüquqları, suverenliyi və ərazi bütövlüyünə görə hörmət edilməlidir. Biz bilirik ki, Azərbaycan ərazi bütövlüyünə qarşı bu cür hörmətsizlikdən əziyyət çəkən ölkələrdən biridir.
Qeyd etməliyəm ki, bütün Avropa İttifaqı ölkələri, o cümlədən Latviya belə bir ideyanı güclü surətdə dəstəkləyirlər ki, hər bir ölkə öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun şəkildə bərpa etmək hüququna malik olsun.
Böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, bu albomda mənim Prezident Heydər Əliyev ilə gözəl bir şəklim var. Mən bundan qürur duyuram. Biz burada, bu salonda əyləşmiş bir çox insanların inkişaf yolunu, onların Azərbaycan və Sizinlə, Sizin sələfiniz olan görkəmli atanızla əlaqələrini görürük. Beləliklə, xahiş edirik ki, bizim minnətdarlığımızı, təşəkkürümüzü qəbul edin. Arzumuz budur ki, Siz Nizami Gəncəvi Mərkəzinə dəstək olmaqda davam edəcəksiniz. Çünki Nizami Gəncəvi artıq XII əsrdə bu regionu bütün dünyaya tanıtmışdır və bu, uzunmüddətli şöhrət olmuşdur, bunu hələ də təkrar edən olmamışdır.
Latviyanın sabiq prezidenti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ayrı-ayrı dövlət başçıları ilə görüşlərini əks etdirən fotoşəkillərdən ibarət xatirə albomunu Prezident İlham Əliyevə təqdim etdi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail SERAGELDİN çıxış edərək dedi:
-Təşəkkür edirəm, xanım Freyberqa.
Hesab edirəm ki, mənim söyləmək istədiyim bütün sözləri siz dediniz. Sizin söylədiklərinizi bir daha təsdiq edərək Prezident Əliyevə bizə verdiyi ilham mənbəyinə görə minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm.
Mən, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələn, Zati-aliləri xanım Mehriban Əliyevaya xüsusi salamlarımı çatdırmaq istəyirəm.
Uzun illər bundan öncə mənə Heydər Əliyev Fondunda Misir ilə Azərbaycan arasında mədəni mübadilənin təşkili məsələlərini xanım Mehriban Əliyeva ilə müzakirə etmək və bunun davamı olaraq səfərləri təşkil etmək şərəfi nəsib olmuşdur. Beləliklə, ümidvaram ki, Azərbaycana gələn zaman Sizinlə daha tez-tez görüşmək şərəfinə nail olacağıq. Əminəm ki, siz kiçik bir təşəbbüsü çox böyük platformaya çevirdiyinə görə bizim minnətdar olduğumuz və rəhbərliyindən ruhlandığımız Zati-aliləri Prezident İlham Əliyevin təməlini qoyduğu bu prosesə daha inamla qatılacaqsınız.
Zati-aliləri, icazə verin qeyd edim ki, biz bu tədbirin gələn il daha möhtəşəm olacağına və bəlkə də üç gün davam edəcəyinə ümidvarıq. Çox sağ olun, cənab Prezident.
* * *
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:
-Xanım Prezident Vike-Freyberqa, doktor Serageldin, əziz dostlar və qonaqlar.
Əvvəlcə xanım Prezidentə bu dəyərli xatirə üçün təşəkkürümü bildirmək istəyirəm. Atamın dünya liderləri ilə olan fotoşəkilləri. Onların böyük bir hissəsi bu gün buradadır. Onlar 1997-ci ildən bəri çox dəyişməyiblər. Bu hədiyyə üçün çox təşəkkür edirəm.
Xanım Prezident, Siz Heydər Əliyevlə olan görüşünüzü qeyd etdiniz. Bunu bilirəm, çünki o, həmin görüşdən qayıdanda mənə öz təəssüratları və Sizin barədə danışmışdı. Onu Sizin baxışınız, ölkəniz üçün etdikləriniz çox təsirləndirmişdi. Düşünürəm ki, ölkələrimiz arasında bu gün çox yüksək səviyyədə olan əlaqələr bu şəxsi əlaqə vasitəsilə yaranmışdı.
Azərbaycan üçün Heydər Əliyev xalqımızı burada baş verə biləcək bir çox faciəvi hadisələrdən xilas etmiş bir liderdir. O, Azərbaycanın sovet dövründə lideri idi. Daha sonra o, Sovet İttifaqının mərkəzi hakimiyyətində işləyən ilk azərbaycanlı olaraq çox önəmli vəzifə sayılan Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksəlmişdi. Daha sonra o, təqaüdə çıxdı və 1990-cı ilin yanvarında sovet ordusu Bakıya hücum etdikdə o, artıq təqaüdçü idi. O, səsini ilk dəfə qaldıranlardan və sovet rəhbərliyini, sovet ordusunu mülki azərbaycanlılara qarşı bu qəddar təcavüzə görə pisləyənlərdən biri idi. Qara Yanvar tariximizdə faciəvi bir hadisədir. Bu faciəvi hadisənin sabahısı biz birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getdik, o vaxtlar səfirlik yox idi.
Orada yüz nəfərdən çox insanın, o cümlədən qadınların, uşaqların sovet ordusu tərəfindən qəddarlıqla öldürülməsinə, yüzlərlə insanın yaralanmasına və bir çoxunun itkin düşməsinə görə kədərini ifadə etmək, məyusluqlarını və faciəvi anı bölüşmək üçün gələn azərbaycanlılardan ibarət böyük bir kütlə gördük.
O vaxt Heydər Əliyev iki ildən artıq idi ki, təqaüdə çıxmışdı. Biz kütləyə yaxınlaşdıqda insanlar kənara çəkilməyə və binaya daxil olması üçün ona və onu müşayiət edən bizə bir dəhliz açmağa başladılar. Bu, çox emosional bir an idi. Azərbaycanlıların birliyinin rəmzi idi – bu faciə onları birləşdirmişdi. Bu, onun heç vaxt şəxsən görmədiyi və öz növbəsində onu da görməyən insanların ona hörmətinin əlaməti idi.
Onlar ona hörmət göstərdilər, onun heç bir vəzifəsi yox idi. Əksinə, 1990-cı illərin əvvəli idi, sovet ittifaqı hələ də çox güclü idi və kommunist partiyası hər yerdə təsir imkanlarına malik idi. O, təqaüddə idi. Əgər, belə yüksək vəzifədən təqaüdə çıxırdınızsa, siz nəinki ictimai fəaliyyətdən uzaqlaşdırılırsınız, siz həm də mənəvi və fiziki olaraq təcrid edilirsiz. Biz binaya daxil olduq və o, mətbuat konfransı təşkil etdi. Həmin mətbuat konfransının videoları mövcuddur və dəfələrlə göstərilib. O, sovet rəhbərliyini, bu terror hadisəsini törədənləri pislədi. Bundan sonra o, kommunist partiyasından – gənc yaşlarından sıralarında olduğu partiyadan çıxdığını bəyan etdi. Bu, onun insanlara yanaşması idi, onun çox cəsarətli hərəkəti idi və o, bir daha nümayiş etdirdi ki, vəzifəsinin olub-olmamasından asılı olmayaraq o, Azərbaycan xalqının lideri idi.
Daha sonra biz, əlbəttə, çətinliklərə düşdük. Ailəmizin hamısı, o cümlədən mən işlərimizi itirdik. Bu, bizim taleyimiz idi. Onun üçün Moskvada qalmaq çox təhlükəli idi, çünki onu həbs etmək haqqında planlar var idi. O, Bakıya qayıtdı. O vaxt Azərbaycanın kommunist rəhbərliyi ona qarşı maneələr yaratmağa başladı. Bunun üçün də o, doğulduğu yerə, Naxçıvana qayıtdı. Orada o, özünü təhlükəsizlikdə hiss edirdi, çünki insanlar dərhal onu qəbul etdilər və onu Naxçıvan Muxtar Respublikasının lideri seçdilər. Fikrimcə, bu, sovet dövründə bir presedent idi, insanlar azad olduqlarını nümayiş etdirdilər. Onlar göstərdilər ki, mərkəzi sovet hökuməti artıq onların iradəsinə nəzarət edə bilmir. Azərbaycanın kommunist rəhbərliyi sadəcə olaraq heç nə edə bilmirdi. Onlar insanların iradəsi önündə gücsüz idilər. Əslində, bu, bizim müstəqilliyə aparan yolumuzun başlanğıcı idi. O, Naxçıvan Muxtar Respublikasının parlamentinin sədri seçildi. Eyni zamanda, Azərbaycan parlamentinə seçkilər keçirildi, o, Azərbaycan parlamentinin üzvü seçildi. Bu dövr çox çətin idi. İqtisadi vəziyyət çox pis idi. O, müstəqilliyə yol açan çox vacib üç qərar qəbul etdi. Naxçıvan Muxtar Respublikası o vaxt Naxçıvan Sovet Sosialist Muxtar Respublikası adlanırdı. Parlamentin qərarı ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı.
İkinci qərar, yadınızdadırsa, sovet ittifaqının saxlanması haqqında referendum keçirilirdi. Əfsuslar olsun ki, Bakıdakı hökumət bu referendumu təşkil etdi və nəticələr çox qəribə idi. İnsanların azad olmaq istəməsinə baxmayaraq, guya əksəriyyəti sovet ittifaqının saxlanılmasına səs vermişdi. Beləliklə, Heydər Əliyev bu referendumun Naxçıvanda keçirilməsinə icazə vermədi.
Üçüncü qərar isə onun Naxçıvan Muxtar Respublikasının parlamentinin sessiyasına 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik
Respublikasının bayrağını gətirərək onu Naxçıvanın dövlət bayrağı elan etməsi idi. Eyni zamanda, o, Azərbaycan parlamentinin üzvlərindən eyni qərarın qəbul olunmasını xahiş edən bir bəyanat qəbul etdi. Əfsuslar olsun ki, onlar bu qərarı qəbul etmədilər və Sovet Azərbaycanının bayrağı müstəqil Azərbaycanın bayrağına ancaq sovet ittifaqı dağıldıqdan sonra dəyişdirilmişdir. Bunlar tamamilə bütün həyatını ancaq xalqına həsr etmiş bir liderin ata biləcəyi addımlar idi. Biz bununla qürur duyuruq. Tariximizlə qürur duyuruq. Mən atamla qürur duyuram. Düşünürəm ki, indi həyatda olsaydı, o da bu ölkə ilə qürur duyardı. Bu gün Azərbaycan güclü mövqeyi, özünü təmin edən, sözün əsl mənasında özünə inanan, çoxlu dostları, dünyaya açıq olan və gələcəyə nikbinliklə baxan, özünü artıq dünya xəritəsində göstərmiş bir ölkədir.
Xanım Prezidentə, cənab Serageldinə və bütün dostlarımıza bu gün bizimlə birlikdə olduqlarına görə çox təşəkkür edirəm. Bu səhər də dediyim kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq çox mötəbər beynəlxalq bir instituta çevrilib. Nizami dünyada məşhur olan şəxsiyyətdir, ancaq indi Mərkəzin fəaliyyəti onu dünyada daha da məşhurlaşdırır. Mərkəz nə qədər böyük olsa, imkanları nə qədər çox olsa, Nizami Gəncəvini tanımayan insanlar belə bir böyük beynəlxalq Mərkəzin adını daşıdığı şəxsiyyətin kim olduğunu bir o qədər də çox öyrənməyə çalışacaqlar.
Əlbəttə, Nizami hər bir azərbaycanlı üçün milli ləyaqət, milli qürur rəmzidir. O, qədim Azərbaycan şəhəri Gəncədə anadan olub və orada da vəfat edib. Onun türbəsi Azərbaycan xalqının istedadının, insaniyyətinin rəmzidir.
Forumdakı fəaliyyətinizə görə sizə bir daha təşəkkür edirəm. Sizin gündəlik şəxsi öhdəlik və fəaliyyətiniz olmadan Forum bu cür mötəbər beynəlxalq hadisəyə çevrilə bilməzdi. Əlbəttə, ümid edirik ki, gələn il daha çox ölkədən daha çox qonağımız olacaq və biz tərəfdaşlığımıza davam edəcəyik. Çox sağ olun və sizə Bakıda yaxşı vaxt keçirməyi arzu edirəm.
* * *
Beşinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.