Prezident İlham Əliyev Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesini izləmişdir

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin yaxınlığında Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesini izləmişlər.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verdi ki, Heydər Əliyev Fondu ekologiyanın və təbii mühitin tarazlığının qorunması, ekoloji tarixin və ölkə ərazisindəki bioloji müxtəlifliyin mühafizəsində müstəsna əhəmiyyət daşıyan "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsinə dəstəyi davam etdirir. Abşeron rayonunun inzibati ərazisinə aid olan və Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığındakı bu arealda ceyranların sayının artırılması məqsədilə 2010-2011-ci illəri əhatə edən "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi icra olunur. Acınohur-Sarıca düzləri, Bozdağ silsiləsi, Mil düzü və Qobustan-Cəngiçay ərazilərini əhatə edən layihəyə əsasən, həmin ərazilərə daha çox ceyran köçürülməsi məqsədilə Şirvan Milli Parkından bu areallara ceyranlar gətirilir. Qobustan-Cəngiçay ərazisi ceyranların yaşaması üçün həm də zəngin bitki örtüyünə malikdir. Ərazidə tarixən böyük ceyran populyasiyası mövcud olmuşdur. Hazırda ceyranların burada məskunlaşması və yaşaması üçün bütün müvafiq tədbirlər həyata keçirilir.
Dövlətimizin başçısına ceyranların tarixi məskənləri sayılan ərazilər və burada görülən işlər barədə məlumat verildi.
Prezident İlham Əliyev ölkə ərazisində ceyranların yaşadıqları tarixi arealları əks etdirən stendlərə baxdı. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin 2003-cü il 5 iyul tarixli sərəncamı ilə yaradılan Şirvan Milli Parkı ceyranların sayının davamlı artırılmasına şərait yaratmışdır. Şirvan Milli Parkında ekoturizm mərkəzi, ekoturizm şəhərciyi və muzey yaradılmış, ən müasir avadanlıqla təchiz olunmuşdur. Ceyranların bəslənmə və artırılma bazası sayılan Şirvan Milli Parkının yaradılması və həyata keçirilən mühafizə tədbirləri nəticəsində bu nadir heyvanların sayı sürətlə artırılaraq 9 minə çatmışdır. Bu isə ceyranların tarixi ərazilərdə reintroduksiyası üçün zəmin yaratmışdır. Bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Heydər Əliyev Fondunun dəstəyi ilə "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsinin reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsini həyata keçirir.
Qobustan-Cəngiçay ərazisi də ceyranların tarixi areallarından biri sayılır və layihəyə əsasən buraya 150 ceyranın köçürülməsi nəzərdə tutulur. Layihəyə uyğun olaraq, mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması, quraq ərazilərdə su təminatı və yem tələbatının ödənilməsi, ceyran populyasiyasının mühafizəsinin gücləndirilməsi məqsədilə çevik antibrokonyer qrupların yaradılması və zəruri avadanlıqla təchiz edilməsi, layihə ərazisində müntəzəm monitorinqlərin keçirilməsi, vacib biotexniki tədbirlərin aparılması, ərazidə və ətrafda məskunlaşmış əhalinin ekoloji maarifləndirilməsi istiqamətində intensiv işlər görülmüşdür.
Qeyd olundu ki, nadir növ olan ceyranın mühafizəsinin gücləndirilməsi bu növün areallarının genişləndirilməsinə və yüz illər boyu mövcud olmuş təbii arealın yenidən bərpasına təkan verəcəkdir. Qobustan-Cəngiçay alçaq dağlıq vadisində Qobustan- Cəngiçay Dövlət Təbiət Yasaqlığının yaradılması buraya reintroduksiya ediləcək ceyranların, həmçinin təbii bitki örtüyünün mühafizəsinə də şərait yaradacaqdır.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ərazisində ceyranların məskunlaşması və reintroduksiyası ərazilərini əks etdirən xəritəyə də baxdı.
Dövlətimizin başçısı ceyranların keçmiş və indiki məskunlaşma arealları, miqrasiya dəhlizləri haqqında məlumatlarla tanış oldu. Bildirildi ki, ceyranların mühafizəsinin reintroduksiyası və tarixi areallarının yenidən bərpası layihəsinə əsasən Qobustan-Cəngiçay ərazisi ilə yanaşı, Şirvan Milli Parkında da müvafiq işlər görülür. 65 min hektardan artıq əraziyə malik parkda 9 min başa qədər ceyran saxlanılır. Bu da Avropa məkanında ən böyük ceyran populyasiyasıdır. Beyləqan rayonunda 18 min hektar ərazisi olan Ağgöl Milli Parkında da ceyranların reintroduksiyası uğurla davam etdirilir. Goranboy rayonundakı Korçay Dövlət Təbiət Qoruğunda 300 ceyran, Qax rayonundakı Acınohur və Sarıca düzlərində isə 3 ceyran sürüsü məskunlaşdırılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva üzərində peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü xaltası olan ceyranı Qobustan-Cəngiçay ərazisinə buraxdılar.
Dövlətimizin başçısı layihənin icrası zamanı istifadə edilən müxtəlif avadanlıq və digər vasitələrlə tanış oldu. Qeyd edildi ki, ceyranların təhlükəsizliyinin təmin olunması məqsədilə köçürülmə areallarına yaxın yerlərdə yerləşən qəsəbə və kəndlərin əhalisi arasında maarifləndirmə işləri də aparılır. Yol kənarlarında, arealların yaxınlığında xüsusi informasiya lövhələri qoyulur. Lövhələrdə ceyran ovunun qadağan edilməsi barədə məlumatlar verilir.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında