Prezident İlham Əliyevin çıxışı

– Bu gün bizim təşkilatın möhkəmlənməsinə şərait yaradacaq mühüm məsələlər müzakirəyə çıxarılıb. Biz işimizin optimallaşması ilə əlaqədar təşəbbüsləri dəstəkləyirik ki, ümumi maraq doğuran ən mühüm məsələlər üzərində diqqətimizi cəmləşdirə bilək.

MDB-nin yaradılmasının 25 illiyi ilə əlaqədar bu təşkilatın təsisçilərindən biri kimi, bizim dövlətimizin mövqeyini ifadə etmək istərdim. Biz MDB-də üzvlüyə mühüm əhəmiyyət veririk və hesab edirəm ki, 25 il ərzində bu təşkilat çox böyük yol keçib, zamanın sınağından çıxıb.

Bizim təşkilatımız müəyyən tarixi hadisələr nəticəsində yaradılıb. Mənim fikrimcə, xalqlarımızın və onların rəhbərlərinin müdrikliyi sayəsində 25 ildən sonra bizim həm region, həm də dünya üçün çox böyük əhəmiyyətə malik olan bir təşkilatımız var. Ona görə ki, bizim təşkilatın coğrafiyası yetərincə genişdir. Biz xalqlarımızı, ölkələrimizi narahat edən mühüm məsələləri, həlli tələb olunan çoxsaylı məsələləri dostcasına müzakirə edirik.

Humanitar sahədə əməkdaşlığın möhkəmlənməsi işində Azərbaycanın fəal rolunu qeyd etmək istərdim. Biz buna çox böyük əhəmiyyət veririk.

Hesab edirəm ki, humanitar sahədə əməkdaşlıq bizim ümumi əməkdaşlığımızın əsasını təşkil edir. Bəlkə də bunsuz qarşılıqlı etimad və anlaşma bugünkü səviyyədə olmazdı. Azərbaycan öz tərəfindən həm bizim təşkilat çərçivəsində, həm də bütövlükdə, müxtəlif beynəlxalq tədbirlərlə bağlı təşəbbüslər irəli sürür. Bir neçə gündən sonra Bakıda Azərbaycan və Rusiya prezidentlərinin himayəsi ilə V Beynəlxalq Humanitar Forum keçiriləcək. Bu Forum humanitar əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çox mühüm beynəlxalq məkana çevrilib. Bu məsələlər həmişə, xüsusən indiki vaxtda, bəzən humanitar əməkdaşlıq məsələlərinin müxtəlif ölkələrdə necə interpretasiya edildiyini gördüyümüz bir vaxtda diqqət mərkəzindədir.

Biz miqrantlar böhranı adlanan böhranın şahidiyik. Təəssüf ki, xalqlar arasında qarşılıqlı anlaşmanı və humanitar sahədə əməkdaşlığı möhkəmləndirmək əvəzinə, əks istiqamətdə proseslərin baş verdiyini, etnik, dini prinsip və əlamət üzrə ayrı-seçkilik salındığını görürük. Bu, bizi narahat edir. Çünki bizim təşkilat həm də ona görə güclüdür ki, burada müxtəlif mədəniyyətlərə, dinlərə və ənənələrə mənsub xalqlar təmsil olunub. Bizi əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində ümumi səylər birləşdirir.

Həmçinin həmkarlarıma onu da bildirməliyəm ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu gün Azərbaycan artıq dünya miqyasında multikulturalizm mərkəzlərindən biri kimi tanınıb. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib.

Eyni zamanda, onu da qeyd etmək istərdim ki, biz üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda iqtisadi sahədə əməkdaşlığa böyük əhəmiyyət veririk. Dünyada iqtisadi fəallıq səviyyəsinin aşağı düşməsinə baxmayaraq, burada da yaxşı perspektivlər yaranır. Düşünürəm ki, biz iqtisadi əməkdaşlığı inkişaf etdirmək meyillərini qoruyub saxlaya biləcəyik.

İndiki şəraitdə nəqliyyat sahəsində əməkdaşlıqla bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Bizim ölkəmiz uzun illərdir bu sahəyə fəal sərmayə yatırır. Bu gün ölkəmizin ərazisindən keçən Şimal – Cənub və Şərq – Qərb dəhlizləri həm də əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edir və ölkələrimizə əlavə iqtisadi dividendlər gətirir. Biz, həmçinin MDB-nin üzvü olan qonşu dövlətlərlə ölkələrimiz üçün böyük gələcəyə malik olacaq layihələr həyata keçiririk. Biz limanların, dəmir yollarının tikintisinə, dəniz nəqliyyatı ilə daşımalara, müasir beynəlxalq aeroportların inşasına sərmayə qoyuruq. Bu, daimi gəlir mənbəyi olan, həmçinin iqtisadi çərçivədən çıxan sahədir və həm də əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxarır. Əməkdaşlığın möhkəmləndirilməsi təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi deməkdir.

Biz təhdidlərin artdığı dövrdə yaşayırıq. Bu təhdidlərə hazır olmaq lazımdır. Yaxın tarixin göstərdiyi kimi, heç bir ölkə təhdidlərlə, beynəlxalq terrorçuluqla, ekstremizmlə, radikalizmlə təkbaşına bacara bilməz. Bizim ölkələri həm də bu meyillərin təhlükəsini dərk etməyimiz birləşdirir. Biz onu da anlayırıq ki, bütün beynəlxalq birlik beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməlidir.

Sonda ümidvar olduğumu bildirmək istərdim ki, MDB bundan sonra da fəal inkişaf edəcək. Biz düşünülmüş islahatlar yolu ilə gedirik. İslahatlar təkcə islahat xatirinə həyata keçirilməməlidir. Onlar çox dəqiq istiqamətlənməlidir ki, bizim təşkilatımız möhkəmlənsin, daha cəlbedici və daha fəaliyyətqabiliyyətli olsun. 

Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və işimizə uğurlar arzulayıram. Çox sağ olun.  

* * *

Sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası oldu.

Dövlət Başçıları Şurasının iclasına gəldiklərinə görə tədbir iştirakçılarına təşəkkürünü bildirən Qırğızıstan Prezidenti Almazbek Atambayev MDB-nin 25 illiyi münasibətilə təbriklərini çatdırdı.

İclasda sentyabrın əvvəlində dünyasını dəyişən Özbəkistan Prezidenti İslam Kərimovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bütün ölkələrə MDB-də islahatlarla bağlı keçirilən müzakirələrdə əldə edilən kompromisə görə minnətdarlığını ifadə edən Prezident Almazbek Atambayev bu gün dünyada hökm sürən və heç də asan olmayan vəziyyətdə dialoq üçün istənilən genişmiqyaslı meydançanın qorunub saxlanılmasının vacibliyini bildirdi. Qeyd etdi ki, bütün məsələlər yalnız kompromislər vasitəsilə öz həllini tapa bilər. Almazbek Atambayev 2017-ci il yanvarın 1-dən MDB Dövlət Başçıları Şurasına sədrliyin Rusiya Federasiyasına keçəcəyini diqqətə çatdırdı.

MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev məhdud tərkibli iclasda Birliyin 25 illiyi ilə bağlı dövlət başçılarının Bəyanatının qəbul olunduğunu bildirdi. Diqqətə çatdırdı ki, iclasda, həmçinin MDB-nin müasir reallıqlara uyğunlaşdırılmasına dair qərar qəbul edilib. Birliyin fəaliyyəti ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra iclasda sənədlərin imzalanması mərasimi oldu.

MDB Dövlət Başçıları Şurasının budəfəki iclasında siyasi sahədə qarşılıqlı fəaliyyət, humanitar əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi sahələrində bir çox sənəd layihəsi nəzərdən keçirilərək qəbul olundu. İştirakçı ölkələrin təmsilçiləri Müstəqil Dövlətlər Birliyinin 25 illiyi ilə bağlı dövlət başçılarının Bəyanatını qəbul edərək təşkilatın müasir reallıqlara uyğunlaşdırılması məsələlərini Birliyin nizamnamə və müvafiq sahə orqanlarının fəaliyyətinin səmərəsinin artırılması kontekstində müzakirə etdilər. Bundan əlavə, iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə MDB ölkələrində 2020-ci ildə əhalinin siyahıyaalma raundunun keçirilməsi və regionlararası əməkdaşlığın inkişafı məsələlərinə baxılması da müzakirə mövzusu oldu. Qərara alındı ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2017-ci ildə Moskvada keçirilsin.

* * *

Həmin gün axşam Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında