Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonağı salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Hörmətli Ramazan Hacımuradoviç. Bu il Siz yubileyinizi qeyd etmisiniz. Bu əlamətdar tarix münasibətilə Sizi Azərbaycan xalqı adından təbrik etmək istəyirəm. Azərbaycan Sizi təcrübəli, müdrik siyasətçi, gözəl Dağıstanın rəhbəri, Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün çox işlər görən insan kimi çox yüksək qiymətləndirir. Yubileyiniz münasibətilə və qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsi işində böyük xidmətləriniz nəzərə alınaraq Siz Azərbaycanın ali ordeni - “Dostluq” ordeni ilə təltif olunmusunuz.

Azərbaycanda Sizi bizim xeyirxah və yaxşı dostumuz kimi tanıyırlar. Siz Azərbaycanda tez-tez olursunuz, Azərbaycanı və Azərbaycan xalqını yaxşı tanıyırsınız və münasibətlərimizin möhkəmləndirilməsi üçün çox işlər görürsünüz. Mən bilirəm və görürəm ki, Siz Azərbaycan ilə Dağıstan arasında tarixi əlaqələrin inkişafının və möhkəmləndirilməsinin səmimi və qəti tərəfdarısınız. Azərbaycan xalqı Sizə həm də bizim görkəmli şəxsiyyətlərimizin xatirəsinə göstərdiyiniz münasibətə görə çox minnətdardır.

Sizin təşəbbüsünüzlə Dağıstandakı küçələrin biri bizim dahi lider Heydər Əliyevin adını daşıyır. Həmçinin Sizin təşəbbüsünüzlə bir qədər əvvəl Mahaçqalada Böyük Vətən müharibəsi illərində dağıstanlıları normal həyatla təmin etmək üçün böyük işlər görmüş Əziz Əliyevin abidəsinin açılışı olub. Biz hamımız gözəl bilirik ki, deportasiya olunma təhlükəsi var idi və dağıstanlıları səmimi sevən insan, bu sevgini həyatı boyu yaşadan insan kimi Əziz Əliyev o dövrün ağır repressiyalarının Dağıstanda kütləvi hal almaması üçün əlindən gələni edirdi. Mənim üçün bunun xüsusi mənası var. Çünki mənim babamın və atamın xatirəsi qardaş Dağıstanda əbədiləşdirilib. Gənc nəslin bu barədə bilməsi çox vacibdir. Sizin tərəfinizdən atılan bu addımlar həm onların xatirəsinə ehtiram əlamətidir, həm də gənclərin bizim ənənə və köklərimizi bilməsinə istiqamətləndirilib. Əlbəttə, yaşlı nəsil bunun hamısını gözəl bilir. Lakin biz Dağıstan və Azərbaycan gənclərinin bu qardaşlıq tellərinin möhkəmləndirilməsinə səy göstərməliyik.

Sizin rəhbərliyiniz ilə Dağıstanın inkişafından çox məmnunuq. Respublikada genişmiqyaslı dəyişikliklər həyata keçirilir, sosial-iqtisadi inkişaf çox sürətlə gedir. Həmçinin Siz Dağıstanda millətlərarası anlaşmaya, təhlükəsizliyin möhkəmləndirilməsinə böyük diqqət yetirirsiniz. Bu, bizim üçün çox vacibdir və Sizin uğurlarınız bizi sevindirir. Onu da bilirəm ki, Sizin respublika rəhbəri kimi fəaliyyətiniz Rusiya rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Qonşu kimi biz də görürük ki, Sizin rəhbərliyinizlə respublika Rusiya Federasiyasının regionları arasında qabaqcıl yerə çıxır. Əlbəttə, bizim münasibətlər – Dağıstan ilə Azərbaycan arasındakı münasibətlər Rusiya ilə Azərbaycan arasında sürətlə inkişaf edən və artıq çoxdandır strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrin vacib amilidir.

İki gün əvvəl mən Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə telefonla danışdım. Bir daha fikir mübadiləsi apardıq və əlaqələrin inkişafından məmnunluğumuzu bildirdik. Rusiya Prezidenti son 3 ildə 3 dəfə Azərbaycanda olub. Bu, özlüyündə bir göstəricidir. Bizim müxtəlif sahələri əhatə edən və çoxplanlı dövlətlərarası münasibətlərimizdə Dağıstan ilə əməkdaşlıq həmişə xüsusi yer tutur. Bizim üçün Dağıstan Rusiyanın bütün regionları arasında ən yaxın, ən əziz diyardır. Mən bir daha Sizi yubiley münasibətilə təbrik etmək və Azərbaycan dövlətinin ali mükafatını – “Dostluq ordeni”ni şəxsən təqdim etmək istəyirəm.

Azərbaycan Prezidenti
İlham Əliyev “Dostluq ordeni”ni Ramazan Abdulatipova təqdim etdi.

Dağıstan Respublikası-nın başçısı Ramazan ABDULATİPOV dedi:

Hörmətli İlham Heydər oğlu, əziz dostlar!

Bizim xalqlar minilliklər boyu ümumi məkanda – mədəni və tarixi məkanda yaşayırlar. Ona görə də dağıstanlıların və azərbaycanlıların bir çox nəsli bizim mehriban qonşuluq və qardaşlıq əlaqələrimizin inkişafına böyük töhfələr verib. Biz faktiki olaraq bir çox parametrlər üzrə bir-birimizə çox yaxın və doğma xalqlarıq. Bir neçə yüzilliklər ərzində Azərbaycan Rusiya ilə ümumi tarixi və mədəni məkanda yerləşib. Dağıstanın isə indi də bu məkanda olması bizim üçün vacibdir və münasibətlərimizin inkişafına təsir edir.

Əlbəttə, Rusiya –Azərbaycan münasibətlərinin möhkəmlənməsində əməyi olan insanların əhəmiyyətli rolunu qeyd etmək çox vacibdir. İlk növbədə mən bu nöqteyi-nəzərdən həm Sovet İttifaqının, həm Dağıstanın, həm Azərbaycanın, həm də Rusiyanın dövlət xadimi, ən ağır illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyevin adını çəkirəm. Dağıstanın rəhbəri olduğu dövrdə o, Dağıstan Respublikasının iqtisadi inkişafında, dövlət və mədəni quruculuğunda, Dağıstan və dağıstanlıların ləyaqətinin qorunmasında böyük rol oynayıb. Əlbəttə, bu, bizim münasibətlərimizin, dövlətlərarası, həmçinin Dağıstan regionu ilə münasibətlərin inkişafında yaxşı baza yaratdı.

Əlbəttə ki, bu gün mən Sizin əlinizdən bu yüksək mükafatı alarkən dahi Heydər Əliyevlə ünsiyyətimi minnətdarlıqla xatırlayıram. Bu insan həmişə Dağıstandakı vəziyyətlə maraqlanırdı, Dağıstandakı vəziyyətlə bağlı narahat olurdu, heç nəyə baxmayaraq, Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətinə bir gün də laqeyd qalmırdı. Əlbəttə, burada Vladimir Vladimiroviç Putinin də böyük rolu var. O, müdrik dövlət xadimidir. Onun ilk səfərlərindən biri Azərbaycan Respublikasına olub, Heydər Əliyevlə görüşüb. O, Heydər Əliyevə olan böyük ehtiramını müxtəlif söhbət və görüşlərdə dəfələrlə qeyd edib. Böyük mənada bizim və Azərbaycan dövləti və xalqının bəxti gətirib ki, Sizin simanızda Heydər Əliyevin belə bir layiqli xələfi var. Siz faktiki olaraq Azərbaycanın simasını yeniləşdirdiniz. Bu sima çox müasir, çox mədəni oldu. Buna görə də biz bu illər ərzində Azərbaycan xalqının, Azərbaycan Respublikasının və Prezident kimi şəxsən Sizin nailiyyətlərinizlə fəxr edirik. Əlbəttə, Sizinlə Vladimir Vladimiroviç Putin arasındakı yaxşı və xoş münasibətlər bizim üçün çox vacibdir. Dostluq və qarşılıqlı anlaşmanın olduğu belə vəziyyətdə, belə mühitdə qarşılıqlı faydalı əməkdaşlığımız üçün gözəl şərait yaranır. Düşünürəm ki, biz hələ qarşılıqlı faydalı əməkdaşlıq üçün xalqlarımızın böyük potensialından tam istifadə etməmişik. Bu, olacaq.

Azərbaycanda Dağıstan günlərinin keçirilməsi Azərbaycan xalqının və rəhbərliyinin Dağıstana, Dağıstan mədəniyyətinə nə qədər mehriban münasibət göstərdiklərini nümayiş etdirdi. Bizim burada verdiyimiz yekun konsertdə faktiki olaraq ölkənin bütün rəhbərliyi iştirak edirdi. Bu günlər olduqca ürəkaçan keçdi. Bu günlər ona görə belə ürəkaçan keçir ki, bizim əcdadlarımız əsrlər boyu birlikdə xoşniyyətli yaşayıblar. Heç nə bizim münasibətlərimizin inkişafına mane olmamalıdır.

Əminəm ki, Rusiya-Azərbaycan, Dağıstan-Azərbaycan münasibətlərinin inkişafının ən yaxşı illəri hələ qarşıdadır. Həm Vladimir Vladimiroviç Putinin, həm də Sizin gördüyünüz böyük işlər bunu deməyə əsas verir. Siz hələ çox işlər görməyə qadirsiniz. Siz bir qədər əvvəl öz yetkin yaş yubileyinizi qeyd etdiniz. Bu yubiley Sizin qısa müddət ərzində həyata keçirdiyiniz nəhəng işlərin məzmunu ilə dolğun idi. Düşünürəm ki, Azərbaycan Respublikasının ən yaxşı illəri də hələ qarşıdadır. Ona görə də biz də bu yubileyi qeyd etmək istəyirik. Biz belə bir kiçik kubok sifariş etmişik. Keçən dəfə mən burada üzərində portret olan, bundan bir qədər böyük kuboku Heydər Əliyevə hədiyyə etmişdim. Bu isə 55 illiyiniz münasibətilə Sizinkidir. Siz həmişə əlaçı olmusunuz. Gələcəkdə də əlaçı olasınız.

Əlbəttə, Azərbaycan Respublikasının hökumətinə və sizin səfirinizə, bizim səfirimizə çox təşəkkür edirik. Vladimir Doroxin çox böyük diqqət yetirir. Mənimlə birlikdə Xalq Məclisinin təmsilçisi, Dövlət Dumasının deputatı, bizim nümayəndəmiz buradadır. Əslində, bu hadisə mənim üçün tarixi əhəmiyyət daşıyır. Çünki mən bu ordendə ilk növbədə Heydər Əliyevin töhfəsini görürəm. Çünki o, məni həqiqətən Azərbaycanla bağlayıb. Əsas odur ki, Siz də dahi Heydər Əliyevin işlərini bu planda davam etdirirsiniz. Mənim fəaliyyətimi belə qiymətləndirdiyinizə görə çox sağ olun. Çalışacağam ki, bu etimadı doğruldum.

Sonra Prezident İlham Əliyev ilə Ramazan Abdulatipovun görüşü oldu.

Dövlətimizin başçısı Ramazan Abdulatipovun Azərbaycanın yüksək dövlət mükafatına layiq görülən Dağıstanın ilk rəhbəri olduğunu dedi və mükafatı təqdim etməkdən məmnunluğunu bildirdi. Azərbaycan Respublikası ilə Dağıstan Respublikası və xalqlarımız arasında əlaqələrin daha da yaxınlaşdırılmasında Ramazan Abdulatipovun xidmətlərinə toxunan dövlətimizin başçısı Dağıstanın inkişafında onun rolunu vurğuladı. Bu il Dağıstanın əldə etdiyi uğurları qeyd edən dövlətimizin başçısı gələn ildə də Dağıstanda yeni nailiyyətlərin qazanılacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Dağıstanla əməkdaşlığı uğurla inkişaf edən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Ramazan Abdulatipov vurğuladı ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşləri zamanı dəfələrlə qeyd edib ki, qonşu Azərbaycanın inkişafı yaxşı nümunədir. Dağıstanın rəhbəri bildirdi ki, Azərbaycanın paytaxtında, ümumilikdə bütün respublikada olan sabitlik onlar üçün nümunədir. Ramazan Abdulatipov qeyd etdi ki, Rusiya dövlətinin başçısı onlara Azərbaycanın təcrübəsindən istifadə etməyin mümkünlüyünü bildirib və Dağıstanın Rusiya-Azərbaycan münasibətlərinin inkişafında rolunu vurğulayıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında