Berlində Azərbaycan-Almaniya İqtisadi Forumu keçirilib

Xəbər verdiyimiz kimi, iyunun 7-də Berlində, Almaniyanın İqtisadiyyat və Enerji Nazirliyində Azərbaycan-Almaniya İqtisadi Forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılışında iştirak edib.

Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar QABRİEL Azərbaycan Prezidenti İlham Əliyevi salamladı və bu Forumun keçirilməsindən məmnun olduğunu bildirərək dedi:

 

– Azərbaycan-Almaniya-2016 İqtisadi Forumuna xoş gəlmisiniz!

Cənab Prezident, hörmətli nazir, xoş gəlmisiniz!

Cənab Prezident, Sizi İqtisadiyyat və Enerji Nazirliyində görmək bizim üçün şərəfdir. Bir neçə dəqiqə əvvəl Siz dediniz ki, bu bina Sizi heyran edib. Bu bina əvvəllər hərbi həkimlər üçün təlim akademiyası olub. Bu, Böyük Fridrixin dövründə idi. Bu gün artıq burada insanları müalicə etmirik, onun əvəzinə dünyadakı mümkün qədər çox insana faydalı olacaq iqtisadi siyasət hazırlamağa çalışırıq.

Bu gün burada Azərbaycan-Almaniya İqtisadi Forumunun keçirilməsi bizim üçün qürurvericidir. Bir neçə gün sonra milyonlarla avtoyarış həvəskarı nəzərlərini Azərbaycana yönəldəcək – ölkəniz ilk dəfə “Formula-1” yarışı keçirəcək. Əminəm ki, Bakı diqqət mərkəzində olacaq. Bir çox almaniyalının bilmədiyi bir məqam var ki, o da yarış yolunun alman mühəndis tərəfindən hazırlanmasıdır. O yarış yolunu tərtib edərkən televiziyadan yarışı izləyənlərin Bakı mənzərəsini mümkün qədər çox görməsinə xüsusi diqqət yetirib. Bu, çox möhtəşəm bir məsələdir.

Əlbəttə, ölkələrimiz uzunmüddətli ikitərəfli əlaqələr ənənəsi yarada bilər. Yüz il əvvəl dünyanın ən uzun boru kəməri tikilib. O vaxt alman şirkəti “Mannesmann”ın borularından istifadə olunmuşdu.

O zamanlar Bakının ətrafındakı sahələr dünyada neft çıxarılan ən böyük ərazi idi. Biz bunu birlikdə inşa etdik. Əlbəttə, bu, hamısı deyil. Xəzər hövzəsindən nefti Avropaya gətirən yeni boru kəmərləri var. Bu, bizim enerji təchizatımıza çox yaxşı bir əlavədir, bizə şaxələndirmə imkanı verir.

2020-ci ildə Avropa İttifaqının ölkələri Xəzər dənizinin qazını əldə etmək üçün “Cənub Qaz Dəhlizi”ndən istifadə edə biləcək. Bu nəhəng layihənin icrası bir qədər əvvəl – mayın 17-də başladı. “Siemens” və “Salskitta” kimi alman şirkətlərinin bu layihədə iştirakı bizi sevindirir.

Xanımlar və cənablar, Azərbaycan davamlı tərəqqi edən bir ölkədir. Onun inkişafı bəzən ikirəqəmli ədədlərlə ifadə olunur. 2006-cı ildə Siz dünyada ən sürətli inkişaf edən iqtisadiyyata malik idiniz. Cənab Prezident, əlbəttə, xammal qiymətlərinin kəskin düşməsi Sizin ölkəniz üçün böyük çağırışdır. İqtisadiyyatınızın xammaldan asılılığını azaltmaq üçün səyləriniz təqdirəlayiqdir. Siz iqtisadiyyatı müasirləşdirməyə, şaxələndirməyə çalışırsınız, əsas sektorlara, xüsusilə sənayeyə daha çox diqqət yetirirsiniz.

Biz Almaniyada iqtisadiyyatda uğurlar əldə etmək üçün araşdırma və inkişafın ən əhəmiyyətli amil olduğunu bilirik. Alman şirkətləri bu istiqamətdə güclü tərəfdaşlardır, xüsusilə, enerji səmərəliliyi, yenilənən enerji sahələrində öndə olan alman şirkətləri. Federal Hökumət alman şirkətlərinin xarici ticarət təşviqini bir çox üsullarla dəstəkləyir. Buna ixracat zəmanətləri, almanlar üçün investisiya zəmanətləri, birbaşa investisiyalar daxildir. Xaricdə sərgilərdə iştirak edən şirkətləri dəstəkləyirik, faktaraşdırma missiyaları təşkil edirik və menecer təlim proqramımız var. Bu üsullar 2012-dən bəri Bakıdakı Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən dəstəklənir. Diplomatik qurumlarımıza daxil olmasa da, iqtisadi nümayəndəliyə yaxın qurumumuz var. Bu, hökumətin bir hissəsi deyil. Onlar özəl sektorun əsl nümayəndələridir. Nazirliyimizin köhnə əməkdaşlarından biri indi Dünya Ticarət Təşkilatının üst qrupunun sədridir.

Xanımlar və cənablar, bilirik ki, bu, ancaq iqtisadiyyatla əlaqəli deyil. Ölkənizdə müsbət inkişafa mane olan böyük təhlükə var. Bu, Dağlıq Qarabağ münaqişəsidir. Bu hadisələri böyük narahatlıqla izləyirik. Atəşkəsin sabitləşməsi və danışıqların yenidən başlaması üçün bütün tərəflərə müraciət etmişik. Həmkarım, eyni zamanda, ATƏT Komitəsinə həmsədrlik edən federal nazir Frank-Valter Ştaynmayer bu danışıqları dəstəkləmək üçün səylərini əsirgəmir.

Cənab Prezident, Siz mayın 16-da Vyanada erməni həmkarınızla görüşdünüz. Bütün dünya bu görüşdən nikbinlik qazandı. Bu münaqişəni sona çatdırmaqda Sizi dəstəkləmək istəyirik. Bilirik ki, Dağlıq Qarabağ münaqişəsi ölkənizin üzləşdiyi çağırışlardan biridir. Hökumətlər, investorlar və şirkətlər əmindirlər ki, inkişaf  təhlükəsizlik və sabitlik olan yerdə mümkündür. Qanunun aliliyi, insan hüquqlarının qorunması da sabitlik yaradan amillərdir. Ümidvarıq ki, Siz Almaniya ilə ölkəniz arasında güclü əlaqələr yaradacaqsınız və Sizə güclü tərəfdaşlıq təklif edirik. Azərbaycan-Almaniya əlaqələrini davam etdirmək niyyətindəyik. Ümid edirik ki, Sizin səfəriniz və bu forum əlaqələrimizə töhfə verəcək. Almaniyaya, İqtisadiyyat və Energetika Nazirliyinə xoş gəlmisiniz.

 

*  *  *

 

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında çıxış etdi.

 

Prezident İlham Əliyevin çıxışı

 

– Cənab vitse-kansler!

Xanımlar və cənablar!

İlk növbədə bu gün bizimlə birlikdə olduğunuza görə sizə təşəkkür etmək istərdim. Cənab vitse-kanslerin dediyi kimi, bu bina məndə böyük təəssürat yaratdı. Lakin təkcə bu bina deyil, həm də auditoriya məndə böyük təəssürat yaratdı. Bu, onu göstərir ki, bizim ölkələrimizin biznes dairələri arasında bizneslə məşğul olmağa, əməkdaşlığımızı genişləndirməyə böyük maraq var. Əminəm ki, Biznes Forumun nəticələri ölkələrimiz və şirkətlərimiz arasında daha çox əməkdaşlığa yol açacaq.

Almaniya və Azərbaycan yaxşı tərəfdaşlardır. Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bizim aramızda çox fəal siyasi dialoq mövcuddur. Mən ötən il Almaniyaya səfər etmişəm, indi də səfərdəyəm. Bu, onu göstərir ki, bizim aramızda iqtisadi əlaqələrin də inkişafı üçün vacib olan çox fəal siyasi əlaqələr var. Sabitlik və təhlükəsizlik digər ölkələr kimi, bizim iqtisadiyyatımız və ölkəmizin gələcək inkişafı üçün ən vacib məsələlərdən biridir. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi əldə olunandan bəri biz sülh şəraitində yaşayırıq. Lakin bu sülh kövrəkdir və təmas xəttindəki son hadisələr göstərir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə dondurulmuş deyil və bu münaqişə həll olunmalıdır.

Aprelin əvvəlində Ermənistan Azərbaycana qarşı hərbi təxribat törətdi. Biz cavab verməli, mülki əhalimizi, şəhərlərimizi, kəndlərimizi və hərbi mövqelərimizi müdafiə etməli olduq. Apreldəki toqquşmaların nəticələri göstərdi ki, Ermənistan artıq vəziyyətə nəzarət etmək və status-kvonu dəyişməz saxlamaq iqtidarında deyil. Status-kvo mümkün qədər tez bir zamanda dəyişdirilməlidir. ATƏT-in Minsk qrupu bu məsələ ilə məşğul olur. Minsk qrupuna həmsədrlik edən ölkələrin - ABŞ, Fransa və Rusiyanın prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə açıq bəyanat yayıblar. ATƏT-in sədri kimi Almaniya da bu bəyanatla çıxış edib. Nazir Ştaynmayer status-kvonun dəyişdirilməli olduğunu çox açıq şəkildə bəyan edib. Bu, nə deməkdir? Status-kvonun dəyişdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad olunmasının başlanması deməkdir. Azərbaycanın torpağı olan Dağlıq Qarabağ və digər 7 rayon 20 ildən artıqdır ki, işğal edilib. Hər şey dağıdılıb, biz etnik təmizlənməyə məruz qalmışıq, bütün azərbaycanlılar o ərazilərdən qovulub, torpaqlarımızın təxminən 20 faizi işğal altındadır, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib.

İndi biz bir çox Avropa ölkələrində miqrantlarla bağlı böyük narahatlığın şahidi oluruq. Siz təsəvvür edə bilərsinizmi ki, müstəqilliyimizin ilk illərində, biz yoxsul, qeyri-mütəşəkkil olanda, inkişaf üçün heç bir vəsaitimiz olmayanda belə humanitar fəlakətlə üzləşmişdik. Həmin dövrdə sayı 8 milyon olan əhalinin bir milyonu evsizə çevrilmişdi. Beynəlxalq təşkilatlar miqrant məsələsi ilə məşğul olur, biz bunu dəstəkləyir və qiymətləndiririk.

BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin onlara əməl edilmir və əməlolunma mexanizmi yoxdur. Təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyinə görə Ermənistana sanksiyalar tətbiq olunmur. Biz burada ikili standartlar siyasəti ilə üzləşirik. Çünki bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır. Başqa sözlə, münaqişənin Helsinki Yekun Aktı, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həlli Cənubi Qafqaz regionunun sabitliyinə, proqnozlaşdırıla bilməsinə və iqtisadi inkişafına xidmət edəcək. Bu ağır yükə baxmayaraq, Azərbaycan uğurlu inkişafa nail oldu. Bu il 25 illiyini qeyd edəcəyimiz müstəqillik onu göstərir ki, biz öz dəyərlərimiz, baxışımız, ənənələrimiz və güclü, müstəqil, suveren dövlət yaratmaqla bağlı planlarımıza əsasən yaşaya bilirik. Bu illər transformasiya - siyasi və iqtisadi transformasiya illəri oldu.

Biz siyasi və iqtisadi islahatlar siyasəti həyata keçiririk. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən media azadlığı təmin olunur. Bizdə internet azaddır, senzura yoxdur. Ölkə əhalisinin 75 faizdən çoxu internet istifadəçisidir, azad siyasi fəaliyyət, sərbəst toplaşma və din azadlığı. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşayışına yaxşı nümunədir.

Əlbəttə ki, iqtisadi transformasiya. İqtisadi müstəqillik olmadan biz siyasi müstəqilliyə nail ola bilməzdik. Əgər biz başqa ölkələrdən asılı olsaydıq və iqtisadi cəhətdən müstəqil olmasaydıq, müstəqil siyasət həyata keçirmək üçün imkanlarımız çox məhdud olardı. Bu səbəbdən də biz Azərbaycanın inkişafına böyük sərmayə yatırdıq. Biz Ermənistanla atəşkəs dövründən ölkəni inkişaf etdirmək üçün istifadə etdik və düşünürəm ki, çox yaxşı nəticələr əldə etdik. Hazırda Azərbaycan müasir, inkişaf edən, iqtisadi cəhətdən müstəqil, iqtisadiyyatı şaxələndirilmiş, qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə rəhbərlik edən və dünyada çox yaxşı nüfuza malik bir ölkədir.

BMT-nin üzvü olan 155 ölkə bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçdi. Bu, bizim etdiklərimizə verilən beynəlxalq dəstək və qiymətləndirmədir. Son 10-12 ildə əsasən neft hasilatının artması hesabına, - lakin təkcə buna görə yox, - iqtisadiyyatımız sürətlə inkişaf etdi. 2004-cü ildən bəri Azərbaycanda iqtisadiyyat 300 faiz artıb. Biz yoxsulluq və işsizlik səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa nail olmuşuq. Hazırda hər iki göstərici 5 faizə yaxındır. Neft satışından əldə olunan gəlirləri qeyri-neft sektoruna yatırmağa başladığımızdan iqtisadiyyatımızın rəqabətliliyi artıb. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə görə dünyada 40-cı yerdədir.

Əlbəttə ki, enerji sektorunun inkişafı və enerji amili bizim üçün, həm də təkcə bizim üçün deyil, digər ölkələr üçün də vacibdir. 1994-cü ildən Azərbaycan nəhəng enerji layihələri - ilk növbədə Azərbaycanı Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərlərinin tikintisini həyata keçirir. Hazırda bəzi Avropa ölkələri enerji balanslarındakı neftin təxminən 30 faizini Azərbaycandan alırlar. 2012-ci ildən biz qonşu ölkələrə və Avropaya qaz kəmərinin tikintisi layihəsini həyata keçiririk. Artıq bizim Gürcüstan, Türkiyə, Rusiya və İran kimi qonşu ölkələrə qaz ixrac etməyə imkan verən bir neçə kəmərimiz var. Biz hər dörd istiqamətdə təbii qaz ixrac edirik. Hazırda biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçiririk. Bu, 2012-ci ildə Azərbaycan və Türkiyənin Trans-Anadolu kəmərinin tikintisinə dair Sazişin imzalanması ilə başladı. O vaxtdan bir çox başqa layihələrə, o cümlədən cənab vitse-kanslerin qeyd etdiyi layihəyə start verilib. “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan Trans-Adriatik kəmərinin tikintisinə bu ilin mayında başlanılıb. “Cənub Qaz Dəhlizi” layihəsi dörd layihədən ibarətdir - dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz”dən qazın hasil olunması, Azərbaycanı Gürcüstan və Türkiyə ilə birləşdirən kəmərin tikintisi, sonra Türkiyənin şərq sərhədindən qərb sərhədinə kəmər - bu, TANAP adlanır və Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya kəmər - bu, TAP - Trans-Adriatik kəmər adlanır.

 Bütün bu layihələr tərəfdaşlarımızla razılaşdırılmış şəkildə həyata keçirilir. Bu layihələrdə yeddi ölkə iştirak edir, onlardan üçü Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası bizim təşəbbüslərə güclü dəstək verir. Ötən il və bu il biz Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarını keçirmişik. Orada Azərbaycanın aparıcı rolu yüksək qiymətləndirilib. Planlarımıza əsasən Azərbaycan və Türkiyəni birləşdirən kəmər iki ilə istismara veriləcək və 2020-ci ilədək Azərbaycan qazı ilk dəfə olaraq Avropa bazarlarına çıxarılacaq. Bizim üçün bu, təchizat marşrutlarını şaxələndirmək imkanıdır. Tranzit ölkələr üçün bu, pul qazanmaq və tikintiyə və sonra layihənin texniki təminatına minlərlə insanı cəlb etmək imkanıdır, istehlakçılar üçün isə alternativ enerji mənbəyidir. Layihəmizin üstünlüyü ondadır ki, bu, təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsidir. Bu, daha vacibdir.

Bizim böyük qaz ehtiyatlarımız var. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Əminəm ki, vaxt keçdikcə yeni kəşfiyyat layihələri ilə biz mütləq bu göstəriciləri daha da artıracağıq. Lakin enerji amili bizim üçün artıq prioritet deyil. Biz iqtisadiyyatı şaxələndirməklə əsas diqqəti qeyri-enerji sektoruna cəmləşdirmişik. Bu gün enerji amili ümumi daxili məhsulda cəmi 30 faizdən bir qədər artıq, gəlirlərimizdə yarıdan aşağıdır. Lakin bir nömrəli məsələ ixrac potensialımızın şaxələndirilməsidir və biz şəffaflıq, düzgün idarəetmə, ixracın stimullaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı mühüm iqtisadi islahatların həyata keçirilməsini davam etdirmək üçün beynəlxalq maliyyə institutları ilə sıx şəkildə işləyirik.

1995-ci ildən bəri Azərbaycana 200 milyard dollar investisiya yatırılıb, bunun yarısı xarici investisiyalardır. Bizim hazırda prioritet hesab etdiyimiz sahələr arasında kənd təsərrüfatı birinci yerdədir. Çünki əhalinin demək olar ki, yarısı kənd yerlərində yaşayır və bunun üçün yaxşı iqlim şəraiti mövcuddur. Yüksək texnologiyalar - İKT sektoru kifayət qədər inkişaf edib. Azərbaycan kosmik sənayesi olan ölkəyə çevrilib, iki peyki orbitə buraxıb və bu proses davam etdiriləcək.

Nəqliyyat sahəsində. Biz coğrafi mövqeyimizdən istifadə edərək qitələri birləşdirən çox güclü logistik və nəqliyyat infrastrukturu yaratmışıq. Məsələn, İpək Yolunun bərpası ilə bağlı layihəyə 2007-ci ildə - biz Türkiyə və Gürcüstan ilə birgə üç ölkə arasında Asiya və Avropanı birləşdirən dəmir yolunun tikintisinə başlamağımızla start verildi. Beləliklə, indi bu layihə demək olar ki, hazırdır və ümidvaram, bu ilin sonunadək bu marşrut açılacaq.

Artıq Azərbaycan ərazisi ilə Çindən Avropaya ilk sınaq konteyner qatarları keçib. Bu, Asiyadan Avropaya və əks istiqamətdə ən qısa yol olacaq. Ümidvaram ki, alman şirkətləri bu ilin sonunadək reallaşacaq bu imkandan yararlanacaqlar. Eyni zamanda, Xəzər dənizində Bakıya yaxın yerdə ən böyük dəniz limanının tikintisi və yenə də Azərbaycan ərazisindən istifadə etməklə Cənubdan Şimala daha bir dəhlizin yaradılması layihələri ilə Azərbaycan nəqliyyat nöqteyi-nəzərindən regionun coğrafi və logistik mərkəzinə çevriləcək. Bu, nəinki iqtisadi cəhətdən faydalı olacaq, həm də əməkdaşlığı və qarşılıqlı əlaqələri gücləndirəcək. Əgər biz sabit vəziyyət yaratmaq istəyiriksə, - düşünürəm ki, regionun bütün ölkələri bunu etmək istəyir, - bizim regionda fəal beynəlxalq əməkdaşlığa ehtiyacımız var və ən yaxşı yol qarşılıqlı əlaqələrdir.

Enerji layihələri bizim hamımızı bir-birimizdən asılı edir. Biz bazarlardan asılıyıq, bazarlar təchizatdan asılıdır. Nəqliyyatla bağlı vəziyyət də eynidir. Bu, ölkələr arasında proqnozlaşdırılmanı və əməkdaşlığı artıracaq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də daha sürətlə inkişaf edəcək.

Bu gün bizim aramızda yaxşı əməkdaşlıq mövcuddur. Azərbaycan Avropa İttifaqına üzv olan 8 ölkə ilə strateji tərəfdaşlıqla bağlı sənədləri imzalayıb və ya qəbul edib. Bu, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının ümumi formatı üçün yaxşı əsasdır.

Turizm potensialı əməkdaşlıq sahələrindən biridir. Cənab vitse-kanslerin dediyi kimi, iki həftədən az müddətdə başlayacaq “Formula-1” ölkəmizə böyük diqqət cəlb edəcək. Beş yüz milyon insan bu yarışı izləyəcək və bu, şəhər halqası olduğundan onlar təkcə stadion və avtomobilləri deyil, inkişaf etmiş Bakı şəhərini görəcəklər. Ümid edirəm ki, hətta yarışı izləyənlərin cəmi 1 faizi Bakıya gəlsə, bu, bizim turizm sənayesi üçün böyük əhəmiyyət kəsb edəcək. Turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var - əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və çoxlu tarixi abidələr. Turistləri cəlb etmək üçün yeganə ehtiyacımız olan şərt bunu dünyaya, Avropaya təqdim etməkdir. Düşünürəm ki, “Formula-1” bunu etmək üçün ən yaxşı yoldur.

Ötən il biz Bakıda Olimpiya Hərəkatının tarixində ilk dəfə olaraq birinci Avropa Oyunlarına ev sahibliyi etdik. Oyunlar çox uğurlu oldu. 2017-ci ildə biz IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Bu, onu göstərir ki, Azərbaycan İslam mədəniyyətinin bir hissəsi olan və eyni zamanda, Avropa təsisatları və ölkələrinə yaxından inteqrasiya etmiş bir ölkədir.

Mən şadam ki, Azərbaycanda 169 alman şirkəti fəaliyyət göstərir. Əlbəttə ki, mən ölkəmizdə daha çox alman şirkətinin fəaliyyət göstərməsini istəyirəm. Onlar podratçı olaraq Azərbaycanın inkişafı üçün çox əhəmiyyətli layihələr həyata keçirirlər. Əlbəttə ki, Azərbaycandakı yaxşı investisiya mühitini və siyasi mühiti nəzərə alaraq, biz onları həm də investor kimi görmək istəyirik. Düşünürəm ki, mənim qeyd etdiyim sahələr ən cəlbedici olacaq. Yeri gəlmişkən, “Cənub Qaz Dəhlizi” layihəsinin dəyəri 45 milyard dollardır və məndə olan məlumata görə, bu məbləğin dörddəbiri ilə bağlı müqavilələr bağlanıb. Almaniyanın mühəndislik, tikinti və avadanlıq istehsal edən şirkətlərinin burada iştirakı üçün böyük potensial var. Nəqliyyat, yüksək texnologiyalar, kosmik sənaye, turizm, təhsil - bütün bu sahələr bizim üçün prioritetdir və ümidvaram ki, bu Forumun nəticələri ölkələrimiz arasında təkcə iqtisadi sahədə deyil, həyatımızın digər bütün sahələrində əməkdaşlığın genişlənməsinə yol açacaq.

Almaniya dünyanın və Avropanın aparıcı ölkələrindən biridir. Əlbəttə ki, biz sizin ölkənizlə daha sıx əməkdaşlıq etmək istəyirik və bugünkü auditoriyanı nəzərə alaraq mən sizin tərəfinizdən də eyni yanaşmanı görə bilirəm. Foruma uğurlar arzulayıram və biz yaxşı nəticələr gözləyirik. Təşəkkür edirəm. 

Şərqi Avropa İqtisadi Əlaqələr Komitəsinin idarə heyətinin üzvü Manfred QRUNKE çıxış edərək dedi:

- Cənab Prezident Əliyev!

Xanımlar və cənablar!

Şərqi Avropa İqtisadi Əlaqələr Komitəsi adından Sizi salamlamaq mənim üçün şərəfdir.

Son illərin maliyyə çətinlikləri müəyyən mənada bütün Şərqi Avropa ölkələrinə təsir edib. Ölkələrə təsir edən sadəcə maliyyə nəticələri deyildi. Bu, həm də ölkələr arasında ticari əlaqələrə mənfi təsir göstərdi. Ümidvaram ki, Azərbaycan bütün bunlara baxmayaraq çıxdığı islahatlar yoluna davam edəcək və investisiya mühitini yaxşılaşdıracaq. Eyni zamanda, Azərbaycan, əlbəttə, qonşuları və dünya bazarı ilə yaxından əlaqədədir. Azərbaycandakı inkişaf qonşu ölkələr və dünya bazarı ilə əlaqədə davam edəcək. Neftin qiymətlərinin kəskin düşməsi Azərbaycana da təsir etdi. Azərbaycan Almaniyanın Cənubi Qafqazdakı ən vacib ticarət tərəfdaşıdır. Ötən il Almaniya və Cənubi Qafqaz ölkələri arasındakı ticarətin 80 faizdən çoxu Azərbaycanın payına düşürdü. Keçən il mal dövriyyəsi ümumiyyətlə 2,9 milyard avro təşkil edirdi. Təəssüf ki, bu rəqəm 2014-cü ilin göstəricisindən 10 faiz azdır. Almaniyanın ixracatı 12 faizdən çox, idxalatı isə 9 faiz azaldı.

Böhranlar dəyişikliklər vaxtıdır və həm də yeni imkanlar yaradır. Azərbaycan öz səhiyyəsini inkişaf etdirib, iqtisadiyyatında islahatlar keçirməyə qərar verib. Bunu edərkən Almaniyaya və alman şirkətlərinə öz tərəfdaşları kimi etibar edə bilər. Alman şirkətləri yerli tərəfdaşlarla işləməkdə maraqlıdır və bununla yerli bazara, yerli biznesə töhfə verir. Bu, böyük həcmdə ixracatdan daha faydalıdır. Bu, uzunmüddətli müştəri əlaqələri qurmaq deməkdir. Biz əlaqələrin bu yeni formasını dəstəkləyirik.

Yaxın zamanda biznes forum təşkil edəcəyik və onun çərçivəsində əməkdaşlıq müqavilələri imzalanacaq. Bunlar biznes assosiasiyaları, maliyyə təşkilatları və şirkətlər arasında daha yaxın əməkdaşlıq sazişləridir. Bunlar çox güclü mesajlardır və bunlar bizi Azərbaycan ilə daha çox əməkdaşlıq növləri yaratmağa həvəsləndirməlidir.

Regiondakı sülh şəraitində inkişaf daim iqtisadi əməkdaşlığın əsas şərti olub. Bizə sabitlik və cəlbedici investisiya mühiti lazımdır. Əgər münaqişələr varsa, bunlar olmayacaq, münaqişələr iqtisadi inkişafa zərər verir. Almaniya-Azərbaycan Ticarət və Sənaye Palatası alman və Azərbaycan şirkətlərinə kömək etməyə daim hazır olan çox əhəmiyyətli tərəfdaşdır. Bizim komitə, həmçinin bir çox böyük tədbirlər təşkil edir. 2015-ci il oktyabrın 1-də komitə Bakıya faktaraşdırıcı missiya təşkil etdi və on şirkət bunda iştirak etdi, potensial əməkdaşlıq imkanları araşdırıldı. Ötən ilin sentyabrında biz Düsseldorfda Almaniya-Azərbaycan biznes konfransı təşkil etdik. Yanvarda isə Münxen Təhlükəsizlik Konfransında Şərqi Avropa Komitəsinin sədri ilə dövlət başçısı Əliyev arasında görüş baş tutdu. Mayın 17-də Azərbaycan ilə əməkdaşlıq mövzusunda “dəyirmi masa” təşkil edildi. Bu, əczaçılıq sənayesinə həsr edilmişdi və Şimali Vestfaliya investisiya təşkilatı və Şimali Vestfaliyanın İqtisadi Məsələlər üzrə Nazirliyi tərəfindən Berlində birgə təşkil olunmuşdu. Şərqi Əlaqələr Komitəsi, habelə ticarət və investisiya haqqındakı müzakirələrdə iştirak edirdi. Biz həm də Ticarət Nazirliyi ilə müzakirələr apardıq.

Bu gün Almaniya-Azərbaycan İqtisadi Forumunu keçiririk. Bu forum İqtisadi Məsələlər və Energetika üzrə Federal Nazirlik, ikitərəfli Ticarət və Sənaye Palatası və Şərqi Avropa İqtisadi Əlaqələr Komitəsi tərəfindən birgə təşkil edilib. Burada cənab Prezident Əliyev və vitse-kansler Ziqmar Qabriel iştirak edirlər. Bu da öz növbəsində bu tədbirin ikitərəfli iqtisadi əlaqələr üçün əhəmiyyətinin göstəricisidir. Bu tədbir daha çox ölkələrimizin iqtisadi əməkdaşlıq potensialının araşdırılması və istifadə edilməsi məqsədini daşıyır. Hamınıza xoş təmaslar və faydalı müzakirələr arzulayıram.

 

*  *  *

 

Sonra Almaniya-Azərbaycan Ticarət və Sənaye Palatasının rəhbəri Samir Axundov çıxış etdi. Prezident İlham Əliyevin bu tədbirə verdiyi dəstəyə görə minnətdarlığını bildirən Samir Axundov forumun Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin gələcəyi üçün çox əhəmiyyətli olduğunu vurğuladı. Almaniyanın Azərbaycanın əhəmiyyətli tərəfdaşlarından biri olduğunu bildirən S.Axundov iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi işində Almaniya-Azərbaycan Ticarət və Sənaye Palatasının fəaliyyəti barədə ətraflı məlumat verdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında