Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib

Aprelin 26-da Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, o cümlədən dünyanın 140 ölkəsindən dəvət olunmuş qonaqlar mərasimdə iştirak ediblər.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Ötən ilin iyul ayında Prezident İlham Əliyev Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. 

“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, çoxlu qonaq qatılıb. Onların arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da var.

Malta Prezidenti Mari-Luiz Koleyro Prekanın da iştirak etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli rola malikdir. Çünki tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə müasir dövrdə ölkəmizdə gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.

Dövlət və hökumət başçıları, Forumun digər yüksək səviyyəli iştirakçıları birgə foto çəkdirdilər.

Dövlətimizin başçısı Forumun açılışında nitq söylədi.

 

Prezident İlham Əliyevin nitqi

– Zati-aliləri, prezidentlər!

Hörmətli dostlar, dəyərli qonaqlar!

İlk növbədə hamınızı ölkəmizdə salamlayıram, hər birinizi Azərbaycanda görməkdən məmnunluq duyuram. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal  Forumuna ev sahibliyi etmək bizim üçün böyük fəxrdir. Biz bunu mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində fəaliyyətimizin yüksək qiymətləndirilməsi əlaməti kimi qəbul edirik.

İlk olaraq, Alyansın təsisçilərinə - Türkiyə və İspaniyaya, Prezident Ərdoğan və Baş nazir Sapateroya 10 ildən artıq davam edən və olduqca əhəmiyyətli təşəbbüsə görə minnətdarlığımı bildirirəm. Alyansın yaradılması fikri siyasətçilərin - qardaşım Prezident Ərdoğan və Baş nazir Sapateronun müdrikliyinin əlaməti idi və bu fikir beynəlxalq ictimaiyyət tərəfindən də dəstəkləndi.

Bununla yanaşı, mən BMT-nin Sivilizasiyalar Alyansındakı ali nümayəndəsi cənab Əl-Nasirə sülh, həmrəylik və dostluq dəyərlərinin təşviqi istiqamətində rəhbərliyi və töhfəsinə görə təşəkkürümü bildirmək istərdim.

Fərəhlənirik ki, bu gün 140-dan artıq ölkənin nümayəndəsi Sivilizasiyalar Alyansı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Bakıda toplaşıb. Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh  şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı  bir zamanda  belə, həmin ideyalar daim yaşayıb.

Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq  şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir.

Bununla yanaşı, ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq bu sərvəti qoruyub saxlamışdır. Ölkəmiz yalnız 25 ildir ki, müstəqil dövlətdir. Lakin bu, qədim dövlətdir, dərin tarixi və mədəni köklərə malikdir.

Bizim üçün multikulturalizm dövlət siyasətidir. Biz bu vacib məsələlərin müzakirə edilməsi üçün müxtəlif tədbirlər təşkil edirik. Biz hər iki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunu təşkil edirik. Mütəmadi olaraq biz Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edirik. Burada da əsas məqsəd müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsindən, aramızda daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir.

Azərbaycan dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini Liderlərinin zirvə toplantısına ev sahibliyi etmişdir. Hesab edirəm ki, bu mövzu bu gün dünyanın gündəliyində duran ən mühüm məsələlərdəndir və Sivilizasiyalar Alyansının rolu artmaqdadır. Əfsuslar olsun ki, biz, eyni zamanda, regionumuzda, Avropada, Yaxın Şərqdə, keçmiş Sovet İttifaqı ərazisində böyük narahatlıq doğuran meyillərin şahidi oluruq. Etnik və ya dini zəmində baş verən qarşıdurma və toqquşmalar çox təhlükəli meyillərdir.

Hesab edirəm ki, Bakıda keçirilən belə bir toplantı - VII Qlobal Forum bu məsələlərin müzakirəsinə həsr ediləcək və həmrəylik, sülh, qarşılıqlı anlaşma və tərəfdaşlıq işinə öz töhfəsini verəcəkdir.

İspaniyanın xarici işlər naziri Xose Manuel QARSİA MARQALLO çıxış edərək dedi:

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan!

Digər nümayəndələr, İspaniya hökumətinin nümayəndələri, xanımlar və cənablar!

Əvvəlcə səmimi qonaqpərvərliyə və bu Foruma ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirmək istərdim. Həmçinin baş katib cənab Pan Gi Muna bu təşəbbüsə verdiyi davamlı dəstəyə görə minnətdaram. Eyni zamanda, ali nümayəndə Əl-Nasiri və Sivilizasiyalar Alyansının həmtəsisçisi olan Türkiyə Prezidenti Ərdoğanı salamlayıram.

Əsrlər boyu Bakı karvansarayları Roma və ya İstanbuldan başlayan Asiyanın hüdudlarına gedən Böyük İpək Yolunun səyahətçilərini qəbul edib. Bazar və küçələrdə həmin vaxt tacirlər ipək və ədviyyatlarla mübadilə etmiş, müxtəlif ölkələr barədə xəbərlərlə bölüşmüş və Şərqin, eləcə də Qərbin dahiləri barədə ətraflı məlumatlar vermişlər. İpək Yolu bir növ həmin vaxtın interneti idi və Bakı isə onun bir hissəsi, ən mühüm qovşaqlarından biri idi. Bu baxımdan xoş təsadüfdür ki, Bakı bu gün Sivilizasiyalar Alyansının Forumunu qəbul edir.

Azərbaycan və onun paytaxtı Lissabon və Madriddən tutmuş Pekinə qədər böyük məkanın mərkəzində yerləşir, bir çox yeni marşrutların başlanğıcıdır. Buradan insanlar keçir, ideyalar mübadilə olunur və ticari əlaqələr qurulur.

Bu gün biz Bakıda ona görə toplaşmışıq ki, yeni qlobal İpək Yolundayıq. Sivilizasiyalar Alyansı elə bir məkandır ki, dünyanın müxtəlif yerlərindən səyahətçilər və onların karvanları məhz buradan keçir. Bu baxımdan bu tədbir hamını bir araya gətirir. Bütün bu mübadilələr və əlaqələr bizim müxtəlif çağırışlara qarşı cavab tədbirlərinin görülməsinə, çoxtərəfli münasibətlər sisteminin qurulmasına xidmət edə bilər.

İspaniyanın xarici işlər naziri terrorizmə qarşı mübarizədə səyləri daha da artırmağın vacibliyini vurğulayaraq bildirdi:

-Terrorizm heç bir vəchlə İslamla əlaqələndirilməməlidir. Çünki terrorizmin qurbanlarının əksəriyyəti elə müsəlmanlardır. Əminəm ki, mənim ölkəmdə də məhz bu cür düşünürlər.

Üzləşdiyimiz terrorizm o qədər nəhəngdir ki, heç bir ölkə bu bəlaya qarşı təkbaşına mübarizə apara bilməz. Bu, BMT-nin müvafiq sənədlərində də əksini tapıb. Milli mədəniyyətlər də hər zaman BMT-nin sülh və təhlükəsizlik sahəsində gördüyü işlərdə və göstərdiyi səylərdə mühüm yer tutur. Təbii ki, mədəni meyarlar heç bir halda inkar edilə bilməz. Çünki mövcud münaqişələrə istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoq yolu ilə son qoyula bilər. Beləliklə də, mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin qarşısının alınmasının preventiv, - yəni, qabaqlayıcı tədbirlərinə doğru getməliyik.

Xose Manuel Qarsiya Marqallo terrorizmlə mübarizənin daha qabarıq xarakter alması üçün terror qurbanlarının səsinə də həssaslıqla yanaşılmasının önəmini diqqətə çatdıraraq dedi:

– Biz BMT-nin Baş Məclisi qarşısında məsələ qaldırdıq. Çünki biz məhz terrorizmdən əziyyət çəkən ölkələrin nümayəndələrinin fikirlərini yüksək kürsüdən dinləmək istədik. Çünki biz bu məsələni BMT kürsülərindən hamının eşitməyini istəyirdik. Beləliklə də, biz terrorizmin qarşısını almağı və buna son qoymağı tələb edirdik. Biz inanırıq ki, qarşıya qoyulan ali məqsədə nail olmaq üçün məhz terrorizmdən əziyyət çəkən ölkələrə daha çox diqqət yetirilməlidir. Biz, həmçinin dini və etnik azlıqlara diqqət yetirilməsinin vacibliyini anlayırıq.

Hazırda dünyada baş verən böhranlardan və münaqişələrdən zərər çəkən çoxlu insanlar var. Biz terrorizmə və münaqişələrə qarşı səmərəli mübarizə aparmaq üçün üç istiqamətdə işləməliyik. Birincisi, ümumi vətəndaşlıq prinsiplərini, insan haqlarını, bərabərlik amilini öndə tutmalıyıq. İkincisi, milli azlıqların müdafiə mexanizmləri səmərəli olmalıdır. Üçüncüsü isə, terrorizm aktlarını törədənlər qanun qarşısında cavab verməlidir.

2015-ci ildə Parisdə dini münaqişələrin qarşısının alınması, Yaxın Şərqdən olan miqrantlar probleminin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası qarşısında konkret tədbirlərin görülməsi üçün iki təkliflə çıxış etdim. Birincisi, nümayəndənin təyin olunması, ikincisi isə, BMT-nin terrorizmə və ekstremizmə qarşı mübarizə üzrə xüsusi qrupunun yaradılması təkliflərini irəli sürdüm. Mən bunu reallığa çevirmək üçün sizin hamınızı birgə fəaliyyətə çağırıram.

İrqçiliyə və bu qəbildən digər problemlərə qarşı mübarizədən danışan İspaniyanın xarici siyasət idarəsinin rəhbəri sülh çağırışları və dialoqa qadınların da geniş cəlb edilmələrinin zəruriliyini qeyd edərək bildirdi:

– Xüsusilə xanımlara bir müraciətim var. BMT-nin Təhlükəsizlik Şurasının 2015-ci ilin oktyabrındakı görüşündə 22.42 saylı qətnamə təsdiq edilmişdir. Bu qətnamə qadınların rolunu sülh carçıları kimi önə çıxarmışdır. Təbii ki, kişilərin məhz danışıqlar komandası qruplarında önəmli rolu danılmazdır. Eləcə də məhz sözügedən sülh danışıqlarının təbii ki, icrası da çox vacibdir. Təbii ki, qadınların iştirakı fəal şəkildə təmin edilmədən sülh qeyri-mümkündür. Mən, həmçinin qabaqcıl müsbət təcrübələr toplusu qaydalarının sosial inklüzivliyi üçün qəbul edilməsinin lehinəyəm. Burada da qeyri-tolerantlığa qarşı qabaqcıl müsbət təcrübələrin tətbiqi təmin olunmalıdır. Təbii ki, kitab və çıxışlar toplusu heç də ən yaxşı, ən müsbət maarifləndirmə vasitəsi deyil. Ən müsbət vasitə deyərdim ki, müxtəlif qrupların  bir araya gələrək təhsil, tədris ocaqlarından kənarda fəaliyyət göstərmələridir.

Mən təklif edərdim ki, bu Alyans mütəxəssis qrupları səviyyəsində görüşərək konkret tədris proqramlarına daxil edə biləcəkləri təlimatları və tədris təcrübələrini müxtəlif ölkələrdə faydalı olduğunu sübut etsinlər ki, nəticə etibarilə biz onlardan agah olaq və onları öz müvafiq vəziyyətlərimizdə səmərəli şəkildə tətbiq edə bilək. Biz, həmçinin gələn il gənclərin daha bir toplantısının da keçirilməsini təklif edərdik ki, orada onlar tolerantlıqla bağlı məsələlərdə öz fikir və rəylərini bildirsin, təcrübə mübadiləsi apara bilsinlər. Beləliklə, biz gərək siyasi keçid proseslərində təmərküzləşməni təmin edə bilək. Bunlar da Sivilizasiyalar Alyansının iki təməl prinsipidir, sütunudur. Bir tərəfdən mədəniyyətlərarası anlaşma arasında və demokratik proseslərdə də güclü əlaqələrin olması və eyni zamanda, proqramlarımız və layihələrimiz insan haqlarını, eləcə də fundamental azadlıqlara olan rəğbəti, hörməti, həmçinin demokratik proseslərin təmərküzləşməsi və insanlara olan rəğbət və hörmət, xüsusilə milli azlıqlara olan rəğbət və hörmət təmin olunsun. İspaniyada demokratik keçid təbii ki, dialoq və tolerantlığın bir təntənəsi olmuşdur. Təcrübə də parlamentdən başlamışdır. Konsensus da ən fundamental məsələlərdən biridir ki, vacib bir meyar olaraq sülhün təmin olunmasında mühüm rol oynamışdır.

Mən çıxışımın sonunda Malyufdan sitat gətirmək istərdim. Astoriya mükafatını qəbul edərkən o, belə söyləmişdi: “Müxtəliflik özü sadəcə olaraq bir reallıqdır. Bizim birgə yaşamağımız üçün fərqliliklərimiz, rəngimiz, inanclarımız, dillərimizin müxtəlifliyi heç də vacib deyil. Vacib olan bizim necə birliyə nail olmağımız, birgə yaşayaraq inkişaf, tərəqqi üçün bu müxtəliflikdən necə istifadə etməyimizdir”. Zənnimcə, VII Qlobal Forum qarşımıza qoyulan bu hədəfə nail olmaq üçün bizə yeni imkanlar yaradacaqdır. Təşəkkür edirəm.

 

*  *  *

 

Forumda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN dedi:

– Hörmətli Prezident, qardaşım İlham Əliyev!

Hörmətli ali nümayəndə!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizləri sevgi və hörmətlə salamlayıram.

İspaniya ilə birlikdə təməlini qoyduğumuz Sivilizasiyalar Alyansının VII Qlobal Forumu münasibətilə Azərbaycanın paytaxtı Bakıda sizinlə birlikdə olmaqdan məmnunluq duyuram. Qlobal forumlar Alyansımızın müxtəlif regionlarda kök salmasına və o coğrafiyanın zənginliklərindən bəhrələnərək güclənməsinə səbəb olur. Bu gün də Alyansı dəstəkləyən liderlər olaraq, tarix boyu qədim və fərqli mədəniyyətlərin sülh və əmin-amanlıq şəraitində birlikdə yaşadığı Azərbaycanda toplaşmışıq.

Ev sahibimiz, dəyərli qardaşım Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməklə xüsusi məna daşıyan bu ili daha da zirvəyə qaldırdı. Bu Forumun Alyansımıza Cənubi Qafqazın və Orta Asiyanın zəngin mədəni mirasından faydalanma imkanı təqdim edəcəyinə inanıram. Təşəbbüsümüzün güclənərək gələcəyə çatdırılmasında mühüm vasitə olacaq bu toplantımıza ev sahibliyi etdiyi üçün Azərbaycana xüsusilə təşəkkürümü bildirirəm.

Hörmətli qonaqlar, Sivilizasiyalar Alyansı təşəbbüsünün təməlini 11 il əvvəl İspaniyanın o dövrdəki Baş naziri, hörmətli dostum Xose Luis Rodrigez Sapatero ilə birlikdə qoymuşduq. Ötən müddətdə təşəbbüsümüz daha geniş vüsət aldı və gücləndi. Bu gün 140-dan çox ölkə bu təşəbbüsə – Sivilizasiyalar Alyansına dəstək verir. Geniş miqyasda özünə dəstək tapan bu qrup güclənərək hazırkı səviyyəyə çatdı. Sivilizasiyalar Alyansı BMT-nin nəzdində, BMT platformasının ən mühüm təşəbbüslərindən birinə çevrildi. Ali nümayəndə Nasir Əbdüləziz Əl-Nasirin rəhbərliyi ilə reallaşdırılan layihələr sayəsində Sivilizasiyalar Alyansının amalları, dəyərləri və mesajları hər gün artaraq geniş kütlələrə çatdırılır. Ötən il BMT Baş Məclisində yüzədək üzv ölkənin təşəbbüsü ilə bu istiqamətdə bir qərar qəbul edildi. Bu qərar Sivilizasiyalar Alyansının təqdim etdiyi baxışların və hədəflərin qlobal miqyasda qəbul edilməsinin ən gözəl ifadəsi oldu. Tolerantlıq, qarşılıqlı anlaşma və dialoqa əsaslanan birləşmək məqsədimizə dəstək verən bütün dost ölkələrə təşəkkürümü bildirirəm. Ailəmizə ən son qatılan üzvümüz Qırğızıstana da bu münasibətlə “Xoş gəldiniz” deyirəm.

Türkiyə dövlətinin başçısı terrorçuluq və qarşıda duran digər problemlərlə mübarizə ilə bağlı daha çox iş görülməsinin zəruriliyini vurğulayaraq bildirdi:

- Bu gün 60 milyon insanın ölkələrindəki toqquşmalar nəticəsində evlərini tərk etmək məcburiyyətində qaldıqları bir dünyada yaşayırıq. Əksəriyyəti uşaqlardan və qadınlardan ibarət olan bu məsum insanların bir hissəsinin ümidlə çıxdıqları yolçuluq dənizlərin qaranlıq sularında daha böyük fəlakətlərlə nəticələnir. İstədikləri yerə çata bilənlər isə qonaq olduqları cəmiyyətlərdə şübhə ilə qarşılaşır və ayrı-seçkiliyə məruz qalırlar. Bu faciələrin baş verməsinə səbəb olan hadisələrin yaşandığı ərazilərə baxdıqda, həqiqətən ziddiyyətlərlə dolu mənzərə ilə qarşılaşırıq. İslam adından hərəkət edən qruplaşmalar ən böyük qətliamları məhz müsəlmanlara qarşı törədir, ən böyük zərəri onlara verirlər. Açıq-aydın deyirəm, bu terror şəbəkələrinin əli ilə min illərlə mövcud olan mədəni sərvət məhv edilir, qədim şəhərlər xarabalığa çevrilir. Bu qruplaşmaların səbəb olduqları düşüncə ucbatından, xüsusilə Qərb dövlətlərində ksenofobiya və islamofobiyanın sürətlə artdığını müşahidə edirik. Bəzi məkrli siyasət yürüdən dairələrin fürsətdən istifadə edərək ayrı-seçkiliyi şiddətləndirməsini, sevgi əvəzinə nifrət toxumları əkməsini, ayrı-seçkiliyi özləri üçün vəzifə kimi gördüklərini müşahidə edirik. Beləliklə də, müxtəlif mədəniyyətlərə, inanclara sahib olan insanlar arasındakı uçurumun dərinləşməsi daha böyük fəlakətlərin yaşanacağını indidən deməyə əsas verir. Lakin biz həmişə bunu demişik və deyirik ki, terrorun, terrorçuların və terrorçu qruplaşmaların dini, mənşəyi, bölgəsi və mədəniyyəti yoxdur. Məsum insanların həyatına qəsd etməyi heç bir inanc, din, mədəniyyət, vicdan qəbul etməz. Xüsusilə də İslam hərfi mənası sülh olan bir dindir. Mənası sülh olan bir din terroru qəbul edə bilərmi?! Bizim dinimizdə terrorun əsla yeri yoxdur. Başda İŞİD olmaqla, İslam adından hərəkət edən bu qruplaşmaların İslamla heç bir əlaqəsi yoxdur. Çünki terror hər şeydən əvvəl bilavasitə insanın özünə düşməndir.

İnsanlıq olaraq, qarşı-qarşıya olduğumuz bu təhdid hamımızı narahat edir. Təsəvvür edin, - xüsusilə, əsasən bu zaldakıları daha yaxından maraqlandırdığı üçün deyirəm, - ölənin və öldürənin “Allahu-Əkbər” dediyi bir anlayış ola bilərmi? Bunun bizim dinimizlə əlaqəsi yoxdur. Heç bir mədəniyyət bu təhdiddən kənarda qalmayıb. Terror qruplaşmaları mədəniyyətlər ittifaqı layihəsi kimi qurmağa çalışdığımız müştərək idealın ən böyük düşmənidir. Bu təhdidin qarşısını ancaq birgə səylərimizlə ala bilərik. Əks təqdirdə, hər mövqe, hər bəyanat terrora, terror təşkilatlarına dəstək anlamına gəlir.

Məzhəbçilik, irqçilik və terrorla bağlı mübarizəni geniş xarakterizə edən Rəcəb Tayyib Ərdoğan Türkiyənin miqrantların qəbulu və onların ağır vəziyyəti ilə bağlı həssas mövqe tutduğunu konkret faktlar əsasında diqqətə çatdıraraq dedi:

- Hazırda üç milyon qaçqın ölkəmizdədir. Sağ olsunlar, dostlar gəlib bizə təşəkkür edirlər. Bizdə belə bir ifadə var: “Bal, bal deməklə, ağız şirin olmaz”. Balı yeyəndə ağız şirin olar. İndi bizə təşəkkür edirlər, bunu başa düşdük. Bizim bu vaxta qədər rəsmi sənədlərə əsasən xərclərimiz 10 milyard dolları ötüb. Hələ QHT-lərimizin, bələdiyyələrimizin xərclədikləri vəsaiti demirəm. Onlarla birlikdə hesablasaq, 15-20 milyard dollara çatır. Hazırda qaçqın düşərgələrimizdə yaşayan insanların sayı 280 mindir. Bundan başqa, şəhərlərimizdə yaşayanlarla birlikdə bu üç milyon insanı ölkəmizdə qonaq kimi qəbul etmişik. Üstəlik, biz qapılarımızı bəzi Qərb ölkələri kimi bağlamırıq. Bunu da demək istəyirəm ki, qapılarımızı o bombalardan qaçıb gələnlərin üzünə açmaqda davam edəcəyik. Çünki biz o insanları ölümün pəncəsində qoya bilmərik.

Əziz dostlar, bu gün açılışını etdiyimiz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu əhatə etdiyi cəmiyyətlərdə birgəyaşama mövzusunda həyata keçiririk. Çünki aparacağımız mübarizədə bizi uğura qovuşduracaq yol fərqliliklərimizlə birlikdə yaşamağı öyrənməkdən keçir. Terrorun bütün formalarına qarşı mübarizədə zəfər ancaq ağıllara, qəlblərə, vicdanlara müraciət edərək əldə oluna bilər. Dözümsüzlüyə, ayrı-seçkiliyə, ksenofobiyaya, müxtəlifliyə qarşı olan qorxuya qalib gəldiyimiz gün bu mübarizədə uğur əldə edə bilərik. Zorakılıq tərəfdarları dini dəyərləri təhrif etməklə yaratdıqları utopiyalarla gənc nəsillərə təsir göstərir, onları fəlakətə aparırlar. Bunun əvəzində yeni nəsillərə inancları, ədaləti və bərabərliyi əsas götürən həqiqi mesajları ən doğru şəkildə öyrətməliyik. Müxtəlif dinlərin nümayəndələri olaraq, bunu bacardığımızda dünyanın hamımızın birlikdə yaşaya biləcəyi yer olduğu daha yaxşı anlaşılacaq.

Bu istiqamətdə birlikdə fəaliyyət göstərməyə davam etməliyik. Sivilizasiyalar Alyansına, onun prinsip və dəyərlərinə həmişəkindən daha güclü şəkildə sahib çıxmalıyıq. XXI əsrdə bəşəriyyətin çatdığı yerin gündəmini terror təşkilatlarının müəyyən etdiyi bir sonluğa məhkum olmayacağına inanıram. Gələcək nəsillərə daha gözəl bir gələcək miras qoymaq üçün səsimizi bu gündən ucaltmalı və dərhal fəaliyyətə başlamalıyıq.

Bu Forumda iki gün ərzində veriləcək mesajlar çox önəmlidir. Dünyanın müxtəlif yerlərində dözümsüzlükdən, irqçilikdən, ksenofobiyadan, ayrı-seçkilikdən əziyyət çəkənlərin nəzərləri hazırda Bakıya yönəlib. Hamı Bakıda qəbul ediləcək yekun Bəyannaməni gözləyir. Eyni zamanda, bu meyillərdən güc alaraq güclənən radikal cərəyanları müdafiə edənlərin də nəzərləri bizim üzərimizdədir. Bizim qarşılıqlı hörmət, tolerantlıq və dialoq əsasında birləşməyimizdən ən çox utananlar da məhz onlardır.

Foruma qatılan siyasi və dini liderlər, alimlər, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri olaraq hamımızın üzərinə düşən vəzifələr var. Dünya ictimaiyyətinə Sivilizasiyalar Alyansının qurulma məqsədini təşkil edən qarşılıqlı hörmət, anlayış və dialoq əsasında sülh şəraitində birgə yaşamağın mümkün olduğu mesajını verməliyik. Bu hədəfə nail olmaq üçün birlikdə hərəkət etməkdə qətiyyətli olduğumuzu həm məzlumlara, həm də zalımlara ən gur səslə çatdırmalıyıq. Bakıda Sivilizasiyalar Alyansını və onun dəyərlərini daha da inkişaf etdirməkdə qətiyyətli olduğumuzu açıq-aşkar ifadə edəcəyimizi düşünürəm. Mədəniyyətlərarası dialoq təşəbbüsünün güclü şəkildə fəaliyyətini davam etdirməsi üçün lazımi siyasi və maddi dəstəyin davam etdiriləcəyini hamımız birlikdə bəyan etməliyik. Bu şərəfli mövqe yalnız bəşəriyyətin bizdən gözlədiyi deyil, eyni zamanda, gələcək nəsillər qarşısında vəzifə borcumuzdur.

Mən bu düşüncə ilə bütün iştirakçılara Forum müddətində görüləcək işlərdə uğurlar arzulayıram. Hamınıza sevgilərimi, ehtiramımı bildirirəm, təşəkkür edirəm.

 

*  *  *

 

Forum işini plenar və bölmə iclasları, BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli toplantısı ilə davam etdirib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında