Füzuli rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,9 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait xərclənib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği isə 4,5 dəfə artırılıb. Son 13 ildə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizə düşüb.

Yalnız bu ilin on ayında Sabirabad rayonunda fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 440, Qazaxdakı 304, Zaqataladakı 135 məcburi köçkün ailəsinin həmin rayonlarda yeni salınmış qəsəbələrə və Bakının Ramana qəsəbəsində inşa edilmiş beşmərtəbəli binaya 50 məcburi köçkün ailəsinin, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 50 hərbçi ailəsinin yeni yaşayış binasına köçürülməsi təmin edilib. Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına Abşeron rayonu ərazisində 44 hazır mənzil alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkandakı əlillər üçün pansionatında müvəqqəti məskunlaşan məcburi köçkünlərin bu ilin noyabrında buraya köçürülməsi təmin ediləcək. 

İndi Bakı da daxil olmaqla, Tərtər, Beyləqan, Şirvan, Sumqayıt, Kürdəmir və Ucarda qəsəbə, məhəllə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanır. Bundan əlavə, Gəncə, Goranboy, Bərdə və Ağcabədidə yeni layihələndirmə işləri üçün müvafiq torpaq sahələri ayrılıb. Bu ilin proqramına əsasən Horadizdə 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, 417 hektar sahəni əhatə edən yeni qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbəyə ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbədən və Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə  müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev qəsəbədəki evlərdən birində yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə 400 evin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə aparılan tikinti işləri zamanı zəruri infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilib.

Qəsəbədə 120 yerlik uşaq bağçası da tikilib. İkimərtəbəli bağça hər cür avadanlıqla təchiz olunub.

Dövlətimizin başçısı bağçada uşaqların əyləncəsi  və istirahəti üçün yaradılan şəraitlə tanış oldu.

Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Bağçanın musiqi zalında da hər cür şərait mövcuddur.

Qəsəbədəki məktəbdə olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu təhsil ocağı 320 şagird yerlikdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Bundan başqa, burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısını və onlarla görüşlərini əks etdirən fotostendlər yaradılıb. Burada aprel döyüşlərində Ordumuzun qələbəsini əks etdirən fotolardan ibarət guşə, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də var. Akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var.

Məktəbin hərbi kabineti əyani vəsaitlərlə zənginləşdirilib.

Prezident, Ali Baş Komandan İlham Əliyev burada Heydər Əliyev adına Ali Hərbi Məktəbin, Dövlət Sərhəd Xidməti Akademiyasının, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Füzulidən olan kursantları və orta məktəb şagirdləri ilə görüşdü. 

Kursant İsgəndərov dövlətimizin başçısına raport verdi:

– Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının hərbi məktəblərinin kursantları Sizinlə görüşə hazırdır.

Dövlətimizin başçısı kursantları salamladı.

Dövlət Sərhəd Xidməti Akademiyasının kursantı Lütfizadə dedi:

– Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Azərbaycan Respublikası vətəndaşlarının ən böyük arzusu işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad olunmasıdır. Bu, mənim də ən böyük arzumdur. Məhz ona görə də məktəbli vaxtlarımdan hərbçi olmaq qərarına gəlmişəm. Sərhədçi peşəsinə olan rəğbətim və marağım məni Dövlət Sərhəd Xidmətinin Akademiyasına gətirdi. Akademiyada yaratdığınız ideal şəraitə görə Sizə təşəkkürümüzü bildiririk. Sizə söz veririk ki, etimadınızı öz şərəfli xidmətimizlə doğruldacaq, Azərbaycan Respublikasının Prezidentinə, dövlətinə və xalqına daim sədaqətlə xidmət edəcəyik.

Prezident İlham Əliyev: Sağ ol. Əyləş.

Horadiz şəhərindən olan məktəbli dedi:

– Cənab Ali Baş Komandan, mən Füzuli rayonunun Horadiz şəhərindəki Mais Səfərov adına bir nömrəli tam orta məktəbin şagirdiyəm. Valideynlərimin anadan olduğu Füzuli şəhəri hazırda düşmən tapdağı altındadır. Mən belə bir qərara gəlmişəm ki, hərbçi olum, torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirak edim.

Heydər Əliyev ­adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı İsgəndərov dedi:

– Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının hər bir vətəndaşı kimi mən də istəyirəm ki, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edək. Məhz buna görə hərbçi peşəsini seçmişəm. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təyyarəçi ixtisası üzrə təhsil alıram. Təyyarəçi olmaq istəyimin səbəbi odur ki, məhz bir təyyarəçinin gördüyü iş bir hərbi hissənin gördüyü işə bərabərdir. Məhz buna görə də düşmənə kiçik zərbə deyil, böyük zərbə endirmək istəyirəm.

Prezident İlham Əliyev kursantlarla görüşdə çıxış edərək dedi:

– Ölkəmizin hərbi potensialı gündən-günə güclənir. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Ordusunda olan texnika, silah-sursat ən yüksək texnologiyalara malikdir.

Döyüş qabiliyyətimiz, peşəkarlıq artır, kadr potensialı da güclüdür və Sizin kimi gənclər gələcəkdə Ordumuzun, bütün hərbi birləşmələrimizin inkişafında öz rolunu oynayacaqdır.

Siz hərbçi peşəsini seçmisiniz. Bu, çox şərəfli peşədir. Bu peşə ölkəmizə, dövlətimizə lazımdır. Bax, bu ərazi işğal altında idi. 1994-cü ildə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək bu ərazini və Füzuli rayonunun digər ərazilərini işğalçılardan azad etmişdir. İndi bu ərazilərdə binalar tikilir, qəsəbələr salınır, inkişaf gedir. Bu, ölkəmizin gücünü göstərir ki, biz işğaldan azad edilmiş torpaqlarda belə yüksək səviyyəli şərait yarada bilmişik.

Bu il Azərbaycan Ordusu növbəti tarixi qələbə qazanmışdır. Füzuli rayonunda Lələtəpə zirvəsinin işğalçılardan təmizləmə əməliyyatı bizim şanlı tariximizdir. Biz Ordumuzla fəxr edirik. Şəhidlərimiz Vətən, torpaq uğrunda qan töküblər. Biz işğala son qoymalıyıq və qoyacağıq.

Ordumuzun gücü ilk növbədə, ordumuzda hökm sürən vətənpərvərlik ruhundadır. Döyüş qabiliyyətimiz də, Vətən sevgisi də buna bağlıdır. Hər bir Azərbaycan gənci, hər bir vətəndaş vətənpərvər olmalıdır, Vətəni hər şeydən çox sevməlidir və Vətən uğrunda öz qəhrəmanlığını göstərməlidir. Bizim Ordumuz belə ordudur, bizim hərbçilərimiz belə hərbçilərdir. Biz Ordumuzla, hərbçilərimizlə fəxr edirik. Sizin qarşınızda çox gözəl nümunələr var. Bu gün Lələtəpə ərazisində olarkən, düşmənlə üz-üzə dayanan hərbçilərlə görüşərkən bir daha gördüm ki, bizim gənclərimiz nə qədər vətənpərvərdir, peşəkardır, Vətənə bağlıdır. Peşəkarlıq, nizam-intizam, vətənpərvərlik, döyüş qabiliyyəti - bunlar bizim Ordumuzun böyük üstünlüyüdür. Bu gün düşmənin istənilən hədəfini məhv etməyə qadirik. Aprel döyüşləri Ordumuzun gücünü bir daha göstərib.

Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Çox şadam ki, uşaqlar, gənclər orduda xidmət etmək üçün böyük maraq göstərirlər. Siz hərbçi peşəsini seçərək ölkəmizin hərbi potensialını gücləndirəcəksiniz. Sizə uğurlar arzulayıram. Həmişə Vətənə bağlı olun. Sağ olun.

* * *

Kompüter otağında isə şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər.

Dövlətimizin başçısı burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Füzuli rayonuna səfərlərini əks etdirən videoçarxa baxdı.

Azərbaycan Prezidenti məktəbin idman zalında gənc idmançıların çıxışlarına baxdı, onlarla xatirə şəkli çəkdirdi.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasındadır. Bu siyasət təkcə paytaxtı deyil, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadirliyi ilə seçilir.

Məlumat verildi ki, qəsəbənin elektrik, qaz, içməli və suvarma suyu ilə təchizatı yüksək səviyyədə qurulub. Bütün zəruri infrastruktura malik qəsəbədə yol-küçə şəbəkələrinin tikintisi də uğurla yerinə yetirilib. Bu yaşayış massivi respublika üzrə qaçqın və məcburi köçkünlər üçün salınan 95-ci qəsəbədir.

Qəsəbədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında