Prezident İlham Əliyev Bakıda keçirilən güləş üzrə Avropa çempionatının qalibi olmuş Azərbaycan idmançılarını, onların məşqçilərini və Milli Güləş Federasiyasının rəhbərliyini qəbul etmişdir

Prezident İlham Əliyev aprelin 19-da Bakıda keçirilən güləş üzrə Avropa çempionatının qalibi olmuş Azərbaycan idmançılarını, onların məşqçilərini və Milli Güləş Federasiyasının rəhbərliyini qəbul etmişdir.
Prezident İlham ƏLİYEV idmançılara müraciətlə dedi:
-Əziz dostlar, əziz idmançılar, mən sizin hamınızı Avropa çempionatında qazanılmış böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bütün idmançılara öz təşəkkürümü bildirirəm ki, siz bu günlər ərzində Azərbaycan xalqını öz parlaq qələbələrinizlə sevindirmisiniz. Bu, doğrudan da böyük uğurdur, böyük qələbədir, Avropa çempionatında 10 medal qazanmaq böyük nailiyyətdir. Onlardan 7-si qızıl medaldır. Bu, bir daha onu göstərir ki, Azərbaycanda güləş məktəbi öz gözəl ənənələrini saxlayır, qoruyur və bu qələbə təsadüfi xarakter daşımır. Çünki artıq bir neçə ildir ki, güləşçilərimiz Avropa və dünya çempionatlarından böyük qələbələrlə Vətənə qayıdırlar.
Bu çempionatın xüsusiyyəti ondan ibarətdir ki, o, Bakıda keçirilmişdir. Bir həftə ərzində həm yarışları seyr edən tamaşaçılar, həm də ki, televiziya vasitəsilə yarışlara baxan vətəndaşlarımız böyük həyəcan içində idilər və qələbə gözləyirdilər. Bu qələbələr bütün Azərbaycan xalqını sevindirdi. Yeddi dəfə dövlət himnimiz səsləndi və bu gün Azərbaycan güləşçiləri dünya miqyasında ən güclülərin sırasındadırlar. Bu qələbənin səbəbi əlbəttə ki, Azərbaycanda idmana və idmançılara olan qayğıdır, idmana cavabdehlik daşıyan bütün qurumların vahid mövqe nümayiş etdirməsidir. Həm Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həm də federasiyalar, idman cəmiyyətləri, idman mütəxəssisləri, məşqçilər, idmançılar bir ailə kimi fəaliyyət göstərirlər. Bizim əsas uğurlarımızın səbəbi məhz bundadır.
Güləş Azərbaycanda həmişə idmanın ən populyar, ən birinci növlərinin sırasındadır. Azərbaycanda güləşin böyük tarixi, böyük ənənələri vardır. Bu gün güləşçilərimiz Azərbaycanın idman şöhrətini yüksəklərdə saxlayırlar.
Mən çox şadam ki, bu yarışlarda gənc idmançılarımız da özlərini göstərdilər. Belə mötəbər beynəlxalq yarışda ilk dəfə iştirak edən gənclərimiz də hesab edirəm ki, böyük tarixi nailiyyətlərə çatdılar. Bu onu göstərir ki, Azərbaycanda bu gün idmanın həm gözəl nəticələri və həm də gözəl perspektivləri vardır. Gənclərin yetişdirilməsi Azərbaycanda idmana verilən diqqətin nəticəsidir. Bütün ölkəmizdə olimpiya kompleksləri salınır, idmanın müxtəlif növləri üzrə məşq zalları açılır, idmanın kütləviliyi təmin edilir.

{nl}

Bizim bütün imkanlarımız ona səfərbər olunub ki, Azərbaycanda həm sağlam həyat tərzi üstünlük təşkil etsin, - bunu etmək üçün ilk növbədə idmana diqqət göstərilməlidir, - həm də gözəl peşəkar idmançılar yetişdirilsin ki, onlar da öz növbəsində ölkəmizin şöhrətini daim yüksəklərdə saxlasınlar. Bax, bu iki mühüm amilin birləşməsi uğurlarımızı şərtləndirən əsas məsələdir.
Mən Güləş Federasiyasının əməkdaşlarını bu gün xüsusilə vurğulamaq istəyirəm. Son illər ərzində Güləş Federasiyasında doğrudan da ciddi dönüş yaranıb. Çox gözəl ab-hava vardır. Bilirəm ki, idmançılarla federasiya əməkdaşları arasında, məşqçilər arasında çox gözəl münasibətlər vardır. Bu, məni çox sevindirir və hesab edirəm ki, hər bir sahədə işlər düzgün təşkil olunanda nəticələr də yüksək olur. Bu qələbələr, ilk növbədə, idmançıların qələbələridir, onların uğurudur. Ancaq əlbəttə ki, məşqçilər, idman mütəxəssisləri, federasiya rəhbərliyi bu qələbəyə öz töhfəsini vermişdir. Bizdə idmanla məşğul olmaq üçün bütün imkanlar, bütün şərait vardır və bu gün idmanın güləş növü bunu bir daha sübut etdi. Biz güclülərin sırasındayıq, biz bu zirvəyə qalxmışıq. Zirvəyə qalxmaq çox çətin və şərəfli işdir. Ancaq zirvədə qalmaq ondan da çətindir və sadəcə olaraq, son 2-3 ilin tarixi onu göstərir ki, biz bu zirvədə öz yerimizi möhkəmləndirmişik. Keçən il dünya və Avropa çempionatlarında 10 medal qazanılmışdır. Bu il 10 medal qazanılıbdır. Yəni bu, artıq gözəl tarixdir, gözəl ənənələrdir.
Daha sonra idmanın Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə idman sahəsində varisliyin və ənənələrin qorunub saxlandığını, bu işdə idman veteranlarının rolunu vurğuladı, onlara daim qayğı göstərilməsinin əhəmiyyətini qeyd etdi.
Prezident İlham Əliyev bildirdi ki, idman karyerasını başa vurduqdan sonra veteran idmançıların cəmiyyətin həyatında səmərəli fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması vacibdir.
Dövlətimizin başçısı Azərbaycanda həm ölkə rəhbərliyi, həm də ictimaiyyət tərəfindən idmana və idmançılara böyük hörmətin olduğunu, onlara xüsusi qayğı və dəstək verilməsinin ölkəmizdə idmanın kütləvi xarakter almasında həlledici amillərdən biri olduğunu dedi.
Azərbaycanda, həmçinin regionlarda gənclərin həm kişi, həm də qadın idman növləri ilə fəal məşğul olduğunu deyən Prezident İlham Əliyev bəzi idmançıların yığma komandalarımızda çox da böyük olmayan müddətdə iştirak etmələrinə baxmayaraq, onların ölkəmizi layiqincə təmsil etdiklərini və vətənpərvərlik nümunəsi göstərdiklərini bildirdi.
Azərbaycanın çoxmillətli ölkə olduğunu və burada müxtəlif millətlərin nümayəndələrinin bir ailə kimi, qardaşlıq və dostluq şəraitində yaşadığını bildirən Prezident İlham Əliyev idman komandalarımızda da eyni mühitin hökm sürdüyünü və idmançılarımızın birlikdə mühüm nailiyyətlər qazandıqlarını qeyd etdi.
Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Elçin CƏFƏROV yüksək qələbənin qazanılmasında dövlətimizin başçısının idmana göstərdiyi diqqət və qayğının böyük rol oynadığını vurğulayaraq dedi:
- Möhtərəm cənab Prezident, istəyirəm ki, Avropa çempionatının çempionları və mükafatçıları, onların məşqçiləri, yığma komandanın məşqçilər korpusu adından Sizə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirim. Bu nəticənin qazanılmasında əsas bünövrəni Siz qoymusunuz. Bu idmançılar böyüməkdə olan gənc nəslə böyük bir nümunə olacaqlar. Mən hesab edirəm ki, bugünkü Avropa çempionatının qalibləri, mükafatçıları 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında ölkəmizin şərəfini ləyaqətlə qoruyacaqlar.
Yığma komandamız bu Avropa çempionatına həmişə olduğu kimi, çox məhsuldar və ciddi hazırlaşıb. Yığma komandanın hazırlıqla əlaqədar heç bir problemi olmayıb. Federasiya rəhbərliyi tərəfindən bütün məsələlər yüksək səviyyədə həll olunub, idmançıların təlim-məşq toplanışlarında, beynəlxalq turnirlərdə iştirakı, tibbi müayinədən keçmələri, sağlamlıqlarının bərpası - hər bir problemləri yerli-yerində və vaxtında öz həllini tapıb. Yığma komandamızın idmançıları 10 medal əldə etdilər - 7 qızıl, 2 gümüş, 1 bürünc. Medallarımızın sayı bir az da çox ola bilərdi. Bilirsiniz ki, yığma komandanın lideri və kapitanı Fərid Mansurov iki görüşdən sonra ciddi zədə aldı və o, əməliyyat olunaraq hazırda hospitalda müalicə keçir. Yəni o, çox yaxşı idman formasında idi. Ancaq federasiyanın rəhbərliyinin də, həkimlərin də qərarı belə oldu ki, iki qələbədən sonra bu idmançı mübarizəni dayandırmalıdır və elə yarış zalından əməliyyat stoluna getdi. Hazırda bərpa dövrünü keçir.
Bundan sonra qızlardan ibarət yığma komandanın kapitanı Mariya Stadniklə Yuliya Ratkeviç ailə problemləri olduğuna görə, bu yarışda iştirak etmədilər. Hesab edirəm ki, o idmançılarımız və Zəlimxan Hüseynov da bu yarışda iştirak etsəydilər, qızıl medallarımızın sayı daha da çox ola bilərdi. Mən Sizi əmin edirəm ki, bundan sonra da yığma komandamızın idmançıları necə hazırlaşıblarsa, qarşıdakı yarışlara da o cür hazırlaşacaqlar. Qarşıda idmançılarımızı bir neçə beynəlxalq turnir gözləyir. Onlardan əsası ölkə çempionatıdır, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş və Bakıda keçiriləcək Qran-pri turnirinin final mərhələsidir, sentyabr ayında Moskva şəhərində keçiriləcək dünya çempionatıdır. Bütün bu yarışların hamısı Londona aparan yolun bir mərhələsidir. Biz çalışacağıq ki, gələcək yarışlarda da ölkəmizin şərəfini və Sizin bizə göstərdiyiniz etimadı, diqqəti, qayğını doğruldaq. Çox sağ olun.
* * *
Avropa çempionu Xetaq Qazyumov ölkəmizdə idmançılara göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür etdi.
* * *
Avropa çempionu Sona ƏHMƏDLİ də dövlətimizin başçısına təşəkkür edərək dedi:
- Cənab Prezident, icazə verin, mən də qadınlardan ibarət yığma komandanın adından Sizə idmançılarımıza göstərdiyiniz diqqət və qayğıya görə dərin təşəkkürümü bildirim. Sizin yüksək diqqət və qayğınızdan sonra sərbəst güləş üzrə qadınlardan ibarət yığma komanda artıq daha da inkişaf edib. Artıq regionlarda da bütün cavanlar böyük səylə bu idmana həvəs göstərirlər. Əlbəttə ki, bu, Sizin böyük diqqət və qayğınızdan irəli gəlir. Hətta Avropa çempionatına gəlib bizim yarışları izləməyiniz bizə böyük dəstək oldu, qələbə əzmi, böyük ruh verdi. Mənə mənzil orderi verdiyinizə və "Tərəqqi" medalı ilə təltif etdiyinizə görə Sizə şəxsən dərin təşəkkürümü bildirmək istəyirəm. Məhz onların Sizin tərəfinizdən verilməsi mənim üçün böyük bir fəxrdir.
* * *
Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil MƏMMƏDOV görüşdə çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident, icazə versəydiniz Bakıda keçirilən Avropa çempionatının təşkilat komitəsinin sədri kimi bəzi məsələləri ali diqqətinizə məruzə edərdim. FİLA- nın məlumatına görə Bakıda Avropa çempionatı çox yüksək səviyyədə keçirilmişdir. Bütün məsələlər ən yüksək standartlara uyğun şəkildə həll olunmuşdur. FİLA-nın qarşımıza qoyduğu bütün tələblərin hamısı öz həllini tapıbdır. Bu, möhtərəm cənab Prezident, əlbəttə ki, Sizin Azərbaycanda apardığınız uğurlu iqtisadi siyasətin tərkib hissəsi və məntiqi nəticəsidir. Bakı şəhəri, həmçinin ölkəmizin bütün bölgələri sürətlə inkişaf edir.
Cənab Prezident, Sizə məruzə etmək istəyirəm ki, FİLA- nın prezidenti hər il ümummilli liderimizin xatirəsinə həsr olunmuş Qran-pri turnirinin final mərhələsinə gəlir və hər dəfə də Bakıda gördüyü inkişafdan heyrətə gəldiyini söyləyir. Bu inkişaf başqa istiqamətlərdə olduğu kimi, idman sahəsində də özünü göstərir.
Mən FİLA-nın və onun təşkilat komitəsinin, Avropa Güləş Federasiyasının, digər beynəlxalq idman təşkilatlarının rəhbərlərinin söylədikləri bir fikri ali diqqətinizə çatdırmaq istəyirəm. Onlar əminliklə deyirlər ki, həm inkişafına, həm də idman sahəsindəki təşkilatçılığına, müasir qurğularına, həmçinin idmançılarına görə Azərbaycan ən yüksək, dünya miqyaslı idman tədbirlərinə və ən vacibi isə Olimpiya oyunlarına ev sahibliyi etmək iqtidarındadır. Onlar bunu birmənalı şəkildə qeyd edirlər.
Möhtərəm cənab Prezident, bu, Sizin apardığınız uğurlu siyasətin nəticəsidir. Onlar həmin fikri sadəcə olaraq, bizim xoşumuza gəlmək üçün yox, cənab Prezident, Azərbaycan reallıqlarına əsasən söyləyirlər. Deyirlər ki, Olimpiya oyunları Azərbaycanda ən yüksək səviyyədə keçirilə bilər. Bunun üçün Siz mükəmməl baza yaratmısınız, bunun üçün hər bir şərait vardır. Azərbaycanda bu sahədə bütün məsələlər demək olar ki, tamamilə həllini tapmaq ərəfəsindədir. Ona görə də biz Sizə çox-çox təşəkkür edirik, cənab Prezident.
Allah Sizi həm idmançıların, o cümlədən güləşçilərin və həm də Azərbaycan xalqının üstündən əskik etməsin. Azərbaycanın bugünkü və gələcək bütün nailiyyətləri Sizin adınızla bağlıdır. Çox təşəkkür edirəm.
* * *
Prezident İlham ƏLİYEV: Bir daha sizi təbrik edirəm. Doğrudan da, böyük qələbədir. Mən çox şadam ki, Azərbaycan gəncləri, Azərbaycan idmançıları özlərini dünyaya göstəriblər. Avropa çempionatında 40-a yaxın ölkədən gəlmiş yüzlərlə idmançı iştirak edirdi. Onlar da ölkəmizlə, Bakı ilə tanış olublar və əminəm ki, Bakıdan ən xoş təəssüratlarla ayrılırlar. Çünki Bakı bu gün dünyanın ən gözəl, ən rahat, ən təhlükəsiz şəhərlərindən biridir. Burada işləmək də, yaşamaq da xoşdur və gündən-günə gözəlləşən Bakı, əlbəttə ki, böyük sərvətimizdir.
İdmançılara isə növbəti illərdə uğurlar diləyirəm. Sizi yeni yarışlar, yeni çempionatlar gözləyir. Əlbəttə ki, artıq yüksək yerləri tutmuş idmançılar gələcəkdə də öz peşəkarlıqlarını nümayiş etdirərək, bu yüksək yerləri qoruyub saxlamalıdırlar. O da həqiqətdir ki, artıq çempionlara qarşı daha da ciddi hazırlaşırlar və sizin rəqiblərinizin sayı daha da artacaqdır. Mən ümid edirəm ki, 2012-ci ilə qədər görülən və görüləcək bütün tədbirlər nəticəsində biz London Olimpiya oyunlarına da tam hazır şəkildə gedəcəyik, Azərbaycanın idman şöhrətini bir daha bütün dünyaya nümayiş etdirəcəyik və yeni zirvələrə çatacağıq.
Daha sonra dövlətimizin başçısı Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurova tezliklə sağalmağı, yenidən idman sıralarına qayıtmağı arzuladı.
"İdmanda qələbələr böyük zəhmət bahasına əldə olunur, qələbə qazanmaq üçün böyük səylər lazımdır, ona görə də bu peşə şərəfli peşədir", - deyən Prezident İlham Əliyev Azərbaycanda həm veteran, həm də yetişməkdə olan gənc idmançıların böyük uğurlar qazandığını diqqətə çatdırdı.
Dövlətimizin başçısı idmançıları bir daha təbrik etdi, onlara yeni uğurlar arzuladı.
* * *
Sonda görüş iştirakçıları Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.
AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında