Noyabrın 12-də Füzuli rayonunda “Azərxalça” ASC-nin ilk filialının – xalça kombinatının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kombinatın açılışında iştirak edib.
Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, böyük diqqətə səbəb olub. Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin bu il imzaladığı sərəncamla “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. ASC-nin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.
İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, ilkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.
“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.
Bildirildi ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 160 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 160 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.
Dövlətimizin başçısı kombinatın işçiləri ilə söhbət etdi.
İşçilər: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Xoş gördük. Necəsiniz? İşlər necədir?
Mahnur Alıyeva: Möhtərəm cənab Prezident, bütün füzulililər adından Sizi salamlayırıq və Sizə təşəkkürümüzü bildiririk ki, bizə belə müəssisə, belə iş yeri açmısınız. Hazırda 160 nəfər qadın burada işlə təmin olunub. Gün o gün olsun ki, işğal altındakı torpaqlarımız qaytarılsın və orada belə müəssisələr açılsın, bizim qarabağlı qadınlar Qarabağ xalçaları toxuyub nümayiş etdirsinlər.
Prezident İlham Əliyev: Mən çox şadam ki, artıq “Azərxalça” fəaliyyətə başlayır. Bilirsiniz ki, bir müddət bundan əvvəl mənim sərəncamımla “Azərxalça” şirkəti yaradılmışdır. Bu qurumun əsas vəzifəsi Azərbaycanda xalçaçılığı inkişaf etdirmək, bizim tarixi mirasımızı qorumaq və eyni zamanda, ölkəmizdə güclü xalçaçılıq sənayesi yaratmaqdır. Bu məqsədlə bir çox rayonlarda, o cümlədən Füzuli rayonunda “Azərxalça”nın xətti ilə belə gözəl müəssisələr yaradılıb və yaradılır. Hamımız yaxşı bilirik ki, xalçaçılıq sənətini qadınlar yaşadırlar. Bu müəssisələrin yaradılması, fəaliyyətə başlaması qadınlar üçün iş yerlərinin açılması deməkdir. Bu da çox vacibdir. Çünki qadınlar üçün iş yerləri açmaq o qədər də asan məsələ deyil. Ancaq bu gün siz burada işləyirsiniz, yaxşı maaş alırsınız, həm ailə büdcəsinə bunun böyük töhfəsi olur, eyni zamanda, qədim sənətimiz yaşayır, yaşayacaq, gənc nəslə də siz öz təcrübənizi ötürəcəksiniz. Bununla bərabər, Azərbaycanın çox gözəl ixrac məhsulu olan xalça artıq dünya bazarlarına çıxacaq. Bu, həm ölkəmizin təbliğatına xidmət edəcək, həm də bütün dünya görəcək ki, xalqımız nə qədər istedadlı xalqdır. Digər tərəfdən, bu, ölkəmizə pul gətirəcək. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf edəcək. Bu müəssisənin fəaliyyəti nəticəsində ildə neçə xalça istehsal olunacaq?
“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov:
– Cənab Prezident, bu müəssisədə dəzgahların əksəriyyəti Azərbaycan brendidir. Ayda 251 kvadratmetr xalça istehsal olunacaq. Qarabağın 16 rayonunun müxtəlif çeşniləri, tarixi ənənələri əsasında toxunulacaq. Biz üç ay ərzində burada tədris kursları təşkil etdik. Peşəkar ustalarımız bu kurslarda 160 nəfəri öyrətdilər. Bu yerlər bizə bir az azlıq edir. Biz düşünürük ki, filialları başqa yerlərdə də açmaq, genişləndirmək lazımdır.
Prezident İlham Əliyev: Bəli, genişləndirmək lazımdır.
Vidadi Muradov: Xalçaçılar çoxdur. Füzuli rayonunda 500-600 xalçaçı var.
Prezident İlham Əliyev: Bəli, onları da cəlb etmək lazımdır.
Vidadi Muradov: Biz istəyirik ki, hamısı xalçaçılıqla məşğul olsunlar və Azərbaycanın Qarabağ xalçaları dünyada nə qədər şöhrət tapıbsa, bu gün də bu Qarabağ xanımları, xalçaçıları ilə, cənab Prezident, Sizin də köməyiniz sayəsində yenə də dünyada öz şöhrətinə çatdıraq.
Prezident İlham Əliyev: Siz xalçaçılığı harada öyrənmisiniz?
Röya Abbasova: Bura mənim ilk iş yerimdir. Sağ olsun müəllimlərimiz, onlar öyrədiblər. İndi işə başlayırıq. Çalışırıq ki, öyrəndiklərimizi işdə tətbiq edək. İstəyirik ki, xalçalarımız yaxşı alınsın.
Prezident İlham Əliyev: Çox yaxşı. Mən gənc qızları görürəm və bizim peşəkar ustalarımız öz təcrübələrini onlarla bölüşəcəklər. Bəs siz bu vaxta qədər harada işləyirdiniz?
Mahnur Alıyeva: Bizim əvvəl işimiz olmayıb. İşlə indi təmin edilmişik.
Prezident İlham Əliyev: Yəqin ki, xalçaçılığı yaxşı bilirsiniz.
Mahnur Alıyeva: Bəli, bu, bizim nənələrimizdən qalan bir sənətdir. Bizim rayonumuzun bu sənətdə anlayışı olub. Mənim yaşadığım kəndin özünün xalçası olub – “Xanlıq” xalçası. Ancaq bir az unudulmuşdu. Sizin sayənizdə o, artıq bərpa olundu. Ona görə Sizə çox minnətdarıq. Çox sağ olun. Çalışacağıq ki, Sizin etimadınızı doğruldaq.
Prezident İlham Əliyev: Əlbəttə, bunun çox böyük mənası var. Biz bu qədim sənəti yaşadırıq. İndi biz haqlı olaraq hesab edirik ki, xalçaçılıq sənətinin vətəni Azərbaycandır. Bunu deməyə kifayət qədər əsaslar var. Digər tərəfdən bu, ənənəvi sənət növüdür. Nadir xalçalarımız var. Ona görə də bunu yaşatmalıyıq. Gənc nəsil də bu işlərə çox maraq göstərir. Bir daha qeyd etmək istəyirəm ki, həm dünyada Azərbaycanı geniş şəkildə təbliğ edəcəyik, həm də bu, böyük ixrac məhsuludur. Ona görə də bütün bu məsələləri həll etmək üçün “Azərxalça” yaradılmışdır və ilk müəssisə bu gün artıq fəaliyyətə başlayır.
* * *
Sonra dövlətimizin başçısı müəssisədə iş prosesini izlədi.
Sonda xatirə şəkilləri çəkdirildi.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.