Prezident İlham ƏLİYEV: Dağlıq Qarabağa dair ağlabatan kompromis mümkündür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova “Sputnik Azerbaydjan” üçün müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

– Cənab Prezident, dövlətinizin böyük yubileyi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. 25 il insan həyatı üçün püxtələşmə dövrüdür. Məhz hər şeyin bünövrəsi bu illərdə qoyulur. Bu illər necə keçib, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin və onun işinin davamçısı kimi Sizin dövrünüzdə 25 yaşlı Azərbaycan necə görünür?

– Bu, həqiqətən əlamətdar tarixdir, 25 il böyük müddətdir. Bu müddət uğurlar, uğursuzluqlar, itirilmiş imkanlar barədə danışmağa əsas verir. Lakin, bütövlükdə bu illər ərzində Azərbaycan çox böyük inkişaf, təşəkkül yolu keçib. Bu gün Azərbaycan, sözün tam mənasında müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünyəvi, çoxmillətli, çoxkonfessiyalı, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, qonşuları ilə yaxşı, mehriban münasibətlərə malik, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir. Yəni, dövlətçiliyin inkişafı, təşəkkülü, möhkəmləndirilməsi üzrə başlıca vəzifələr əsasən yerinə yetirilib və qarşımızda gələcək inkişaf üçün çox yaxşı perspektivlər açılıb, ona görə ki, həm iqtisadi sahədə, həm də sosial məsələlərin həlli istiqamətində artıq həyata keçirilmiş və hələ həyata keçiriləcək proqramlar çoxdur. İqtisadi sahədə uğurlar barədə çox danışmaq olar. Bir faktı diqqətə çatdıraq: Davos Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada otuz yeddinci yerdədir. Bu, MDB-də birinci yer və beynəlxalq arenada yetərincə ciddi yerdir. Buna görə də bizim qarşımızda üfüqlər açılıb, biz inamla irəliləyirik və əminəm ki, növbəti iyirmi beş il də sürətli inkişaf illəri olacaq.

– Əslində, mən bu sualı axırda vermək istəyirdim, lakin mənə elə gəlir ki, Siz indi, yəqin ki, bilərəkdən, ya da təvazökarlıq edərək çox mühüm bir məqamın üstündən keçdiniz: Azərbaycan həm də gözəl ölkədir, bu illər ərzində Bakı sadəcə təmtəraqlı, dəbdəbəli şəhərə çevrilib, çox böyük zövqlə tikilib və bərpa olunub. Hiss edilir ki, burada tamamilə düşünülmüş ardıcıl xətt var: ölkəni, onun paytaxtını həm öz vətəndaşlarına, həm də bütün dünyaya xüsusi bir görkəmdə təqdim etmək xətti. Həm də burada məsələ pulda deyil, çünki dünyada pul çoxdur, amma burada daha nə isə var. Bu nədir?

– Bilirsinizmi, bəlkə də bayağı görünə bilər, lakin fikrimcə, əsas məsələ öz şəhərinə sevgidir. Ona görə ki, biz Bakıda, eləcə də Azərbaycanın istənilən hissəsində yaşayan insanlar Bakını çox sevirik. Bu, tarixi şəhərdir, tarixi memarlıq abidəsidir və təəssüf ki, uzun illər boyu o, bir qədər baxımsız qalmışdı. Nimdaş evlər, şəhərin köhnəlmiş infrastrukturu, necə deyərlər, şəhər mebeli. Buna görə biz çox mürəkkəb bir məsələni həll etməli idik – şəhərin tarixi simasına xələl gətirmədən onu vətəndaşlar üçün rahat, daha gözəl etməli idik. Fikrimcə, biz buna nail olmuşuq, çünki Bakıda tarix və müasirlik çox ahəngdar şəkildə birləşir. Siz köhnə, orta əsr şəhərindən çıxıb, sözün həqiqi mənasında yolun o tayına keçməklə 16 kilometr uzunluğunda sahili, geniş prospektləri, yaraşıqlı binaları olan müasir meqapolisə düşə bilərsiniz.

Yəni, tarix, keçmiş və müasirlik arasında bu harmoniyanı tapmaq asan deyildi. Lakin zənnimcə, biz buna nail olduq. Şəhərimizi bu cür qiymətləndirdiyinizə görə sizə təşəkkür etmək istərdim. Əlbəttə, Bakıya gələnlərdən bu cür rəylər eşitmək xoşdur. Bu, bizi ruhlandırır. Amma digər tərəfdən biz bunu əsasən özümüz üçün etmişik. Ona görə ki, klassiklərdən birinin dediyi kimi, mühit şüuru formalaşdırır və insanın ətrafındakı gözəllik onun əhvalını yüksəldir, dünyagörüşünü formalaşdırır, onu intizamlı edir. Buna görə, şəhərdə təmizlik də bu dəyişikliyin nəticəsidir.

– Neft və ümumiyyətlə, karbohidrogenlər Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. İndi itkilər çoxdurmu? Qiymətlərin düşdüyü şəraitdə Azərbaycanın strategiyası nədən ibarətdir? Bu strategiyanın xüsusiyyəti nədir?

– Biz uzun illər boyu neftdən asılılığı azaltmağa çalışmışıq və müəyyən dərəcədə buna nail olmuşuq. Biz özümüzü əmtəələrlə, ərzaq ilə praktiki olaraq tam təmin edirik. Biz ərzaq mallarının ixracatçısıyıq, odur ki, kənd təsərrüfatının, regional infrastrukturun, turizmin inkişafına çox böyük sərmayə qoymuşuq, buna görə də neftdən asılılığımız ciddi şəkildə azalıb. Bir rəqəm göstərim: bizim ümumi daxili məhsulun tərkibində neft 30 faizdən bir qədər çoxdur, lakin o, bizim ixracın əsas hissəsini təşkil edir. Bu gün başlıca vəzifə ixracı şaxələndirmək və bazarlara rəqabət qabiliyyətli məhsullarla çıxaraq, neftin qiymətinin düşməsinə görə üzləşdiyimiz valyuta itkilərimizin yerini doldurmaqdır. Bu itkiləri hesablamaq asandır. Əgər neftin qiyməti üç dəfə aşağı düşürsə, - hərçənd ilin əvvəlində dörd dəfə düşən vaxtı da olub, - təbii ki, gəlirlərimiz də bir o qədər azalır. Biz bu ilin büdcəsini yenidən nəzərdən keçirməklə, bir barrel üçün 25 dollar qiyməti ilə hesablamışdıq və beləliklə, bu ili profisitlə başa vururuq. Gələn il 40 dollar nəzərdə tutacağıq. Güman edirik ki, neftin qiyməti bundan aşağı düşməməlidir, ona görə də bu, bizim üçün prinsipcə əlavə çətinliklər yaratmır.

İxtisar etdiyimiz yalnız dövlət investisiya layihələridir. Bu, bəlkə də yaxşılığa doğrudur, çünki investisiyalar hədsiz çox idi və tələbat da həddən artıq idi. Bilirsiniz, pul çox olanda müxtəlif dövlət strukturlarından sifarişlər də çox gəlir. Buna görə neft qiymətlərinin bu böhranı bizi hətta bir qədər sağlamlaşdırdı, özümüzə gətirdi və göstərdi ki, vəsaitləri çox qənaətlə xərcləmək lazımdır. Biz belə də edirik.

– İndi, noyabrın 30-da OPEK-in gözlənilən qərarları ərəfəsində Azərbaycan üçün nə daha yaxşıdır: neft hasilatının azaldılması, yoxsa indiki səviyyədə dondurulması? Bəlkə kvotalar tətbiq edilməsi, yaxud daha nə isə?

– Bilirsiniz, nəyin böyük səmərə verəcəyini demək və proqnozlaşdırmaq çətindir. Başlıcası, hədəfin nədən ibarət olmasıdır. Bu gün biz belə hesab edirik ki, həm istehsalçılar, həm də istehlakçılar sabitləşməyə, yəni, artıma can atırlar. Çünki neftin qiymətinin aşağı olması istehlakçılara da zərbə vurub. Xüsusən iri, inkişaf etmiş dövlətlər belə sifarişlər üçün çoxlu pul ödəməyə vərdiş etmiş ölkələrdə öz sifarişlərini daha az yerləşdirməyə başlayıblar, yəni, onların iqtisadiyyatı zərər çəkib. Əlbəttə, bu gün neftdən çox asılı olan neft hasil edən ölkələrin iqtisadiyyatları da ziyan çəkir. Buna görə də sabitləşdirmənin əsas amili OPEK üzvü olan ölkələrlə OPEK-in üzvü olmayan böyük ölkələr arasında vahid siyasət barədə razılaşma olardı. Hadisələrin inkişafından görünür ki, hamı buna yaxınlaşır. Düşünürəm ki, belə olmalıdır, lakin gərək bütün tərəflər maksimum səmimi, vicdanlı olsun və qəbul edilmiş qərarlar olarsa, onların yerinə yetirilməsinə təsirli nəzarət mexanizmi olsun.

Neft aləmində ümumi əhval-ruhiyyə neftin qiymətinin artırılaraq 60, bəlkə də 70 dollara çatdırılmasına köklənib. Məncə, bu, hamı üçün sərfəli olardı: həm şirkətlərə - bu, onlara sərmayə yatırmağa imkan verərdi, həm istehsalçı ölkələrə - onlar müxtəlif layihələr üçün vəsait əldə edə bilərdi, həm də istehlakçılara – onlar nəticə etibarilə indi məhrum olduqları sifarişlərin yerləşdirilməsi hesabına qazanardılar.

– Azərbaycan bunun tərəfdarıdır?

– Azərbaycan birmənalı olaraq bunun tərəfdarıdır və biz bunu dəfələrlə bəyan etmişik. Biz birtərəfli qaydada bəyan edirik ki, hətta hər hansı başqa qərarları gözləmədən neft istehsalını artırmayacağıq.

– Yəni, siz istehsalı dondurursunuz?

– Müəyyən mənada belədir. Artırmırıq.

– Aydındır ki, bu mövzuda Azərbaycan üçün daha bir məsələ meydana çıxır – hazırda Rusiya və Türkiyənin razılığa gəldiyi “Türk axını” məsələsi. Azərbaycanın TANAP adlanan öz layihəsi var. Siz rəqabəti nə dərəcədə hiss edirsiniz, yoxsa bunlar paralel layihələrdir? Hazırda TANAP nə vəziyyətdədir?

– TANAP dörd hissədən ibarət olan iri “Cənub” qaz dəhlizi layihəsinin bir hissəsidir. Bu, əslində, dünyanın ən iri qaz-kondensat yataqlarından biri olan “Şahdəniz”in işlənilməsinin ikinci mərhələsidir. Azərbaycandan Gürcüstana qədər uzanan Cənubi Qafqaz qaz kəmərinin tikintisi, onun genişləndirilməsidir. Əslində, TANAP Türkiyənin Gürcüstanla şərq sərhədindən Yunanıstanla qərb sərhədinədək uzanan Transanadolu qaz kəməridir. Daha sonra Türkiyə-Yunanıstan sərhədindən dənizin dibi ilə Yunanıstandan və Albaniyadan İtaliyaya gedib çıxan Transadriatik (TAP) qaz kəməri. Bu, “Cənub” qaz dəhlizi layihəsidir. Təbii ki, digər layihələrlə vəhdət təşkil edən TANAP “Cənub” qaz dəhlizi layihəsinin bir hissəsidir. Digər layihələr olmadan, bu layihə natamamdır. Bu layihənin bütün xətti boyunca birinci mərhələdə nəql edəcəyimiz qazın həcmi barədə artıq kontraktlar bağlanıb, bu qaz artıq satılıb. Biz hasilatın artırılması barədə kontraktlar imzalamışıq. Hasilatın artımı 2018-ci ildən başlayacaq və 2020-2021-ci illərdə ən yüksək səviyyəyə çatmalıdır. Buna görə də hər hansı başqa regional enerji layihələri obyektiv olaraq sadəcə onunla rəqabət apara bilməz, çünki biz həmin qazı artıq satmışıq. Bu birinci.

İkincisi, biz onu əsas götürürük ki, əgər qonşularımız və dostlarımız tərəfindən həyata keçirilən hansısa layihələr varsa, - indiki halda “Türk axını”, - biz buna yalnız şad olarıq, çünki bu, regionda qarşılıqlı fəaliyyəti, əməkdaşlığı, təhlükəsizliyi möhkəmləndirir və ölkələrin regionda öz iqtisadi və enerji maraqlarını daha tam təmin etmələrinə imkan verir. Buna görə biz “Türk axını” layihəsini həmişə dəstəkləmişik və şadıq ki, müəyyən müddətdən sonra bu layihə yenidən dirçəldilib.

Lap yaxın vaxtlarda İstanbulda mənim də iştirak etdiyim Ümumdünya Enerji Konqresi zamanı Türkiyə və Rusiya bu layihəni imzaladılar, bu münasibətlə rusiyalı və türkiyəli dostlarımızı təbrik edirəm.

– Amma, hər halda, bu layihənin imzalanması, sadəcə biznes deyil. Bu, Türkiyə ilə Rusiyanın barışmasının rəmzidir. Bu barışıqda Azərbaycan hansı rolu oynayıb? Yəqin ki, indi bəzi təfərrüatlar barədə danışmaq olar.

– Bu barədə mənim danışmağım, yəqin ki, qeyri-təvazökarlıq olardı. Məncə, daha düzgün olardı ki, həmin dövrdə bizim gördüyümüz işə birbaşa bu məsələyə cəlb edilmiş ölkələr qiymət versinlər.

– Siz nə olduğunu deyin, onlar qiymət verərlər...

– Əlbəttə, Rusiya ilə Türkiyə arasında baş verənlər bizi çox narahat edirdi. Bunun səbəbləri çoxdur. Əvvələn, Türkiyə və Rusiya bizim qonşularımızdır. İkincisi, bizə yaxın ölkələrdir. Demək olar ki, həm siyasətdə, həm də iqtisadiyyatda bizim əsas tərəfdaşlarımızdır. Buna görə də Rusiya ilə Türkiyə arasında yaranan münasibətlərə biz çox sevinirdik. Yadımdadır, 2015-ci ilin iyununda birinci Avropa Oyunlarının açılış mərasimində Prezident Putin və Prezident Ərdoğan Bakıda çox yaxşı görüş keçirdilər. Təəssüf ki, baş vermiş faciəli insident həmin münasibətləri korladı. Bu, çox təşviş doğururdu. Bu, həm Türkiyə, həm Rusiya, həm də onların dostları üçün pis idi, o cümlədən bizim üçün. Buna görə də biz öz tərəfimizdən imkanlarımız daxilində, Rusiya və Türkiyə üçün məqbul olan dərəcədə onların münasibətlərinin normallaşdırılması işinə öz töhfəmizi verməyə çalışırdıq. Yenə çox ehtiyatla, bu məsələlərə əsla müdaxilə etmədən, lakin öz imkanlarımızı təklif etməklə, çünki biz hesab edirdik və hesab edirik ki, bizim imkanlarımız var.

Hesab edirəm ki, vəziyyətin normallaşması ədalətin bərpa olunmasıdır. Mənim fikrimcə, bu, faciəvi anlaşılmazlığı aradan qaldırdı. Yəqin ki, səbəblər təhlil olunacaq. Bildiyimə görə, səbəblər artıq təhlil edilib.

Bizdə olan məlumata görə, burada Rusiya və Türkiyənin yaxınlaşmasını narahatlıqla izləyən müəyyən qüvvələrin müdaxiləsi olmamış deyil.

– Siz nəyə eyham vurursunuz?

– Mən sadəcə, müəyyən obyektiv müşahidələrə görə malik olduğumuz qiyməti verirəm.

– Yəni bu, xaricdən olan təxribat idi?

– Bu, istisna olunmur. Hər halda təyyarə ilə bağlı insident baş verəndə bizim ağlımıza gələn birinci fikir bu oldu ki, bu variantı istisna etmək olmaz. Ona görə ki, baş vermiş hadisə Türkiyənin maraqlarına əsla uyğun deyildi. Kiminsə qəsdən bu cür düşmənçilik aktına yol verməsini güman edə bilməzdik. Aydındır ki, bu cür faciəvi hadisədən sonra emosiyalar coşdu, vəziyyət müəyyən dərəcədə gərginləşdi və orada nə baş verdiyini aydınlaşdırmaq çətin idi. Artıq emosiyalar üst-üstə yığılırdı, hər söz cavab doğururdu, zəncirvarı proses gedirdi, onu dayandırmaq lazım idi və dayandırıldı. İndi araşdırmaq lazımdır. Mən düşünürəm və demək olar, əminəm ki, burada təxribat olmamış deyil. Ona görə ki, Rusiya-Türkiyə münasibətlərinin ruhu və xarakteri Rusiya hərbi aviasiyasının uçuşlarına bu formada reaksiya verilməsini qətiyyən nəzərdə tutmurdu. Lakin bununla belə, çox təmkinli və səliqəli şəkildə, yaxın dostlarımızın dövlətlərarası münasibətlərinə müdaxilə etmədən öz tərəfimdən bu cür müşahidələrimi bölüşmək və eyni zamanda, əlbəttə ki, bu məsələnin artıq keçmişdə qalmasından məmnunluğumu bildirmək istərdim. Oktyabrın 10-da İstanbulda keçirilən Ümumdünya Enerji Konqresində biz yanaşı oturmuşduq: Prezident Putin, ondan sağda mən, ondan solda Prezident Ərdoğan. Onların arasında rəsmi tədbirlər zamanı olduğu kimi, çox  maraqlı söhbət gedirdi. Aşkar görünürdü ki, bütün anlaşılmazlıqlar keçmişdə qalıb. Biz buna çox şadıq.

– Bu nümunə Azərbaycanın özünü gözə soxmadan regionda nə dərəcədə xeyirxah və güclü rol oynamasını göstərir. Azərbaycan-İran-Rusiya üçbucağı da nəzərə çarpır. Hazırda bu, çox davamlı siyasi konstruksiyadır. Keçən dəfə biz görüşəndə Siz deyirdiniz ki, bu məsələ üzərində çox işləyirsiniz, indi artıq nəticə var. Bəs indi həmin üçbucaq varmı?

– Siz çox mühüm mövzuya toxundunuz. İnkişaf üçün yaxşı potensiala malik olan bu konstruksiya gələcəkdə bizim regionda təhlükəsizliyin, əməkdaşlığın möhkəmləndirilməsi işində çox mühüm rol oynayacaq. Bu ilin əvvəlində mən İranda rəsmi səfərdə oldum və iranlı həmkarım Prezident Ruhani ilə birlikdə İran, Rusiya və Azərbaycan arasında əməkdaşlığın üçtərəfli formatını təşkil etmək ideyasını irəli sürdüm. Bu təklif çox müsbət qarşılandı və mən İrandan qayıdandan sonra Vladimir Vladimiroviç Putinlə zəngləşdim, o da bu ideyanı çox müsbət qarşıladı. Biz bu istiqamətdə fəal işə başladıq, həmin hadisələrdən düz iki ay sonra Bakıda üç ölkənin xarici işlər nazirlərinin görüşü keçirildi. Bu, ilk belə təcrübə idi. Görüş çox uğurlu oldu və sammitə hazırlıq başlandı. Həmin sammit avqustun əvvəlində Bakıda Prezident Putinin, Prezident Ruhaninin və mənim iştirakımla baş tutdu. Hesab edirəm ki, bu, tarixi sammitdir, əvvələn ona görə ki, üç ölkənin rəhbərləri tarixdə ilk dəfə belə formatlı sammitdə görüşürdülər. İkincisi, ona görə ki, biz tarixə qayıdırıq. Bizim regiondakı ölkələr, imperiyalar arasında qarşılıqlı münasibətlərin tarixi sadə olmayıb, bunu hamımız yaxşı bilirik. Lakin bu gün biz görürük ki, xoş məram olduqda, tarixi yaddaş nə qədər ağır olsa da, öz yerini praqmatizmə və əməkdaşlığı möhkəmləndirmək istəyinə verir. Azərbaycan müxtəlif mərhələlərdə İran imperiyasının, Rusiya imperiyasının tərkibində olub, buna görə də həmin sammitin Bakıda təşkil olunması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz bunu həm böyük qonşularımızın gördüyümüz işlərə hörməti kimi, həm də əməkdaşlığın yeni formatı kimi qiymətləndiririk. Bu, ciddi geosiyasi addımdır.

Əlbəttə ki, biz nəqliyyat təhlükəsizliyi, energetika, investisiya məsələlərini, iqtisadi məsələləri müzakirə etdik. Gündəlik kifayət qədər geniş idi. Lakin ən başlıcası budur ki, biz regional əməkdaşlığın coğrafiyaya əsaslanan yeni formatını yaratdıq. Çünki həm Rusiya, həm də İranla həmsərhəd olan ölkə yalnız Azərbaycandır. Bu format həm də bizim maraqlarımıza əsaslanır. Müstəqil dövlət kimi regionda təhlükəsizliyimiz təmin olunur. Bizim təhlükəsizliyimiz sərhədlərimizin ətrafında təhlükəsizlikdən birbaşa asılıdır. Buna görə də qonşularımız arasında sıx qarşılıqlı əlaqələr, - biz indicə Rusiya-Türkiyə münasibətlərindən danışdıq, eyni sözlər Rusiya-İran münasibətlərinə də aiddir, - bizim milli maraqlarımıza uyğundur. Biz belə bir görüşü təşkil edə bildiyimizə görə sevinirik və qürur duyuruq. Ümid edirik ki, gələcəkdə bu görüşün davamı olacaq.

– Yəni, bu üçbucaq artıq beynəlxalq siyasət faktı, kifayət qədər möhkəm dayaq nöqtəsidir?

– Sözsüz. Bu, artıq dünya siyasətinin, qlobal siyasətin faktıdır. Bu, regional format deyil, nəqliyyat formatı deyil – bu, ciddi xarici siyasət təşəbbüsüdür, geosiyasi təşəbbüsdür və artıq reallıqdır. Biz də bu formatı zənginləşdirmək üçün öz tərəfimizdən nə lazımdırsa edəcəyik. Biz görürük ki, rusiyalı və iranlı həmkarlarımız da məsələyə eynilə bu cür yanaşırlar.

– Dünyada iki tendensiya arasında mübarizə gedir: biri dağıdıcı - “parçala və hökm sür” tendensiyası, digəri isə ölkələri birləşdirməyə və biri digərini tamamlayan sülh konstruksiyaları yaratmağa can atan tendensiyadır. Avrasiya İqtisadi İttifaqı belə konstruksiyalardan biridir. Azərbaycan bu ittifaqa qoşulmağı planlaşdırırmı?

– Bu mövzuda həm ekspert birliklərində, həm də müxtəlif ölkələrin siyasi elitaları arasında çoxdan söhbət gedir. Mən belə deyərdim: bu gün biz indiki vəziyyətdə özümüzü prinsipcə kifayət qədər inamlı hiss edirik. Azərbaycanın xüsusən iqtisadi sahədə, elə siyasi sahədə də 25 illik inkişafının yekunu buna əyani misaldır. Son on üç ildə biz ÜDM-in həcmini üç dəfə artıra bilmişik, yoxsulluq səviyyəsini 2003-cü ildəki 49 faizdən bu il 5 faizə endirə bilmişik. Əslində, bizdə yoxsulluq sosial hadisə kimi artıq yoxdur. Eyni sözlər işsizliyə də aiddir – 5 faiz, bizim böyük valyuta ehtiyatlarımız var – hətta neftin qiymətinin düşdüyü bu il də biz Neft Fondunun valyuta ehtiyatlarını toplayırıq. Bu ehtiyatlar artır, çünki biz qənaətlə xərcləyirik və qazancımız artıq neftin hesabına deyil. Buna görə də həm iqtisadi, həm də siyasi vəziyyətimiz bizi qane edir. O başqa məsələdir ki, dünya dəyişir. Yeni təhlükələr, yeni təhdidlər yaranır, biz hər şeyin necə od tutub yandığını, sabitliyin pozulmasının yeni mənbələrinin, yeni potensial risk mənbələrinin yarandığını görürük. Əlbəttə ki, bu şəraitdə çox şey ənənəvi tərəfdaşlarla sıx qarşılıqlı əlaqələrdən asılıdır. Bu gün Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrlə bizim iqtisadi əməkdaşlığımızın, elə siyasi əməkdaşlığımızın da formatı kifayət qədər möhkəmdir. Əlbəttə, inteqrasiya yolu ilə getmək üçün motivasiya lazımdır. Bu, iqtisadi, sosial, siyasi və hər hansı başqa motivasiya ola bilər. İndi biz bu istiqamətdə işləyirik. Sözsüz, heç kəs üçün sirr deyil ki, Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrdən böyük qonşumuz Rusiya bizim üçün prioritet tərəfdaşdır. Avrasiya İqtisadi İttifaqının üzvü olan bütün başqa ölkələrə nisbətən Rusiya ilə əmtəə dövriyyəmiz daha çoxdur və qarşılıqlı münasibətlərin, qarşılıqlı etimadın səviyyəsi çox yüksəkdir. Rusiya ilə istər siyasi, istərsə də sosial-iqtisadi baxımdan heç bir problemimiz yoxdur. Avqust ayında Prezident Putinin Bakıya sonuncu səfəri bunu bir daha təsdiq etdi – biz elə bir mövzu tapmadıq ki, orada nəyəsə düzəliş etməyə ehtiyac olsun. Xeyr, istər nə mənim tərəfimdən, istərsə də Rusiya tərəfindən belə mövzu yox idi. Azərbaycan ilə Rusiya arasında azad ticarət zonası haqqında müqavilə var, yəni, belə məhdudiyyətlər də yoxdur. Lakin indi əlavə motivasiya axtarırıq. Biz Avrasiya məkanında proseslərin necə cərəyan etdiyini maraqla müşahidə edirik, çünki orada da hər şey rəvan deyil. Yəni, orada da özünəməxsus çətinliklər və müəyyən dərəcədə iradlar var. Buna görə də biz hamımız təhlil aparmalı, inteqrasiya etməliyik...

Azərbaycanın davranış üslubu şikayətlənməmək, problemlərini özü həll etmək və belə demək mümkündürsə, xarici bazara yalnız müsbət cəhətləri çıxarmaqdır. Buna görə də necə tendensiyalar yaranacağına hələ baxmaq lazımdır, əlbəttə, əgər ittifaq cəlbedici olarsa, oraya can atanlar çox olacaq. Buna görə də heç nəyi istisna etmək olmaz, lakin indiki mərhələni mən məhz bu cür səciyyələndirərdim.

– Sizin dediyiniz kimi, “ətrafda hər şey od tutub yanır”. Əlbəttə, Siz yəqin ki, radikal İslam təhlükəsini də nəzərdə tuturdunuz. Azərbaycan bu təhlükəni öz üzərində nə dərəcədə hiss edir?

– Mən belə deyərəm: bizim ölkənin daxilində bu baxımdan təhlükə yoxdur. Bizim cəmiyyət milli ideya ətrafında sıx birləşib. Bu ideya bizim dəyərlərin prioritetindən, multikulturalizmin inkişafından ibarətdir. Yeri gəlmişkən, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bizim cəmiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, həmçinin müstəqilliyimizin möhkəmlənməsi, bütün iqtisadi və sosial məsələlərin həlli ideyası ətrafında birləşir. Buna görə də bizdə radikallara yer yoxdur: istər iqtisadi, istərsə də sosial baxımdan bu cür baza yoxdur. Çünki praktiki olaraq yoxsulluq yoxdur. Onlar haradan özlərinə tərəfdarlar toplayır? Onlar əsasən yoxsul təbəqələrdən toplayır. Azərbaycanda savadlılıq yüz faizdir. Yenə də, radikalları haradan toplayırlar? Savadsız kütlədən. Çünki belə mühit yoxdur. Amma bizim ətrafımızda belə deyil. Buna görə bizim üçün əsas məsələ özümüzü mənfi xarici təsirdən, o cümlədən dini ekstremizmin təsirindən qorumaqdır.

Bizim cəmiyyət öz köklərinə - həm milli, həm mənəvi, həm dini köklərinə dərindən bağlıdır. Biz ziyarətgahlarımıza ehtiram bəsləyir və bu məsələyə çox qayğı ilə yanaşırıq. Lakin, eyni zamanda, bizim cəmiyyət dünyəvi, müasir cəmiyyətdir. Zənnimcə, Azərbaycanın timsalında müasir dünyəvi müsəlman ölkəsinin nümunəsi hələ yetərincə öyrənilməyib, o, çox ölkələr üçün yaxşı nümunə ola bilərdi. Buna görə də radikalizmə qarşı mübarizə baxımından bizim üçün əsas məsələ özümüzü mövcud kənar fiziki və informasiya təhlükələrindən qorumaqdır. Lakin bunun üçün müvafiq orqanlar var, onlar ölkəmizin təhlükəsizliyini təmin edirlər və buna görə də Azərbaycan ətrafda gördüklərimizin hamısının fonunda sabitlik, inkişaf və asayiş məkanı kimi qalır. Biz, vətəndaşlarımız bunu çox yüksək dəyərləndiririk. Onlar qaynar nöqtələrdə, Avropa ölkələrində, MDB məkanında, Yaxın Şərqdə nələr baş verdiyini hər gün görürlər. Müharibə, qan, dağıntılar. Bu, bizim cəmiyyətimizi daha sıx birləşdirir. Bu – radikalizmə qarşı ən böyük “peyvənddir”.Lakin bütün bunlara baxmayaraq, biz öz siyasətimizin – məhz müasirliyə, dünyəviliyə, Xeyirin Şər üzərində üstünlüyünə yönəlmiş siyasətimizin həyata keçirilməsi üzrə fəaliyyətimizi bir an belə zəiflətməməliyik. Biz mütəmadi olaraq bu istiqamətdə işləyirik.

– Siz davam etdirilməsi tələb olunan bir neçə mövzuya toxundunuz. Bir qədər sonra biz həmin mövzulara qayıdacağıq, lakin bir halda ki, burada radikal İslamdan başladıq, onda deyin, Sizin fikrinizcə, hazırda Suriyada nələr baş verir? Orada dinamika necədir? Bu barədə indi o qədər danışırlar... Fransa, Olland az qala Rusiyanı beynəlxalq tribunala cəlb etmək istəyir, hamı guya orada törədilən hərbi cinayətlərdən danışır. Eyni zamanda, Siz dediniz ki, beynəlxalq siyasətdə səmimi və vicdanlı olmaq lazımdır. Bütün bunlar necə uzlaşır?

– Bilirsiniz, Suriyada nələr baş verdiyi barədə açıq mühakimə yürütmək çətindir. Çünki bu ölkədən bizdə kifayət qədər informasiya mənbəyi yoxdur. Biz informasiyanı əsasən dünya mediasından alırıq və hər bir ölkə bu hadisələri özünəməxsus şəkildə interpretasiya edir. Lakin bir məsələ aydındır – əslində, artıq bir neçə ildir ki, Suriya dağılır. Şəhərlər dağılır, dinc insanlar həlak olur. Onların iztirablarının sonu görünmür. Buna görə də mən bu barədə müxtəlif tribunalardan dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, terrorizmə yalnız bütün dünya birliyinin, terrora qarşı mübarizədə aparıcı ölkələrin səylərini birləşdirməklə qalib gəlmək olar.

Təəssüf ki, bu gün bunu görmürük və indiki halda mən Rusiya tərəfinin yanaşmasını tamamilə haqlı hesab edirəm. Rusiya da belə deyir: ekstremistlərə, terrorçulara, radikallara qarşı səyləri birləşdirmək lazımdır. Onları yaxşıya və pisə bölmək olmaz. Sənə qarşı çıxış edən pisdir, sənin rəqibinə və ya əleyhdarına qarşı çıxış edən yaxşıdır demək olmaz. Bu bumeranq gec-tez qayıdacaq – tarix bunu dəfələrlə sübut edib. Lakin hələlik bu istiqamətdə konsensus görmürük və bu, əlbəttə, çox təşviş doğurur. Vəziyyət eskalasiya yolu ilə inkişaf edir. Ümid etmək istərdim ki, Suriyada tənzimləməyə dair aparılan danışıqlar öz nəticələrini verəcək. Lakin ən başlıcası – Suriya vahid dövlət kimi qalmalıdır, Suriyanın ərazi bütövlüyü təmin edilməlidir. İkincisi, Suriya xalqı öz taleyini özü müəyyən etməlidir. Bildiyimə görə, sizə də yaxın olan iki sadə tezis bunlardır. Biz bu fikirlə tam razıyıq. Məsələni bu kontekstdən həll etmək lazımdır, hərçənd gördüyümüz kimi məsələnin həlli təəssüf ki, aybaay getdikcə daha da çətinləşir.

– Siz Azərbaycanın milli ideyası barədə danışarkən onun bir hissəsi kimi ərazi bütövlüyünün bərpasını xatırladınız. İndi biz çox ağrılı olan Dağlıq Qarabağ mövzusuna yaxınlaşdıq. Hamı kompromis arzusundadır. Kompromis mümkündürmü və hansı şərtlərlə mümkündür?

– Bilirsiniz, kompromis deyəndə nə nəzərdə tutulduğunu və hansı tərəfin onu necə yozduğunu dəqiq anlamaq lazımdır. Nə etmək lazım olduğunu demək üçün nə baş verdiyini bilmək lazımdır: əgər tarixi götürsək, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həmişə belə olub. Biz erməni əhalinin İrandan, Şərqi Anadoludan bu torpaqlara kütləvi şəkildə köçürülməsinin tarixini bilirik. Bütün tarix, bütün toponimlər, o cümlədən Qarabağ sözünün özü də Azərbaycan mənşəlidir. Sovet illərində orada artıq köçürülmüş erməni əhali olması ilə əlaqədar muxtar vilayət yaradılmışdı, bu, heç respublika da deyildi, onun Ermənistanla inzibati sərhədi yox idi və hər şey normal idi, həyat öz axarı ilə gedirdi, ciddi problemlər yox idi. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə Dağlıq Qarabağ Azərbaycanın bir sıra başqa regionlarını qabaqlayırdı, yəni, oraya diqqət yetirilməməsi barədə danışmaq ədalətsizlik olardı. Xüsusən ona görə ki, bu cür muxtariyyətlərə mərkəzi hakimiyyət orqanları da xüsusi münasibət bəsləyirdi. Lakin Sovet İttifaqının dağılması ərəfəsində orada separatçı meyillər üstünlük təşkil etdi, bütün bunlar qan tökülməsi ilə nəticələndi. Azərbaycanlıları əvvəlcə Dağlıq Qarabağdan qovdular, orada təxminən 30 faiz azərbaycanlı vardı. Sonra Azərbaycanın Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan yeddi rayonunu işğal etdilər, həmin rayonlarda yalnız azərbaycanlı əhali yaşayırdı, orada hər şey dağıdıldı. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərdi, onların hesabatı lap dəhşətlidir: orada bircə bina da salamat qalmayıb, qəbiristanlıqlar, məscidlər hamısı yerlə-yeksan edilib. Dağlıq Qarabağ hüdudlarındakı ərazilərdən 750 min, Dağlıq Qarabağdan 40 mindən çox, Ermənistandan 200 mindən artıq azərbaycanlı qovulub. 1993-cü ildə yoxsul ölkədə 1 milyon qaçqın vardı. Praktiki olaraq bütün beynəlxalq təşkilatlar düzgün qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb edilir. Lakin 20 ildən çoxdur ki, bu qətnamələr icra edilmir. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı – hamısının mövqeyi identikdir: beynəlxalq hüquq bizim tərəfimizdədir. Ermənistan da daxil olmaqla, dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı tanımır. Bütün bunlar belədir, lakin məsələ həll edilmir. Bunun nə üçün həll edilməməsinin əsas səbəbi odur ki, Ermənistan həll olunmasını istəmir. Çünki həll etmək nə deməkdir? – Həll etmək Ermənistanın zəbt etdiyi ərazinin işğaldan azad olunması deməkdir. Ermənilər bunu etmək istəmirlər, onlar status-kvonu dəyişməz saxlamaq istəyirlər. Hərçənd nizamlanma ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa – bu ölkələrin prezidentləri şəxsində dəfələrlə deyiblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Lakin təəssüf ki, məsələ bu cür bəyanatlardan uzağa getmir.

Biz münaqişənin həllini necə görürük: əlbəttə, Azərbaycanın ərazi bütövlüyü diskussiya mövzusu deyil və ola da bilməz. Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasını belə görürük. Bu, bizim hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə həmahəngdir. Lakin münaqişənin nəyə görə nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan artıq 24 ildir, Minsk qrupu yaradıldığı andan danışıqlar prosesinin azacıq da olsa irəliləməsinə müxtəlif yollarla mane olur. Bizim mövqeyimiz belədir ki, insanlar harada yaşayırdısa, orada da yaşamalıdırlar. Çünki onlar həmin yerlərdə çoxdan yaşayırdılar - erməni əhalisi 200 il, azərbaycanlı əhali isə çox-çox əvvəl. Lakin məsələ hətta bunda da deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi. Onların hamısı oradan qovulub. Onların evləri ya zəbt edilib, ya da dağıdılıb. İndi onların evlərində başqaları yaşayırlar. Buna son qoymaq lazımdır. Dağlıq Qarabağın erməni əhalisi orada necə yaşayırdısa, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Bəs Ermənistan bu münaqişədən nə qazanıb? Bəli, bir milyon azərbaycanlıya əzab-əziyyət verilib. Lakin məgər onlar özləri buna görə daha da xoşbəxt olublarmı? Məgər orada vəziyyət daha təhlükəsiz, daha firavan olub? Əlbəttə, yox. Azərbaycanla münasibətlər normallaşdırılmadan bu regionda inkişaf ola bilməz, onlar daim müəyyən təzyiq altında yaşayacaqlar, fikirləşəcəklər ki, birdən nə isə ola bilər. Biz regionda sülh istəyirik və bizim mövqeyimiz kifayət qədər konstruktivdir. Lakin biz öz ərazilərimizi istəyirik. Ermənistan sülh istəyir, amma o, özgə ərazilərini qaytarmaq istəmir. Fərq, bax, bundadır.

– Yəni, kompromis və sülhə doğru yol bundan ibarətdir?

– Sözsüz, biz bundan artıq kompromis təqdim edə bilmərik. Artıq dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər. Ermənistan rəhbərliyi bunu çox yaxşı bilir, sadəcə onlar ictimai rəylə manipulyasiya edir, düşmən obrazı yaradır, danışıqlar prosesinin mahiyyətini təhrif edir, məsələni elə təqdim edirlər ki, guya Azərbaycan erməni əhalini az qala məhv etmək və ya qovmaq istəyir. Bu, belə deyil.

– Nəyə ümid etmək olar? Real danışıqların nə vaxt başlana biləcəyi barədə oriyentirlər varmı, hansısa yol xəritəsini təsəvvür etmək olarmı, indi bu iş necə görülür? Hansısa zaman mərhələlərini göstərmək olarmı?

– Bu, bizdən asılı deyil. Hər şey mənim dediklərimə gəlib çıxır. Danışıqlar formatı var, danışıqlar aparılır, Ermənistan hər vasitə ilə buna mane olur. Müəyyən mərhələdə elə şərtlər irəli sürür ki, onların bizim üçün qeyri-məqbul olduğunu dəqiq bilir. Buna görə də danışıqlar yenidən non-stop olur. Nə üçün? Çünki həll etmək istəmirlər, ya bacarmırlar, hansısa daxili siyasi səbəblərə görə cəsarətləri çatmır, ya da istəmirlər. Bəlkə də hər iki səbəbdən. Vasitəçilər, dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bizə deyirlər: məsələni sülh yolu ilə həll etmək lazımdır.

– ATƏT-in beynəlxalq qrupunun iştirakçı ölkəsinin dövlət katibi Con Kerri bu yaxınlarda dedi ki, bu münaqişənin həllinin vaxtı hələ yetişməyib. Bu, nə deməkdir?

– Bu, ümumiyyətlə, diplomatik kazusdur və bizim Xarici İşlər Nazirliyi, o cümlədən də mən bu yersiz bəyanata artıq münasibət bildirmişik. Elə oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında bu bəyanatla bağlı yetərincə dəqiq fikir bildirdim. Mən dedim ki, münaqişənin nizamlanmamasına görə təqsiri Azərbaycanın üzərinə atmaq ən azından vicdansızlıqdır. Axı bu bəyanat ABŞ-ın mövqeyinə tamamilə ziddir. Prezident Obama Fransa və Rusiya prezidentləri ilə birlikdə bəyan edib ki, status-kvo qəbuledilməzdir. ABŞ-ın dövlət katibi isə bəyan edir ki, o, nizamlanmanı görmür. Üstəlik, o deyir ki, bu münaqişəni həll etmək Fələstin-İsrail münaqişəsindən də çətindir. Bu, nə eyhamdır və kimə ünvanlanıb? O, Ermənistana işarə edir ki, Fələstin-İsrail münaqişəsi neçə il uzanırsa, siz də bu münaqişəni o qədər uzatmalısınız? Bu, tamamilə qəbuledilməz bəyanatdır. Bu bəyanat bir daha göstərir ki, münaqişə nə üçün həllini tapmayıb. Bax, buna görə. Ona görə ki, beynəlxalq təşkilatların qərarları, qətnamələri var, amma onlar yerinə yetirilmir. Təcavüzkar ölkəyə təzyiq göstərilmir, əksinə, çox vaxt təcavüzkarın dəstəklənməsi siyasəti yürüdülür. Bunu da XX əsrin tarixi yaxşı bilir, əlbəttə, həmin miqyasda olmasa da, mahiyyəti təqribən eynidir. Bax, problemimiz bundadır.

Bizə deyirlər ki, sülh yolu, yalnız və yalnız sülh yolu, sülh yolundan başqa heç nə. Biz deyirik, yaxşı, gəlin həll edək, axı bu, ədalətsizlikdir. Başqa dövlətin ərazisini zəbt etmək və oradan əhalini qovmaq, həmin işğal olunmuş ərazini nəzarət altında saxlamaq bütün beynəlxalq hüquqların pozulması deməkdir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan Ordusu bir çox məsələlərin həlli üçün ciddi potensiala malikdir. Bizə deyirlər sülh yolu, biz deyirik, yaxşı, biz gözləyirik. Amma təcavüzkara təzyiq göstərilməsi əvəzinə biz bu cür bəyanatlar eşidirik.

– Siz dediniz ki, Azərbaycan Ordusu böyük potensiala malikdir. Həqiqətən də Azərbaycanın aldığı silahlara, Azərbaycan Ordusunun təchizatına, onun keçdiyi təlimə görə Azərbaycanın hərbi potensialı güclü təsir bağışlayır. Bu yaxınlarda belə məlumat yayıldı ki, Azərbaycan Rusiyadan başqa daha kimdənsə silah almaq niyyətindədir. Rusiya ilə hərbi-texniki əməkdaşlıq üçün bu, nə deməkdir, belə innovasiyalar nə ilə bağlıdır?

– Hə, yəqin ki, siz Pakistanın Baş nazirinin Azərbaycana sonuncu səfərini nəzərdə tutursunuz. Amma məsələ ondadır ki, biz başqa ölkələrdən də silah alırıq və bu, məlumdur. Silah biznesi belədir ki, burada heç nəyi gizlətmək mümkün deyil.

– Yəni, Siz bazardasınız?

– Bəli, əlbəttə. Biz Rusiya ilə yanaşı, Türkiyədən, İrandan, Belarusdan, İsraildən və bəzi digər ölkələrdən də silah alırıq. Həm də kifayət qədər ciddi. Həmçinin, Pakistandan silah almaq niyyətimiz var. Nəzərə almaq lazımdır ki, Pakistanın hərbi sənayesi kifayət qədər inkişaf edib, həm də o, bizə çox dost və yaxın dövlətdir. Lakin bu məsələdə bizim əsas tərəfdaşımız Rusiyadır. Əgər səhv etmirəmsə, Rusiya ilə təxminən 5 milyard dollara qədər məbləğdə müqavilələr bağlanıb və bu müqavilələrin xeyli hissəsi artıq həyata keçirilib. Yəni, bu gün Azərbaycan Ordusunun silahları əsasən Rusiyadandır. Biz bu əməkdaşlıqdan razıyıq və Rusiya silahının ən ciddi, ən iri alıcılarından biriyik. Əgər digər ölkələrə baxsaq əməkdaşlıq səviyyəsi də yaxşıdır. Bizim digər yerlərdən silah almağımıza gəldikdə isə bu, yəqin ki, təbiidir.

– Yəni, hələlik heç nə dəyişmir?

– Xeyr.

– Cənab Prezident, Siz ikili standartlardan danışdınız. Biz indicə Con Kerrinin sözlərini xatırladıq. Bu yaxınlarda isə Siz Avropa Parlamentinin deputatları qarşısında çıxış edərkən bu mövzuya kifayət qədər geniş toxundunuz və hazırda Qərbdə mövcud olan ikili standartları Siz də xatırlatdınız. Bu, Sizin üçün nə deməkdir?

– Bilirsiniz, bizim cəmiyyətimiz bunu ədalətsizliyin, qeyri-obyektivliyin və qərəzliliyin ifrat forması kimi qəbul edir. Amma əgər məsələnin mahiyyətinə baxsaq, Azərbaycanda bütün demokratik normalar istisnasız təmin olunur. Sərbəst toplaşma azadlığı - referendum ərəfəsində müxalifət şəhərin mərkəzində mitinqlər keçirirdi. O başqa məsələdir ki, oraya maksimum 800 adam gəlmişdi, onlar da özlərinin yaxın dostları və qohumları idi. Lakin heç bir məhdudiyyət yox idi. Bizdə mətbuat azadlığı var: yüzlərlə qəzet, jurnal, televiziya, çoxlu kanallar, senzurasız internet, azad internet. Artıq əhalimizin 75 faizdən çoxu internet istifadəçiləridir. Yəni, belə şəraitdə mətbuata təzyiqdən necə söhbət gedə bilər? Bu, mümkün deyil. Bizim belə bir məqsədimiz də yoxdur. Bizdə bütün azadlıqlar təmin olunur. Lakin buna baxmayaraq, Azərbaycan daim əsassız hücumlar obyektinə çevrilir. Guya bizdə demokratiya yoxdur, azadlıqlar sıxışdırılır, insan hüquqları pozulur... Bütün bunlar real faktlara əsaslanmayan, siyasi baxımdan məqsədyönlü hərəkətlərdir, Azərbaycana qarayaxma, təzyiq və şantaj xarakteri daşıyır.

– Siz bunu nə ilə izah edirsiniz? Bu, onların nəyinə lazımdır?

– Bunun bir neçə səbəbi var. Bunlardan ən başlıcası odur ki, Azərbaycan öz yolu ilə gedir. Biz müstəqil siyasət yürüdürük və bu siyasət heç kəsə, o cümlədən bizə bu çirkin hücumları edənlərə qarşı yönəlməyib. Bizim Avropa İttifaqına üzv ölkələrlə, ABŞ-la olduqca geniş siyasi, iqtisadi, enerji əlaqələrimiz var. Siyasi əlaqələr səviyyəsində bizim tərəfdaşlıq münasibətlərimiz mövcuddur. Lakin, görünür, həmin ölkələrin müəyyən dairələrinə bu, azlıq edir, onlar daha çox istəyirlər. Bəlkə bizim etibarlı olmağımıza əmin deyillər.

– Nə istəyirlər?

– Hər yerdə nə istəyirlərsə, burada da onu. Yəqin, təlimatların yerinə yetirilməsini. Biz isə bu rola yaramırıq. Biz bu rolu özümüz üçün heç təsəvvür də edə bilmirik. Biz ləyaqətli, özünü təmin edən dövlətik. Heç kəsdən heç nə istəmirik. Bizim xarici borcumuz çox azdır, heç bir ölkə qarşısında heç bir öhdəliyimiz yoxdur. Biz əməkdaşlıq etmək istəyirik, amma işlərimizə müdaxilə olunmasını, qeyri-hökumət təşkilatları adı altında siyasi partiyaların gizli maliyyələşdirilməsini, sabitliyin pozulması, daxili işlərimizə açıq müdaxilə olunması cəhdlərini qətiyyən istəmirik. Təbii ki, biz bu cür fəaliyyətin qarşısını almaq üçün tədbirlər görürük. Azərbaycan müstəqil suveren dövlətdir və hamıdan buna hörmətlə yanaşmağı xahiş edirik. Amma görünür, onlar daha artığını istəyirlər. Səbəblərdən biri də Qərbdə, həm də təkcə Qərbdə yox, əksər ölkələrdə mövcud olan erməni lobbi qurumları ilə əlaqədar təşkilatların daimi antiazərbaycan fəaliyyətidir. Mən istisna etmirəm ki, səbəblərdən biri bəlkə də odur ki, Azərbaycan bizi vaxtaşırı olaraq cəlb etmək istədikləri heç bir kampaniyaya qoşulmur. Mən hətta deyərdim ki, bunlar kampaniya yox, avantüradır. Biz özümüzə sərfəli olmayan yerə getmirik. Bir də yəqin səbəblərdən biri budur ki, bir sıra hallarda digər ölkələrə təlimatlar vermək, onları idarə etmək, istiqamətləndirmək alındığı halda, bizdə bu, alınmır.

– Burada isə niyyətləri baş tutmur...

– Yəqin elədir. Mən həmişə demişəm ki, qulaq asın, biz rəqib deyilik və yenə də əksinə, biz yalnız əməkdaşlığa can atırıq. Bizim heç bir ölkəyə qarşı mənfi niyyətimiz yoxdur. Niyə də olmalıdır? Bizim enerji sektorunda dünyanın hər yerindən - Amerikadan, İngiltərədən, Fransadan, İtaliyadan, Yaponiyadan şirkətlər işləyirlər. Onlar bizim tərəfdaşlarımızdır, yaxşı işgüzar münasibətlərimiz var. Biz deyirik, xahiş edirik: bizim işlərimizə qarışmayın, lazım deyil, xeyiri olmayacaq. Budur, 800 nəfərlik mitinq, bizim bütün müxalifətimiz budur. Həm də onlar bütün ölkədən toplamışdılar, bir neçə gün zəngləşmişdilər, maliyyələşdirmişdilər. Daha nə istəyirlər? Bəli, bizim ölkəmizdə hökumət əleyhinə əhval-ruhiyyə yoxdur.

– Ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı bu yaxınlarda keçirilmiş referendum tənqid hədəfinə çevrildi. Bununla əlaqədar çoxları soruşur ki, prezident seçkilərinin müddəti dəyişdiriləcəkmi, Siz seçkilərə gedəcəksinizmi?

– Xeyr, bizim prezident seçkilərinin müddətini dəyişmək niyyətimiz yoxdur. Mən həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda hansı söhbətlərin getdiyini bilirəm. Belə planımız yoxdur. Mən buna ehtiyac görmürəm. Mənim iştirak edib-etməməyimə gəlincə, növbəti prezident seçkiləri iki ildən sonra keçirilməlidir. Hər hansı nəticə çıxarmaq, yaxud qərar qəbul etmək üçün hələ kifayət qədər vaxt var. Əgər mən bugünkü kimi əhalinin dəstəyini hiss etsəm, onda əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam. Yeri gəlmişkən, referendum bir neçə nöqteyi-nəzərdən nümunəvi oldu. Əvvəla, 2016-cı il iqtisadi nöqteyi-nəzərdən Azərbaycan üçün ən ağır ildir. Baxmayaraq ki, biz 2016-cı ili yaxşı göstəricilərlə başa vurmaqdayıq. Amma əvvəlki illərlə müqayisədə bu, ən ağır ildir. Məhz bu il biz Azərbaycan əhalisinin mütləq əksəriyyətinin dəstəklədiyi referendumu keçirdik. Axı bizi tənqid etməyə çalışanlar heç bir pozuntu, heç bir saxtakarlıq tapa bilmədilər, hətta həmişə bizi tənqid edən AŞPA kimi təşkilat da müşahidə edərək maksimum müsbət rəy bildirdi, referendumun bütün standartlara uyğun, düzgün, şəffaf keçdiyini bəyan etdilər. Cəmi 20-dən bir qədər çox şikayət var idi. Bizdə 5 min seçki məntəqəsi var və cəmi 20 şikayət daxil olub. Bax, bu, bizim açıq demokratik proses aparmağımızın daha bir göstəricisidir və əlbəttə, ən başlıcası odur ki, mühüm məsələlərin çox olduğu - 29 məsələnin səsə qoyulduğu bu referendum həm də hakimiyyətə etimad votumu idi. Mən buna görə Azərbaycan vətəndaşlarına çox təşəkkür edirəm. Bu, daha artıq ruhlandırır və daha çox onu göstərir ki, biz doğru yoldayıq, bundan sonra da həmin yolla gedəcəyik.

– Cənab Prezident, mən də öz növbəmdə bizim “Rossiya Seqodnya” agentliyinə verdiyiniz dəstəyə görə Sizə minnətdaram. Bu gün Azərbaycanda və bütün dünyada “Sputnik” brendi ilə çıxış edirik. Bizim jurnalistlərin işinə nə arzulayırsınız, hansı təəssüratlarınız var?

– Çox yaxşı təəssüratlarım var. Mən Azərbaycanda işləyən əməkdaşlarınıza bizim ölkədəki hadisələri işıqlandırdıqlarına görə təşəkkürümü bildirmək istərdim. Sizin agentliyin Azərbaycanda fəaliyyətə başlaması fikrimcə, ölkələrimiz arasında mövcud olan etimadın yüksək səviyyəsinin nəticəsidir. Çünki həmin etimad olmasaydı, bu, mümkün olmazdı. Bu, həmçinin bizim üçün öz həqiqətlərimizi sizin agentlik vasitəsilə bütün dünyaya çatdırmaq imkanıdır. Çünki obyektiv olaraq, bizim informasiya imkanlarımız Rusiyanın imkanları qədər deyil. Amma sizin vasitənizlə biz ölkəmiz haqqında daha geniş söhbət aça, öz baxışlarımızı bölüşə bilərik. Buna görə də sizin agentliyinizin fəaliyyəti çox vacibdir. Şadam ki, siz burada işləyirsiniz. Əminəm ki, sizin agentliyiniz gələcəkdə də bizim ölkəmizin gerçəkliklərini indiki kimi obyektiv işıqlandıracaq.

– Nəhayət, sonuncu sual. İndi bütün dünyada Rusiya Prezidentini iblis kimi qələmə verirlər: nə bilim, cizgi filmlərindən tutmuş cürbəcür uydurmalara qədər, bütöv texnologiya işlənib və buna yönəlib. Siz Vladimir Vladimiroviç Putinlə sadəcə tanış olmayıb, həm də bildiyimə görə onunla müntəzəm əlaqə saxlayan və öz siyasətini Rusiya siyasəti ilə razılaşdıran şəxslərdən birisiniz. Öz növbəsində Rusiya da öz siyasətini Azərbaycanla razılaşdırır. Elə bizim ölkələrimiz arasında və şəxsən Sizin aranızda dünyada çox ehtiyac duyulan dialoq var. Bir çox digər ölkələr arasında sadəcə elə bu çatışmır. Həm də Siz onunla çox mürəkkəb və münaqişəli mövzular barədə söhbət edirsiniz. Sizin Prezident Putinlə şəxsi münasibətləriniz necədir və Siz onun necə insan olması barədə nə deyə bilərsiniz?

– Vladimir Vladimiroviçlə şəxsi münasibətlərim çox yaxşıdır, deyərdim ki, etimada əsaslanan yoldaşlıq münasibətləridir. Biz kifayət qədər çoxdan tanışıq. Mən onun Rusiya Prezidenti kimi Azərbaycana ilk dəfə gəlişini xatırlayıram. Bu, 2001-ci ildə olmuşdu. Yeri gəlmişkən, bu, Rusiya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi. SSRİ dağıldıqdan sonra Vladimir Vladimiroviçə qədər 10 il ərzində Rusiya Prezidenti bir dəfə də olsun Azərbaycana gəlməmişdi. Bu səfər müstəsna əhəmiyyətə malik idi. O, müharibədə həlak olanların məzarlarını, Şəhidlər xiyabanını ziyarət etdi. Bu da Azərbaycan ictimaiyyəti tərəfindən çox müsbət qarşılandı. Mən onun atam Heydər Əliyevlə keçirdiyi görüşlərdə də qismən iştirak edirdim. Onlar arasında bildiyiniz kimi, yaxın münasibətlər var idi. Onlar əvvəlki işdə həmkar idilər, bir-birinə çox hörmətlə yanaşırdılar, lakin sonra mən Prezident olanda bizim əlaqələrimiz müntəzəm xarakter daşımağa başladı. Dediyim kimi, münasibətlərimiz qarşılıqlı etimada əsaslanır.

Sizə bir misal çəkim: son 3 ildə Rusiya Prezidenti Azərbaycana 3 dəfə səfər edib. Bunun özü çox mətləbdən xəbər verir. Lakin onun bir səfəri xüsusilə mühümdür - 2015-ci ildəki səfər. Onun nə vaxt gəldiyini deyən kimi, siz başa düşəcəksiniz. Bu, iyunun 12-də olmuşdu. “Rusiya Günü” ilə bağlı tədbirlərdən sonra o, təyyarəyə minərək Bakıya gəldi və Avropa ölkələri liderlərinin əksəriyyətinin, bizdə olan məlumata görə, müvafiq təlimatlar alaraq etinasızlıq göstərdiyi Avropa Oyunlarının açılışına özünü çatdırdı. Bu faktın özü, həm də “Rusiya Günü”ndə gəlməsi onun Azərbaycana və bizim Rusiyaya xüsusi münasibətimizdən xəbər verir. Onun son səfəri avqustda olub: biz rəsmi görüşlərdən sonra bir neçə saat səmimi söhbət etdik. Bir insan kimi, o, böyük hörmətə layiqdir. Mən bunu sizə tamamilə səmimi deyirəm. Mən ona çox böyük hörmət bəsləyirəm, o, olduqca yüksək şəxsi keyfiyyətlərə malik, layiqli insandır. O, çox səmimi insandır, həmişə sözünün üstündə durur. O, böyük ölkənin, iki super dövlətdən birinin rəhbəridir, lakin bununla belə ünsiyyətdə çox sadə və çox səmimidir. Onunla işləmək mənim üçün çox rahat və asandır. Demək istəyirəm ki, Rusiyanın da, elə onun bütün dostlarının da bəxti çox gətirib. Belə ki, mən sizin proqramınız vasitəsilə, xüsusilə indi Prezidentə uğurlar arzulamaq istəyirəm. Mən bilirəm ki, bütün təzyiqlər və hücumlar ondan yan keçir. Buna görə də onların heç bir səmərəsi yoxdur və olmayacaq.

– Cənab Prezident, bu çox müfəssəl və açıq müsahibəyə görə Sizə təşəkkür edirəm.

– Sağ olun.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında