Prezident İlham Əliyevin çıxışı

– Sizi ürəkdən salamlayıram. Yenidən Xaçmaz rayonunda olmağımdan çox məmnunam. Bu, mənim Xaçmaz rayonuna 7-ci səfərimdir. Biz əvvəlki səfərlər çərçivəsində bir çox iqtisadi, sosial obyektlərin açılışında görüşmüşük. Bu gün də Xaçmaz rayonunda gözəl aqropark istifadəyə verilir. Bu da rayonun, ümumiyyətlə, ölkəmizin inkişafına öz töhfəsini verəcək. Çünki bu aqropark bizim siyasətimizi əks etdirir. Burada bir çox istiqamətlər üzrə yaxşı işlər görülüb - bitkiçilik, heyvandarlıq təsərrüfatları, yem bazası, logistika mərkəzi. Gələcəkdə satış da təşkil ediləcək, süd emalı zavodu yaradılacaq. Bir sözlə, biz son illər ərzində Azərbaycanda iqtisadi və sosial sahələrdə həyata keçirilən işləri bu aqroparkın timsalında əyani şəkildə görürük. Çünki burada həm də iş yerlərinin yaradılması təmin edilib. Mənə verilən məlumata görə, 150 iş yeri açılıb, növbəti mərhələdə 300-ə yaxın iş yeri yaradılacaq. Burada işləyənlər yaxşı maaş alırlar. Bu, bizim ümumi inkişafımıza çox böyük töhfədir. Bu, son illər ərzində Azərbaycanda yaradılan birinci aqroparkdır. Düzdür, Azərbaycanda iri fermer təsərrüfatları artıq yaradılıb. Taxılçılıq və digər sahələr üzrə böyük təsərrüfatlar yaradılıb, süd emalı zavodları tikilib. Ancaq bu aqroparkın xüsusi mənası var. Vaxtilə burada damazlıq təsərrüfatı olub. Bu gün mən həmin təsərrüfatın əvvəlki vəziyyətini əks etdirən şəkillərə baxdım, o, tamamilə dağılmış halda idi. İndi 500 hektardan çox sahədə müasir aqrokompleks yaradılıb. Burada ən müasir texnologiyalar, elmi yanaşma tətbiq olunur, böyük su anbarı tikilib. Min başdan çox iribuynuzlu mal-qara gətirilib və gələcəkdə onların sayı 3 minə çatacaq. Yəni, bu, ölkə üzrə ən böyük heyvandarlıq-bitkiçilik komplekslərindən biri olacaq.

Bununla bərabər, hesab edirəm ki, biz indiki nailiyyətlərlə kifayətlənməməliyik. Biz bu aqroparkın fəaliyyətini genişləndirməliyik. Mənə verilən məlumata görə, bu kompleksə 20 milyon manat investisiya qoyulub. Həm özəl sektor tərəfindən, eyni zamanda, dövlət də kömək göstərib. Bu da Azərbaycanda son illərdə aparılan siyasətin nəticəsidir. Dövlət və özəl sektor tərəfdaşlıq formatında əməkdaşlıq edir. Gələcəkdə bu aqroparkın həm ərazisi, həm də fəaliyyəti genişləndirilməlidir. Ərazisi 3 dəfə bundan böyük olmalıdır. Biz təqribən 1000 hektar əlavə torpağı dövriyyəyə cəlb etməliyik. Burada süd emalı zavodu tikilməli, xüsusilə kərə yağı və pendir istehsalı təşkil edilməlidir. Çünki baxmayaraq çox işlər görülür, əfsuslar olsun ki, hələlik, biz özümüzü süd məhsulları ilə tam təmin etmirik. Ancaq etməliyik. Düzdür, indi Azərbaycan şirkətləri xaricə də süd məhsullarını ixrac etməyə başlayıblar. Ancaq biz istəyirik ki, ilk növbədə özümüzü 100 faiz təmin edək, ondan sonra ixrac potensialı daha da artacaq. Ona görə də burada çox böyük süd emalı zavodu tikilməlidir və prinsipcə biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik. Biz buna yaxınlaşırıq. Belə aqrokomplekslərin yaradılması bu məqsədə çatmaq üçün yeni imkanlar yaradır.

Bir daha demək istəyirəm ki, bu aqrokompleksdə bizim siyasətimiz əksini tapır. Çünki bizim indi iqtisadi inkişafla bağlı prioritetlərimiz bəllidir. Qeyri-neft sektoru inkişaf edir və bu gün ölkəmizin iqtisadiyyatının təxminən 70 faizini təşkil edir. Bu da çox böyük nailiyyətdir. Bu, o deməkdir ki, biz neft amilindən asılılığımızı azaldırıq və getdikcə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq. Bu, müsbət dinamikadır. Bununla bərabər, biz ixracda da eyni mənzərəni görməliyik. Hələ ki, ixrac məhsullarının arasında qeyri-neft sektorunun məhsulları azlıq təşkil edir. Ona görə, burada həm qeyri-neft sektorunun inkişafı təmin ediləcək, həm də biz daxili tələbatı tam ödəyəcəyik. Beləliklə, ərzaq təhlükəsizliyi təmin olunacaq və biz gələcəkdə ərzaq məhsulları ilə bağlı idxaldan asılılığımızı tam aradan qaldırmalıyıq.

Bu aqroparkın yaradılması sahibkarlığın inkişafı deməkdir. Bu da dövlət siyasətidir. Dövlət də sahibkarlara öz dəstəyini verir, güzəştli şərtlərlə kreditlər təşkil edilib. Bu aqroparkın yaradılması ilə bağlı böyük infrastruktur layihələri həyata keçirilib, yollar, kommunikasiyalar çəkilib. Əlbəttə ki, kənd təsərrüfatının inkişafı da burada özünü göstərir. Bax, bir aqroparkda bizim iqtisadi inkişafla, xüsusilə sahibkarlıqla, kənd təsərrüfatının inkişafı ilə bağlı olan bütün istiqamətlər cəmləşib. Bu, onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Baxmayaraq ki, indi dünyada iqtisadi-maliyyə böhranı davam edir, Azərbaycana həm dövlət, həm özəl sektor, yerli şirkətlər, xarici firmalar tərəfindən investisiyalar qoyulur. Bu, ölkəmizin gücünü və siyasətimizin niyyətini göstərir. Bütün bu işləri biz ona görə edirik ki, ölkəmiz daha da güclənsin və Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, işlə təmin olunsunlar, yaxşı maaş alsınlar və ölkəmizə xeyir gətirsinlər.

Ona görə, bu aqroparkın çox böyük mənası var. Bir daha demək istəyirəm ki, bu, ölkə üzrə birinci belə aqroparkdır. Növbəti açılış yəqin ki, Şəmkir rayonunda olacaq. Orada da böyük aqropark tikilir. Mən bu gün göstəriş vermişəm ki, bizim müvafiq qurumlar – Prezident Administrasiyası, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri birgə işləsinlər. Çünki belə aqroparkların sayı ən azı 10-a çatmalıdır. Belə olan halda biz heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll edərik.

Bu aqroparka gətirilən cins mal-qara bizim mövcud mal-qara ilə müqayisədə bir neçə dəfə çox süd verir, çəkisi də bir neçə dəfə artıqdır. Biz son illər xaricdən minlərlə baş cins mal-qara almışıq. Bu da çox düzgün siyasət idi. Bu gün isə biz artıq digər yollara keçirik. Süni mayalanma texnologiyası tətbiq ediləcək, burada artıq tətbiq olunub. Beləliklə, 3-4 ilə bizim mal-qaramızın cinsi tam dəyişdiriləcək. Bu da əlbəttə ki, məhsuldarlığın artırılmasına gətirib çıxaracaq.

Birinci belə layihə Xaçmaz rayonunda icra edilib. Xaçmaz rayonunun çox böyük turizm, kənd təsərrüfatı potensialı var. Son illərdə Xaçmazda çox böyük quruculuq, abadlıq işləri görülüb. Xaçmaz şəhərinin siması dəyişdirilib, indi gözəl, müasir şəhərdir. Xaçmazda böyük infrastruktur layihələri icra edilib. İlk modul elektrik stansiyalarından birincisi Xaçmazda inşa edilib. Gücü 90 meqavat olan bu stansiya imkan verdi ki, biz bütün bu işləri görə bilək. Elektrik enerjisi olmayan yerdə heç bir müəssisə yaradıla bilməz. Yolların tikintisi uğurla gedir. Bu gün mən Xudat-Yalama-Zuxuloba yolunun açılışını qeyd etdim. Yolun uzunluğu 24 kilometrdir, 18 yaşayış məntəqəsini birləşdirir. Bundan əvvəl də kənd yollarının tikintisinə vəsait ayrılmışdır. Əvvəlki səfərlərimdə Olimpiya Mərkəzinin, Mərkəzi Rayon Xəstəxanasının açılışı olmuşdur. Digər obyektlər, məktəblər tikilir. Bir sözlə, Xaçmaz rayonu sürətlə inkişaf edir və rayonun çox böyük potensialı var.

Kənd təsərrüfatının inkişafı, ixrac potensialına malik məhsulların yetişdirilməsi, xüsusilə fındıqçılıqla bağlı əlavə tədbirlər görüləcək. İndi biz bu sahəyə daha böyük diqqət yetirməliyik. Çünki həm kəndlilər, həm dövlət üçün ən çox gəlir gətirən məhz fındıqçılıqdır. Mənə verilən məlumata görə, indi təqribən 5 min hektar fındıq bağları var. Biz onların ərazisini genişləndirməliyik. İndi təkliflər hazırlanır. Dövlət də öz dəstəyini verəcək, kömək göstərəcək ki, bu sahə daha da sürətlə inkişaf etsin, insanlar daha çox pul qazansınlar və ölkəmizə valyuta gətirsinlər. Çünki bu, ixrac məhsuludur.

Əlbəttə, Xaçmaz rayonunun turizm potensialı daha da geniş olmalıdır. Düzdür, son vaxtlar Xaçmaz rayonunda, xüsusilə, Yalama-Nabran zonasında çoxlu istirahət zonaları yaradılıb və turistlərin sayı kifayət qədərdir. Ancaq hesab edirəm ki, bu daha da geniş vüsət ala bilər, daha da keyfiyyətli xidmət göstərilə bilər. Əlbəttə ki, burada ekoloji məsələlər də öz həllini tapmalıdır. Müvafiq göstərişlər verilib. Yolların çəkilişi ilə bağlı artıq işlər görülür. Bax, bu Xudat-Yalama-Zuxuloba yolu, eyni zamanda, turizm obyektlərinə gedən yoldur. Sahil yolu da var, mən oraya da baxacağam. Lazım olarsa orada da təmir-bərpa işləri aparılacaq. Çünki turizm bu zona üçün kənd təsərrüfatı ilə bərabər ən çox gəlir gətirən sahədir. Biz bu sahələri inkişaf etdirməliyik.

Şimal-qərb zonasının çox böyük kənd təsərrüfatı və turizm potensialı var. Dövlətin dəstəyi ilə yaradılan ən böyük aqropark məhz bu zonadadır. Dövlətin bilavasitə sərmayəsi ilə yaradılan ən böyük turizm obyekti də yaxın qonşu rayonda - Qusarda “Şahdağ” Turizm Kompleksidir. Budur dövlətin apardığı siyasət və bu zonaya, burada yaşayan insanlara göstərilən diqqət.

Mən şadam ki, bizim bütün planlarımız həyatda öz əksini tapır. Azərbaycan hərtərəfli inkişaf edir. Ölkəmizin bütün bölgələri inkişaf edir. Çox böyük infrastruktur və sosial layihələr icra edilir - iqtisadi layihələr, kənd təsərrüfatı layihələri. Biz bax belə inkişaf etməliyik. Budur bizim yolumuz və bu yol artıq özünü təsdiqləyib. Çünki nəinki regionda, dünya miqyasında bu gün ölkəmizin təcrübəsi öyrənilir. Təkcə iqtisadi sahədə deyil, bütün sahələrdə, o cümlədən dinlərarası, millətlərarası münasibətlərin sağlam zəmində qurulması məsələləri də həmişə diqqət mərkəzindədir. Azərbaycan dünya miqyasında milli, dini, etnik dözümlülük, tolerantlıq və qardaşlıq məkanı kimi tanınır. Bu, artıq reallıqdır, xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, müharibələr aparılır. Azərbaycanda bu sahədə də nümunəvi mənzərə yaşanır. Nəyə görə? Çünki həm dövlət siyasəti düzgün aparılır, həm ictimaiyyət, bütün xalqımız vahid ideya uğrunda birləşib - müstəqillik, dövlətçilik, bərabərlik, sülh, qardaşlıq ideyaları. Bu da bizi qabağa aparan əsas amillərdir. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bəzi Avropa ölkələrində işlər tam başqa istiqamətdə gedir. Hesab edirlər ki, multikulturalizmin gələcəyi yoxdur. Hesab edirlər ki, müxtəlif millətlərin nümayəndələri bir yerdə yaşaya bilmirlər. Çox böyük səhv edirlər. Bu, həm çox böyük səhvdir, həm də cinayətdir. Azərbaycana qonaq gəlsinlər, görsünlər ki, müxtəlif millətlərin nümayəndələri burada necə dostluq, mehribanlıq, qardaşlıq şəraitində yaşayırlar. Biz bu sahədə də nümunə, yol göstəririk. Bu, bizi gücləndirir, dövlətimizi, xalqımızı qabağa aparır. Bu, sağlam zəmindir. Bununla bərabər, sosial, iqtisadi, investisiya layihələri həyata keçirilir. Mən hələ enerji siyasətimizi demirəm. Bu sahədə də biz liderlik göstəririk. Ona görə, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bax, bugünkü bu mənzərə onu göstərir. Vaxtilə dağılmış, tamamilə tənəzzülə uğramış bir ərazidə görün necə gözəl əsər yaradılıb, insanlar işləyəcək, pul qazanacaq, dövlətimiz çiçəklənəcək.

Mən sizi bir daha ürəkdən təbrik edirəm və sizə uğurlar arzulayıram.

Fermer təsərrüfatının başçısı Cəlal Harunov: Cənab Prezident, mən “Birlik” fermer təsərrüfatını təmsil edirəm. Yergüc kəndində altı təsərrüfatdan biridir. Əsasən meyvəçiliklə, həmçinin maldarlıqla da məşğul oluruq.

Prezident İlham Əliyev: Böyük əraziniz var?

Cəlal Harunov: Xeyr, ərazimiz böyük deyil. Çünki ailə fermer təsərrüfatıdır. Ona görə, bir az kiçik ərazidir. Ancaq faktiki olaraq öz gücümüzlə, lazımi səviyyədə işləyə bilirik.

Bu gün bütün kənd təsərrüfatına göstərilən qayğı hər kəsin gözü qarşısındadır. Buna görə biz Sizə minnətdarıq. Bu qayğıdan, bu təşəbbüsdən istifadə edərək biz də çalışırıq ki, öz işimizi günün tələbləri səviyyəsində quraq və ekoloji cəhətdən təmiz məhsul istehsal edək. Ona görə, Sizə minnətdarıq. Çox sağ olun. Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Çox sağ olun. Gərək siz həm daxili bazarı məhsulla təmin etmək, həm də xaricə ixrac etmək üçün fəaliyyətinizi genişləndirəsiniz.

Cəlal Harunov: Cənab Prezident, daxili bazara məhsul çıxarırıq.

Prezident İlham Əliyev: Hansı məhsullar?

Cəlal Harunov: Əsasən alma və gilas. Gilasla xarici bazara çıxmaq olur, ancaq alma ilə çətinlik çəkirik.

Prezident İlham Əliyev: Amma Xaçmaz rayonunda gözəl şaftalı da yetişir. Dadı, görünüşü ilə başqa yerlərin şaftalılarından seçilir.

Cəlal Harunov: Bəli, yetişir. Zəhmət çəkən üçün həmişə çörək var, həmişə qazanmaq olar. Ancaq kənd təsərrüfatı zəhmətsiz olmur.

Prezident İlham Əliyev: Əlbəttə, düz deyirsiniz, gərək insanlar zəhmət çəksin və pul qazansınlar. Şərait də yaradılır, dövlət bu şəraiti yaradır, subsidiya da verilir. Biz kənd təsərrüfatına nə qədər və hansı sahələr üzrə subsidiya veririk?

Kənd təsərrüfatı naziri Heydər Əsədov: 186 milyon manat. Bütün sahələr üzrə - buğda, çəltik, meyvəçilik, tərəvəzçilik. Sadəcə buğda ilə çəltiyə əlavə verilir.

Prezident İlham Əliyev: Deməli, il ərzində 186 milyon manat subsidiya verilir.

Cəlal Harunov: Cənab Prezident, subsidiyadan lazımi səviyyədə istifadə edirik.

Heydər Əsədov: Hər birinin adına kart açılıb. Vəsait hər birinin özünün hesabına köçürülür və elektron formatda bütün kənd görür ki, kim nə qədər subsidiya alır.

Prezident İlham Əliyev: Bəli, subsidiyaların verilməsi də şəffaflaşdırılır. Bunu vətəndaşlar da, ictimaiyyət də bilir. Əsas odur ki, nəticə olsun. Subsidiya kömək üçün, məhsuldarlığı artırmaq üçün verilir.

Cəlal Harunov: Biz də çalışacağıq ki, bu qayğıya öz işimizlə cavab verək.

Prezident İlham Əliyev: Çox yaxşı. İndi fındıqçılıqla bağlı yeni bir layihə işlənilir. Burada yeni sahələr nəzərdə tutulub. Bu barədə Prezident Administrasiyası da, icra başçısı da məlumat verib ki, 5 min hektar əlavə fındıq bağları salınacaq.

Cəlal Harunov: Cənab Prezident, biz çalışarıq ki, alma bağlarını fındıq bağlarına çevirək.

Prezident İlham Əliyev: Siz bu cür çevik siyasət aparın. Hansı məhsula daha çox tələbat var, o sahəyə üstünlük verin. İndi almanı satmaq asan məsələ deyil, çünki hər yerdə var. Amma fındıqçılıqda biz dünya miqyasında dördüncü istehsalçıyıq. Fındıq istehsalını artırmaq lazımdır. Bu məhsulla nəinki regiona, yaxud da MDB məkanına, bütün Avropaya çıxmaq olar. Avropada şokolad istehsalında Azərbaycan fındığından geniş istifadə edilir. Ona görə, kənd təsərrüfatı sahələrinə yeni formada yanaşmaq lazımdır. Hər bir rayon, bölgə üçün xüsusi inkişaf proqramı hazırlanır və gələcəkdə subsidiyalar məhz rayonlaşma əsasında aparılmalıdır. Misal üçün, taxılçılıqla bağlı. Mən bu yaxınlarda Masallıda olmuşam. Soruşuram ki, sizdə taxılçılıqda məhsuldarlıq nə qədərdir? Deyirlər ki, 20 sentnerdir. Ölkə üzrə 30 sentnerdir. Elə təsərrüfatlar var ki, 50 sentnerdir. Amma orada 20-dir. Bəlkə indi biz orada başqa sahəyə subsidiya verək ki, daha çox pul qazansınlar. Məsələn, tərəvəzçilik, çayçılıq. Ona görə, subsidiya verilməsi rayonlaşma əsasında aparılmalıdır. O cümlədən şimal zonasının bütün potensialı gərək işə salınsın. Mən demişəm, bir daha demək istəyirəm ki, boş torpaq sahəsi olmamalıdır. Çünki ixrac bazarlarımız var, məhsulumuz keyfiyyətlidir, təbiidir. Buna Avropada orqanik məhsul deyirlər. Yəni, heç bir qatqısı, heç bir təhlükəli maddəsi olmayan təbii məhsulumuz var. Bu, bizim böyük sərvətimizdir.

İndi burada da gözəl əkin sahələri salınır, yeni suvarma sistemləri qurulur. Burada işləyənlər yəqin ki, özlərini yaxşı hiss edirlər. Siz burada necə işləyirsiniz? Siz Yalama kəndinin sakinlərisiniz?

Aqroparkın işçisi: Çox sağ olun, cənab Prezident. Yaxşı işləyirik. Burada yaxın rayonlardan da işləməyə gələnlər var.

Prezident İlham Əliyev: Çox yaxşı. Gələcəkdə burada 300-dən çox iş yeri yaradılacaq.

Xaçmaz sakini Məhsim Məhsimov: Cənab Prezident, mən də bir Xaçmaz sakini kimi Sizə minnətdarlığımı bildirmək istəyirəm. Xaçmaz rayonunda təkcə aqrar sahədə deyil, bütün sahələrdə görülən işlərin sayı-hesabı yoxdur. Bütün bunlar Sizin yaratdığınız şərait sayəsində mümkün olub. Güclü, qüdrətli Azərbaycan üçün Sizə təşəkkür etmək istəyirəm. Allah Sizi bizə çox görməsin.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, çox sağ olun. 

Yalama sakini Reyhan Aslanova: Cənab Prezidentimiz, mənim də sözüm var. Bizə bəxş etdiyiniz bu gözəl aqroparka görə Sizə təşəkkür edirik. Son illərdə Yalamada bütün avtomobil yolları demək olar ki, əsaslı təmir edilib. Gözəl muzeylərimiz, məktəblərimiz var. Bütün bunlara görə biz Sizə minnətdarıq, cənab Prezident. Elektrik sistemi təzələnib, bizim heç bir problemimiz yoxdur. Kənd təsərrüfatında uğurlar əldə edirik. Fındıqçılığı inkişaf etdirəcəyik. Bizim ağsaqqallarımız dəfələrlə bir yerə yığışıb söhbət edəndə, cənab Prezident, Sizin siyasətinizi təhlil edirlər, bəyənirlər, dəstəkləyirlər və bir səslə, bir fikirlə deyirlər ki, bu, belə də olmalıdır. Ona görə ki, cənab Prezident, Yalama çoxmillətli ərazidir. Bizim ­insanlarımız – Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri Sizin babanız, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, mən deyərdim hətta keçmiş SSRİ məkanında görkəmli ictimai-siyasi xadim, - hamının fikri belədir, - böyük Əziz Əliyevin xatirəsini həmişə ehtiramla yad edirlər. Nəyə görə? O insanın etdiyi yaxşılıqları buradakı insanların özləri də, övladları da heç vaxt unutmurlar. Mahaçqalada bu görkəmli şəxsiyyətə böyük bir abidə ucaldılıb. Böyük Vətən müharibəsi illərində görkəmli şəxsiyyət Əziz Əliyev Dağıstan xalqını səfalətdən, əzab-əziyyətdən qurtardı. Müharibədə Qələbənin əldə edilməsində böyük xidməti oldu. Sonralar Sizin atanız, ulu öndərimiz, dahi rəhbərimiz Heydər Əliyev Azərbaycanı xilas etdi. Siz o böyük şəxsiyyətlərin layiqli övladı olaraq, cənab Prezident, Azərbaycanı inamla qoruyursunuz, inkişaf etdirirsiniz. Bax, biz buna görə Sizə minnətdarıq, bu əmin-amanlığa görə minnətdarıq. İnsanlar Sizdən çox razıdırlar. Bütün sərhədyanı kəndlərimiz inkişaf edir, belə inkişaf heç bir ölkədə yoxdur. Biz Sizin daxili və xarici siyasətinizi həmişə dəstəkləmişik, yenə dəstəkləyəcəyik. Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Doğrudan da Əziz Əliyev çox görkəmli bir şəxsiyyət idi və ən ağır vaxtlarda o, Dağıstana rəhbərlik edərək Dağıstan xalqını böyük bəladan qurtara bilmişdir. Mən şadam ki, Dağıstanda onun xatirəsi yaşayır. Bildiyiniz kimi, Əziz Əliyev o vaxt sovet hökuməti tərəfindən Dağıstana ezam edilmişdir. O, müharibə illərində Dağıstana rəhbərlik etmişdir. Siz də yaxşı bilirdiniz ki, Dağıstan xalqlarını da digər Şimali Qafqaz xalqları kimi sürgün etmək istəyirdilər. Artıq demək olar ki, qərar da qəbul edilmişdi. Məhz Əziz Əliyevin və digər yoldaşlarının fəaliyyəti, siyasəti nəticəsində buna imkan verilmədi. Dağıstanlılar - həm onu tanıyanlar və onların davamçıları Əziz Əliyevin xatirəsinə çox böyük hörmətlə yanaşırlar. Bu, mənim üçün də çox qiymətlidir. Mən çox şadam ki, bu yaxınlarda Mahaçqalada Əziz Əliyevin abidəsi ucaldılıb. Bu abidə mənim dostum Ramazan Abdulatipovun təşəbbüsü ilə ucaldılıb. Bu abidə Əziz Əliyevin xatirəsinə olan hörmətin əlamətidir.

Biz həmişə bir yerdə olmuşuq, yaşamışıq, bir-birimizə kömək göstərmişik, arxa-dayaq olmuşuq. Bu gün də belədir. Yəqin bilirsiniz ki, bu yaxınlarda Ramazan Hacımuradoviçin 70 illik yubileyi qeyd edilirdi və Azərbaycan dövləti onu yüksək ordenlə – “Dostluq” ordeni ilə təltif etdi. Mən gözləyirəm, o, növbəti dəfə Azərbaycana gələndə o ordeni şəxsən özüm ona təqdim edəcəyəm. Çünki doğrudan da bu, çox böyük tarixdir və biz bu tarixi bu gün davam etdiririk, zənginləşdiririk. Bu gün yeni imkanlar açılır.

Bir daha demək istəyirəm ki, Azərbaycanda görülən işlər həm ölkəmiz, həm də region üçün çox vacibdir. Çünki bu gün Azərbaycan bu bölgədə, Xəzər-Qafqaz bölgəsində sabitləşdirici ölkədir. Regionda bizim siyasətimizdən çox şey asılıdır. Bizim daxili siyasətimiz də, xarici siyasətimiz də bir məqsədi güdür ki, bölgədə sülh olsun, qarşıdurma olmasın, insanlar rahat yaşasınlar, ölkələr bir-biri ilə dostluq etsinlər. Bizim siyasətimiz budur. Məhz buna görə bu gün Azərbaycan bu alovlanan bölgədə bir sabitlik adasıdır. Biz bunu qoruyuruq. Hər bir vətəndaş bunu qoruyur və qorumalıdır. Bu, təkcə dövlət siyasəti kimi deyil, eyni zamanda, ümumxalq təşəbbüsü, ümumxalq niyyəti kimi özünü göstərir. Əminəm ki, biz gələcəkdə bu yolla uğurla gedəcəyik. Xaçmaz rayonu, bütün digər rayonlar daha da sürətlə inkişaf edəcək. Xaçmaz rayonunda hələ çox açılışlar olmalıdır. Sizinlə növbəti açılışlarda da görüşəcəyik. Bir daha təbrik edirəm.

*  *  *

Sonra xatirə şəkli çəkdirildi.

*  *  *

Daha sonra kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısının diqqətinə çatdırdı ki, Xaçmaz rayonu üzrə 2015-ci ildə 4650 hektardan çox fındıq bağından 4 min tona yaxın məhsul götürülüb. 2016-cı ilin məhsul yığımının əvvəlindən bəri isə həmin bağlardan 3 min tondan çox fındıq məhsulu emal müəssisələrinə və qəbul məntəqələrinə təhvil verilib. Hazırda fındıq məhsulunun yığımı və təhvili işləri davam etdirilir. O da qeyd olundu ki, Prezident İlham Əliyevin ölkəmizdə fındıq ağaclarının əkininin artırılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq 2016-2017-ci illərdə Xaçmaz rayonunda əlavə olaraq 5016 hektarda fındıq bağının salınması nəzərdə tutulub. Fındıq bağı salınacaq torpaqların 2070 hektarı dövlət, 2946 hektarı bələdiyyə mülkiyyətindədir. Həmin ərazilərin 1596 hektarı asudə dövlət ehtiyat fondunun torpaqları, 2946 hektarı örüş və boş torpaqlar, 474 hektarı isə meşə fonduna aid boş torpaqlardır.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında