Prezident İlham Əliyev Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Cibuti arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən dövlətimizin başçısı Cibuti Respublikası parlamentinin Xocalı soyqırımının tanınması barədə qəbul etdiyi qərara görə minnətdarlığını bildirdi, bunu qardaşlıq münasibətlərimizin və ölkəmizə dəstəyin mühüm göstəricisi kimi dəyərləndirdi. Ondan çox ölkənin artıq Xocalı soyqırımını tanıdığını vurğulayan Prezident İlham Əliyev bunun tarixi həqiqətlərin doğru əks etdirilməsi və bu dəhşətli cinayəti törədənlərin mühakiməsi baxımından əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Cibutinin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini dedi, ölkələrimizin vacib məsələlərin müzakirəsi zamanı bir-birini daim dəstəklədiyini vurğuladı. Güclü siyasi əlaqələrin iqtisadi sahədə də əməkdaşlığın inkişafına zəmin yaratdığını bildirən Prezident İlham Əliyev hazırda əməkdaşlığımızın praktik şəkildə inkişafının müşahidə olunduğunu qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin nəqliyyat və yük daşımaları sahəsində çox yaxşı perspektivləri olduğunu bildirdi, bu istiqamətdə həyata keçirilən qarşılıqlı səfərlərin və təmasların vacibliyini vurğuladı. Prezident İlham Əliyev Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin Azərbaycana səfərinin uğurlu və səmərəli olacağına, səfərin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Nazir Mahmud Əli Yusuf Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Gellenin məktubunu Prezident İlham Əliyevə çatdırdı. Qonaq qeyd etdi ki, Bakı kimi gözəl bir şəhərdə qardaşcasına qarşılanmasından məmnunluq duyur. Azərbaycan ilə Cibuti arasında bir çox oxşarlıqların olduğunu deyən qonaq ölkələrimizin mürəkkəb regionda yerləşdiklərini vurğuladı. Azərbaycan ərazisinin bir hissəsinin işğala məruz qaldığını qeyd edən nazir münaqişənin sülh yolu ilə həll olunması istiqamətində gedən prosesləri yaxından izlədiklərini bildirdi və bu sahədə beynəlxalq səviyyədə qazanılan bir sıra diplomatik uğurların önəmini qeyd etdi. 1993-cü ildə Cibutinin BMT Təhlükəsizlik Şurasının üzvü olduğu dövrə toxunan Mahmud Əli Yusuf o zaman ölkəsinin beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınamağa çağırdığını və bu məsələdə sərt mövqe nümayiş etdirdiyini vurğulayaraq BMT Təhlükəsizlik Şurasının işğalı pisləyən 4 qətnamə qəbul etdiyini xatırladı. Azərbaycanın artıq güclü bir dövlətə çevrildiyini məmnunluqla qeyd edən Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanın ədalətli mövqedə olduğunu, buna görə də beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Cibuti arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.   

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında