Prezident İlham Əliyevin çıxışı

–  Bu gün Qusar rayonunda çox əlamətdar bir gündür. Qusar şəhərinin su problemi artıq öz həllini tapıb. Bu gün biz bu layihənin başa çatmasını qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox əlamətdar hadisədir. Çünki əvvəlki illərdə Qusarda su problemi çox kəskin problem kimi qalmışdı. Bizim demək olar ki, bütün rayonlarımızda oxşar problemlər var idi və onlar tədricən öz həllini tapır.

Bu gün biz artıq bu layihəni başa çatdırdıq. Artıq Qusar şəhərinə keyfiyyətli, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun su verilir. Bununla bərabər, Qusar rayonunun yeddi və Quba rayonunun üç kəndinə də bu mənbədən su veriləcək. Bu problem də Qusarda artıq tarixdə qaldı. Digər problemlər və qarşıda duran bütün vəzifələr icra edilir.

Qusar rayonunun sosial-iqtisadi inkişafı sürətlə gedir. Mən bu məsələləri daim diqqət mərkəzində saxlayıram. Bugünkü səfər mənim Qusara sayca 12-ci səfərimdir. Demək olar ki, son 13 il ərzində hər il Qusara gəlirəm, vəziyyətlə tanış oluram və buradakı problemlərin həlli üçün göstərişlər verilir.

Bu gün Qusar-İmamqulukənd-Quxuroba yolunun açılışını qeyd etdik. Bu, Qusar rayonunda icra edilən sayca dördüncü böyük kənd yolu layihəsidir. Bu layihələr artıq kəndlərin əksəriyyətini əhatə edir. Mənə verilən məlumata görə, Qusarda uzunluğu 98 kilometr olan kənd yolu layihələri icra edilib. Bu da, əlbəttə, həm insanların rahatlığına, həm də rayonun inkişafına xidmət göstərir. Çünki yol olmasa, inkişafdan söhbət gedə bilməz.

Gələcəkdə yəqin ki, kənd yolları ilə bağlı yeni layihələr icra ediləcək. Bununla bərabər, qazlaşdırma prosesi gedir. Ev təsərrüfatlarının 68 faizi qazlaşdırılıb. Elektrik enerjisi məsələləri həll olunur. Burada iki elektrik stansiyası fəaliyyət göstərir: “Şahdağ” stansiyası Qusar və Quba rayonlarının sərhədində yerləşir. “Xaçmaz” elektrik stansiyası bütün bu zonanın enerji təminatını təşkil edir.

İndi də içməli su layihəsi həllini tapıb. Beləliklə, əsas infrastruktur layihələrinə gəldikdə onların demək olar ki, hamısı öz həllini tapıb: elektrik enerjisi, qazlaşdırma, içməli su, kənd yolları, sosial layihələr icra edilib. Bu gün Hil kəndində böyük məktəbin açılışını qeyd etmişik. Bu, yüksək standartlara cavab verən bir məktəbdir. Əvvəlki səfərlərimin birində biz mərkəzi rayon xəstəxanasının açılışını qeyd etmişdik. Çünki burada ümumiyyətlə, rayon xəstəxanası mövcud deyildi və o, tam yeni bir layihə idi.

Gələcək planlarımız da, əlbəttə, ona yönəlib ki, Qusar rayonunun və ümumiyyətlə, şimal zonasının inkişafı təmin edilsin, dayanıqlı olsun. Burada kənd təsərrüfatı layihələri icra edilir və gələcəkdə daha çox layihələr icra olunmalıdır. Müvafiq göstərişlər verilib. Həm daxili tələbatı ödəmək, həm də xaricə məhsullarımızı satmaq üçün bu layihələr çox böyük əhəmiyyət daşıyır.

Əlbəttə ki, Qusar rayonunun böyük turizm potensialı var. Bu barədə mən hələ ilk səfərlərimdə öz fikirlərimi bildirmişdim. Qeyd etmişdim ki, biz Qusarı beynəlxalq turizm mərkəzinə çevirməliyik - nəinki ölkə miqyasında, beynəlxalq miqyasda. Biz artıq buna nail oluruq. “Şahdağ” Turizm Mərkəzi bu gün dünya miqyasında öz gözəlliyi, rahatlığı, yaradılmış şəraiti ilə fərqlənir.

Yadımdadır, ilk dəfə o yerlərdə olanda, orada heç nə yox idi – heç bir infrastruktur, yol, işıq, qaz, su, çılpaq dağlar idi. İndi isə dünya səviyyəli beynəlxalq kurort yaradılıb, 5 otel fəaliyyət göstərir, minlərlə rayon sakini işlə təmin edilib və hər il buraya 10 minlərlə turist gəlir, həm ölkə daxilindən, həm də xaricdən. İnsanlara şərait yaratmışıq. Azərbaycanda, ümumiyyətlə, heç vaxt dağ xizəyi kurortu olmamışdır. Biz bunu yaratmışıq və bu gün vəzifə ondan ibarətdir ki, bu kurort zonası yay mövsümündə də tam gücü ilə işləsin. Mənə verilən məlumata görə, bu ilin yayında Qusara gələn turistlərin sayı artıb və əslində bu mərkəz ilboyu fəaliyyət göstərməlidir. Çünki Azərbaycana gələnlərin sayı getdikcə artır. Ölkə vətəndaşları daha çox Azərbaycanda dincəlməyə üstünlük verirlər. Çünki indi bizim gözəl imkanlarımız – gözəl otellər, istirahət zonaları, yollar var. Biz bu gün Qusar-İmamqulukənd-Quxuroba yolunun açılışını etdik. Bu, sadəcə olaraq, kəndləri birləşdirən layihə deyil. Bu, ümumiyyətlə, magistral yola çıxış deməkdir. Bakıya gedən yolun məsafəsi qısalır, Xaçmazla çox gözəl əlaqə yaradılır. Biz bu məsələlərə belə yanaşırıq. İlk növbədə, inkişaf üçün lazım olan infrastruktur layihələrini icra edirik. Şimal zonasında bu layihələrə milyardlarla manat vəsait ayrılıb. Bu layihələrin böyük əksəriyyəti sosial xarakter daşıyır. İçməli su layihəsi sırf sosial məna daşıyan bir layihədir. Bizdə su tarifləri çox aşağı səviyyədədir və oradan gələn gəlirlə qoyulmuş vəsaiti qaytarmaq mümkün deyil. Bəlkə də 50 il lazım olacaqdır.

Qazlaşdırma da həmçinin. Bizdə qazın daxildəki qiyməti dünya qiyməti ilə müqayisədə təqribən 8-10 dəfə aşağıdır. Qonşu ölkələrlə, Cənubi Qafqazda yerləşən digər ölkələrlə müqayisədə 5 dəfə aşağıdır. Yəni, qazlaşdırma layihələri də sosial xarakter daşıyır.

Kənd yollarının tikintisinə yatırılan vəsait də qayıdan vəsait deyil. O, müəssisəyə yatırılan vəsait deyil. Bunu nəyə görə edirik? İnsanlar üçün, inkişaf üçün. Əsas vəzifələr bunlardır - regional inkişaf, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması. Son illərdə Qusar rayonunda görülən işlər onu bir daha göstərir ki, biz düzgün yoldayıq. Çünki siz Qusar rayonunun sakinləri bunu hamıdan yaxşı bilirsiniz, əvvəlki vəziyyəti də xatırlayırsınız, bugünkü vəziyyət də göz oxşayır. Qusar inkişaf edən, gözəl, abad rayona çevrilib. Yeni iş yerləri açılır, yeni imkanlar yaranır. Həm sosial layihələrə, həm də infrastruktur layihələrinə dövlət xətti ilə investisiya qoyuluşu davam etdiriləcək. Biz indi özəl sektordan daha böyük fəallıq gözləyirik. Çünki özəl sektorda çalışan həm yerli, həm də başqa ölkələrdən gələn iş adamları gərək daha da fəal işləsinlər. Onlar yaradılan bu şəraitdən maksimum dərəcədə səmərəli istifadə etməlidirlər. Çünki bizdəki şərait deyə bilərəm ki, az ölkələrdə müşahidə olunur. Bizdə olan sabitlik inkişaf üçün, biznes üçün əsas şərtdir. İnfrastruktur layihələri, biznesə dövlət dəstəyi. Bu gün mən Yalamada birinci aqroparkın açılışını etmişəm. Oranın sahəsi 500 hektardan çoxdur. Orada artıq min baş iribuynuzlu mal-qara saxlanılır. Onların sayı üç minə çatacaq. Müasir suvarma texnologiyaları yaradılıb. Orada birinci mərhələdə 150, ikinci mərhələdə 300 nəfər işləyəcək. Dövlət də, özəl sektor da kredit ayırıb.

Qusar rayonunda da ona oxşar aqrokompleks yaradılmalıdır. Çünki burada iqlim şəraiti eynidir. Biz özümüzü ərzaq məhsulları ilə təmin edəcəyik, ixrac da edəcəyik. İndi qarşımızda bu iki əsas vəzifə dayanır. Yerli icra orqanları da çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Çünki həm Azərbaycanda kifayət qədər böyük firmalar var ki, vəsait qoymağa hazırdırlar, həm də xaricdən gətirməliyik. Biz bu istiqamətdə daha da fəal olmalıyıq. Ona görə ki, gələcək bu inkişafdan asılıdır. Sahibkarlıq, kənd təsərrüfatı, sənaye potensialı, turizm imkanları həm valyuta gətirən, həm də məşğulluq üçün çox önəmli sahələrdir.

Bugünkü tədbir isə xüsusi önəm daşıyır. Çünki Qusar şəhərinə təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Mən gəlmişəm ki, bu hadisəni birlikdə qeyd edək. Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm.

Qusar sakini Zöhrab Mirzəməmmədov: Çox hörmətli Prezidentimiz, Sizi doğma Azərbaycanımızın ən gözəl guşələrindən birində - Qusar rayonunda bütün qusarlılar adından səmimi qəlbdən salamlayır, Sizə “Xoş gəlmisiniz” deyirəm.

Çox hörmətli Prezidentimiz, böyük minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, Siz bu gün qusarlılar üçün, şəhərimiz üçün son dərəcə vacib olan xeyirxahlıq missiyasını həyata keçirdiniz. Siz bu gün Qusar şəhər sakinləri üçün inşa edilmiş daimi su qovşağının açılışını etdiniz. Həm də Siz bu gün Qusar şəhər sakinlərinə daimi sudan istifadə etmək xoşbəxtliyini bəxş etdiniz. Siz, həmçinin bu gün Qusar şəhər sakinlərinə bayram şənliyi bəxş etdiniz. Odur ki, onların hamısı Sizə hədsiz dərəcədə minnətdardırlar, çox hörmətli Prezidentimiz.

Su hər bir insanın həyatında ən mühüm amillərdən biridir. Su həyat, sağlamlıq, təmizlik, rahatlıq deməkdir. Cənab Prezident, Siz bu gün bütün bu nemətləri qusarlılara əvəzsiz olaraq bəxş etdiniz. Bütün bunlar Sizin xalqımıza olan böyük sevginizin, sayğınızın, diqqət və qayğınızın bariz ifadəsidir. Bütün Qusar rayon ictimaiyyəti adından mən Sizə, çox hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm. Cənab Prezident, mən Sizə həyatın ən gözəl neməti olan möhkəm cansağlığı arzu edirəm. Bir daha “Çox sağ olun” deyirəm.

Prezident İlham Əliyev: Sağ olun, mən də sizə cansağlığı arzu edirəm. Sizi təbrik edirəm, çox sağ olun.

Qusar sakini Stella Əmirbəyova: Cənab Prezident, mənim də Sizə sözüm var. Siz bizim üçün nələr etməmisiniz!? İşığımız, qazımız, rahat yollarımız, müasir məktəblərimiz var. Bu gün də bizə su verdiniz, su ilə bərabər həyat verdiniz. Bütün bunlara görə Sizə camaatımızın adından dərin minnətdarlığımızı, təşəkkürümüzü bildirirəm. Sizə cansağlığı, uzun ömür arzu edirəm, çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağ olun. Doğrudan da çox gözəl, əlamətdar bir gündür və bu günü bərabər qeyd edirik. Bir neçə ildir ki, “Azərsu” çalışıb, bu işləri görüb. Şadam ki, nəhayət, artıq evlər şəbəkəyə qoşulur. Bu proses yəqin ki, bir ay davam edəcək. Bir aydan sonra bütün evlərə su veriləcək. Amma mənə deyirlər ki, artıq bəzi evlərə su verilir. Necə sudur?

Sakin: Yaxşıdır, təmizdir, çox sağ olun, minnətdarlığımızı bildiririk.

Sakin: Cənab Prezident, biz xoşbəxtik. Çünki xalqımızın çox parlaq və işıqlı gələcəyi var. Biz Sizinlə fəxr edirik.

Prezident İlham Əliyev: Qusar rayonunun inkişafı göz qabağındadır. Biz ardıcıl siyasət apararaq bütün məsələləri həll etmişik. Bir daha demək istəyirəm, bundan sonra əsas vəzifə investisiya qoyuluşu, kənd təsərrüfatının, turizmin inkişafı, sənaye zonalarının yaradılmasıdır ki, insanlar işlə təmin olunsunlar, yaxşı maaş alsınlar.

Sakin: Çox hörmətli Prezidentimiz, xalqımızın ən böyük xoşbəxtliyi ondadır ki, dahi Heydər Əliyevdən sonra respublikamızın idarəetmə sükanı məhz Sizin etibarlı əllərinizdədir. Odur ki, doğma Azərbaycanımız gündən-günə inkişaf edəcək.

Prezident İlham Əliyev: Sağ olun. 

*  *  *

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında