Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Milli Assambleyasının sədri ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 14-də Parisdə Fransa Respublikası Milli Assambleyasının sədri Klod Bartolon ilə görüşü olub.

Milli Assambleyanın binasının önündə dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzül­müşdü.

Prezident İlham Əliyevi Milli Assambleyanın sədri Klod Bartolon qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı və Milli Assambleyanın sədri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev və Milli Assambleyanın sədri Klod Bartolon birgə foto çəkdirdilər.

Klod Bartolon Azərbaycan Prezidenti İlham Əliyevi Milli Assambleyada görməkdən şad olduğunu bildirdi. O, bir neçə il əvvəl Milli Assambleyada xanım Mehriban Əliyeva ilə Azərbaycan–Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi görüşlərini xatırlatdı. Milli Assambleya­nın sədri ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, belə səfərlərin ikitərəfli əlaqələrə töhfə verdiyini bildirdi. Azərbaycan ilə Fransa arasında enerji sahəsində yaxşı əməkdaşlığın olduğunu deyən Klod Bartolon fransız şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə çox yaxşı fəaliyyət göstərdiklərini vurğuladı. Milli Assambleyanın sədri Fransanın Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdığını qeyd etdi.

Prezident İlham Əliyev hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətinin məmnunluq doğurduğunu, bunun ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildirdi. Fransaya rəsmi səfəri çərçivəsində mü­hüm sənədlərin imzalanacağını deyən Prezident İlham Əliyev MEDEF-in üzvləri ilə keçirdi­yi görüşün səmərəli olduğunu, müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrast­ruktur, kosmik sənaye sahələrində əməkdaşlıqla bağlı faydalı müzakirələrin aparıldığını xatırlat­dı. Fransız şirkətlərinin Azərbaycan ilə səmərəli əlaqələr qurduğu­nu deyən dövlətimizin başçısı Azərbaycanın da Fransa ilə bir çox sahələrdə yaxşı əməkdaşlıq etdi­yini söylədi. Dövlətimizin başçısı Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün səylə çalışdığını diqqətə çatdırdı.

Prezident İlham Əliyev Azərbaycan ilə Fransa ara­sında mədəni sahədə də çox güclü əməkdaşlığın olduğunu, Azərbaycanda Fransız Liseyinin və Universitetinin fəaliyyət göstərdiyini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın 10-dan artıq regionu­nun Fransa regionları ilə qardaşlaş­dığını vurğuladı.

Söhbət zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verən Azərbaycan Prezidenti münaqişə nəticəsində bir milyon­dan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırdı. İyirmi beş ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli ilə bağlı səylərinin nəticəsiz qaldı­ğını deyən Prezident İlham Əliyev qurumun həmsədri kimi Fransanın münaqişənin həllində daha fəal olacağına əminliyini ifadə etdi.

Dövlətimizin başçısı İlham Əliyev Fransa Milli Assamb­leyasının sədri Klod Bartolonu Azərbaycana səfərə dəvət etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında