Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın insan hüquqları üzrə müvəkkilini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkovanı qəbul edib.

Tatyana Moskalkova Rusiya Federasiyasının bütün ombudsmanları adından Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etdi, ona cansağlığı və işlərində uğurlar arzuladı. Tatyana Moskalkova Rusiya Federasiyasının Dövlət Dumasında çalışdığı zaman Prezident İlham Əliyevlə görüşdüyünü məmnunluqla xatırladı. O, yeni vəzifədə - Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili vəzifəsində çalışmağa başladığı dövrdən azərbaycanlı həmkarları ilə çox sıx əməkdaşlıq qurulmasından məmnunluğunu bildirdi. Xanım Tatyana Moskalkova Azərbaycanın və Rusiyanın İnsan Hüquqları üzrə müvəkkillikləri arasında bu gün imzalanan müqavilənin əməkdaşlığımız üçün keyfiyyət baxımından yeni hüquqi əsas yaratdığını dedi. Rusiyalı qonaq bu gün Bakıda Azərbaycan Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda keçirilən  konfransın önəmini qeyd etdi.

Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Tatyana Moskalkovanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi. Bakıda keçirilən konfransın çox önəmli bir mövzuya həsr olunduğunu bildirən dövlətimizin başçısı Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu vurğulayaraq bu sahədə ölkəmizdə böyük işlərin görüldüyünü qeyd etdi. Multikulturalizm və insan hüquqlarının çox aktual mövzular olduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, bu gün dünyada, xüsusilə Avropada miqrantlarla bağlı problemlər çox kəskin xarakter alıb, miqrantlara qarşı müəyyən siyasətçilər və kütləvi informasiya vasitələri tərəfindən açıq hücumlar edilir və bu hücumlar məhz multikulturalizm ideyalarına olan hücumlar kimi dəyərləndirilməlidir. Dövlətimizin başçısı buna görə də bu problemlərin həll olunması, insan hüquqlarının və multikulturalizm ideyalarının qorunmasında vahid standartların tətbiq olunması məsələsinin müzakirəsinin böyük önəm daşıdığını qeyd etdi.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında