Prezident İlham Əliyev Davos Forumunun “Yeni enerji tarazlığı” mövzusunda sessiyasında iştirak edib

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyada iştirak edib.

Sessiyanın aparıcısı, CNN-in redaktoru Con DEFTERİOS Azərbaycan Prezidenti İlham Əliyevi və digər qonaqları təqdim edərək dedi:

-Cənab Prezident, Sizə “Brent” markalı neftin 28 dollara düşəcəyini desəydim mənim günorta yeməyində su və ya çay əvəzinə başqa bir şey içdiyimi düşünərdiniz. Cənab Prezident, bizə bu gün neftin qiymətini gördükdə necə təəccüb keçirdiyinizi, qiymətlər daha da aşağı düşməyə davam edərsə, gələcəyi necə planlaşdıracağınızı danışın.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Nefti bundan daha aşağı qiymətlərdə görmək çətindir. Ancaq bu gün bunu gördükdən sonra artıq buna da təəccüblənməyəcəyik. Əlbəttə, buna hazır deyildik. Biz Azərbaycanda özümüzü neftsonrası dövrə - 20 il sonraya hazırlayırdıq. Buna görə də bu, bizim üçün gözlənilməz oldu. Eyni zamanda, bu, bizim iqtisadiyyatımız üçün bir zərbə idi. Biz bu il büdcəmizi neftin 50 dollar qiymətinə görə, ötən il isə 90 dollar qiymətinə görə planlaşdırmışdıq. Biz xərclərimizi, investisiyalarımızı azaltmalı və sosial təminatı eynilə saxlamalı olduq. Bizim iqtisadiyyatımız sabit və davamlıdır. Bizim geniş ehtiyatlarımız var. Bu vəziyyəti tarazlaşdıra bilərik. Ancaq bu vəziyyət daha uzun müddətə davam edərsə, əlbəttə, bu, büdcəmizə ciddi təsir göstərəcək.

“Cambridge Energy Research Associates” konsaltinq şirkətinin vitse-prezidenti Daniyel YERGİN neftin qiymətinin dünyanın aparıcı və inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə əlaqəli olduğunu bildirdi. O, 2003-cü ildən bəri OPEC-in neftin qiyməti ilə bağlı apardığı siyasətdən danışdı.

Səudiyyə Ərəbistanının səhiyyə naziri, “Saudi Aramco” neft şirkətinin rəhbəri Xalid ƏL-FALİH ölkəsinin iqtisadi potensialından danışdı. Bildirdi ki, neftin qiymətinin aşağı düşməsi davam etsə bəzi istehsalçılar qısamüddətli əməliyyat xərclərini qarşılaya bilməyəcəklər. “Bazarın bütün istehsalçılara ehtiyacı var”, - deyən Xalid Əl-Falih ilin sonunadək neftin qiyməti ilə bağlı proqnoz verməyə çətinlik çəkdiyini bildirdi. Bununla yanaşı, neftin qiymətinin qalxacağına ümidvar olduğunu dedi.

Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kiril DMİTRİYEV qeyd etdi ki, bir çox ölkələr bazarda daha çox pay əldə etməyə çalışır və bu da qiymətlərin aşağı düşməsinə təsir edir. Dünyanın enerjiyə çox ehtiyacı olduğunu bildirən Kiril Dmitriyev neftin qiymətinin sabitləşəcəyinə ümidvar olduğunu dedi. Onun sözlərinə görə, Reuters-in analitiklər arasında apardığı sorğuya əsasən gələn il neftin bir barrelinin qiyməti 57.9 dollar olacağı gözlənilir.

Çinin Araşdırmalar və Enerji Siyasəti Universitetinin professoru Lim BOCEN neftin qiymətinin aşağı düşməsinin ölkəsinin iqtisadiyyatına təsirindən və ümumilikdə, dünyada hazırda mövcud olan maliyyə və iqtisadi böhranın Çində də yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı hökumətin gördüyü tədbirlərdən danışdı. 

Nigeriyanın neft naziri, OPEC-in hazırkı prezidenti Emanuel KAÇİKVU da neftin qiyməti ilə bağlı nikbin fikirdə olduğunu bildirdi. Qeyd etdi ki, OPEC-ə üzv ölkələrlə quruma üzv olmayan ölkələr vəziyyətlə bağlı danışıqlar aparmalıdır.

Sonra tədbirin aparıcısı Con Defterios Prezident İlham Əliyevə yenidən sual verdi:

– Real olaraq Siz OPEC üzvü olmadan gündəlik 800 min barrel neft istehsal edirsiniz. Heç OPEC-lə əlaqə yaradıb “Azərbaycanda çətinlik çəkirik, bununla əlaqəli bir şey etməliyik” demisinizmi?

Prezident İlham Əliyev: Biz bunu etməyə hazırıq. Əslində bu mövzu bir sıra OPEC üzvü olan ölkələrlə müzakirələrimizin bir hissəsi olub. Biz böyük istehsalçı deyilik. Ancaq düşünürəm ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, bəlkə də bir nəticə əldə edərik. Çünki təəssüflər olsun ki, hər OPEC üzvlərinin görüşündən sonra neftin qiyməti aşağı düşür. Bu səbəbdən də yeni mümkün görüşdən ehtiyatlanırıq. Bəlkə də bu görüşü keçirməmək daha yaxşıdır.

Con Defterios: Son zamanlar OPEC-ə çox etibar edirsiniz.

Prezident İlham Əliyev: Bu, real vəziyyətdir. Düşünürəm ki, OPEC üzvü olmayan böyük istehsalçılar və OPEC üzvləri arasında istehsalın azaldılması barədə razılıq, əlaqələndirmə olsa qarşılıqlı etibarı artırar. OPEC təkbaşına bu qərarı verə bilmədi. Bu qərar olmadıqda isə indiki vəziyyət alınır və neftin qiymətinin ən aşağı həddə enməsini gözləyirik. Hər gün ən aşağı hədd olduğunu düşünürük və daha sonra yeni neft qiymətini görürük. Sözün açığı, ölkənin büdcəsini tarazlamaq, investisiya üçün maliyyəyə malik olmaq kimi ehtiyaclardan başqa, bu, bir az da psixoloji cəhətdən yorucudur. Bu, təkcə neft və qaz sektorunda deyil. Şirkətlər və ölkələr arasındakı fərq də budur. Biz sosial infrastruktura, sənaye infrastrukturuna investisiya qoymalıyıq. Eyni zamanda, istehsal gücünü sabit saxlamaq üçün də neft və qaz sənayesinə investisiya qoymalıyıq. İndiki vəziyyət, əlbəttə, ürəkaçan deyil. Ancaq, eyni zamanda, bu, Azərbaycanda islahatlar üçün əlverişli məqamdır. Biz maliyyə sektorumuzun yeni təfəkkürdə islahatlarına, iqtisadi islahatlara, ixracat yönümlü qeyri-neft məhsullarının istehsalına başlamışıq və neft amilini unutmalıyıq. Əvvəldə dediyim kimi, özümüzü bu dövrə - 15-20-25 il sonraya hazırlamağa çalışırdıq. Amma bunu indi etməliyik və düşünürəm ki, bu vəziyyətdən çıxa biləcəyik. Bir daha deyirəm, Azərbaycanın iqtisadi vəziyyəti sabitdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 12 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız da demək olar ki, ümumi daxili məhsul ilə eyni səviyyədədir. Əminəm ki, biz böhrandan çıxacağıq. Ancaq gələcək il üçün büdcə planlaşdırması aparmaqdan ötrü əlbəttə ki, proqnozlaşdırıla bilən bir gələcək istəyirik. 

Con Defterios: Sizin valyutanız 70 faiz devalvasiyaya məruz qaldı. Bu, çox ağrılı bir proses oldu və hətta Azərbaycanda bir sıra etirazlar yaratdı. Buna səbəb neftin qiymətlərinin kəskin düşməsi idi.

Prezident İlham Əliyev: Bunun, əlbəttə, bir çox səbəbi var. Birincisi, neftin qiymətlərinin azalması. Bizim milli valyutamız ötən on ildə dollara nisbətdə çox dəyər qazanmışdı. Manat 1,3 dollara bərabər idi. İlk devalvasiya zamanı manat 1-1 nisbətində oldu. İkinci devalvasiyanın əsas səbəbi isə qonşu ölkələrdə milli valyutaların kəskin devalvasiyası oldu. Nəticə olaraq bizim məhsullarımızın rəqabətədavamlılığı azaldı və bu, büdcəmiz üzərində artıq yükə çevrildi. Beləliklə, bu, qaçılmaz idi. Bacardığımız qədər bunun qarşısını almağa  çalışdıq. Milli bank ehtiyatlarımızın bir hissəsini itirdik. Ancaq bu addımı atmalı idik. Bununla əlaqədar bir sıra narahatlıqlar yarandı. Çünki idxal edilən məhsulların qiymətində dərhal artım oldu. Biz hələ də bəzi məhsullar baxımından idxaldan asılı ölkəyik. Bu səbəbdən qiymətlərin artması bir sıra narahatlıqlara səbəb oldu. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına sahib idi. Son 10 ildə iqtisadiyyatımız 300 faiz artmışdı və zənnimcə bu, bizim üçün bir qədər yüksək göstərici idi. İndi də bu tempin azalması vaxtıdır. Valyuta ehtiyatları ilə biz bu vəziyyətdən çıxacağıq.

SUAL: Cənab Prezident, son sözlərinizi eşitmək istərdik. Neftin 28 dollar qiymətində necə bir planlaşdırma aparacaqsınız? Qiymətin ən aşağıya çox yaxın olduğumuzu düşünürsünüzmü? Növbəti rübdə vəziyyəti dəyişə biləcəyikmi?

Prezident İlham Əliyev: Bəli, mən belə düşünürəm. Zənnimcə, daha 2-3 dollar enmə ola bilər. Daha sonra ilin ikinci yarısında bazar böyüməyə başlayacaq. Çünki biz hamımız bilirik ki, bu, dövri sistemdir. Böyük neft inkişafı layihəsini 1994-cü ildə işə salan zaman neftin qiyməti ümumiyyətlə 12 dollar idi. Bu da normal qarşılanırdı. O vaxt inkişaf planlaşdırılması aparılan zaman xatırlayıram, optimist ssenariyə görə neftin qiyməti 23 dollar götürülmüşdü. İndi də 22 il əvvəlki optimist ssenariyə çox yaxınıq.

Ümid edirəm ki, bazar sabitləşəcək. Çünki neft sektoru investisiyalar tələb edir. Keçən il neft sektoruna ən az investisiya qoyulmasının şahidi olduq. Bu olmasa, qiymət sözsüz yüksələcək. Heç bir proqnoz vermək istəmirəm. Ancaq bir barrel üçün 60-70 dolların şirkətlərə, investorlara, hökumətlərə əla qiymət olacağını düşünürəm və bunu gec-tez görməyə ümid edirəm.

Con Defterios: 2017-ni nəzərdə tutursunuz?

Prezident İlham Əliyev: Bəli, belə düşünürəm. 2017-də. Ümidvaram ki, bu ilin ikinci yarısı sabitləşmə dövrü olacaq və biz artımı görəcəyik.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında