Prezident İlham Əliyev "Xocasən" yarımstansiyasının açılışında iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də 110/35/10 kilovoltluq "Xocasən" yarımstansiyasının açılışında iştirak etmişdir.
Hazırda Azərbaycanın elektroenergetika sistemi ən müasir standartlara uyğun yenidən qurulur. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığına müvafiq olaraq Bakı şəhəri və ətraf qəsəbələrin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması da diqqət mərkəzindədir. Dövlətimizin başçısının sərəncamı ilə 2006-cı ildən fəaliyyəti bərpa olunan "Bakıelektrikşəbəkə" ASC ötən müddətdə 13 ədəd 110 kilovoltluq və 35 ədəd 35 kilovoltluq yarımstansiya, həmçinin, 100 transformator məntəqəsi inşa etmiş, 600 min sayğac quraşdırmış, yüz kilometrlərlə uzunluğunda kabel və hava xətləri çəkmişdir. 60 il əvvəl tikilən "Xocasən" yarımstansiyası da tamamilə köhnəlmişdi. Həmin stansiyanın avadanlığı müasir dövrün tələblərinə cavab vermirdi. 2010-cu ildə əvvəlki energetika qurğusunun əvəzinə 110/35/10 kilovoltluq yeni yarımstansiya inşa edilmişdir. Prezident İlham Əliyevin tapşırığına əsasən paytaxtın ötürücü və paylayıcı şəbəkəsinin müasirləşdirilməsi ilə yanaşı, yeni energetika qurğularının memarlıq baxımından da yüksək səviyyədə olmasına, abadlıq və yaşıllaşdırma tədbirlərinə də xüsusi diqqət yetirilir. Dövlətin hərtərəfli dəstəyi ilə şəbəkə investisiya proqramını paytaxtın sürətli sosial-iqtisadi inkişafına uyğun həyata keçirməyə çalışır.
"Bakıelektrikşəbəkə" ASC İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına əvvəlcə Bakı şəhəri və Abşeron yarımadasında mövcud və tikilməsi nəzərdə tutulan 110 kilovoltluq yarımstansiyaların dairəvi birxətli elektrik sxemi barədə məlumat verdi. Qeyd olundu ki, "Xocasən" yarımstansiyası dairəvi sistem çərçivəsində istifadəyə verilən növbəti energetika qurğusudur.
Prezident İlham Əliyevə məlumat verildi ki, yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan 2 transformator, 10 və 35 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılmışdır. Bu layihə çərçivəsində "Səngəçal" yarımstansiyasında da yenidənqurma tədbirləri həyata keçirilmiş, həmin yarımstansiyadan "Xocasən" yarımstansiyasına 44 kilometr uzunluğunda 110 kilovoltluq ikidövrəli hava xətti çəkilmiş və bir sıra digər işlər görülmüşdür. Həmin yarımstansiyadan Xocasən, Sulutəpə və Lökbatan qəsəbələrinə, həmçinin bir sıra mühüm istehsal, sosial və ticarət obyektlərinə elektrik enerjisi ötürülür.
Dövlətimizin başçısına bildirildi ki, şəbəkənin investisiya proqramı əsasında həyata keçirilən bu tədbirlər nəticəsində abonentlər fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar.
Prezident İlham Əliyev "Xocasən" yarımstansiyasının idarəetmə mərkəzi ilə tanış oldu. Qeyd edildi ki, dairəvi sistemə daxil olan bu energetika qurğusunun inşası şəbəkənin etibarlılığı və dayanıqlılığının artmasına mühüm töhfədir. "Bakıelektrikşəbəkə"nin güc mərkəzlərinin hər hansı birində enerji itkisi baş verərsə və ya balans pozularsa, bu yarımstansiya digər güc mərkəzlərinin balanslaşdırılmasını təmin edən qovşaq rolunu oynayacaqdır.
Prezident İlham Əliyev yeni yarımstansiyanı işə saldı.
Dövlətimizin başçısına 10 və 35 kilovoltluq qapalı paylayıcı qurğular barədə də məlumat verildi. Bildirildi ki, bütün energetika qurğularında ən inkişaf etmiş ölkələrin avadanlıq və texnologiyaları ilə yanaşı, artıq respublikamızda istehsalına başlanmış belə müasir məhsullar tətbiq edilir. Məhz son bir neçə ildə aparılan kompleks yenidənqurma tədbirləri nəticəsində əvvəlki illərlə müqayisədə şəbəkənin gücü 53 faiz artaraq 4800 meqavoltamperi üstələmişdir.
Prezident İlham ƏLİYEV yeni yarımstansiyanın açılışı münasibətilə inşaatçıları və energetikləri təbrik edərək dedi:
- Yeni gözəl yarımstansiyanın açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu gün şəhər infrastrukturu üçün çox əlamətdar bir gündür. Həm yollar çəkilir - Sumqayıt dairəvi yolu, Bakı dairəvi yolu. Bu gün Bakıda çox vacib məsələlər öz həllini tapır. O cümlədən şəhərimizi dayanıqlı enerji ilə təmin etmək üçün son illərdə çox böyük işlər görülüb. İndi bu yarımstansiyada quraşdırılmış avadanlığın demək olar ki, əksər hissəsi Azərbaycanda istehsal olunub. Əvvəlki illərdə biz xarici təchizatdan asılı idik. Bir balaca nasazlıq yarananda, yaxud da ehtiyat hissələri sıradan çıxanda gözləməli idik ki, xaricdən bizə avadanlıq gətirsinlər. Bu gün isə Azərbaycanda xüsusilə də özəl biznes üçün elə imkanlar yaranıb ki, lazım olan bütün bu avadanlıqları biz özümüz istehsal edək.
Son illər ərzində bütün sahələrə qoyulan investisiyalar artıq bəhrəsini verir. Bununla bərabər, nə qədər çox iqtisadi fəallıq olarsa, o qədər də çox enerjiyə tələbat artır. Baxmayaraq ki, Azərbaycanda son illərdə bir neçə böyük elektrik stansiyası tikilib və bu gün imkanlarımız tələbatdan üstündür, biz gələcəyi nəzərə almalıyıq. Beş ildən, on ildən sonra da Azərbaycanın uğurlu inkişafı davam edəcəkdir. Biz enerji mənbələrindən bəhrələnəcəyik. Elə etməliyik ki, enerji imkanlarımız heç olmasa, 5-10 il tələbatdan qabaq olsun. Biz bunu yaradırıq.
Biz bütün Bakının enerji təsərrüfatını "Bakıelektrikşəbəkə"yə verəndən sonra bu sahədə əsaslı dönüş yaranmışdır. Çünki siz bu sahədə uzun müddətdir ki, işləyirsiniz və bilirsiniz, əvvəlki vəziyyət necə idi. Bu qurum idarəetməyə verilmişdi. İdarəedənlər də vəzifənin öhdəsindən gələ bilmirdilər. Mən indi xatırlayıram, biz "Bakıelektrikşəbəkə"ni yaradanda və bütün infrastrukturu, imkanları səfərbər edəndə yığım Bakıda 26 faiz idi. Bu gün yığım 90 faizdən yuxarıdır. Özü də keyfiyyətli enerji təchizatı təmin olunub. Nə Bakıda, nə başqa rayonlarda enerji qıtlığı yoxdur. Əvvəlki illərdə ən böyük problemlərdən biri məhz o idi. Həm xətlər köhnəlmişdi, stansiyalar yox idi, həm də mazut ehtiyatları kifayət deyildi. İndi biz mazutdan ümumiyyətlə istifadə etmirik. Ancaq qazdan, çox keyfiyyətli və ekoloji baxımdan təmiz məhsuldan istifadə edirik. Nə qədər böyük qənaət etmişik!
Həm də bu sahə prioritet sahədir. Hər bir ölkənin inkişafını təmin edən, müəyyən edən onun enerji potensialıdır. Bizdə hər şey - təbii resurslar, su mənbələri vardır. İndi biz alternativ enerji mənbələrinin yaradılması ilə məşğuluq. Biz enerji resurslarımızı başqa ölkələrə ixrac edirik. Qonşu ölkələrə bizdən elektrik enerjisi ixrac olunur. Gələcəkdə yeni xətlərin tikintisi nəticəsində bu ixrac daha da artacaqdır. Bu gün Azərbaycanın enerjisi Rusiyaya, Türkiyəyə, İrana ixrac edilir. Azərbaycan-Gürcüstan-Türkiyə elektrik xətlərinin birləşməsi nəticəsində, - bu layihə yəqin ki, gələn il icra olunmalıdır, - biz xaricə, xüsusilə də Türkiyəyə daha da böyük həcmdə elektrik enerjisini verə bilərik. Bu, imkanlarımızı artırır və Azərbaycanın potensialını gücləndirir.
Bu işlərdə energetiklərin xüsusi rolu, zəhməti vardır. Mən bu gün bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Sizə uğurlar arzulayıram. Sağ olun.
* * *
Prezident İlham Əliyev inşaatçılara və energetiklərə bir daha uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında