Prezident İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Dekabrın 26-da Bakının Xəzər rayonunda Qala–Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, uzunluğu 21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin 7 kilometrlik ikinci hissəsinin yenidən qurulması işləri tamamlanıb. Yolun inşası Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, həmçinin “Paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə Tədbirlər Planı” əsasında aparılıb.

Birinci texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 7 kilometrlik hissəsi 6 hərəkət zolaqlıdır. Hər bir hərəkət zolağının eni 3,75 metrdir. Ümumi eni 34 metr olan yolun kənarlarında piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün səkilər inşa edilib. Asfalt-beton örtüklü yol boyunca drenaj xətti çəkilib. Marşrut avtobuslarının ümumi hərəkətə maneçilik törətməməsi üçün yol boyunca 14 dayanacaq inşa olunub. Tikinti işlərindən sonra zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb. Bütün işlər qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Layihənin reallaşdırılmasında əsas məqsəd həm şəhər mərkəzi, Mərdəkan və Bilgəh, həm də Qala və Pirallahı istiqamətlərində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etməkdır.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Xatırladaq ki, yolun 4 hərəkət zolağından ibarət olan 14 kilometrlik hissəsi 2014-cü ilin oktyabr ayında istismara verilib. Yolun 6 hərəkət zolağından ibarət olan ikinci hissəsinin tikintisinə isə 2015-ci ildə başlanmışdı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında