Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışı olub

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib.

Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan nizami ordu quruculuğu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən peşəkar və güclü ordularından birinə çevrilib. Milli Ordumuzun şəxsi heyətinin həyat şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır, bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə daha bir mühüm addım atılıb. Gəncə şəhərində hərbi qulluqçular üçün şəhərcik inşa olunub. Bütün lazımi şəraitlə təchiz edilmiş belə müasir şəhərciyin salınması hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlməklə yanaşı, ordumuzun qüdrətinin artmasına da mühüm təsir göstərir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısına məlumat verildi ki, yaşayış kompleksi 14 çoxmənzilli binadan ibarətdir. Kompleks şəhərin Yeni Gəncə yaşayış massivində 2-ci mikrorayonda yaradılıb. Doqquzmərtəbəli binalardan ibarət kompleksdə ümumilikdə 696 mənzil var. Onların 48-i birotaqlı, 224-ü ikiotaqlı, 312-si üçotaqlı, 112-si isə dördotaqlıdır. Mənzillər su, işıq, qaz və “kombi” istilik sistemi ilə təmin olunub. Kompleksin ərazisində yaşıllaşdırma və abadlıq işləri ilə yanaşı, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Uşaq əyləncə və idman meydançası salınıb. Yaşayış kompleksinə gedən “28 May” prospekti yenidən qurulub, işıq dirəkləri təzələnib.

Prezident İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə tanış oldu.

Azərbaycan Prezidenti əvvəlcə polkovnik-leytenant Həziyevin mənzilinə baxdı.

Ailə üzvlərini təbrik edən Prezident İlham ƏLİYEV dedi: Sizi təbrik edirəm. Böyük şəhərcik yaradılıb. İndi hərbçilər öz ailələri ilə bu şəhərcikdə yaşayacaqlar. Dövlət hərbçilərə belə gözəl qayğı göstərir. Gözəl evlər tikilir. İndi orduda 20 il qüsursuz xidmət etmiş 750 hərbçi artıq dövlət tərəfindən pulsuz mənzillə təmin olunub.

Bu proses davam etdirilir. Hər il hərbçilərə dövlət tərəfindən mənzillər veriləcək ki, onlar özlərini yaxşı hiss etsinlər, ailələri yaxşı şəraitdə yaşasınlar, belə gözəl övladlar böyütsünlər və ordumuz üçün yeni kadrlar yetişdirsinlər. Gənclər də görəndə ki, hərbçilərə, xüsusilə hərbi xidmətdə fərqlənmiş insanlara dövlət tərəfindən belə yüksək qiymət verilir, onlar da bu işlərə daha böyük həvəslə qoşulacaqlar. Beləliklə, bizim çox gözəl gənc kadrlarımız yetişəcək. Sizi bir daha təbrik edirəm, sizə cansağlığı arzulayıram.

Polkovnik-leytenant HƏZİYEV: Çox sağ olun, cənab Ali Baş Komandan. Biz də öz ailəmiz adından, bütün hərbi qulluqçularımız adından Sizə minnətdarlığımızı bildiririk. Bu gün bizim sevincimizə Siz də şərik oldunuz, gəldiniz. Bizim üçün bundan böyük xoşbəxtlik ola bilməz.

Prezident İlham ƏLİYEV: Sağ olun.

 

*    *    *

 

Sonra dövlətimizin başçısı polkovnik-leytenant Hüseynovun mənzilində oldu, onu və ailə üzvlərini təbrik etdi.

Sonda xatirə şəkilləri çəkdirildi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında