Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 9-da Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşlar.
Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideyalarının dərindən öyrənilməsi və inkişaf etdirilməsi məqsədi ilə "Heydər Əliyev Mərkəzinin yaradılması haqqında" 2006-cı il 29 dekabr tarixli və "Heydər Əliyev Mərkəzinin yaradılması ilə bağlı əlavə tədbirlər haqqında" 2007-ci il 24 yanvar tarixli sərəncamlar imzalamışdır. Heydər Əliyev Mərkəzi dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi məqsədi ilə yaradılır. Mərkəz ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayacaq beynəlxalq səviyyəli tədbirlərin, müxtəlif konfransların, sərgilərin və görüşlərin keçirilməsinə imkan verəcəkdir.
Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin xatirəsini əbədiləşdirəcək memarlıq abidəsi kimi ucaldılan bu mərkəz müasir texnologiyalarla təchiz edilmiş salonları özündə birləşdirən çoxfunksiyalı və çoxşaxəli struktura malik olacaqdır. Heydər Əliyev Mərkəzinin memarı beynəlxalq müsabiqə komissiyası tərəfindən birinci yerə layiq görülmüş dünya şöhrətli "Zaha Hadid Architects" şirkətidir. Tikinti işlərini "DİA Holdinq FZCO" şirkəti həyata keçirir.
Layihəyə əsasən, Heydər Əliyev Mərkəzi üç başlıca tərkib hissəni və iki yardımçı strukturu özündə birləşdirəcəkdir. Mərkəzin başlıca tərkib hissəsi nadir əsərlər fonduna və ümumdünya məlumat vasitələrinə onlayn rejimdə giriş imkanlarına malik kitabxana və media mərkəzindən, milli və dünya təsviri sənət incilərinin nümayiş etdiriləcəyi sərgi-salonlardan, ölkəmizin tarixindən, mədəni irsindən bəhs edən multimedia və virtual sərgilərə aid muzey və mədəni irs mərkəzindən, min nəfərə yaxın tamaşaçı tutan konfrans zalından ibarət olacaqdır.
Yardımçı struktura isə mərkəzin iki girişi önündə yerləşən ümumi ictimai sahə - foye, günün bütün saatlarında fəaliyyət göstərəcək 1250-yə yaxın avtomobilin dayanacaq parkı və infrastruktur obyektləri daxildir.
Dövlətimizin başçısına layihə əsasında görülən tikinti işləri barədə məlumat verildi. Bildirildi ki, layihəyə əsasən mərkəzin inşa ediləcəyi ümumi ərazi 15,25 hektara bərabərdir. Ümumi ərazinin 2 hektara yaxını əsas binanın və tikililərin yerləşdiyi torpaq sahəsi, 13,25 hektarı isə landşaft ərazisidir. Qeyd olundu ki, Heydər Əliyev Mərkəzi bir məkanda yerləşən və vahid kompleks təşkil edən üç əsas strukturdan ibarət olacaqdır.
Kompleksin ümumi tikinti sahəsi 57 min kvadratmetr təşkil edəcəkdir. Bu struktura 10.854 kvadratmetr sahəsi olan muzey və mədəni irs mərkəzi, 985 nəfərlik konfrans salonu, 27.880 kvadratmetr ərazisi olan çoxməqsədli zal və 12.920 kvadratmetr sahəyə malik kitabxana və media mərkəzi daxil olacaqdır. Bütövlükdə əsas binanın ümumi istifadədəki sahəsi 6.039 kvadratmetr olacaqdır.
Bildirildi ki, kitabxananın daxili ərazisi açıq olacaq, yalnız bir neçə yer arakəsmələr ilə əhatə ediləcəkdir. Burada oxucuların və media mərkəzinin istifadəçilərinin fərdi və ya qrup halında məşğul olmaq imkanları olacaqdır. Buradakı bir sıra otaqların səs izolyasiyası sistemləri ilə təchiz olunacağı nəzərdə tutulur. Ümumi sahəsi 10.854 kvadratmetr olan muzey və mədəni irs mərkəzi isə üç hissədən ibarət olacaqdır. Altı metr hündürlüyündə birinci hissədə XX əsr və müasir Azərbaycan incəsənəti qalereyası yerləşəcəkdir. Müasir milli və dünya incəsənət əsərlərinin nümayiş olunacağı ikinci hissədə müvəqqəti, dəyişkən sərgi qalereyaları fəaliyyət göstərəcəkdir. Üçüncü hissədə isə Azərbaycan, xalqımız, tariximiz, dövlətçiliyimiz və mədəniyyətimiz barədə geniş yayımlanan bilgilər, habelə milli və digər kolleksiyaların nümayişi keçiriləcək qalereyalar yerləşəcəkdir. Bu sərgilərin vahid blok təşkil edərək binanın ikinci mərtəbəsində yerləşəcəyi bildirildi. Ümumi sahəsi 27.880 kvadratmetr təşkil edəcək sütunsuz, geniş və hündür konfrans zalı texniki və logistika baxımından mərkəzin ən mürəkkəb hissəsidir. Konfrans zalında tədbir iştirakçıları üçün ayrıca giriş, nəqliyyatla təminat, səhnə və səhnəarxası rekvizitlərlə təchizatın asanlıqla reallaşdırılması, xidməti giriş, tikilinin arxa və ön tərəfləri arasında əlaqə, həmçinin əlillər üçün xüsusi giriş nəzərdə tutulur. Tamaşaçı oturacaqlarının sayı 1000-ə yaxın olacaqdır. Zal tamaşaçı və səhnə hissələrini, mətbuat mərkəzini, soyunub-geyinmə və dispetçer bölmələrini özündə birləşdirəcəkdir. Bildirildi ki, avtomobil dayanacağının ümumi sahəsi 39.420 kvadratmetr olacaqdır. Mərkəzin yeraltı avtomobil dayanacaq parkının 4 qatdan ibarət olacağı və üzərində mənzərəli yaşıllıq zolağı, istirahət və əyləncə təyinatlı infrastruktur yaradılacağı və bu ərazinin insanların ümumi istifadəsində olacağı bildirildi.
Heydər Əliyev Mərkəzində tikinti prosesinin gedişi ilə yaxından tanış olan dövlətimizin başçısı inşaat işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında