Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında iştirak edib.
Əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakıətrafı qəsəbələr üzrə ödənilən güzəştli kreditlər barədə məlumat verdi. Qeyd edildi ki, indiyədək fondun vasitəsilə Bakıətrafı qəsəbələr üzrə 2220-dək sahibkara 430 milyon manat güzəştli kredit verilib. Bu məbləğin 286 milyon manatı yeni texnologiyalara əsaslanan 86 müəssisənin yaradılmasına ayrılıb. Bu müəssisələrin arasında transformator, elektrotexniki avadanlıqlar, qida sənayesi, tikinti materialları, neft-kimya sənayesi avadanlıqları, çörək zavodları, tikiş fabriki, logistik mərkəzlər və digər istehsal sahələri var. Bakıətrafı qəsəbələr üzrə verilmiş kreditlər hesabına 26 mindən çox yeni iş yeri yaradılıb. Qaradağ rayonu üzrə isə 100 sahibkara 78 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 3700-dən çox yeni iş yeri açılıb.
“Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov şirkət barədə məlumat verib. Bildirilib ki, bu şirkətin tərkibinə 5 zavod - quru inşaat qarışıqları zavodu (illik istehsal gücü 100 min ton), boya zavodu (5 min ton), beton qatqıları zavodu (5 min ton), gips hörgü bloku zavodu (250 min kvadratmetr) və Ağdağ gips zavodu (250 min ton) daxildir. Bu zavodlarda 800-dən çox iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 600 manatdır.
Prezident İlham Əliyevə şirkətin perspektiv layihələri barədə məlumat verilib. Şirkət tərəfindən 4 zavodun - Qaradağda illik istehsal gücü 8 milyon kvadratmetr olan gips karton-alçipan və 35 min ton olan mineral yun, Qazaxda 50 min ton olan əhəng və Balaxanıda 300 min ton zənginləşdirilmiş kvars qumu zavodlarının tikilməsi nəzərdə tutulur. Bu zavodların yaradılmasına ümumilikdə 105 milyon manat investisiya qoyulacaq və dövlətin güzəştli kreditlərindən də istifadə olunacaq. Zavodların yaradılması nəticəsində 1500 daimi və 500 mövsümi iş yeri açılacaq. Yeni zavodların işə başlaması Lerik, Abşeron, Qaradağ, Qobustan, Daşkəsən, Goranboy və Qazax rayonlarında yardımçı istehsal sahələrinin də yaradılmasına imkan verəcək.
Şirkətin 6-cı müəssisəsi olan Yeni Ağdağ gips zavodu 4,4 hektar sahədə yaradılıb. Burada gips əsaslı tikinti materialları istehsal ediləcək. Müəssisədə yüksək keyfiyyətli məhsul əldə etmək üçün bütün şərait yaradılıb. Zavodda müasir və qabaqcıl texnologiyaların tətbiqi məhsulun maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətin əldə edilməsinə və idxalın əvəz olunmasına imkan yaradır. Zavodun Goranboyda gips və Daşkəsəndə kalsid karxanaları var. Bu karxanalarda 100 nəfər çalışır. Müəssisənin illik istehsal gücü 400 min ton təşkil edir. Bu zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,5 milyon manat güzəştli kredit verilib. Ümumilikdə isə “Mətanət-A” şirkətinə fond tərəfindən 2,5 milyon manat güzəştli kredit ayrılıb.
Dövlətimizin başçısı Yeni Ağdağ gips zavodunda istehsal ediləcək məhsullara baxdı. Bu məhsullar müasir standartlara cavab verməklə yanaşı, həm də Azərbaycan brendi kimi ölkəmizin iqtisadi potensialını dünyaya nümayiş etdirəcək. Müəssisədə quraşdırılan müasir avadanlıq hesabına məhsullar yüksək keyfiyyəti ilə seçiləcək. Zavodda əsasən yerli xammaldan istifadə olunacaq. Hazırlanan məhsulların daxili tələbatın ödənilməsi ilə yanaşı, 50 faizinin Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və Ukraynaya ixrac olunması nəzərdə tutulur.
Prezident İlham Əliyev “Mətanət-A” şirkətinin digər zavodlarında istehsal edilən məhsullarla da tanış oldu. Bildirildi ki, şirkətin zavodlarında 1000-dən artıq çeşiddə məhsul buraxılır. Bu məhsullar satışa 200-dən artıq ticarət markası ilə çıxarılır. Şirkət bir neçə patentləşdirilmiş ixtiranın müəllifidir. 2000-ci ildə yaradılan bu şirkət fəaliyyətində “daha aşağı qiymətə, daha keyfiyyətli məhsul əldə etmək” devizini əsas meyar seçib. Şirkət məhsullarını İran və MDB ölkələrinə ixrac edir. Zavodlarda nano və smart texnologiyalar tətbiq edilir ki, bu da məhsulun yüksək keyfiyyətli olmasında mühüm rol oynayır. Ekoloji təmizliyi ilə də seçilən məhsullar arasında dünyanın əksər ölkələrində patentləşdirilmiş fasadda aqlay daşını yaradan quru qarışıq - FASNATURAL məhsulu da var. Su hopmayan bu məhsulun özəlliyi fasadın yükünü 11 dəfəyədək azaltması və şaxtaya tam davamlı olmasıdır.
Dövlətimizin başçısı Yeni Ağdağ gips zavodunu işə saldı.
Sonra Prezident İlham Əliyev zavodun kollektivinin üzvləri ilə görüşüb söhbət etdi.
Prezident İlham Əliyev: Maaş da yaxşı verirsiniz?
Elxan Bəşirov: Orta aylıq əməkhaqqı 600 manatdır.
Prezident İlham Əliyev: Siz necə, razısınız?
İşçilər: Bəli, çox razıyıq.
Prezident İlham Əliyev: Bu gözəl şəraitdə işləmək insanlara zövq verir. Təbrik edirəm. Fəaliyyətinizi daha da genişləndirin. Həm şirkət, həm ölkə iqtisadiyyatı, sənaye istehsalı inkişaf etsin.
Şirkətin vitse-prezidenti Fuad Bəşirov: Sizin uğurlu siyasətinizə yeni nailiyyətlərimizlə dəstək veririk.
Prezident İlham Əliyev: Şadam ki, 2016-cı ildə də belə gözəl müəssisələr açılır. İli yaxşı başlamışıq. “Mətanət-A” şirkətinin rəhbəri regional konfransda da çıxış etmiş, nailiyyətlər haqqında danışmışdı. Şadam ki, bu şirkət ölkəmizin sənaye inkişafına çox yaxşı töhfə verir. Dövlət də sizi dəstəkləyir. İqtisadiyyat Nazirliyinə göstəriş verilmişdir ki, bundan sonra da lazımi dəstəyi versin. Təki, siz daha da yaxşı işləyəsiniz, insanlar daha da yaxşı maaş alsınlar, xalqımız daha da yaxşı yaşasın. Təbrik edirəm sizi.
İşçilər: Çox sağ olun, Allah sizi qorusun.
Dövlətimizin başçısı zavodun fəaliyyəti ilə tanış oldu. Məlumat verildi ki, burada gips əsaslı suvaq, astar və üzlük yaxı materialları, inşaat və dekorativ məmulatların hazırlanması üçün gips, aralıq doldurucuları, gips blok yapışdırıcıları, gips hörgü blokları və digər məhsullar istehsal olunacaq. Burada 300 yeni iş yeri yaradılacaq. Müəssisənin istehsal prosesində ekoloji təmiz məhsul əldə etməyə və enerjiyə qənaətə xüsusi diqqət yetirilir. Bu isə öz növbəsində məhsulun maya dəyərini aşağı salır. Nəticədə istehlakçılara daha münasib qiymətlərlə onların tələbatına uyğun yüksək keyfiyyətli gips əsaslı məhsullar təqdim ediləcək. Bunun sayəsində ölkəmizin ixrac potensialının daha da artırılması mümkün olacaq. Zavod dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları əsasında qurulub.
Dövlətimizin başçısının müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun olaraq, həyata keçirilən tədbirlər nəticəsində son illər yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkəmizin sənayesində ənənəvi sahələr genişlənməklə yanaşı, digər yeni sənaye sahələri yaradılıb. Hazırda ölkədə fəaliyyət göstərən sənaye müəssisələrində müxtəlif tikinti materialları istehsal olunur və bu da Azərbaycanın ixrac potensialını artırır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, güzəştli kreditlər hesabına tikinti materiallarının istehsalının ən müasir texnologiya və avadanlıqlar əsasında yaradılması məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər ümumi dəyəri 208,5 milyon manat olan 22 tikinti materialları istehsalı müəssisəsinin yaradılmasına 73 milyon manat güzəştli kredit ödənilib. Artıq 19 müasir müəssisə fəaliyyət göstərir.
Zavodla tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.