Oğuz-Qəbələ-Bakı su kəməri şəhər əhalisinin 75 faizini fasiləsiz təmiz, keyfiyyətli su ilə təmin edəcəkdir

Azərbaycanda ən böyük layihələrdən biri - Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilmişdir
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir
Dekabrın 28-də Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Oğuz-Qəbələ-Bakı su kəmərinin Abşeron qurğular kompleksinə gələn dövlətimizin başçısını mərasim iştirakçıları hərarətlə qarşıladılar.
"Azərsu" Səhmdar Cəmiyyətinin sədri Nizaməddin Rzayev məlumat verdi ki, Oğuz və Qəbələ rayonlarından yüksək keyfiyyətli içməli suyun Bakıya gətirilməsi təşəbbüsünün müəllifi ümummilli lider Heydər Əliyevdir. Ulu öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev isə Azərbaycanın ən nəhəng infrastruktur layihələrindən olan bu ideyanın reallaşması istiqamətində mühüm addımlar atmışdır. 2007-ci ilin martında Oğuz rayonunun Sincan kəndində bu layihənin təməli qoyulmuş və tikinti işlərinə başlanmışdır. Uzunluğu 262 kilometrdən çox olan kəməri su ilə təmin etmək üçün çoxlu artezian quyusu qazılmış, yarımstansiya quraşdırılmışdır. Oğuz rayonu ərazisində dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksi tikilmiş, eyni zamanda, suyun tənzimlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular inşa olunmuşdur.
İdarəetmə məntəqəsində Prezident İlham Əliyevə təqdim olunan marşrut maketi əsasında boruların diametri, kəmərin uzunluğu, su sərfi, çay, şose və dəmir yolu keçidləri, axına nəzarət, təzyiqqırıcı və təzyiqnizamlayıcı kameralar barədə ətraflı məlumat verildi.
Kəmərin suqəbuledici qurğular sisteminin sxematik planı ilə tanış olan dövlətimizin başçısı Oğuz-Qəbələ-Bakı və mövcud su kəmərləri vasitəsilə Bakı şəhərinə gələn suların paylanması, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişindən əvvəl və sonra paytaxtın su təminatı, kəmərin Oğuz rayonu ərazisindəki suqəbuledici qurğular kompleksinin sxematik planlarını nəzərdən keçirdi. Bildirildi ki, bu günədək paytaxt əhalisinin 40 faizi fasiləsiz, 60 faizi isə müəyyən cədvəl üzrə su ilə təmin olunurdu. Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildikdən sonra əhalinin 75 faizə qədəri fasiləsiz, qalanları isə müəyyən cədvəl üzrə içməli su alacaqdır. Cədvələ uyğun su verilməsi müddəti 2 dəfəyə qədər artacaqdır.
Daha sonra bildirildi ki, paytaxtda yeni su xətləri çəkiləcək, mövcud kiçik diametrli borular böyükləri ilə əvəz olunacaq və bununla da yaxın bir neçə ildə şəhərə cədvəl üzrə su verilməsi tamamilə aradan qaldırılacaqdır. Bakıətrafı yaşayış məntəqələrində isə bu problem yeni su təchizatı və kanalizasiya sisteminin yaradılması ilə həllini tapacaqdır.
Burada Prezident İlham Əliyevə su kəmərinin təhlükəsizliyini təmin edən SCADA sistemi barədə də məlumat verildi. Bildirildi ki, bu sistem kəmərdə baş verə biləcək bütün qəzalar və sızmalar haqqında məlumatı dərhal mərkəzi aparata ötürmək imkanına malikdir.
Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəməri ilə içməli suyun paytaxta verilməsini bildirən qurğunu işə saldı.
Dövlətimizin başçısı kompleksdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış oldu. Muzeydə ulu öndərin rəhbərliyi ilə ölkənin su təminatının yaxşılaşdırılması istiqamətində müxtəlif dövrlərdə həyata keçirilən tədbirləri əks etdirən fotolar və videomateriallar toplanmışdır. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Kür suyunun paytaxta verilməsi üçün görülən işləri əks etdirən sənədli videogörüntülərə baxdı.
Muzeyin digər guşəsində Prezident İlham Əliyevin bu missiyanı uğurla davam etdirməsini əks etdirən fotoşəkillər vardır. Burada Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsini əks etdirən fotolar da nümayiş olunur.
Prezident İlham Əliyev kompleksin inzibati binasında yaradılmış şəraitlə tanış oldu. Dövlətimizin başçısı burada suyun fiziki və kimyəvi analizinin aparıldığı laboratoriyaya baxdı. Bildirildi ki, suyun tərkibinə daim nəzarət etmək üçün burada ən müasir avadanlıq və cihazlar quraşdırılmışdır.
Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta gətirilən sudan içdi.
Sonra dövlətimizin başçısı kəmərdən suyun qəbuledici kameraya daxil olması prosesini izlədi. Bildirildi ki, kəmərdən qəbul edilən su burada öz axarı ilə şəhərdəki mövcud anbarlara ötürülür, oradan isə paytaxtın müxtəlif istiqamətlərinə paylanılır.
Oğuz-Qəbələ-Bakı su kəmərinin sonuncu nöqtəsi olan və dəniz səviyyəsindən 190 metr yüksəklikdə yaradılan Abşeron qurğular kompleksi paytaxtın 17-ci kilometrliyində yerləşir. Burada kəmərin idarə olunması üçün bütün infrastruktur müasir səviyyədə qurulmuşdur. Layihə üzrə idarəetmə və nəzarətin beynəlxalq təcrübəyə uyğun reallaşdırılması üçün tender yolu ilə Almaniyanın "CES Consaulting Engineers Salzgitter" şirkəti seçilmişdir.
Su kəmərinin layihələndirilməsi və tikintisi "Turan Xəzinədaroğlu İnşaat və Ticarət"-"Tekser İnşaat Sənaye və Ticarət"-"Gəncə körpü tikinti-2" hüquqi şəxslər birliyi tərəfindən həyata keçirilmişdir.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında