Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

İyunun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi müqəddəs Qurani-Kərimdən ayənin oxunması ilə başladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür PAŞAZADƏ mərasim iştirakçılarını salamlayaraq dedi:

– Bismillahir-rəhmanir-rəhim.

Möhtərəm Prezident İlham Əliyev həzrətləri!

Hörmətli məclis iştirakçıları!

Əziz qonaqlar!

Dəvətimi qəbul etdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Hamınıza “Xoş gəlmisiniz!” deyirəm.

“Qurani-Şərif”in nazil olduğu mübarək Ramazan ayında dini konfessiyaların rəhbərləri ilə birlikdə iftar süfrəsində dövlətimizin rəhbəri ilə bərabər olmaq bizim üçün çox qürurvericidir, özümüzü xoşbəxt hiss edirik. Bu, bir ənənə halı alıb. Bu ənənənin bünövrəsini qoyan dövlətçiliyimizin banisi, milli mənəvi dəyərlərimizə həyat verən, müstəqilliyimizi əbədi edən ulu öndər Heydər Əliyev həzrətləri olub.

Allah-Taalanın mərhəmət qapılarının açıq olduğu, duaların qəbul olunduğu bir dövrdə, zati-aliləri, dindarlarımız Sizin həmişə müzəffər olmağınız üçün dualar edirlər. Biz bunun nəticəsini görürük. Sizin rəhbərliyinizlə ordumuz möhtəşəm qələbə qazandı. Çoxdan gözlədiyimiz, arzu etdiyimiz qələbənin sevincini yaşadıq. İnanıram ki, erməni işğalçıları tərəfindən zəbt edilmiş Azərbaycan torpaqları, inşallah, tezliklə Sizin rəhbərliyinizlə azad olunacaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Allah-Taala Vətənin şəhid oğullarına rəhmət eləsin.

Zati-aliləri, Siz hörmətli Mehriban xanımla cəbhə bölgəsində oldunuz, səngərlərdə əsgərlərlə, ictimaiyyətlə görüşdünüz. Siz bizdə bir inam yaratdınız, qələbəyə inam yaratdınız. İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz, inşallah, hər an düşmənə layiqli cavab verməyə hazırdır.

Zati-aliləri, Siz 2016-cı ili “Multikulturalizm ili” elan etmisiniz. Hazırda iqtisadi, mənəvi böhran, dinc birgəyaşayış problemləri ilə üzləşən dünyaya Siz Azərbaycanın tolerantlıq, dialoq modelini təklif edirsiniz. Siz, həm də bəşəriyyəti qorxudan, lərzəyə salan terrorizmi, ekstremizmi, islamofobiyanı və bu cür təhdidləri aradan qaldırmaq üçün dünyanı multikulturalizmə, dinlər arasında, mədəniyyətlər arasında dialoqa çağırırsınız.

BMT səviyyəsində sivilizasiyalararası qlobal forumun, mədəniyyətlərarası dialoq forumunun, dünya dini liderlərinin zirvə görüşünün, möhtəşəm idman oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin hərtərəfli inkişafının göstəricisidir.

Çox böyük Avropa dövlətləri bu gün miqrant, qaçqın problemlərindən çətinlik çəkirlər. Amma Azərbaycan XX əsrin axırlarında üzləşdiyi çətinliklərə baxmayaraq, bir milyondan artıq məcburi qaçqın və köçkünün problemlərini özü həll etdi. Bununla bərabər, həm də mənəviyyatımıza böyük önəm verdi. Dövlətimizin başçısının təşəbbüsü və qayğısı ilə inanclı insanlar üçün yeni dini məbədlərin tikilməsi və ya bərpa olunması, dini icmalara maddi və mənəvi kömək və sair məsələlər Azərbaycan dövlətinin qüdrətli və qüvvətli olmasını təsdiq edən amillərdən biridir.

Zati-aliləri ulu öndər Heydər Əliyevin mənəviyyat yoluna sadiq qalan İlham Əliyev həzrətlərinin təşəbbüsü ilə möhtəşəm Heydər Məscidinin, Azərbaycan xalqının mənəvi həyatında xüsusi yeri olan Gəncə İmamzadə Kompleksinin tikilib dindarlara təhvil verilməsi təkcə Azərbaycan müsəlmanlarına deyil, İslam dünyasına böyük bir töhfədir.

Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Bunu daha da inkişaf etdirmək üçün Qafqaz Müsəlmanları İdarəsi çox iş görür, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, ictimai təşkilatlar və dini konfessiyalarla birlikdə ölkəmizin daxilində və xaricdə tez-tez ictimaiyyətlə görüşlər keçirir, məbədlərdə olur, Azərbaycan reallığını, Azərbaycanın birgəyaşayış həyat tərzini onlara təlqin edir.

Biz deyəndə ki, Azərbaycanda sünnilər və şiələr bir məsciddə namaz qılır, bir vaxtda azan verir, eyni vaxtda bayram edir, yaxud da yəhudilər məsciddə, kilsədə, xristianlar sinaqoqda, müsəlmanlar digər dinlərin məbədlərində ola bilir, – yəni, biz həmişə birlikdəyik, – bəzən buna inanmaq istəmirlər, təəccüblənirlər. Yüz illik konstitusiyası olan dövlətlər belə bu məsələdə acizdirlər. Bu, bizim həyatımızın reallığıdır.

Zati-aliləri, Siz həmişə çıxışlarınızda deyirsiniz ki, Azərbaycanda dinlər arasında dialoq, tolerantlıq adi həyat tərzidir. Bu, həqiqətən belədir. Biz başqa dövlətlərə baxanda bunun əksini görürük.

Zati-aliləri, Siz Respublika Günü münasibətilə keçirilən mərasimdə çıxış edərkən söylədiniz ki, Azərbaycan heç zaman bu qədər güclü olmamışdır. Bu, həqiqətən də belədir. Azərbaycan öz ordusu, öz mədəniyyəti, öz tarixi, öz dövlətçiliyi, öz lideri ilə həqiqətən də qüvvətlidir. Amma bəzi dövlət rəhbərləri və dövlətlər bunu həzm edə bilmir, gözləri götürmür. Ona görə də Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, bəzən də ölkəmizdə iğtişaş yaratmaq istəyirlər. Ancaq buna nail ola bilməyəcəklər. Çünki Azərbaycanda yaşayan hər bir vətəndaş dinindən, dilindən asılı olmayaraq, ulu öndərin təbiri ilə desək, özünün azərbaycanlı olması ilə fəxr edir.

Allah-Taala haqqın tərəfdarıdır və haqqı istəyir. Ona görə də Allah-Taala “Qurani-Şərif”də buyurur ki, bir insanı mən ucaltdımmı və bir haqq çırağını yandırdımmı, onu heç bir qara əllər, qara qüvvələr söndürə və yıxa bilməz.

Zati-aliləri, Siz Azərbaycan üçün, Vətənin gələcəyi üçün çox böyük işlər görürsünüz. Mən inanıram ki, inşallah, hələ Sizin gələcəkdə müzəffər işləriniz çox olacaq. Allah-Taalanın nəzəri həmişə Sizin üstünüzdədir. Xalqın məhəbbəti həmişə Sizinlədir.

Mən istərdim, Mehriban xanıma təşəkkürümü bildirəm. Bu yaxınlarda amnistiya ilə bağlı Milli Məclisə müraciət etmiş və bu barədə qərar qəbul olunmuşdur. Bu, çox savab işdir. Bunun Ramazan ayına təsadüf etməsi daha çox savabdır. Ona görə də mən Allah-Taaladan Mehriban xanıma, ailəsinə səadət arzu edirəm.

Zati-aliləri, Sizin konfessiyalara qayğıkeş münasibətinizi, dini lider kimi mənə olan ehtiramınızı və etimadınızı çox yüksək qiymətləndirir və dəyərləndirirəm. Onu da demək istəyirəm ki, zati-aliləri, Sizin şəxsimə olan qardaşlıq, dostluq münasibətiniz ulu öndərin bünövrəsini qoyduğu ikitərəfli iman və inam üstündə qurulub. Bu da dövlətçiliyimizin yüksəlişinin, dövlət-din və dövlət-dindar münasibətlərinin təsdiqidir.

Bu gün Azərbaycanda tolerantlıq yüksək səviyyədə inkişaf edir. Əgər biz bu gün bu mərasimə nəzər salsaq görərik ki, Azərbaycanda dövlət-din, mənəviyyat və mədəniyyət münasibətləri birlikdə inkişaf edir. Budur dövlət rəhbərimizin siyasəti, budur bizim dediyimiz multikulturalizm modeli.

Zati-aliləri, Sizin hörmətiniz təkcə Azərbaycanda deyil, dünyada hər gün artmaqdadır. Dünyada tanınmış bir dərginin bu yaxınlarda Sizi “İlin adamı” elan etməsi bunun bariz nümunəsidir. İcazə verin, burada əyləşənlər adından Sizi bu mükafat münasibətilə təbrik edək.

Zati-aliləri, Sizin Almaniyaya səfəriniz çox böyük bir tarixi səfər oldu. Bundestaq görüşündən imtina etməyiniz bilavasitə Sizin müstəqil siyasətinizin nəticəsi, yüksəlişi və şəxsiyyətinizin ucalığıdır. Siz nə qədər ucalırsınızsa, Azərbaycan xalqı da Sizinlə o qədər ucalır. Bütün türk xalqı Sizinlə ucalır, fəxr edir. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Mən bir şeyxülislam kimi fəxr edirəm ki, Siz mənim Prezidentimsiniz. Əgər bu gün qardaşım ulu öndər Heydər Əliyev həzrətləri və anamız Zərifə xanım burada olsaydılar, onlar hamıdan çox fəxr edərdilər. Biz hamımız Sizinlə fəxr edirik.

Allah-Taaladan Azərbaycan xalqına xoşbəxtlik arzulayır, qarşıdan gələn Ramazan bayramlarını bir daha təbrik edirəm. Burada diplomatik korpusun nümayəndələri iştirak edirlər. Onlara “Xoş gəlmisiniz!” deyirəm. Onlardan xahiş edirəm ki, mənim salam-dualarımı öz xalqlarına və dövlət rəhbərlərinə çatdırsınlar.

Zati-aliləri, mən Sizə, ailənizə səadət, gələcək işlərinizdə zəfərlər arzu edirəm. Allah-Taala ölkəmizi qorusun! Allah-Taala Prezidentimizi qorusun! Əssalamu-aleykum və rəhmətullahi və bərəkətuhu!

 

*  *  *

 

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri ALEKSANDR dedi:

– Hörmətli cənab Prezident!

Möhtərəm şeyx həzrətləri!

Hörmətli xanımlar və cənablar!

Bugünkü mərasimin şəkilləri kütləvi informasiya vasitələrində dərc olunanda, yaxud onun haqqında televiziya ilə veriliş göstəriləndə bir çoxları düşünəcəklər ki, bu, 2016-cı il “Multikulturalizm ili”nə həsr olunmuş xüsusi qəbuldur. Əlbəttə, bu, təntənəli qəbuldur, iftardır. Buna baxmayaraq bu, Azərbaycanda ötən il də, beş il, on il əvvəl də bu gözəl məclisdə iştirak etmək üçün din xadimlərinin, Milli Məclisin deputatlarının, hökumət üzvlərinin, ölkənin tanınmış insanlarının cənab Prezidentlə, Qafqaz müsəlmanlarının rəhbəri ilə bir yerə toplaşdıqları ənənəvi qəbul, ənənəvi iftardır. 

Həqiqətən də multikulturalizm Azərbaycan xalqının mentalitetinin səciyyəvi cəhəti və Azərbaycan dövlətinin daxili siyasətinin xüsusi istiqamətidir. Yəqin ki, XX əsrin sonlarında multikulturalizmin dövlətlərin və xalqların həyatında ciddi əhəmiyyəti barədə heç kəs düşünməyib. Uzaqgörən ümummilli lider Heydər Əliyev Azərbaycanın gələcək taleyi barədə düşünərkən ölkənin əsas möhkəmləndirici cəhətini multikulturalizmdə görürdü. O, “Çoxmillətlilik bizim sərvətimizdir” sözlərini təsadüfən deməyib. Artıq XXI əsrdə tam aydın oldu ki, multikulturalizmə söykənmək nə dərəcədə düzgündür.

Hələ XX əsrdə ağla gəlməyən XXI əsrdə özünü çox qabarıq surətdə göstərməyə başladı. Bunlar ksenofobiya, dini dözümsüzlük, dinlərarası münaqişələr kimi mənfi cəhətlərdir. Təəssüf ki, bütün bunlar dünya birliyinin həyatının təzahürünə çevrildi. Hətta insanların birliyinə, qarşılıqlı anlaşmasına, dinc yanaşı yaşamasına yönələn hadisələr, məsələn, idman yarışları dərin millətlərarası münaqişələrə çevrilir, belə idman tədbirlərinin təşkilatçılarına çətinliklər yaradır. Ona görə də Azərbaycanın seçdiyi məxsusi yol zəmanəmizdə baş verənlər nöqteyi-nəzərindən öz əhəmiyyətini və vacibliyini bir daha təsdiq edir. Cənab Prezident, multikulturalizm amilinə xüsusi diqqət yetirdiyinizə görə ölkəmizin rəhbərliyinə və şəxsən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Təsadüfi deyil ki, artıq ölkəmizdə müntəzəm olaraq konqreslər, sivilizasiyalararası alyanslar keçirilir. Təsadüfi deyil ki, ölkəmizdə dinlərarası forum keçirilib. Təsadüfi deyil ki, ölkəmizdə təkcə din xadimlərinin deyil, həm də bütün dünyadan mədəniyyət xadimlərinin görüşləri keçirilir. Təsadüfi deyil ki, Böyük İpək Yolunun dirçəldilməsi məsələsinə məhz ölkəmizdə xüsusi diqqət yetirilir. Bu, istər iqtisadi və siyasi, istərsə də mədəni və millətlərarası planda insanların bir-biri ilə ünsiyyət saxlamasına imkan verəcək.

Bugünkü iftar süfrəsindən istifadə edərək bütün Azərbaycan xalqını, bütün dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik etmək, onlara uğurlar arzulamaq, diqqətlərini İslamın əsas dəyərlərinə cəlb etmək istəyirəm ki, bu dəyərlər insanlar arasında quruculuğa və qarşılıqlı anlaşmaya xidmət etsin. Əlbəttə, bütün Azərbaycan xalqına sülh və firavanlıq, dövlətə isə öz mövqelərini möhkəmləndirməyi arzu edirəm. Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşıya qoyduğu məqsədlərə nail olmağı diləyirəm.

Cənab Prezident, icazə verin, Sizə cansağlığı və yenilməz qüvvə arzu edim. Sizə xalqımızın və ölkəmizin həyatında baş verən sınaqlardan rəşadətlə çıxıb qalib gəlməyi, bu müddətdə, bizim yüzillikdə qazanılan heyrətamiz uğurlara təkrar-təkrar nail olmağı arzu edirəm.

 

*  *  *

 

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix YEVDAYEV dedi:

– Möhtərəm Prezident!

Şeyx həzrətləri!

Əziz qonaqlar!

Müqəddəs Ramazan ayı haqqında çox deyilib. Mən bircə məqama toxunmaq istərdim ki, səmavi dinlərin bütün müqəddəs kitabları məhz Ramazan ayında nazil olub. Biz bu ayın 12-də müqəddəs “Tövrat”ın Musa Peyğəmbərə nazil olduğunu böyük təntənə ilə qeyd etdik.

Şeyx həzrətləri, ürəyinizin genişliyi, qəlbinizin hərarəti ilə, xüsusi incəliklə təşkil etdiyiniz bu iftar süfrələri Azərbaycan xalqının tarixinə yazılacaq və gələcək nəsillərə yadigardır.

Min il bizdən sonra gələn nəsillər,

Gəlmişik, getmişik, nə biləcəklər?

Yadigar qalmasa onlara bizdən,

Biz nələr etmişik, nə biləcəklər?

Ən böyük yadigar, Allah qəni-qəni rəhmət eləsin ulu öndərə, onun şah əsəri olan çağdaş müstəqil Azərbaycan dövlətidir. İnanın Allaha ki, çox dövlətlər müstəqillik qazanıblar, amma dövlət özü müstəqil ola bilməyib. Bizim dövlətimiz isə müstəqildir, əsrlər keçəcək qədirbilən xalqımız həmişə Ulu Öndərə minnətdar olub, ona rəhmət diləyəcək.

Yarat bir əsər ki, adın ucalsın,

Sən köçüb getsən də, yerində qalsın.

Möhtərəm Prezident, bugünkü Azərbaycana, bugünkü əmin-amanlığa, bugünkü gücə, qüdrətə görə Sizə minnətdarıq. Dövlətlər içərisində öz yeri, öz dəst-xətti olan Azərbaycana görə Sizə minnətdarıq. Ona görə də, möhtərəm Prezident:

Xalqların yaşayır indi dinc, rahat,

Yaşayış yüksəlir hər gün, hər saat.

Xalqınçün daim yaşa, qur, yarat,

Dərin minnətdarıq Prezident, Sizə.

Şeyx həzrətləri, Xudavəndi-aləm Məhəmməd Peyğəmbərə müqəddəs “Qurani-Kərim”i nazil edəndə soruşur, ey mənim Rəsulum, məndən daha bir istəyin varmı? Məhəmməd Peyğəmbər cavab verir ki, Xudavəndi-aləm, sən bizə hər şeyi verdin - görməyə göz, sevməyə ürək, yaşamağa ağıl. Bircə təvəqqəm var, ürəyimi geniş elə ki, bütün insanları qəlbimə sığa bilim.

Möhtərəm Prezident, mən əminəm ki, Sizin səma kimi geniş ürəyiniz var. Geniş ürəyinizdə Azərbaycan xalqı ilə birlikdə Azərbaycanda yaşayan bütün xalqların öz yeri var və Siz qəlbinizin hərarəti ilə bizi həmişə qızdırmağa hazırsınız.

Əziz qonaqlar, Sizi bir daha təbrik edirəm. Allah-Taala Azərbaycana bütün arzularına çatmağı nəsib etsin.

Budur, Allahımdan umduğum murad,

Elimi şən görüm, obamı azad.

Dostlarım gülərüz, qonşularım şad,

Şair də murada yetsə, nə dərdim?!

 

Allah amanında.

 

*  *  *

 

Roma Katolik Kilsəsinin ordinarisi Vladimir FEKETE dedi:

– Zati-aliləri, hörmətli cənab Prezident!

Şeyx həzrətləri!

Hörmətli xanımlar və cənablar, mərasim iştirakçıları!

Qonaqpərvər ev sahibi şeyx həzrətlərinin ənənəvi olaraq öz iqamətgahında təşkil etdiyi bu iftar mərasimində iştirak etdiyimə görə böyük fərəh hissi keçirirəm. Göstərdiyiniz həyat örnəyinə və yaratdığınız bu imkana görə çox sağ olun.

Müqəddəs Ramazan ayı müsəlmanların həm şəxsi, həm də ictimai həyatında çox mühüm aydır. Dindarların tutduqları oruc, etdikləri dua və gördükləri xeyirxah əməllər insanın şəxsi həyatını daha da zənginləşdirir. Eyni zamanda, bu cür iftar süfrələrinin təşkili cəmiyyəti bir araya gətirir. Biz buraya böyük bir ailə kimi toplaşmışıq. Siyasi xadimlər, din xadimləri, mədəniyyət adamları, ictimaiyyətin nümayəndələri, deputatlar - indi biz hamımız gözəl örnəyik, çünki möhtərəm şeyxin dəvətilə bir yerdə çörək kəsib, söhbət edib, Uca Tanrının bizə bəxş etdiyi həyata sevinirik.

Allah-Taala insanın xaliqidir. O, ədalətli və rəhimlidir. Müsəlmanlar belə bir həqiqəti xristianlarla bölüşürlər ki, Allah insanı sevir. Allah istəyir ki, biz bütün dünyada vahid ailə yaratmağa çalışaq və bir ailə kimi olaq. Əminəm ki, dünyada baş verən bütün pisliklər yox olmalıdır və Azərbaycanın nümunəsi bütün dünyaya parlaq örnəkdir. Çünki biz, müxtəlif xalqların, müxtəlif dinlərin nümayəndələri bir-birimizə ehtiramla yanaşa, ünsiyyət saxlaya və bu yolla ictimai və mənəvi həyatımızı möhkəmləndirə bilirik.

Roma Papası Fransisk hər il Ramazan münasibətilə bütün dünya müsəlmanlarına müraciət ünvanlayır. Möhtərəm şeyxülislam Allahşükür Paşazadə, bu müraciəti sizə və sizin şəxsinizdə bütün qardaşlarımıza - Azərbaycan müsəlmanlarına çatdıra bilməyim mənim üçün böyük sevincdir.

Qoy Allah xeyir-duasını bu ölkədən əsirgəməsin. Qoy bu ölkə burada yaşayan bütün insanların səadəti naminə dünyaya parlaq nümunə kimi çiçəklənsin. Çox sağ olun.  

 

*  *  *

 

Ordinari Vladimir Fekete Roma Papası Fransiskin müraciətini Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə təqdim etdi.

 

*  *  *

 

Sonra dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Prezident  İlham  Əliyevin  nitqi

– Hörmətli şeyx həzrətləri!

Hörmətli din xadimləri, mərasim iştirakçıları!

Mübarək Ramazan ayında ənənəvi olaraq şeyx həzrətlərinin iftar süfrəsində toplaşmışıq. Bu, gözəl ənənədir. Şeyx həzrətləri qeyd etdiyi kimi, bu ənənənin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur, onun banisidir. Onun müəyyən etdiyi siyasət bu gün də yaşayır, davam edir, zənginləşir. O cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsində Ulu Öndərin xüsusi rolu və müstəsna xidmətləri vardır.

Ulu Öndər ilə şeyx həzrətlərini dostluq əlaqələri bağlayırdı. Bu dostluq həm şəxsi xarakter daşıyırdı, həm də bu dostluğun çox böyük ictimai mənası var idi. Çünki bu dostluq, bu əlaqələr, bu səmimiyyət dövlət-din münasibətlərinin əsasını təşkil edirdi və bütün cəmiyyətə verilən bir mesaj idi ki, bu münasibətlər bu şəkildə öz həllini tapmalıdır.

Azərbaycan müstəqil dünyəvi dövlətdir, Konstitusiyaya görə, din dövlətdən ayrıdır, ancaq din və dövlət həmişə birdir, bir yerdədir. Belə də olmalıdır. Çünki bizim amalımız da, istəyimiz də birdir. Biz istəyirik ki, Azərbaycan daha da güclü dövlətə çevrilsin, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənsin, torpaqlarımız işğalçılardan azad edilsin və uzunmüddətli inkişafımız uğurlu olsun.

Bugünkü məclisdə şeyx həzrətlərinin fəaliyyətini mən xüsusilə qeyd etmək istəyirəm. Şeyx həzrətləri həm ölkə daxilində, həm beynəlxalq aləmdə çox böyük iş görür. Azərbaycan dindarları, Azərbaycan ictimaiyyəti bunu görür və qiymətləndirir. Mən də Prezident kimi bunu yüksək qiymətləndirirəm. Doğrudan da, şeyx həzrətlərinin çox böyük işləri bizim ölkəmizi gücləndirir. Çünki dövlət-din münasibətləri təkcə ölkə Prezidenti tərəfindən həll oluna bilməz. Burada, əlbəttə ki, dini rəhbərlər, bütün dini konfessiyaların rəhbərləri öz töhfəsini verməlidirlər və verirlər.

Şeyx həzrətləri ilə bizim şəxsi münasibətlərimiz, dostluq əlaqələri bu gün heç kəs üçün sirr deyil. Azərbaycan ictimaiyyəti də bunu görür, bilir və eyni zamanda, biz yol göstəririk. Biz yol göstəririk ki, ölkə necə inkişaf etməlidir, vətəndaş cəmiyyəti necə qurulmalıdır, azadlıqlar necə təmin edilməlidir. Şeyx həzrətlərinin Qafqazda böyük nüfuzu var. Mən Qafqaz respublikalarının rəhbərləri və dini rəhbərləri ilə keçirdiyim çoxsaylı görüşlərdə bunun şahidi olmuşam. Şeyx həzrətlərini müsəlman aləmində, MDB məkanında, qonşu dövlətlərdə yüksək qiymətləndirirlər. Bu, bizim böyük üstünlüyümüzdür. Üstünlüyümüzdür ki, Azərbaycan müsəlmanlarının rəhbəri dünya miqyasında çox böyük nüfuza malik olan şəxsiyyətdir.

Əlbəttə, gələcəkdə biz birgə fəaliyyətimizi davam etdirəcəyik. Çünki bir daha demək istəyirəm ki, bizim məqsədimiz birdir. Biz hamımız çalışırıq ki, Azərbaycanda vəziyyət daha da yaxşılaşsın, sabitlik daha da möhkəmlənsin, insanlar daha da yaxşı yaşasınlar. Biz hamımız çalışırıq və çalışacağıq ki, Azərbaycan cəmiyyətində xalqımıza xas olan dəyərlər, Azərbaycan dəyərləri daim üstünlük təşkil etsin. Dini dəyərlər isə milli- mənəvi dəyərlərimizin tərkib hissəsidir. Bizim milli və dini bayramlarımız böyük sərvətimizdir. Biz bu bayramları yaşadırıq, birlikdə qeyd edirik. Dövlət-din münasibətlərinin belə sağlam zəmində inkişafı gələcəkdə ölkəmizi daha da gücləndirəcəkdir.

Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Azərbaycan müsəlman aləmində çox böyük nüfuza və hörmətə malikdir. Bu yaxınlarda – aprel ayında İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşünün yekunları da bunu bir daha təsdiqləyir. Zirvə görüşündə Azərbaycana çox böyük dəstək verildi. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel hadisələri ilə bağlı Ermənistanın işğalçı və təcavüzkar siyasəti bütün dünya müsəlmanları tərəfindən bir daha pislənildi. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıldı və bütün müsəlman dünyası öz liderlərinin iştirakı, onların səsi ilə Azərbaycanı bir daha dəstəklədi. Bu, bizim böyük uğurumuzdur. Bu, onu göstərir ki, cəmi 25 il ərzində müstəqil dövlət, o vaxta qədər onilliklər ərzində ateist dövlətdə yaşayan bir xalq – Azərbaycan xalqı bütün müsəlman aləmində çox böyük rəğbətə, hörmətə layiqdir. Biz bunu öz əməyimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Öz dini, milli-mənəvi dəyərlərimizə sadiqlik nümayiş etdirərək qazanmışıq. Bu gün bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələri bizi dəstəkləyir, biz onları dəstəkləyirik.

Bu yaxınlarda müsəlman ölkələrinin səfirləri ilə ənənəvi olaraq Ramazan ayında görüşüm əsnasında biz bir daha bu məsələlərə toxunduq. Mən qeyd etdim ki, biz İslam həmrəyliyini gücləndirməliyik, müsəlman aləmində gedən proseslər, onların bir hissəsi bizi narahat edir. Biz istəyirik ki, müsəlman aləmində sülh bərqərar olsun, sabitlik bərpa edilsin, məzhəb əsasında münaqişələrə son qoyulsun və birlik olsun. Əgər birlik olmasa biz güclü ola bilmərik. Azərbaycan öz növbəsində, İslam həmrəyliyinin gücləndirilməsi üçün çox böyük işlər görür və biz bu işləri ardıcıl şəkildə aparırıq. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə çoxsaylı yüksək səviyyəli tədbirlər keçirilmişdir. Bakı şəhəri bir neçə il bundan əvvəl İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci ildə Naxçıvan bu şərəfli missiyanı daşıyacaqdır. Azərbaycan İslam dəyərlərini dünyada, xüsusilə Avropada təbliğ etmək üçün çox böyük işlər görür, sərgilər, təqdimatlar keçirir, bədii-musiqi proqramları təşkil edir. Azərbaycan birinci müsəlman ölkəsidir ki, Vatikanda öz sərgisini nümayiş etdirib. Əlbəttə ki, bu, bizim siyasətimizin təzahürüdür, eyni zamanda, ümumbəşəri dəyərlərə verdiyimiz töhfədir. Biz istəyirik ki, İslam aləmində birlik olsun, bütün dünyada anlaşma və qarşılıqlı hörmət daha da artsın.

Bildiyiniz kimi, Azərbaycan, eyni zamanda, Avropa Şurasının üzvüdür. Biz o təşkilatda da fəal iş aparırıq. Bizi istəməyən bəzi qüvvələrin təxribatlarına baxmayaraq, o təşkilatda da böyük hörmət qazanmışıq. Bu gün xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələr artıq Avropa Şurasında da qəbul edilir. Bu, doğrudan da nadir bir vəziyyətdir. Çünki dünyada hər iki təşkilata üzv olan ölkələrin sayı o qədər də çox deyil və hər iki təşkilatda rəğbət, dəstək qazanmaq, əlbəttə ki, bizim böyük uğurumuzdur. Biz bunu nəyin hesabına qazanmışıq? Hesab edirəm ki, səmimi siyasətimizə görə. Ona görə ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Ona görə ki, biz sözümüzü imzamız qədər qiymətləndiririk və əgər nəyisə deyiriksə, buna əməl edirik. Heç vaxt yalançı vədlər verməmişik. Heç vaxt kiminsə xoşuna gəlmək üçün hər hansı bir addım atmamışıq. Prinsipial mövqeyimizi nümayiş etdirmişik. Eyni zamanda, biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə uğur qazanmışıq.

Bu gün Azərbaycan o ölkələrdəndir ki, bütün sahələrdə çox böyük inkişaf yolu keçib, uğur qazanıb. Xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaradılır. Yaxın Şərqdə artıq bir neçə ölkə idarəedilməz vəziyyətə düşüb. Qeyd etdiyim kimi, Yaxın Şərqdə, əfsuslar olsun ki, müharibələr alovlanır. Avropada miqrantlarla bağlı dərin böhran yaşanır. Bu, eyni zamanda, dəyərlər böhranıdır. İstər-istəməz miqrantlar böhranı Avropada islamofobiya meyillərini gücləndirir. Bu, həm müsəlmanlar, həm Avropa üçün çox böyük təhlükədir. Belə bir vəziyyətdə Azərbaycan öz yolu ilə gedir. Əslində, bizim siyasətimizdə heç bir dəyişiklik olmamışdır. Sadəcə olaraq, biz həmişə çalışmışıq ki, ölkəmizi mümkün olan bütün risklərdən, mənfi kənar təsirdən qoruyaq və buna müvəffəq olmuşuq.

İndiki şəraitdə, dünyada gedən çox ağır proseslər şəraitində, əlbəttə ki, Azərbaycan nümunəsi özünü daha da gözəl şəkildə büruzə verir. Deməli, mümkündür ki, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşasınlar. Mümkündür ki, multikulturalizm meyilləri güclənsin. Mümkündür ki, bir ölkədə dini, milli zəmində heç vaxt qarşıdurma olmasın. Nəinki qarşıdurma, heç anlaşılmazlıq da heç vaxt olmayıb və əminəm ki, olmayacaq. Yəni, bu gün Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir. Ona görə yox ki, biz kiməsə nəyisə sübut etmək istəyirik. Sadəcə olaraq, bizim həyat tərzimiz belədir. Bizim siyasətimiz bundan ibarətdir. Getdikcə Azərbaycanı dünyada daha da çox tanıyırlar. Tanıdıqca da görürlər ki, bu gün dünyada, bu coğrafiyada müasir, öz gücünə güvənən, ayaqda möhkəm dayanan, prinsipial siyasət aparan, bütün azadlıqları, bütün dinlərin birgə yaşamasını təmin edən bir ölkə var. Ona görə, əlbəttə ki, bizim təcrübəmiz öyrənilir. Bizi istəyən, dəstəkləyən ölkələr, qüvvələr bizi daha da dəstəkləyirlər, bizi istəməyənlər daha da məyus olurlar. Çünki bədxahlar, antiazərbaycan qüvvələr nə qədər çalışsalar da bizim siyasətimizə, iradəmizə, uğurlu inkişafımıza təsir edə bilməyiblər.

Bu gün Azərbaycan dünya miqyasında nadir rol oynayan bir ölkədir. Mən bunu tam məsuliyyətlə deyirəm. Yəni, bunu özümüzü tərifləmək üçün demirəm. Bu, reallıqdır. Çünki hər şey müqayisədə müəyyən olunur və bu gün müqayisə aparmaq üçün bizim kifayət qədər imkanlarımız var. Biz dünyanın hər bir yerində baş verən hadisələri görürük, izləyirik. Bu fonda Azərbaycanın uğurlu, hərtərəfli inkişafı, əlbəttə ki, daha da böyük rəğbət qazanır.  

Azərbaycanda həyata keçirilən islahatlar, aparılan siyasət, əlbəttə ki, bizə diqqəti daha da çox cəlb edir və bu, müsbət haldır. Mən hesab edirəm ki, dünya bizi daha da yaxşı tanımalıdır. Özümüzü tanıtmaq üçün biz, əlbəttə ki, təşəbbüslər irəli sürürük. Artıq bir neçə ildir ki, Azərbaycan dünya ictimaiyyətinin diqqətini çəkən tədbirlər keçirir. Bu tədbirlər həm qitə, həm dünya miqyaslı tədbirlərdir. Bu gün dünyanın ən mötəbər idman yarışlarından biri olan “Formula-1” Bakı küçələrində keçirilir. Bu yarışın auditoriyası dünyada yarım milyard insandır. Bu yarım milyard insan görəcək ki, dünyada belə bir gözəl ölkə, gözəl memarlıq abidələri olan, səliqəli, müasir bir şəhər var – Bakı şəhəri.

Əlbəttə bu, bizim gücümüzü artıracaq. Çünki bizə qarşı aparılan qarayaxma, təxribat kampaniyalarının hamısını alt-üst edir. Azərbaycana, Bakıya gələn on minlərlə turist bizim reallıqlarımızı öz gözü ilə görəcək. Görəcək və haqqımızda yazılan o çirkin məqalələrə daha fikir verməyəcək. Elə bir hal olmayıb ki, ilk dəfə Azərbaycana gələn insan təəccüb etməsin. Bu təəccüb nədən yaranır? Ölkəmizə gəlməzdən əvvəl yəqin ki, o müxtəlif çirkin yazıları oxuyurdular. Gəlib görəndə insanlar azad, rahat, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, əlbəttə, onların birinci reaksiyası təəccüb, ikincisi isə sual idi ki, siz buna necə nail ola bilmisiniz. Biz buna öz siyasətimizlə nail ola bilmişik. Çünki düşünülmüş siyasət aparırıq. Öz gücümüzə arxalanırıq, Azərbaycan xalqımızın iradəsi ilə idarə olunur. Əlbəttə ki, bizim bütün uğurlarımızın təməlində vətəndaş birliyidir. Vətəndaş birliyi millətlərarası, dinlərarası birlik olmadan mümkün deyil, xüsusilə, çoxmillətli və çoxkonfessiyalı ölkələrdə. Biz fəxr edirik ki, çoxmillətli ölkəyik. Biz fəxr edirik ki, Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri rahat yaşayırlar. Onlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır. Onlar həm ölkə daxilində, həm xaricdə ölkəmizin inkişafına çox böyük töhfələr verirlər. Bizim pravoslav rus icmamız  pravoslav rus aləmində Azərbaycanla bağlı həqiqətləri çatdırır, təbliğ edir, izah edir. Bizim yəhudi icmamız bütün dünyada, Avropada, Amerikada, bütün digər ölkələrdə Azərbaycanla bağlı həqiqətləri çatdırır. Bizi xaricdə ən çox dəstəkləyən yəhudi təşkilatlarıdır. Nəyə görə? Çünki birincisi, onların böyük əksəriyyəti Azərbaycandan köçüb gediblər. İkincisi, heç vaxt Azərbaycanla əlaqələri itirməyiblər. Üçüncüsü, onlar bilirlər ki, burada  yəhudilər və bütün başqa xalqlar rahat yaşayırlar. Azərbaycanda heç vaxt ksenofobiya, antisemitizm olmayıb və olmayacaq da. Bizim siyasətimiz bundan ibarətdir. Bu, bizim birliyimizi daha da gücləndirir. Biz bütün bayramları bir yerdə qeyd edirik. Şeyx həzrətləri qeyd etdiyi kimi, İmamzadə hər bir müsəlman üçün müqəddəs yerdir. Biz hamımız, bax burada əyləşənlər nəinki orada iştirak etmişik, çıxış etmişik. Mən oraya ölkəmizin hər bir rayonundan nümayəndələr dəvət etmişdim ki, onlar gəlsinlər, o müqəddəs yerin bərpasından sonra açılışında iştirak etsinlər və bizim sözlərimizi eşitsinlər. Orada, müqəddəs yerdə bizim çıxışlarımız artıq bir siqnaldır, cəmiyyətə ünvanlanan bir siqnal. Bax, belə olmalıdır. Ayrı-seçkiliyə, ekstremizmə yol vermək olmaz. Biz ancaq birlikdə ölkəmizi gücləndirə bilərik, ancaq birlikdə xoşbəxt gələcəyə nail ola bilərik. Bizim üçün bu, həm həyat tərzidir, həm dövlət siyasətidir. Bu siyasət Azərbaycan xalqı tərəfindən bəyənilir, dəstəklənir.

Bu gün bu iftar mərasimində səslənən fikirlər çox dəyərli fikirlərdir. Bu mənalı və dəyərli fikirlər bizim birliyimizi daha da möhkəmləndirir. Ona görə biz gələcəyimizi bu müsbət nəticələr əsasında qururuq və uğurla qururuq. Keçən il və bu il ölkəmiz üçün sınaq ili olmuşdur. Çünki dünya iqtisadiyyatı hələ ki, böhran içindədir. Neftin qiyməti üç-dörd dəfə aşağı düşmüşdür. Ona görə, əlbəttə ki, bu, bizim üçün böyük bir sınaq idi. Ancaq biz bu sınaqdan şərəflə çıxırıq. Biz bu müddət ərzində görürük ki, cəmiyyət daha da sıx birləşib, həmrəylik daha da artıb. Bizim siyasətimizə daha da böyük dəstək görürük. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır, gücləndirir və yeni işlər görməyə sövq edir. 2016-cı il iqtisadi sabitləşmə ili kimi tarixdə qalacaq. Gələn ildən isə bizim uğurlu iqtisadi inkişafımız davam edəcəkdir.

Bizim ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində də Azərbaycanda yaşayan bütün millətlərin, konfessiyaların nümayəndələri bir nöqtəyə vurur. Yəni, bu, bizim ümummilli məsələmizdir. Hər bir Azərbaycan vətəndaşı hər gün çalışmalıdır və əminəm, çalışır ki, bu məsələ tezliklə öz həllini tapsın. Azərbaycan ərazisinin bir hissəsi uzun illərdir ki, işğal altındadır, torpaqlarımız zəbt edilib. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarına görə, işğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb. Bizim tarixi binalarımız, qəbirlər, məscidlər ermənilər tərəfindən dağıdılıbdır. Bu, misli görünməmiş vəhşilikdir. Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi yerləşir. Heç kim ona toxunmur, əksinə, təmir olunubdur. Azərbaycanda kilsələr, sinaqoqlar, məscidlər tikilir. Bax, fərq bundan ibarətdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Tarixi ədalət də bizim tərəfimizdədir. Son vaxtlar bu məsələ ilə məşğul olan vasitəçilər, onların rəhbər şəxsləri qeyd edirlər ki, məsələ tezliklə həll olunmalıdır, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bunu müsbət qarşılayırıq. Ancaq belə bəyanatlar əvvəllər də verilmişdir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq neçə ildir ki, bəyanatlar verilir, amma bəyanatlardan sonra heç bir addım atılmır. Vaxt gəlib çatıb ki, konkret addımlar atılmalıdır. İşğalçıya çox ciddi təzyiqlər göstərilməlidir ki, bu məsələ sülh yolu ilə öz həllini tapsın. Biz bunun tərəfdarıyıq. Həmişə bunun tərəfdarı olmuşuq.

Ancaq bununla bərabər, heç kəs üçün sirr deyil ki, bu gün regionda və xüsusilə Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti kəskin dəyişilib. Azərbaycan hər bir sahədə böyük üstünlüyə nail olub və bu üstünlüyü əldən verməyəcək. Ermənistan ilə Azərbaycan arasında bütün sahələrdə fərq daha da böyüyəcək. Çünki biz inkişaf yolu ilə gedirik. Bizim gələcəyə çox dəqiq və aydın baxışlarımız, proqramlarımız var. Ermənistan isə xarici ianə, dəstək olmasa yaşaya bilməz. Bunu artıq onların iqtisadi vəziyyəti göstərir. Bunu aprel hadisələri göstərir. Ona görə biz gücümüzü bilirik və öz gücümüzə arxalanırıq. Mən bunu qeyd etmişəm, o cümlədən hərbi gücümüzü bilirik və aprel ayında döyüşlər zamanı hərbi potensialımızın ancaq kiçik bir hissəsi nümayiş etdirildi.

Mən hesab edirəm ki, bu, Ermənistan rəhbərliyi üçün yaxşı bir dərs oldu. Eyni zamanda, vasitəçilərə də, dünya ictimaiyyətinə də siqnal oldu ki, bu, dondurulmuş münaqişə deyil. Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər.

May ayında Vyanada görüş keçirildi. Gələn həftə Rusiyada, Sankt-Peterburq şəhərində görüş keçiriləcək. Bizim ümidlərimiz var ki, bu məsələ sülh yolu ilə öz həllini tapa bilər və tapmalıdır. Buna nail olmaq üçün Ermənistan öz işğalçı siyasətindən əl çəkməlidir və bizim torpaqlarımızdan çıxmalıdır.

Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan cəmiyyətində fikir birliyi var. Aprel hadisələri xalqımızı daha da birləşdirdi. Azərbaycan xalqı dövlətə, ordumuza çox böyük dəstək göstərdi. Bu, xalqımızın mətinliyini, səviyyəsini göstərir.

Əminəm ki, biz bütün başqa sahələrdə də inkişaf yolu ilə gedəcəyik, getməliyik. Biz ölkəmizi inamla idarə edirik. Bir daha demək istəyirəm ki, iqtisadi və əlbəttə, enerji məsələləri həll olunur. Amma bizim əsas güc mənbəyimiz birliyimizdir. Bu gün bu salonda əyləşən insanlar Azərbaycan dövlətinin, xalqının birliyini nümayiş etdirirlər.

Hörmətli şeyx həzrətləri, mən bir daha sizə öz hörmətimi ifadə etmək istəyirəm. Minnətdarlığımı bildirmək istəyirəm ki, siz ənənəvi olaraq bizi iftar süfrəsinə dəvət etmisiniz. Burada əyləşənlərə yeni uğurlar, Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq, inkişaf arzulayıram. Sağ olun.

 

*  *  *

 

Şeyxülislam Allahşükür PAŞAZADƏ dedi:

– Zati-aliləri, etimadınıza, mənim haqqımda, dindarlar barədə dediyiniz xoş sözlərə görə Sizə təşəkkürümü bildirirəm. İnşallah, Allah-Taala gələcəkdə də bu cür görüşləri bizə nəsib edəcək. Allah-Taala bütün oruc tutanların, namaz qılanların, ibadət edənlərin ibadətlərini, namazlarını qəbul etsin. Allah-Taala şəhidlərimizə rəhmət eləsin. İnşallah, torpaqlarımız Sizin rəhbərliyinizlə tezliklə azad olsun.

Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm.

 

*  *  *

 

Sonra iftar süfrəsi açıldı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında