Xəbər verdiyimiz kimi, aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.
Prezident İlham ƏLİYEV konfrans iştirakçılarını salamlayaraq dedi:
- Mən sizi bir daha salamlamaq istəyirəm. Bilirəm ki, Bakıda mühüm görüşlər keçirmisiniz. Sizin hamınızı görməkdən çox şadam. Bu, dostlarımızdan ibarət böyük bir qrupdur. Əminəm ki, ölkəmizə səfəriniz, apardığınız müzakirələr və keçirdiyiniz görüşlər Azərbaycan haqqında sizdə yeni təəssüratlar yaradacaqdır.
Burada əyləşən insanların bir çoxu ilə tanışam. Onlar əvvəllər də ölkəmizdə olublar. Eyni zamanda, bir çox nümayəndələr də var ki, Azərbaycana ilk dəfə səfər edirlər. Beləliklə, ölkəmizlə, paytaxtımızla tanış olmaq və təbii ki, Azərbaycan və onun inkişafı haqqında təəssüratlar əldə etmək üçün yaxşı fürsətdir.
Ümumiyyətlə, Azərbaycan ilə Avropa təsisatları arasında münasibətlər çox uğurla inkişaf edir. Konfrans iştirakçıları arasında Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in Parlament assambleyalarının üzvləri vardır. Azərbaycan uzun illər ərzində bütün bu təsisatlarla uğurla əməkdaşlıq edir. Hazırda, biz Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramında iştirak edirik. Bu, çox perspektivli bir proqramdır. Bizim həmin proqramın həyata keçirilməsi ilə bağlı ideyalarımız və gözləntilərimiz çoxdur. Ümidvaram ki, həmin proqramın həyata keçirilməsinin ən böyük nəticələrindən biri Azərbaycan ilə Avropa ailəsi arasında daha sıx əməkdaşlıq olacaqdır.
Bu yaxınlarda Avropa İttifaqının iki komissarı ölkəmizdə səfərdə olmuşdur. Bu, əməkdaşlığımızın müsbət göstəricisidir. Avropa İttifaqı ilə əməkdaşlığımızın gündəliyi çox əhatəlidir. Nəzərdən keçirdiyimiz məsələlər demək olar ki, həyatımızın bir çox sahələrini əhatə edir. Burada beynəlxalq məsələləri, təhlükəsizliyi, enerji təhlükəsizliyini, siyasi islahatları, demokratik prosesləri, iqtisadi əməkdaşlığı qeyd etmək istərdim. Bir sözlə, əməkdaşlığımızın formatı genişdir.
Azərbaycan Avropa Şurası ilə təxminən son on il ərzində fəal şəkildə əməkdaşlıq edir. Biz bu təşkilatın üzvüyük. Həmin dövrdə, bir çox mühüm qərarlar qəbul edilmişdir və hesab edirəm ki, bu üzvlük bizə Avropa ailəsinə daha yaxın olmaq imkanını yaratdı. Həmçinin Azərbaycan ATƏT çərçivəsində müxtəlif formatlarda fəaliyyət göstərir.
Mən sizi burada görməkdən şadam. Ümidvaram ki, bu görüş, səfəriniz, konfrans və apardığınız müzakirələr planlarımıza uyğun uzunmüddətli səmərəli tərəfdaşlığımızı inkişaf etdirmək imkanını yaradacaqdır.
Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Biz müxtəlif siyasi və iqtisadi islahatları həyata keçiririk. Ölkənin müasirləşmə prosesi çox uğurla gedir. Biz beynəlxalq əhəmiyyətli, olduqca mühüm beynəlxalq layihələri həyata keçiririk. Eyni zamanda, Azərbaycandakı müasirləşmə, infrastrukturun inkişaf etdirilməsi və sərmayə imkanları bizə artıq güclü və şaxələndirilmiş iqtisadiyyatı qurmaq imkanını yaratmışdır. Biz beynəlxalq maliyyə böhranının ən az təsir göstərdiyi ölkə olduq. Ötən il iqtisadiyyatımız 9 faizdən çox artmışdır. İnflyasiya yalnız 1,5 faiz olmuşdur. Biz özümüzü təmin edən ölkəyik və əlbəttə ki, iqtisadiyyatımızı gücləndirən bir çox layihələri həyata keçiririk.
Eyni zamanda, iqtisadi inkişaf, siyasi islahatlar siyasətimizi davam etdirməsək kifayət olmayacaqdır. Bu baxımdan, qeyd etdiyim kimi, biz beynəlxalq qurumlar və təşkilatlarla əməkdaşlıq edirik. Azərbaycanın bu formatda üzərinə götürdüyü öhdəliklər yerinə yetirilir. Fikrimcə, siyasi sistemin gücləndirilməsi prosesi çox uğurla gedir. İyirmi ildən bir qədər az müddət öncə, ölkəmiz müstəqilliyini bərpa etdi. O zaman bizim nə siyasi sistemimiz, nə də bazar iqtisadiyyatımız var idi. Hesab edirəm ki, başa çatdırdığımız, eləcə də həyata keçirilməsini davam etdirdiyimiz islahatlar bizə inkişafımızda əsas çətinlikləri aradan qaldırmaq imkanı yaratdı. Bu gün, ümumi daxili məhsulumuzun 85 faizini özəl sektor təmin edir. Bazar iqtisadiyyatı prinsipləri Azərbaycanda çox güclüdür. Dünya İqtisadi Forumunun verdiyi qiymətə görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB ölkələri arasında birinci yerdədir. Qlobal rəqabət qabiliyyəti reytinqi üzrə Azərbaycan iqtisadiyyatı 51-ci yerdədir. Bu isə, bazar iqtisadiyyatı sahəsində qısamüddətli təcrübəyə malik olan ölkə üçün mühüm göstəricidir.
Eyni zamanda, siyasi islahatlara və beynəlxalq təşkilatlarda iştirakımıza sadiq olmağımız bizim üçün əhəmiyyətlidir. Fikrimcə, siyasi və iqtisadi islahatlar bir-biri ilə yanaşı həyata keçirilməlidir. Bir islahat digərini dəstəkləməlidir. Bu, bizə uzun müddət üçün, müasir, güclü və çiçəklənən ölkəni qurmaq imkanı yaradacaqdır. Hesab edirəm ki, bunun üçün yaxşı imkanlarımız vardır. Əsas sosial və iqtisadi problemlərimiz artıq arxada qalıb. Atdığımız addımlar, yürütdüyümüz siyasət də regional vəziyyət və inkişafa müəyyən dərəcədə təsir göstərir. Azərbaycan regional məsələlərə yaxşı səviyyədə inteqrasiya edib. Xarici siyasətimiz hər zaman açıq və səmimi olmuşdur. Biz bir çox ölkələrlə yaxşı münasibətlər qurmuşuq və onların bir çoxu tərəfdaşlarımız sırasındadır.
Qeyd etməliyəm ki, sosial problemlərin həlli hər bir ölkə üçün olduqca vacibdir. Biz bu sahədə də yaxşı nailiyyətlər əldə etmişik. Bir neçə rəqəmi qeyd etmək istərdim. Altı il əvvəl Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz olmuşdur. Bu, əhalinin yarısı deməkdir. Hazırda isə, bu, on bir faiz təşkil edir.
Ölkəmiz üçün mühüm sosial problem olan işsizlik artıq mövcud deyildir. Hazırda əks proses gedir. Azərbaycana işçi qüvvəsinin miqrasiyası prosesi müşahidə olunur və biz bu prosesi beynəlxalq standartlara uyğun şəkildə tənzimləməyə çalışırıq. Biz çalışırıq ki, Avropa təsisatları ilə münasibətlərimizdə ən yaxşı nümunələrdən istifadə edək və buradakı meyarları Avropa İttifaqının inkişaf etmiş ölkələrindəki meyarlara yaxınlaşdıraq. Hesab edirəm ki, bu tərəfdaşlıq qarşılıqlı surətdə faydalıdır. Bizim bununla bağlı gözləntilərimiz çoxdur.
Eyni zamanda, Azərbaycan Avropa İttifaqının regionumuzda Şərq siyasətinin inkişaf etdirilməsinə ciddi töhfə verə bilər. Biz Avropa qitəsinin sərhədində yerləşirik. Xəzərin digər sahilində Mərkəzi Asiyadakı tərəfdaşlarımız yerləşir. Fikrimcə, Azərbaycan ilə Avropa təsisatları arasında əlaqələrin uğurlu inkişafı, həmçinin bu regional tərəfdaşlıq formatını genişləndirməyə imkan yaradacaqdır. Artıq qeyd etdiyim kimi, biz ölkəmizi müasirləşdirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Burada söhbət nəinki müasir infrastuktur və layihələrdən, həmçinin müasir həyat üslubundan gedir.
Ölkəmizin böyük tarixi, ənənələri və mədəniyyəti vardır. Azərbaycan Şərq ilə Qərbin qovuşduğu yerdə yerləşir və əlbəttə ki, bu yerləşmənin təsiri həyatımızda, keçmişimizdə öz rolunu oynamışdır. Eyni zamanda, Azərbaycan çox dünyəvi ölkədir. Burada yüksək səviyyədə dini dözümlülük vardır. Biz çoxmillətli ölkəyik. Azərbaycanda müxtəlif millətlər bir ailə kimi yaşayırlar. Bu sahədə heç vaxt problemimiz olmayıb. Azərbaycan, həmçinin çox təhlükəsiz məkandır. Vəziyyət çox sabitdir. İnsanlar burada bütün azadlıqlardan bəhrələnirlər.
Qeyd etmək istəyirəm ki, bütün siyasi qüvvələrin güclü siyasi sistemin qurulmasına töhfə verməsinə yardım etmək üçün biz demokratik təsisatların inkişafının davam etdirilməsini vacib sayırıq. Bu sahədə Avropa təsisatları ilə əməkdaşlığımız əhəmiyyətlidir. Biz sürətli iqtisadi inkişafımızı bundan sonra da davam etdirəcəyik. Bu inkişafda təkcə enerji amili öz rolunu oynamır. Bununla belə, enerji amilinin inkişafımız üçün əhəmiyyətini azaltmaq düzgün olmazdı. Biz enerji resurslarının daşınmasında şaxələndirilmiş sistemin yaradılmasına nail olmuşuq. Neft və qaza gəldikdə, əsas sərmayələr xarici şirkətlər tərəfindən yatırılmışdır. Azərbaycan xarici sərmayələr üçün təhlükəsiz yerdir. Əlbəttə ki, enerji imkanları, ehtiyatları, artıq yatırılmış sərmayələr və boru kəmərləri sistemi bizə gələcəkdə bundan faydalanmaq və təbii sərvətlərimiz hesabına əldə edilmiş gəlirləri ədalətli qaydada bölüşdürmək imkanını yaradacaqdır. Bu resursların lazımi şəkildə idarə edilməsi nümunələrindən biri, artıq qeyd etdiyim kimi, yoxsulluq şəraitində yaşayanların sayının sürətlə azalmasıdır.
Bəzən neft və qaz hasil edən ölkələrdə, varlı və yoxsul təbəqələr arasındakı fərq artır. Lakin burada görürük ki, enerji layihələrimiz və əldə etdiyimiz gəlirlər, eləcə də bu layihələrin həyata keçirilməsi sosial rifaha aparır. Suveren Dövlət Neft Fondumuz dünyada ən şəffaf suveren neft fondlarından biridir. Bu sırf bizim qiymətləndirməmiz deyil, beynəlxalq təşkilatların verdiyi qiymətdir. Bu baxımdan, BMT Neft Fondumuzu xüsusi olaraq şəffaflığa görə mükafatla təltif etmişdir. Bu, həmçinin beynəlxalq aləmdə mühüm rol oynayan çox səmərəli və şəffaf strukturdur.
Üzləşdiyimiz əsas problem və çağırışlardan biri, bildiyiniz kimi, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın davam edən işğalıdır. Bu işğal artıq iyirmi ildir ki, davam edir. Hətta Sovet İttifaqının süqutundan əvvəl Azərbaycan Ermənistanın təcavüzünə məruz qalırdı. SSRİ-nin dağılmasından sonra bu təcavüzün artıq ciddi nəticələri üzə çıxdı. Ərazilərimizin demək olar ki, 20 faizi işğal altındadır. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni işğalı altındadır. Tarixən həmin yerlərdə yaşamış azərbaycanlılar oradan qovulmuşdur. Bu, etnik təmizləmə siyasəti idi. Ermənilər azərbaycanlılara qarşı müharibə cinayətləri törətmişlər. Ermənilər 1992-ci ildə Xocalıda 600-dən çox mülki şəxsi qətlə yetirərək, orada soyqırımı törətmişlər. Azərbaycanlılara, o cümlədən uşaq və qadınlara işgəncə vermişlər. Bütün bunlar sənədləşdirilib və bu, iyirminci əsrin sonunda törədilmiş ən böyük cinayətlərdən biridir. BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edilməsi faktına baxmayaraq, işğal hələ bu gün də davam edir. Ermənistan ATƏT-in qərarlarına, vəziyyəti və nəyin baş verdiyini, təcavüz qurbanının kim olduğunu aydın şəkildə əks etdirən Avropa Şurasının qətnamələrinə də məhəl qoymur.
Gördüyümüz kimi, Ermənistan nəinki beynəlxalq hüququn təməl prinsiplərinə və adi insani davranışa məhəl qoymur, o cümlədən əsas beynəlxalq təşkilatların qərarlarına da riayət etmir.
Danışıqlar prosesi artıq iyirmi ildir ki, davam edir. 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır. Bu qrup artıq 18 ildir ki, fəaliyyət göstərir. Lakin görürük ki, nəticə yoxdur.
Hazırda biz danışıqların mühüm mərhələsindəyik. Hər iki tərəf vasitəçilərin hazırladıqları təkliflərə öz mövqeyini bildirməlidir. Artıq dəfələrlə qeyd edilmişdir ki, Azərbaycan, Rusiya, Fransa və Birləşmiş Ştatların bu yaxınlarda verdikləri təklifə prinsip etibarilə müsbət yanaşır. Əfsuslar olsun ki, Ermənistan tərəfi eyni yanaşmanı nümayiş etdirmir və o, sadəcə prosesi yubandırmaq, onu daimi etmək istəyir və status-kvonu mümkün olduqca uzun müddət ərzində davam etdirmək niyyətindədir. Buna görə, beynəlxalq təsisatlar və qurumlar tərəfindən Ermənistana güclü mesajlar olmadan, belə görünür ki, məsələni dinc yolla həll etmək çətin olacaqdır.
Azərbaycan məsələni sülh yolu ilə həll etmək istəyir. Belə olmasaydı, biz on səkkiz il danışıqlar aparmazdıq. Halbuki Azərbaycan öz torpaqlarını BMT-nin xartiyasına görə istənilən vasitə ilə azad etməkdə tam hüquqa malikdir. Lakin məsələnin sülh yolu ilə həllinə sadiqliyimiz Qafqazda sülh və sabitliyin mühüm amillərindən biridir. Əminəm ki, Dağlıq Qarabağ münaqişəsini həll etmədən Qafqazda sabitliyə nail olmaq mümkün olmayacaqdır. Problemi həll etmək üçün Ermənistan uzun müddət ərzində beynəlxalq ictimaiyyətin fəal səyləri ilə hazırlanmış rəylə razılaşmalı və işğalçı qüvvələrini ərazilərimizdən çıxarmağa başlamalıdır.
Sonra isə, regionda sülh bərqərar oluna bilər. Onda, bütün kommunikasiyalar açılacaq və regiondakı vəziyyət dəyişəcəkdir. Əgər bu, baş verməsə və danışıqlar raundu nəticəsiz olarsa, sonrakı addımların nə olacağını əvvəlcədən demək çox çətin olacaqdır. Çünki münaqişənin bütün mümkün həll yolları artıq əvvəlki illərdə müzakirə edilmişdir. Bugünkü təkliflər isə Minsk qrupu, onun həmsədrlərinin və münaqişə tərəflərinin son beş il ərzində apardığı fəaliyyətin məhsuludur. Təkliflər hazırda konkret praktiki forma alıbdır.
Bir daha deyirəm ki, əgər tərəflərdən biri konstruktiv yanaşmanı nümayiş etdirirsə və vasitəçilərin təklif etdiklərini qəbul edirsə, qarşı tərəf isə, bunları qəbul etmirsə, onda bu təklifləri verənlər müdaxilə etməli və prosesi necə irəliyə aparmaq üzərində ciddi düşünməlidirlər. Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim ölkə üçün bir nömrəli məsələ və problemdir. Xalqımız bundan əziyyət çəkir. Yeddi yüz min azərbaycanlı öz torpaqlarında etnik təmizləməyə məruz qalmışdır.
Həmin ərazilərdə hər şey dağıdılmışdır. Bütün tarixi, dini abidələrimiz, hər şey yerlə-yeksan olunmuşdur. Beş il öncə ATƏT Qərb diplomatlarından ibarət faktaraşdırıcı missiyanın Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlara səfərini təşkil etdi. Onlar hesabat hazırladılar və orada aydın şəkildə bildirildi ki, hər şey dağıdılmışdır. Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparmışdır. Halbuki onların insan resursları məhduddur. Lakin onlar yenə də de-fakto yaşayışın olması vəziyyətini yaratmaq istəyirlər.
Buna görə, hesab edirəm ki, ATƏT üçün mühüm vaxt yetişib və biz belə bir ideya ilə çıxış edəcəyik ki, artıq beş il ötüb, digər faktaraşdırıcı missiya təşkil olunsun. Belə olsa, müxtəlif təsisatların nümayəndələri həmin yerlərə gedib nəyin baş verdiyini görə bilər.
Bizdə belə bir məlumat var ki, qanunsuz məskunlaşma davam edir. Bu, tamamilə qəbuledilməzdir. Bir ölkənin ərazilərinin digər ölkə tərəfindən işğalı qəbuledilməzdir. Biz artıq gələcək inkişafın müxtəlif variantlarını müzakirə etmişik. Lakin gözləyirik ki, Ermənistan son təkliflərə öz mövqeyini bildirsin. Bu haqda niyə çox danışdım? Çünki bu, nəinki bizim ölkə, o cümlədən regional əməkdaşlıq və sabitlik üçün əsas maneədir. Bu münaqişə həll olunmadan regional əməkdaşlıq tammiqyaslı ola bilməz. Regional sabitlik qurula bilməz. Regional problemlərin həllinə yönəlmiş hər hansı təşəbbüs çox güman ki, baş tutmayacaqdır. Çünki məhz bu, əsas problemdir.
Ümid edirik ki, biz beynəlxalq təşkilatlardan dəstəyə və daha çox anlaşmaya nail olacağıq. Əfsuslar olsun ki, bu vaxta qədər biz hələ də öz mövqeyimizi müdafiə etməli, sübuta yetirməliyik ki, təcavüzün qurbanı məhz Azərbaycandır. Biz hələ də öz hüquqlarımızı qorumalıyıq. Yeddi yüz min insanın elementar insan hüquqları on beş ildən artıqdır ki, pozulmuşdur.
Fikrimcə, konfrasınızın həsr olunduğu mövzularla, o cümlədən Azərbaycan ilə Avropa təsisatları arasında münasibətlərin ümumi inkişafı mövzusu ilə yanaşı, işğal olunmuş ərazilərlə bağlı vəziyyət və bu problemin həlli yolu da hər zaman gündəliyimizdə olmalıdır. Bu məsələ diqqət mərkəzində olmalıdır.
Biz beynəlxalq hüquq normaları və həmçinin vasitəçilərin təklifləri əsasında münaqişənin həllində dostlarımızın dəstəyinə arxalanmalıyıq.
Beləliklə, mən bununla nitqimi bitirirəm və vaxtınızı çox almaq istəmirəm. Bilirəm ki, çox məşğul gün keçirmisiniz. Sizin bir çox görüş və müzakirələriniz olmuşdur. Ümidvaram ki, Bakıda asudə vaxtınız da olacaqdır. Hazırda, hava da yaxşılaşır. Biz baharın ilk anlarını artıq hiss edə bilirik. Ümid edirəm ki, siz ölkəmizə səfərinizdən razı qalacaqsınız. Bura artıq səfər etmiş şəxslərin öz dostları ilə görüşmək imkanı olacaqdır. Ölkəmizə birinci dəfə səfər edənlər, ümidvaram ki, şəhərimizlə daha yaxından tanış olmaq fürsətini əldə edəcəklər. Sizi bir daha salamlayır, sizə böyük uğurlar arzulayıram. Ölkəmizə gəldiyinizə və belə bir mühüm tədbirdə iştirak etdiyinizə görə minnətdaram.
* * *
ATƏT Parlament Assambleyasının nümayəndə heyəti adından çıxış edən qurumun vitse-prezidenti Volfqanq QROSRUK görüşdə çıxış edərək dedi:
- Zati-aliləri, hörmətli qonaqlar, ilk növbədə iqamətgahınızda keçirilən bu görüşə dəvət etdiyiniz üçün ATƏT Parlament Assambleyası adından Sizə təşəkkür etmək mənim üçün böyük şərəfdir. Eyni zamanda, mən Azərbaycan xalqına göstərdiyi böyük və qeyri-adi qonaqpərvərliyə, ölkənizdə olduğumuz müddətdə bizə göstərilən diqqət və qayğıya görə təşəkkür etmək istəyirəm.
Yəqin bilirsiniz ki, burada iştirak edən bəzi qonaqların Azərbaycan haqqında o qədər də böyük təsəvvürü yoxdur. Ona görə də bizim sizin gözəl ölkənizdə daha çox qalmaq imkanımız vardır. Bundan öncə mən bir neçə dəfə ölkənizə səfər etmək imkanı əldə etmişəm. Hər dəfə ölkənizə səfər edərkən buradakı böyük inkişafın, böyük nailiyyətlərin şahidi oluram. Bu münasibətlə həmkarlarım adından Sizi təbrik etmək istəyirəm. Həqiqətən də bu cür inkişafı görmək məmnunluq hissi oyadır.
Sizin də qeyd etdiyiniz kimi və mən Sizinlə tam razıyam ki, seçkilərlə bağlı, xüsusilə də Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində keçirdiyimiz konfrans böyük əhəmiyyət kəsb edir. Bununla bərabər, biz bir sıra Avropa ölkələrinin seçki qanunvericiliyi ilə bağlı məsələlər barədə məlumat da verəcəyik. Ümid edirik ki, biz noyabr ayında Azərbaycanda keçiriləcək seçkiləri izləmək üçün dəvət alacağıq. Əminəm ki, seçkilər ATƏT və Avropa standartlarına uyğun, azad, ədalətli və demokratik şəkildə keçiriləcəkdir. Sizə uğurlar arzulayırıq və Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət daşıyan bu işdə Sizə hər cür kömək edəcəyik. Sizə təşəkkür edirəm.
* * *
Avropa Parlamentinin üzvü, regional inkişaf komitəsinin vitse-sədri, xarici əlaqələr komitəsinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçisi, Avronest nümayəndə heyətinin üzvü Yevgeni KİRİLOV görüşdə çıxış edərək dedi:
- Cənab Prezident, icazə verin, ilk növbədə, mən də həmkarlarım - Avropa Parlamentinin üzvləri adından bizə ayırdığınız bu dəyərli vaxtınıza və bizə verdiyiniz bu maraqlı məlumata görə Sizə minnətdarlığımı bildirim. Qeyd etməliyəm ki, bu, bizim üçün çox faydalı məlumat idi. Çünki biz bir-birimizi daha yaxından tanımaq üçün buradayıq.
Əminəm ki, Azərbaycan deputatları da Avropa Parlamentində hansı işlərin görüldüyünə böyük maraq göstərirlər. Digər tərəfdən, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi kimi mən demişdim ki, bu regionla bağlı Avropa İttifaqı uzun müddət ərzində yatmış gözələ bənzəyir. Lakin artıq bu gözəl oyanıbdır. Gördüyünüz kimi, bu yaxınlarda parlament tərəfindən seçilən iki komissar ölkənizə səfər edib. Əminəm ki, Cənubi Qafqaz ilə bağlı qəbul ediləcək hesabat irəliyə doğru atılacaq ciddi bir addım olacaqdır. Çünki bu hesabatda nəinki regiondakı yeni strategiya elementləri, həmçinin diqqətimizə çatdırdığınız, həlli vacib olan Dağlıq Qarabağ münaqişəsi baxımından bölgədəki problemlər də öz əksini tapır. Hesabatda bildirilir ki, bu status-kvo artıq uzun müddət davam edə bilməz. Hesab edirəm ki, biz hamımız bunu dərk edirik. Bu, nəinki iki ölkənin iqtisadiyyatına, həmçinin bölgədəki inkişafa ciddi maneədir. Deməliyəm ki, Avropa İttifaqı bu prosesə cəlb edilməyə və yardımçı olmağa hazırdır. Bu artıq yeni bir vəziyyət deməkdir. Artıq məlumatlar da vardır ki, Aİ münaqişənin həllindən sonrakı iqtisadi inkişafda iştirak edəcəkdir. Bütün ölkələr bu regionun daha da yaxşı olmasına cəlb ediləcək və təbii ki, bütün digər sahələrdə də nailiyyətlərin əldə olunmasına çalışacaqdır.
Deməliyəm ki, mən vətəndaş cəmiyyətinin inkişafı üzrə Aİ-nin Assosiasiyası tərəfindən dəvət almışam. Bu, bizim üçün böyük şərəfdir və hesab edirik ki, bu, bir daha əlavə siqnaldır. Azərbaycan bizim dəyərlərimizə, demokratik standartlarımıza daha yaxın olmaq istəyir. Bəzən bu o qədər də asan olmur. Ötən seçkilərdə mən müşahidəçi qismində iştirak etmişəm və bəzi irəliləyişin şahidi olmuşam. Biz, adətən məktəblərdə oluruq. Sevindirici haldır ki, müəllimlərlə və təhsil sahəsində çalışan insanlarla söhbət edərkən orada böyük irəliləyişin olduğunu görürük. Bu, gələcək üçün böyük bir sərmayədir. Avropa İttifaqında artıq təhsil almış və Brüsseldə mənə yaxınlaşan gənclər də vardır. Bu isə gələcək deməkdir. Əminəm ki, yeni nəsil bu işi davam etdirəcəkdir.
Növbəti seçkilərə gəldikdə isə, onu deməliyəm ki, heç kim ideal ola bilməz. Bizim istədiyimiz bu istiqamətdə irəliləyiş görməkdir. Əminəm ki, bu məsələləri müzakirə etmək üçün bizi dəvət etməyiniz, həmçinin tənqidləri dinləməyiniz müsbət bir haldır. Ötən gecə məşhur rəssam Salvador Dali ilə bağlı Fransa və İspaniya arasındakı mübahisəni televiziya vasitəsilə izləyərkən onun bir ifadəsi yadıma düşdü. Ağıllı insan idi. O demişdir: "Özünün tam mükəmməl olduğunu düşünmə, ona heç vaxt nail ola bilməzsən". İstərdim ki, hamımız bu istiqamətdə irəliləyək. Sağ olun.
{nl}
Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, - iqtisadi məsələlər və inkişaf üzrə komitənin prezidenti, AŞPA-da Belçika nümayəndə heyətinin rəhbəri Pol VİLLE çıxış edərək dedi:
- Cənab Prezident, icazə verin Avropa Şurası Parlament Assambleyasındakı bir çox həmkarlarım adından çıxış edim. Həqiqətən də, biz bu cür peşəkarcasına təşkil olunmuş görüşdə iştirak etmək üçün böyük nümayəndə heyəti ilə gəlmişik. Sizi əla əhval-ruhiyyədə və ölkənizi gözəl vəziyyətdə bir daha görməkdən məmnunuq.
Biz tam əminik ki, Siz prezident seçkiləri zamanı söylədiyiniz fikirlərdən sonra əhalidən tammiqyaslı mandatı qazandınız. Beləliklə, Azərbaycan xalqı Milli Məclisə növbəti seçkilərə hazırlaşır. Bu da Sizə və əhalinizə ölkənizin daha da yaxşı gələcəyi üçün daha çox çalışmağa imkan yaradacaqdır.
Təbii ki, biz buraya sizinlə birgə seçkilərə hazırlaşmaq məqsədi ilə gəlmişik və hər bir Avropa qurumu və digər təsisatlar dövlətinizin necə qurulmasına dair Sizin müstəqil fikrinizin olmasını qəbul etməlidir. Eyni zamanda, Sizin Avropa Şurası kimi təsisatlarla çalışmaq qərarınız bir çox dəyərləri bölüşmək istəyinizi göstərən ən doğru seçimdir. Lakin keçmişin bütün mənfi məqamları və vaxtilə beynəlxalq arenada üzləşdiyiniz ikili standartlar tədricən geridə qalmaqdadır. Bu günün faktları və rəqəmləri bu münasibəti dəyişdirir. Məhz bu səbəbdən biz burada böyük bir nümayəndə heyəti iləyik. İnanan dostlarınız kimi Sizə növbəti ildə və qarşıdan gələn seçkilərdə uğurlar və xalqınızın maraqları naminə yaxşı nəticələr arzu edirəm. Sağ olun!
* * *
Prezident İlham ƏLİYEV görüşə yekun vuraraq dedi:
- Xoş sözlərinizə görə çox sağ olun. Əminəm ki, bu gün keçirdiyimiz bu görüş və apardığımız müzakirələr aramızda daha yaxşı anlaşmanın yaranmasına xidmət edəcəkdir. Aydındır ki, konfransın mövzusu seçkilər oldu. Lakin biz, daha əhatəli məsələləri nəzərdən keçirməliyik. Seçkilər bir prosesdir. Əminəm ki, onlar şəffaf və açıq proses formasında keçəcək və Azərbaycan xalqı bütün namizədlər üçün bərabər imkanları təmin edəcək azad mühitdə öz iradəsini ifadə edəcəkdir. Ən azı, Azərbaycan hökuməti bunu təmin etmək üçün əlindən gələni edəcəkdir. Lakin bu, prosesdir. Mühüm prosesdir. Bu, ümumi demokratik prosesin bir hissəsidir. Əminəm ki, biz digər məsələlərə də, yəni ümumi vəziyyətə, inkişafa və Avropa strukturları ilə Azərbaycan arasında güclü tərəfdaşlıq əlaqələrinə də baxmalıyıq.
Bu konfransın təşkili niyyətlərimizi aydın şəkildə nümayiş etdirir ki, biz bu məsələləri dost və səmimi mühitdə müzakirə etmək, tənqidi fikirləri dinləmək istəyirik. Biz tənqidə açığıq. Təkmilləşdirilməli sahələri hər zaman yaxşılaşdırmağa çalışırıq. Buna görə, hesab edirəm ki, bu münasibətlərin yeni inkişafı çox vədedicidir. Siz qeyd etdiyiniz kimi, bəzən biz ikili standart yanaşması ilə üzləşirik və bu, bizim üçün bəzən ağrılı məsələ olur. Lakin bu, həmçinin bizim üçün dərsdir. Çünki biz Avropa Şurasına üzv qəbul olunanda bizim üçün aydın idi ki, həmin vaxt Avropa Şurasının heç də bütün üzvləri Azərbaycanı həmin ailədə görmək istəmirdi. Lakin biz çox əzmkar idik. Bu, bizim düşünülmüş seçimimiz idi. On il əvvəl bu nailiyyət bir müstəqil ölkə kimi Azərbaycan üçün mühüm nailiyyət idi. Mən tamamilə əminəm ki, Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü kimi bu təcrübə çox müsbət və mühüm oldu. Biz bir çox şeyləri öyrəndik və eyni zamanda, ölkəmizi tanıda bildik.
Bundan əvvəl Avropada bir çox insanlar Azərbaycan və buradakı reallıqlar haqqında heç nə bilmirdi. Bir çox müxtəlif məlumat və fikirlər var idi. Bəzən bunlar həqiqətə, bəzən isə qərəzli məlumatlara əsaslanırdı. Hər halda bu, çox faydalı təcrübə oldu və bizə əməkdaşlığın yeni mərhələsinə daxil olmaq imkanını yaratdı.
Giriş nitqimdə qeyd etdiyim kimi, biz "Şərq tərəfdaşlığı" Proqramından böyük nəticələri gözləyirik. Ümid edirik ki, bu proqram nəinki Azərbaycan və Avropa ailəsini yaxınlaşdıracaq, o cümlədən onun xalqımız və avropalılar üçün çox praktiki görünən nəticələri olacaqdır. Biz uğurla əməkdaşlıq edə bilərik. Azərbaycan, əgər belə deyə bilərəmsə, Avropaya əliboş getmir. Biz regionda təhlükəsizliyə və proqnozlaşdırılmaya, eləcə də regional əməkdaşlığa töhfə verə bilərik. Avropanın sərhədlərindən kənarda yerləşən regionda biz mövqelərimizlə töhfə verə bilərik.
Enerji təhlükəsizliyi bu əməkdaşlığın, həmçinin çox vacib elementidir. Azərbaycan və Avropa İttifaqı bu sahədə çox sıx işləyir. Biz bizdən asılı olan bütün səyləri göstərməliyik ki, "Cənub dəhlizi"nin həyata keçirilməsinə töhfə verək. Ümid edirik ki, birgə səylərimiz əməkdaşlığın yeni mərhələsi ilə nəticələnəcəkdir. Bu gün əldə etdiyimiz nailiyyətlər yaxşıdır və artıq onlar böyükdür. Nəzərə alsaq ki, "Cənub dəhlizi" layihəsi, daha doğrusu, bir neçə layihəni əhatə edən bu dəhliz son on beş il ərzində burada - Azərbaycanda enerji inkişafı sahəsində görülmüş işlərə əsaslanır.
Bir sözlə, bu, çox geniş gündəlikdir və biz bu məsələlərə tərəfdaşlar, bərabər dostlar və bir-birinə yaxın olmaq istəyən tərəflər kimi yanaşmalıyıq. Fikrimcə, biz Azərbaycan olaraq hesab edirik ki, məqsədlərimiz üst-üstə düşür. Azərbaycan güclü siyasi sistem, güclü iqtisadiyyat yaratmaq və meyarları Avropa ölkələrində olan meyarlara uyğunlaşdırmaq məqsədi ilə müasirləşir. Eyni zamanda, biz Avropa ailəsinin Azərbaycandan gözlədiyi nəticələri bilirik. Aydındır ki, Avropa ailəsi öz sərhədlərində sülh, proqnozlaşdırma, əməkdaşlıq və dost mühitini görmək istəyir. Bütün bunlar burada mövcuddur. Eyni zamanda, biz anlayırıq ki, enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti artır. Biz bu işi çox yaxşı bilirik və hesab edirik tələbat da artacaqdır. Azərbaycan burada nəhəng ehtiyatlar, mövcud infrastruktur, güclü siyasi iradə və sadiqliklə artıq mühüm rol oynayır. Bir sözlə, bu, ikitərəfli yoldur. Fikrimcə, hər iki istiqamət bizim üçün eyni dərəcədə vacibdir.
Əminəm ki, "Şərq tərəfdaşlığı" Proqramının yenicə elan edildiyi bu mühüm mərhələdə bizə bir çox illər ərzində bu çərçivədə olmaq imkanını yaradacaq formatın olması çox vacibdir. Mənim səfərim zamanı Brüsseldəki rəsmilərlə və bu yaxınlarda iki komissarla müzakirələrimin bir hissəsi nəinki görülmüş işlərə, nəyin ediləcəyinə, növbəti addımlara, o cümlədən ümumiyyətlə, qarşılıqlı surətdə qəbul olunacaq uzunmüddətli aydın əməkdaşlıq və tərəfdaşlığın formalaşmasına həsr edilmişdir. Bizə gəldikdə, biz mümkün qədər irəliyə doğru getməyə hazırıq.
Hesab edirəm ki, bugünkü görüş və sizin Azərbaycana səfəriniz bu əməkdaşlığın mühüm elementləridir. Ümidvaram ki, sizin və həmkarlarınızın iştirakı ilə müxtəlif formatda keçirilən belə görüşlər davam edəcək və bu, daimi proses olmalıdır. Mən ən azı istəyirəm ki, bu, mümkün qədər daimi proses olsun, çox müsbət məsələləri, eləcə də problem yaradan amilləri və onların həllini açıq şəkildə müzakirə etmək üçün aramızda çox fəal dialoq aparılsın. Biz bunu etməyə hazırıq. Bilirəm ki, həmçinin bizim Avropadakı dostlarımız bu əməkdaşlığı gücləndirmək istəyirlər. Əminəm ki, biz irəliyə doğru sürətlə gedişimizi davam etdirəcəyik. Ölkəmizə səfər etdiyinizə görə çox sağ olun.
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.