Geniş tərkibdə görüş

Oktyabrın 24-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Xanım Prezident.

Əziz qonaqlar.

Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə görməyə şadıq. Xorvatiya Prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Bizim bir qədər əvvəl ikitərəfli, regional və təhlükəsizliklə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq imkanımız oldu. Gördüyümüz kimi, mövqelərimiz üst-üstə düşür. Biz ikitərəfli əməkdaşlığı inkişaf etdirmək istəyirik. İndi bunun üçün yaxşı imkan var. Bizim müxtəlif sahələrdə yaxın siyasi əlaqələrimiz var. Xanım Prezidentin səfəri bunu bir daha nümayiş etdirir. Sabah biznes dairələrinin çox maraqlı toplantısı keçiriləcək. Biz ticarət mübadiləsinin səviyyəsini və investisiyaları necə artıra biləcəyimizə və digər imkanlara nəzər salmalıyıq.

Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq olduqca böyük əhəmiyyət kəsb edir. Biz cədvəl üzrə icra edilməkdə olan “Cənub” Qaz Dəhlizində tərəfdaşıq. Bizim çox geniş gündəliyimiz var. Əlbəttə ki, Xorvatiyanın mühüm rol oynadığı Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı var və biz bu istiqamətdə və bütün digər sahələrdə daha çox irəliləyiş görmək istəyirik.

Düşünürəm ki, ölkələrimiz bir sıra sahələrdə çox yaxın tərəfdaşlıq əlaqələri qurublar. Biz xüsusilə ticarət, iqtisadi inkişaf, şirkətlər arasında əlaqə sahələrində daha nələr edə biləcəyimizə nəzər salmalıyıq. Çünki qeyd etdiyim kimi, siyasi əlaqələr çox yaxşıdır və Sizin səfərinizdən sonra daha da yaxşı olacaq. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və dostluq əlaqələrimizin inkişafında daha bir mühüm addım olacaq.

Xanım Prezident, bir daha xoş gəlmisiniz.

 

* * *

Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-KİTAROVİÇ dedi:

– Təşəkkür edirəm, cənab Prezident. Bu səhər burada olmaqdan çox məmnunuq. Çox səmimi qarşılanmaya görə təşəkkür edirəm.

Bizim artıq ötən gecə Bakıda və Azərbaycanın digər yerlərində yaşayan Xorvatiya icmasının üzvləri ilə görüşmək imkanımız oldu. Mən şadam ki, milli futbol komandanızın baş məşqçisi Prosineçki ilə yanaşı, xüsusilə iqtisadi sektorda, əczaçılıq, həmçinin nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox başqa insanlar var.

Sizin 2013-cü ildə Zaqrebə səfərinizdən və bu il Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşümüzdən sonra bu gün əlaqələrimizi daha da inkişaf etdirməklə bağlı müzakirələr aparmaq üçün yaxşı imkan var.

Cənab Prezident, qeyd etdiyiniz kimi, bizim aramızda açıq qalan məsələlər yoxdur. Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusilə iqtisadiyyat, mübadilə, investisiya və ticarət sahələrində əməkdaşlığımızı, həmçinin xalqlar arasında, mədəniyyət, təhsil, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı, əlaqələndirməni və məsləhətləşmələri dərinləşdirmək və genişləndirmək üçün çoxlu imkanlar var. İki ölkə arasında strateji tərəfdaşlıq və dostluqla bağlı Zaqreb Bəyannaməsinin imzalanmasından sonra, düşünürəm ki, hökumətlərarası komissiyanın görüşüb hərtərəfli əməkdaşlığa, daha çox irəliləyişə nail olmağın təfərrüatları ilə bağlı müzakirələr aparması baxımından atılmalı olan konkret addımlar var.

 

* * *

Görüşdə iqtisadi, yüksək texnologiyalar, ticarət dövriyyəsinin genişləndirilməsi, gəmiqayırma, nəqliyyat, enerji, kənd təsərrüfatı, ərzaq sənayesi, turizm, əczaçılıq sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Xorvatiya Prezidentinə məlumat verdi.

Prezident Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha ifadə etdi.

Söhbət zamanı Azərbaycan-Xorvatiya əlaqələrinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd olundu.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında