Prezident İlham Əliyev “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2016” X Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

Regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan “AITF-2016” sərgisi bu il 15 illik, “HOREX Caucasus-2016” sərgisi isə 10 illik yubileyini qeyd edir. “AITF-2016” sərgisi keçirildiyi illər ərzində bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilib, bu sənaye sahəsinin qovşağı statusunu qazanıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və xanımına məlumat verdi ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası, Dünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası sərgiyə fəal dəstək verib. Turizm ölkəmizin qeyri-neft sektorunun perspektivli sahələrindən biri olduğu üçün bu sahənin inkişafına xüsusi diqqət göstərilməsi və onun dəstəklənməsi hazırda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi də bu prosesə töhfə verir. Təsadüfi deyil ki, 2002-ci ildə keçirilən ilk sərgidə 5 ölkədən 26 şirkət iştirak edirdisə, sonrakı illərdə müsbət dinamika əldə olunub. Builki sərgidə 40 ölkədən 200-dən artıq şirkət iştirak edir. Müstəqil auditin məlumatlarına əsasən, bu sərgi regionda ölkə, şirkət və turizm marşrutlarının sayı üzrə bütün digər turizm sərgiləri arasında birinci yeri tutur.

Azərbaycanın 20-dən artıq turizm şirkətini, eləcə də otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyası da ölkədə turizmin inkişafına güclü dəstək verir. 2009-cu ildən fəaliyyətdə olan Assosiasiya hazırda ölkəmizdə turizm və otel sahəsində təlim və inkişaf həllərini təmin edən ən böyük qeyri-hökumət təşkilatlarından biridir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ölkəmizin turizm regionlarını əks etdirən ekspozisiyalara baxdılar.

Qeyd edək ki, daxili turizm Azərbaycanda əsas təmayül olaraq qalır. Hazırda diqqət paytaxtla yanaşı, bölgələrdə də geniş turizm şəbəkəsinin yaradılmasına yönəldilib. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin malik olduğu təbii gözəllikləri, ecazkar təbiəti və digər istiqamətləri nümayiş etdirmək baxımından sərgi bir çox özəllikləri ilə seçilir.

Qax, Qəbələ, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Mingəçevir, Masallı, Sumqayıt və digər regionların ənənəvi ekspozisiyalarında Azərbaycanın daxili turizm potensialı təqdim edilir, milli mədəniyyətimizin zəngin nümunələri qonaqlara nümayiş olunur. Qarabağ regionunun gözəlliyini və turizm imkanlarını nümayiş etdirən ənənəvi stend də sərgidə yer alıb. Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti də sərgidə ayrıca stendlə təmsil olunur. Burada yarışların proqramı, eləcə də hamının səbirsizliklə gözlədiyi Qran-priyə biletləri harada və necə əldə etməklə bağlı ətraflı məlumat verilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgidə xarici ölkələrin milli pavilyonları ilə də tanış oldular.

Bildirildi ki, keçirildiyi illər ərzində Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgilərində dünyanın 40-dan çox ölkəsindən təxminən 2200 şirkət iştirak edib. Bu il də sərgidə çoxlu xarici şirkətin iştirakı diqqət çəkir. İndoneziya milli pavilyonunda bu ölkə ecazkar təbiəti, zəngin mədəniyyəti və qonaqpərvər insanlara malik olan dünyanın möhtəşəm səyahət məkanlarından biri kimi təqdim olunur. Bu ölkənin turizm obyektləri tarixi məkanlar da daxil olmaqla, təbiət və mədəniyyət mənzərələrini əhatə edir. Rusiyanın şəhərlərinin, xüsusilə də Stavropol vilayətinin təqdim etdiyi imkanlar da sərgidə böyük maraqla qarşılanır.

Bu il tibbi və sağlamlıq turizmi istiqamətlərini təmsil edən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, sərgidə Azərbaycan, Belarus, Gürcüstan, İtaliya, Latviya, Xorvatiya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlər, o cümlədən tibb mərkəzi, sağlamlıq ocağı və sanatoriyalar müalicə-sağlamlıq və SPA turizmi üzrə ən son nailiyyətləri təqdim edirlər. Hindistan da builki sərgidə fəal iştirak edir. Ümumiyyətlə, bu ölkə din, dil və adət-ənənələrin heyrətamiz rəngarəngliyinə malik olmaqla bütün mədəniyyətlərin fərqli ənənələrinin sintezini təqdim edir. Hindistan hər zaman tarixi abidələri, dağ kurortları, vəhşi təbiəti və maraqlı ekoloji sistemi ilə turistlərin diqqətini çəkir.

İran İslam Respublikasının milli pavilyonunda bu ölkənin müxtəlif turizm istiqamətləri barədə geniş məlumat verilir. Burada İranın turizm şəbəkəsinin malik olduğu potensial qonaqlara əhatəli şəkildə təqdim edilir.

Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan, İspaniya, Tailand, Monteneqro, Çexiya və Ukrayna şirkətləri öz ölkələrinin turizm potensialını və milli koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədilə sərgidə özəl pavilyonlar quraşdırıblar. ABŞ, İordaniya, İsveçrə, Latviya, Maldiv adaları, Sloveniya, Yunanıstan və digər ölkələrin turizm şirkətləri və otelləri də sərgiyə qatılıb. Qonşu Gürcüstan da builki sərginin iştirakçıları sırasındadır. Bu ölkənin Milli Turizm Assosiasiyasının qatıldığı sərgidə Gürcüstanın malik olduğu turizm potensialı barədə geniş informasiya çatdırılır. Məqsəd Gürcüstana gəlmək istəyən turistlərin təəssüratlarını zənginləşdirmək və ölkədə turizmin davamlı inkişafını təmin etməkdir.

Sərgidə Türkiyə də geniş təmsil olunur. Mütəxəssislər deyirlər ki, dünyanın ən məşhur və tanınmış turizm məkanlarından olan Türkiyənin potensialının təqdim olunması baxımından bu sərgi əla fürsətdir. Bu, həm də turizm sahəsində yeni marketinq strategiyalarının müəyyən olunmasına və təşviqinə geniş imkanlar açır.

Hər bir sərgi yeni aviareys və hava xətlərinin elan edildiyi, memorandum və beynəlxalq müqavilələrin imzalandığı, sənayedəki yeni məhsul və nailiyyətlər barədə hesabatların səsləndirildiyi platformadır. Odur ki, bu sərgi Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara təqdim edir. Bu da ölkəmizin turizm məkanı kimi məşhurlaşmasına şərait yaradır. Bakı Ekspo Mərkəzində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun xüsusi pavilyonunun yaradılması, milli əl işlərindən ibarət ekspozisiyanın quraşdırılması da ölkəmizin turizm potensialının kompleks təbliğinə xidmət edir.

Sərgi ilə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı turistlər üçün şəhər turlarında istifadə ediləcək avtobusa və mikroavtobusa baxdılar, onlarda yaradılan şəraitlə tanış oldular.

Prezident İlham Əliyev sərgilərin işinə uğurlar arzuladı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında