Prezident İlham Əliyev Masallıda “ASAN həyat” kompleksinin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, şəhərin Heydər Əliyev prospektində yerləşən, möhtəşəmliyi ilə seçilən Masallı regional “ASAN həyat” şəhərciyinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Bu kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalardan ibarətdir. Kompleksin 4480 kvadratmetr ərazisində “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Mərkəzdə 10 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım, tərcümə xidmətləri təşkil edilib. Bu mərkəz Masallı rayonu da daxil olmaqla Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının əhalisinə, ümumilikdə 839.450-dən çox vətəndaşa xidmət göstərəcək. Burada 170 nəfər işlə təmin olunub, 80 nəfər könüllü işə cəlb edilib.

Prezident İlham Əliyevə “ASAN həyat” konsepsiyası barədə də məlumat verildi. Bildirildi ki, bu konsepsiya Masallı “ASAN xidmət” Mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Kompleksin ərazisində 2 kinoklub, Heydər Əliyev İncəsənət Məktəbi, kafe, bank, “ABAD mərkəzi”, “ASAN Brend” dükanı və “ASAN İntellektual” gənclər mərkəzi də fəaliyyət göstərəcək.

Heydər Əliyev İncəsənət Məktəbində müxtəlif sərgi, tədbir, təqdimat və təlimlərin keçirilməsi nəzərdə tutulub. Məqsəd müasir Azərbaycan incəsənəti və onun geniş ictimaiyyət arasında təbliği üçün şərait yaratmaqdır.

“ASAN İntellektual” gənclər mərkəzi cənub bölgəsində bütün növ intellektual oyunların inkişafına kömək etmək, həmçinin gənclərin asudə vaxtlarını səmərəli keçirmələrində, intellektual inkişaf, savad və dünyagörüşlərini artırmaqda onlara kömək etmək məqsədi daşıyır. Mərkəz gənclərin gələcəkdə karyera qurmaları üçün lazım olan bilik və bacarıqları aşılayacaq.

“ASAN Brend” dükanında xüsusi dizaynda “ASAN xidmət” brendli geyimlər, aksessuarlar, suvenirlər və digər məhsulların satışının təşkili həyata keçiriləcək.

Dövlətimizin başçısına “İntellektual Monitorinq Sistemi” barədə də məlumat verildi. Bildirildi ki, bu sistem vətəndaş müraciətləri barədə məlumatların mərkəzləşdirilmiş formada toplanması və analizinə xidmət edir. Bura “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətinin təşkilində istifadə edilən “Elektron növbə”, “ASAN Ödəniş”, “ASAN Müraciət”, “Çağrı” Mərkəzi və digər sistemlər üzərindən daxil olan müraciətlər aiddir. Sistemin “Hesabatlılıq” modulu vasitəsilə müxtəlif statistik məlumatlara real vaxt rejimində çıxış təmin edilir ki, bu da qərarların qəbul olunmasında operativliyə və dəqiqliyə xidmət göstərir. “İntellektual Monitorinq Sistemi”nin vətəndaşlar üçün açıq olan “Statistik məlumatlar” portalı vasitəsilə müxtəlif təhlillərin və akademik araşdırmaların aparılması daha da asanlaşacaq. Belə ki, portalda regionlar üzrə əhatə dairəsi, müraciət edənlərin say, cins və yaşa görə tərkibi və digər məlumatlar vətəndaşlara real vaxt rejimində təqdim edilir.

“Made in Azerbaijan” portalında ölkədə istehsal olunan bütün məhsullar, satış və investisiya imkanları haqqında məlumatlar cəmlənib. Portal müxtəlif dillərdə olmaqla ölkənin ixrac potensialı haqqında istənilən informasiyanı özündə əks etdirəcək.
 

Vətəndaşların “Kredit Reytinq Sistemi” əhalinin iş yeri, gəliri, öhdəlik və borcları əsasında onların məsuliyyət və ödəmə qabiliyyətini ölçən alətdir. Bu sistemin əsasən bank, bank olmayan kredit təşkilatları, daxili kredit və ya ipoteka verən təşkilatlar tərəfindən istifadəsi nəzərdə tutulub.

“We Care” – “Sağlamlığa nəzarət monitorinq sistemi” mobil cihazlar vasitəsilə fərdlərə öz sağlamlıqlarına mütəmadi nəzarət etmək imkanı verir. Huşunu itirən şəxsin yerini GPS vasitəsilə təyin etmək, saat vasitəsilə ürək döyüntülərini və qan təzyiqini ölçmək mümkün olacaq. Toplanılan məlumatlar aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə, fərdlərin yaxınlarına, Təcili Tibbi Yardıma və digər arzuolunan yerlərə və şəxslərə göndəriləcək. Bu məlumatlar GSM və Azərbaycanın orbitdəki peyki vasitəsilə toplanılır.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, yeni layihə olan “ABAD” - Ailə Biznesinə ASAN Dəstək layihəsi ailə bizneslərinin formalaşdırılması, bu təsərrüfatlar vasitəsilə məhsulların istehsalı, xidmətlərin göstərilməsi və brendləşdirilməsi, istehsalçıya və tələbata uyğun keyfiyyətli məhsulların istehsal və istehlakının təşviq edilməsi, innovativ üsullar tətbiq olunmaqla müxtəlif təsərrüfat sahələri üzrə fəaliyyətin istiqamətləndirilməsini həyata keçirən mərkəzdir. “ABAD” Mərkəzinin əsas məqsədi regionların sosial-iqtisadi inkişafına dəstək vermək, ailə bizneslərində müasir texnologiyaların tətbiqini təmin etmək, ailə brendlərinin formalaşmasına dəstək olmaqdır. Bu layihənin icrası ilə Azərbaycanda təşəkkül tapmış və dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin əsası qoyulacaq. Təsadüfi deyil ki, bu prosesdə ilkin olaraq müxtəlif istehsal sahələrinə uyğun seçilmiş ailələrə avadanlıqlardan istifadə və istehsal gigiyenası, sənədlərin hazırlanması, qablaşdırma və dizayn, məhsulların bazara çatdırılması üzrə təlimlər keçirilir. Bu ailələr müasir istehsal avadanlıqlara malik konteynerlərlə təmin olunur.

Onu da qeyd edək ki, Masallı regional “ASAN xidmət” Mərkəzinin yerləşdiyi ərazidə park salınıb. Burada fəvvarə quraşdırılıb, əhalinin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb. Bundan əlavə, 80 avtomobil üçün avtodayanacaq və digər rayonlardan gələcək vətəndaşlar üçün avtobus dayanacağı, kompleksin kənarından keçən çaydakı kiçik adada helikopter meydançası qurulub. Masallı “ASAN həyat” kompleksində “Azər Türk Bank” ASC əhaliyə bank xidmətləri göstərəcək.

“ASAN həyat” kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev mərkəzin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında