Prezident İlham Əliyevin giriş nitqi
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
- Ölkəmizin nəqliyyat infrastrukturunun yaradılması və genişləndirilməsi ilə bağlı çox işlər görülür. Son illərdə qoyulan investisiyalar hesabına Azərbaycanın nəqliyyat sektoru çox sürətlə və uğurla inkişaf etmişdir. Həm Bakıda, həm ölkəmizin müxtəlif bölgələrində yeni müasir nəqliyyat obyektləri tikilir. Dünən Bakıda yeni dəniz ticarət limanının təməl daşı qoyulmuşdur. Liman tikiləndən sonra ölkəmizin nəqliyyat imkanları böyük dərəcədə artacaq, Azərbaycan tranzit imkanlarından daha da böyük səmərə ilə istifadə edəcəkdir. Nəqliyyat sektorunun inkişafı hər bir ölkənin uğurlar qazanması üçün mühüm rol oynayır. Azərbaycanda bu məsələlər həmişə diqqət mərkəzində olmuşdur.
Bugünkü iclas şəhər nəqliyyatının inkişafı ilə bağlı olacaqdır. Xüsusilə, bu gün biz Bakı Metropoliteninin inkişaf proqramını müzakirə edəcəyik. Şəhər nəqliyyatının inkişafı üçün son illər ərzində çox böyük işlər görülmüşdür. Bakıda 170 kilometr yeni yollar salınmış və təmir olunmuşdur, 15 yol ötürücüsü, 30 piyada keçidi tikilmişdir, bəzilərində hələ tikinti davam edir. Bakıda ən müasir standartlara cavab verən nəqliyyatın intellektual idarə edilməsi mərkəzi yaradılır. Mərkəz işə düşəndən sonra əminəm ki, nəqliyyatın tənzimlənməsi prosesi daha da uğurla gedəcəkdir.
Şəhər nəqliyyatının inkişafı və müasir standartlara cavab verməsi üçün ölkəmizə 2300-dən çox sərnişin avtobusu gətirilmişdir. Bu, həm insanlara daha yaxşı şərait yaradır, həm də ki, tıxac probleminin həlli üçün çox mühüm bir vasitədir. Əgər biz bir neçə il bundan əvvəl Bakıda yeni körpüləri, yol qovşaqlarını, yol ötürücülərini, piyada keçidlərini tikməsəydik, demək olar ki, bu gün Bakıda nəqliyyat tam dayana bilərdi. Çünki şəhərin tarixi mərkəzində yolların o qədər də geniş olmaması problemlər yaradırdı, digər tərəfdən, şəhərə giriş-çıxışlarda dairələr mövcud idi. İndi bu dairələrin, demək olar ki, əksəriyyəti aradan qaldırılıb. O yerlərdə ki, dairələr var idi, bu gün orada ən müasir körpülər, yol ötürücüləri tikilmişdir. Bakıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yol vaxtilə həm çox bərbad vəziyyətdə idi, həm də ki, hər bir dairədə böyük tıxaclar yaranırdı. Pik saatlarda metronun "Əzizbəyov" stansiyasının qarşısındakı dairədə maşınlar yarım saat, qırx, əlli dəqiqə tıxacda dayanırdı. Ondan sonra Sabunçu, daha sonra başqa dairələr gəlirdi. Hər bir dairədə tıxaclar yaranırdı və demək olar ki, şəhər nəqliyyatı iflic vəziyyətinə düşürdü.
Biz bütün lazımi tədbirləri çox vaxtında gördük, çox ciddi maliyyə resursları ayırdıq. Nəqliyyat Nazirliyi bütün bu işləri yüksək peşəkarlıqla, zövqlə icra edir. Körpülərimiz, yol ötürücülərimiz təkcə nəqliyyat infrastrukturu deyil, eyni zamanda, şəhər memarlığı nümunələridir. Onlar xarici görünüşü, dizaynı, gözəlliyi və müasirliyi ilə fərqlənir. Bu gün Bakının mərkəzindən aeroporta və başqa istiqamətlərə getmək üçün artıq dairələrdə gözləmək lazım deyildir. Biz qarşıya məqsəd qoymuşuq ki, ümumiyyətlə, şəhər nəqliyyatının tənzimlənməsi prosesi dünya standartlarına cavab versin. Bu gün yolda işıqforlar da azalır və beləliklə, rahat nəqliyyatın təşkili üçün bütün şərait vardır.
Biz aeroport yolunu iki dəfə genişləndirdik. İndi artıq bəziləri bu işləri unudur. Bu da təbiidir, insanlar yaxşı şəraitə tez öyrəşirlər. Bizim də vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda və Bakıda ən yüksək standartları tətbiq edək ki, vətəndaşlarımız ən qabaqcıl texnologiyalar əsasında yaradılmış şəraitdən istifadə etsinlər. Bu gün aeroport yolu 8 və 12 zolaqlıdır. Digər tərəfdən, yeni aeroport yolu tikilmişdir - Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu yolu. O altızolaqlı beton yol ümumiyyətlə yox idi. Yəni, bütün bu işlər, bir daha demək istəyirəm ki, şəhər nəqliyyatının tənzimlənməsi üçün çox mühüm addımlardır.
Bu gün Bakıda müxtəlif yerlərdə yollar həm təmir olunur, həm də ki, yeniləri tikilir, yeni istiqamətlər açılır. Bakı-Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan-Bilgəh-Kürdəxanı-Pirşağı-Sumqayıt yolu tikilməkdədir. Bu da yeni arteriyanın, istiqamətin açılması deməkdir. Həm o bölgədə yerləşən kəndlər bir-biri ilə, həm şəhərlə, həm Sumqayıtla daha da rahat əlaqə saxlayacaqlar, həm də oradan gələcəkdə açılacaq dairəvi yola birbaşa çıxış olacaqdır. Dairəvi yol demək olar ki, hazırdır. Yəqin ki, biz bir neçə gündən sonra dairəvi yolun açılışını da qeyd edəcəyik. Bu da çox nadir və şəhər üçün əvəzolunmaz bir qovşaqdır. Artıq şimal, cənub, qərb istiqamətlərindən hərəkət edən avtomaşınlar şəhərə girmədən o dairəvi yoldan istifadə edəcəkdir. Bu yol da başqa yollar kimi ən yüksək standartlara cavab verir.
Yəni, şəhər nəqliyyatı hər bir böyük, inkişaf edən şəhər üçün prioritet məsələlərdən biridir. Biz bilirik ki, bəzi böyük şəhərlərdə tıxac problemləri artıq çox ciddi fəsadlara gətirib çıxarıbdır. Böyük şəhərlərdə insanlar saatlarla tıxaclarda qalırlar. Bəzi hallarda başqa şəhərə təyyarə ilə uçmaq daha az vaxt tələb edir, nəinki şəhər mərkəzindən aeroporta getmək. Yəni, biz də bu problemlərlə nə vaxtsa üzləşə bilərdik, əgər vaxtında çox ciddi addımlar atmasaydıq. Düzdür, bu məsələlərin həlli üçün çox böyük vəsait lazımdır. Deyə bilərəm ki, magistral yollardan, yəni bölgələrə aparan yollardan fərqli olaraq, şəhər yollarının genişləndirilməsi və yeni yolların yaradılması o qədər də ciddi iqtisadi səmərə vermir. Əlbəttə ki, magistral yollar, hər bir yerə yeni yol çəkilən kimi orada canlanma gedir, iş yerləri açılır, o rayonların imkanları genişlənir. Amma şəhərin içində bu yolların tikintisi sırf sosial xarakter daşıyır ki, Azərbaycan vətəndaşları rahat yollardan istifadə etsinlər. Azərbaycanda və xüsusilə Bakıda yolların keyfiyyəti də ildən-ilə artır, ən yeni texnologiyalar tətbiq olunur. Biz bu işlərlə ən xırda məsələlərə qədər ciddi məşğuluq.
Bakı yollarının əsas problemlərindən biri həm keyfiyyətsizlik idi - vaxtilə bu yollar keyfiyyətsiz tikilmişdi, təmirsiz qalmışdı - həm də çox sayda lyukların mövcudluğu problem yaradırdı. Lyuklar elə qoyulmuşdu ki, maşının təkəri oraya bir neçə dəfə düşəndə demək olar ki, sıradan çıxırdı. Ancaq müasir texnologiya və avadanlıq gətiriləndən sonra indi maşın lyukun üstündən keçəndə bəzi küçələrdə heç hiss olunmur. Biz elə etməliyik ki, şəhərimizin əksər küçələrində gözəl texnologiyalar tətbiq olunsun, bu təcrübə vardır. Əlbəttə ki, bu, böyük vəsait tələb edir. Ancaq biz bunu etməliyik. Çünki bu, şəhərimizin inkişafına xidmət edir, insanların daha da rahat hərəkəti üçün şərait yaradır. Yəni, demək istəyirəm ki, biz bu məqsədlərə böyük vəsait ayırmışıq. Hər il dövlət büdcəsində böyük məbləğdə vəsait ayrılır. Biz bunu gələcəkdə də davam edəcəyik.
Digər tərəfdən, Azərbaycan çox uğurla inkişaf edir, maliyyə resurslarımız böyüyür, iqtisadi imkanlarımız genişlənir. Biz elə etməliyik ki, ölkəmiz ən inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Bunu etmək üçün əlbəttə ki, şəhər infrastrukturunun yüksək standartlara cavab verməsi ən vacib şərtlərdən biridir.
Bugünkü iclas Bakı Metropoliteninin inkişaf planının müzakirəsinə həsr olunubdur. Bu məsələlər diqqət mərkəzindədir. Bakı Metropoliteninin çox böyük tarixi vardır. Sovet İttifaqında Bakı birinci şəhərlərdən idi ki, metro stansiyaları açılmışdır. İlk stansiyalar Bakıda 1967-ci ildə istismara verilmişdir. Ondan sonrakı dövrdə bu proses sürətlə getmişdir. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Bakıda metro stansiyalarının tikintisi çox sürətlə gedirdi. Ancaq Sovet İttifaqı dağılandan sonra əlbəttə ki, bu proseslər dayandı və uzun illər Bakıda metro tikintisi aparılmırdı. Bəzi hallarda əvvəlki dövrdə başlanmış layihələr yavaş-yavaş icra edilirdi. Ancaq əsaslı şəkildə bu məsələ bir qədər diqqətdən kənarda qalmışdı. Bunun da təbii səbəbləri var idi. Çünki müstəqilliyimizin ilk illərində ölkə qarşısında o qədər ciddi problemlər dayanmışdı ki, onların həlli bütün səylərin səfərbər olunmasını tələb edirdi. İşsizlik, yoxsulluq, işğaldan əziyyət çəkən soydaşlarımızın məişət problemləri, iqtisadi tənəzzül, sənaye müəssisələrinin dayanması. Yəni iqtisadiyyatın demək olar ki, iflic vəziyyətə düşməsi problemləri qarşımızda dayanırdı. Ona görə biz məhdud maliyyə resurslarından ən vacib məsələlərin həllində istifadə etməyə çalışırdıq. Təbii ki, metronun inkişafına vəsait çatmırdı. İndi vəziyyət başqadır. Bir daha demək istəyirəm ki, indi maliyyə imkanlarımız kifayət qədərdir, biz özümüzü çox rahat, əmin hiss edirik. Belə olan halda, əlbəttə ki, şəhər nəqliyyatının ən ucuz növü olan metro tikintisinə daha da böyük diqqət göstərilir.
Son illər ərzində biz bu işlərin gözəl nəticələrini görürük. 2008-ci ildə metronun "Nəsimi", 2009-cu ildə "Azadlıq prospekti" stansiyaları, "28 May" stansiyasının yeni keçidi istismara verilmişdir. Bu gün bu işlər davam etdirilir, hər il dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulur. İki il bundan əvvəl Bakı Metropoliteninin inkişaf planının hazırlanması üçün mənim tərəfimdən xüsusi sərəncam imzalanmışdır, vəsait ayrılmışdır və bu gün biz o planın ilkin konturlarını müzakirə edəcəyik.
Metro şəhər nəqliyyatının 30 faizini təşkil edir. Bakı metrosunda gediş haqqı həm digər nəqliyyat vasitələrindən, eyni zamanda, bütün MDB məkanında olan ölkələrdən ucuzdur. O ki qaldı Avropa şəhərlərinə, fərq bəlkə 10-15 dəfə səviyyəsindədir. Yəni biz metro haqlarının aşağı səviyyədə saxlanması ilə bir növ sosial məsələlərin həllinə də öz töhfəmizi vermiş oluruq. Bu gün Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir. Nəqliyyat sektorunda xidmət göstərən özəl şirkətlər də gəlirlə işləyirlər. Bu təbiidir, çünki bazar iqtisadiyyatı prinsipləri bunu tələb edir. Bizim demək olar ki, bütün başqa dövlət qurumlarımız, dövlət şirkətlərimiz gəlirlə işləyirlər. Əlbəttə, dövlət lazım olan hallarda büdcədən dövlət şirkətlərinin fəaliyyətinin gücləndirilməsi üçün vəsait ayırır. Ancaq gündəlik fəaliyyətdə enerji sektorunda dövlət şirkətlərimiz demək olar ki, bazar iqtisadiyyatı prinsipləri əsasında işləyirlər.
Nəqliyyat sektorunda da, misal üçün, hava nəqliyyatı - dövlət tərəfindən vəsait ayrılır, təyyarələr alınır, yeni aeroportlar tikilir, lazım olan hallarda birdəfəlik qaydada subsidiyalar verilir. Amma bütövlükdə hava nəqliyyatı gəlirlə işləyən bir sahədir. Dəniz nəqliyyatı da həmçinin. Bizim böyük tanker donanmamız vardır. Son illər ərzində dövlət büdcəsi hesabına 12 tanker və quru yük gəmiləri alınmış və Xəzər Dövlət Gəmiçiliyinin tabeliyinə verilmişdir. Bu olmasaydı, əlbəttə ki, gəmiçilik səmərə ilə işləyə bilməzdi. Ancaq bu, birdəfəlik aksiyadır, ondan sonra o tankerlərin istismarı nəticəsində gəmiçilik gəlir əldə edir.
Metro ilə bağlı məsələ bir qədər fərqlidir. Burada həm dövlət tərəfindən ayrılmış vəsait hesabına yeni stansiyalar tikilir. Bu da çox böyük vəsait tələb edən məsələdir. Təkcə bu il metronun inkişafı üçün 200 milyon manata qədər vəsait xərclənibdir və xərclənəcəkdir. Digər tərəfdən, vaqonların alınması dövlət hesabına həll olunur. Son illər ərzində 150-dən çox vaqon alınmışdır və metrodan istifadə edən vətəndaşlar bunu görürlər. Amma bununla bərabər, metronun istismarı da dövlət subsidiyaları əsasında həll olunur. Bizdə metroda gedişhaqqı 15 qəpikdir. Mənə dünən verilən arayışa görə, hər bir sərnişinə xərclənən vəsait 49 qəpikdir, yəni 3 dəfə çoxdur. Yəni bu, birbaşa dövlət tərəfindən ayrılan subsidiyalardır. Mən, sadəcə olaraq, qeyd etmək istəyirəm ki, metro o sahə deyil ki, ora investisiya qoyasan və oradan gəlir gözləyəsən. Metroya qoyulan investisiyalar qayıtmayacaq, bunu biz bilirik. Amma buna baxmayaraq, insanların rahatlığı və şəhər nəqliyyatının tənzimlənməsi üçün biz bunu edirik.
Ölkə qarşısında duran məsələlər hələ çoxdur və elə sahələr var ki, mütləq oraya investisiyalar qoyulmalıdır və qoyulur. Biz əlbəttə ki, bütün maliyyə imkanlarımızdan çox böyük qənaətlə istifadə etməliyik və elə də istifadə edirik. Maksimum çalışırıq ki, bu işlərdə qənaət tətbiq olunsun. Ancaq digər tərəfdən, biz çox yaxşı başa düşürük ki, metronun inkişafı həm insanlara rahatlıq verəcək, həm də ki, şəhər nəqliyyatının tənzimlənməsi üçün mühüm rol oynayacaqdır.
Biz bu gün bu məsələlərlə bağlı danışacağıq.
{nl}
* * *
"Azərtunelmetrotikinti" SC-nin sədri Şaiq Əfəndiyevin çıxışı
-Möhtərəm cənab Prezident!
Hörmətli iclas iştirakçıları!
Böyük şəhərlərdə avtomobillərin yaratdıqları tıxacların fonunda əhalinin rahat və sürətlə daşınmasında mühüm yer tutan və ekoloji cəhətdən sərfəli olan metropoliten hazırda yüksək templə inkişaf edən və əhali tərəfindən daha çox istifadə olunan əsas ictimai nəqliyyat vasitəsidir. Bu baxımdan kütləvi sərnişin daşınmasında metropolitenin alternativi yoxdur.
Bakı Metropoliteni ilk dəfə 1967-ci il noyabrın 6-da Yaxın Şərqin ilk metropoliteni kimi öz qapılarını şəhər sakinlərinin üzünə açdı. İlk olaraq "İçərişəhər", "Sahil", "28 May", "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları, daha sonra isə "Xətai" stansiyası sərnişinlərin istifadəsinə verildi.
Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə metropoliten tikintisində daha böyük canlanma başlandı. Belə ki, 1970-ci ildə ulu öndərin birbaşa iştirakı ilə "Ulduz" stansiyası, 1972-ci ildə 120 min əhalisi olan 8-ci Kilometr yaşayış sahəsini şəhərin mərkəzi ilə birləşdirən "Məşədi Əzizbəyov", "Qara Qarayev" və "Neftçilər" stansiyaları istismara verildi.
1976-cı ildə isə bənzərsiz tərtibatı ilə göz oxşayan "Nizami" stansiyası ilk sərnişinlərini qəbul etdi. Daha sonrakı dövrlərdə "Bakmil", "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar", "Memar Əcəmi", 1989-cu ildə isə "Xalqlar Dostluğu", "Əhmədli" stansiyaları istifadəyə verildi.
Eyni zamanda, tikintisi yarımçıq qalmış "Həzi Aslanov" stansiyasında inşaat işlərinin başa çatdırılması üçün 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və nüfuzu sayəsində Avropa İttifaqı tərəfindən ölkəmizə təmənnasız qrant vəsaiti ayrılmış və bu stansiya 2002-ci ildə tikilib başa çatdırılaraq istismara verilmişdir.
Tikinti-quraşdırma işləri dayandırılmış Bakı Metropoliteni 2000-ci illərin ortalarından başlayaraq, ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ikinci həyatına qədəm qoymuşdur.
Tikintisi yarımçıq qalmış obyektlərdə işlər məhz cənab İlham Əliyevin şəxsi təşəbbüsü və göstərişi əsasında uzun fasilədən sonra bərpa olunmus, yeni metro stansiyalarının tikintisinə, mövcud stansiyalarda yenidənqurma işlərinə, tunelqazan müasir texnikaların alınması və ölkəmizə gətirilməsinə start verilmişdir.
Təkcə onu qeyd etmək kifayətdir ki, 2006-cı ildən başlayaraq, yeni metro stansiyalarının tikintisinə dövlət investisiyalarının ayrılmasına başlanılmış və bu sahəyə qoyulan sərmayənin həcmi sürətlə artaraq 15,5 milyon manatdan 2010-cu ildə 150 milyon manata çatdırılmışdır.
Eyni zamanda, cənab Prezident, məhz Sizin göstərişiniz ilə bu ilin axırına qədər dünya miqyasında tanınmış Almaniya şirkəti tərəfindən istehsal olunmuş mexanikləşdirilmiş tunelqazma kompleksi alınacaqdır. Bu kompleksin səmərəli istifadəsi məqsədi ilə "Azərtunelmetrotikinti" SC-nin nəzdində olan dəmir-beton konstruksiyaları zavodunun sahəsində yeni, müasir tələblərə cavab verən dəmir-beton tübinq istehsal edən sex inşa olunur və avadanlığın quraşdırılması prosesi gedir.
Dəmir-beton tübinqlərin respublikamızda istehsalı və həmin kompleksin işə salınması faktik olaraq, xaricdən asılılığımızı əhəmiyyətli dərəcədə aradan qaldıracaqdır. Sexin istehsal gücü gündə 15 metr tunel seqmentinin istehsalına imkan verəcəkdir. Müqayisə üçün məlumat vermək istərdim ki, indiyə qədər keçmiş SSRİ tunelqazma avadanlığından istifadə edərkən layihə sürəti əsasında ayda 60-65 metr tunel inşa etmək olurdu. Yeni komplekslə isə gündə bir istiqamətdə 10-15 metr və ya ayda 250-300 metr tunel inşa etmək mümkün olacaqdır.
Respublikamızın müstəqillik dövründə tikilən "Nəsimi" stansiyası artıq 2008-ci ildə şəhər sakinlərinin xidmətinə verilmişdir. Bakı Metropoliteninin üçüncü növbəsinin şimal sahəsinə daxil olan bu stansiya ən çətin geoloji və hidrogeoloji şəraitdə və ən tez tikilən stansiyadır, cəmi 18 aya inşa edilmişdir.
2009-cu ildə isə Bakıda metro tikintisi təcrübəsində daha bir yenilik olan ilk sütunsuz stansiya - "Azadlıq prospekti" stansiyası paytaxt sakinlərinin istifadəsinə verilmişdir və hazırda bu xətt üzrə növbəti, 6-cı stansiyanın tikintisi başa çatmaq üzrədir. Eyni zamanda, "Dərnəgül" elektrik deposunun tikintisi davam etdirilir. Yeni layihələrdən "Memar Əcəmi-2" keçid və "Avtovağzal" stansiyalarında hazırlıq işləri davam edir.
Keçən il, həmçinin "28 May" stansiyasının yenidən qurulması obyekti"nin tərkib hissəsi olan 2-ci çıxışın vestibülü də istismara verilmişdir. Bu obyektlərin açılışını bildirən lentlərin Sizin tərəfinizdən kəsilməsi və inşaatçılara ünvanladığınız xoş sözlər və tövsiyələr qəlbimizdə unudulmaz izlər buraxmışdır.
Möhtərəm Prezident, Azərbaycanın nəhəng layihələrin gerçəkləşdiyi məkana çevrilməsi Sizin düşünülmüş strategiyanız nəticəsində mümkün olmuşdur. Burada qeyd etmək vacibdir ki, metropoliten və tunellərin tikintisi adi tikintilərdən fərqlənir və işin texnologiyası bu işlərin uzunmüddətli perspektiv layihələr əsasında ardıcıllıqla həyata keçirilməsini tələb edir.
Bu amil ölkənin nəqliyyat infrastrukturunun inkişafına Sizin xüsusi diqqət və qayğınız, nəqliyyat infrastrukturunun əsas qollarından biri kimi Bakı Metropoliteninin müasir tələblərə uyğun inkişafına və yeni xətlərin inşasına da böyük təkan vermişdir.
Yuxarıda göstərilənlərə əsaslanaraq Azərbaycan Respublikası Prezidenti "Bakı Metropoliteninin perspektiv inkisafı ilə bağlı bəzi tədbirlər haqqında" 2008-ci il 10 noyabr tarixli sərəncamı ilə sərnişin nəqliyyatı sistemini təkmilləşdirmək və şəhər nəqliyyatında hərəkətin gərginliyini azaltmaq məqsədi ilə "Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı"nı təsdiq etmişdir.
Tarixi əhəmiyyət daşıyan bu sərəncamın icrası ilə əlaqədar Bakı Metropoliteninin perspektiv inkişaf sxeminin hazırlanması üçün böyük təcrübəyə malik xarici şirkətlərdən ibarət Beynəlxalq Konsorsium (aparıcı Fransanın "SYSTRA" şirkəti) tərəfindən dünyanın böyük şəhərlərində fəaliyyət göstərən oxşar sistemlərə və təcrübəyə istinad edilməklə, yeni metro xətlərinin inkişafı üzrə 4 variant hazırlanmışdır və paytaxtımızın infrastrukturu, əhalinin məskunlaşması və hərəkət intensivliyi nəzərə alınmaqla, bal hesablamaları əsasında ən məqbul ssenari seçilmişdir.
"Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı"nın icrası çərçivəsində qarşıya qoyulan əsas məqsəd şəhərin landşaftını və inkişaf istiqamətlərini, habelə əhalinin məskunlaşmasını nəzərə almaqla əhalinin şəhər daxilində hərəkətində maksimum rahatlığı təmin etməklə yanaşı, paytaxtın ətrafından mərkəzə doğru avtonəqliyyat axınının azaldılması vasitəsilə nəqliyyat tıxaclarının aradan qaldırılmasıdır. Belə ki, yeni metro xətlərinin tikintisi və yerləşdirilməsi şəhərin mərkəzində nəqliyyat vasitələrinin hərəkətinin və sayının əhəmiyyətli dərəcədə azaldılmasına gətirib çıxaracaqdır.
Cənab Prezident!
Bakı Metropoliteninin Beynəlxalq Konsorsium tərəfindən hazırlanmış ümumi inkişaf sxeminə əsaslanaraq, yaxın 5-6 il ərzində bir neçə istiqamətdə metro tikintisinin paralel aparılmasını daha məqsədəuyğun və aktual hesab edirik.
Bu məqsədlə prioritet layihələr hazırlanıb və Sizin qəbul edəcəyiniz qərara müvafiq olaraq icraya başlamağa hazırıq.
Sonda metropolitenin inkişafında qazanılan bütün uğurların ilk növbədə, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğunu və bu gün Sizin tərəfinizdən çox uğurla davam etdirilən məqsədyönlü siyasətin nəticəsində və bilavasitə Sizin ali diqqətinizin sayəsində mümkün olduğunu bir daha vurğulayır və əmin etmək istəyirəm ki, "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin kollektivi Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı Sizin 2008-ci il 10 noyabr tarixli sərəncamınızdan irəli gələn vəzifələrin həllində, habelə metropolitenin inkişaf etdirilməsi və təkmilləşdirilməsi sahəsində qarşıya qoyulan bütün tapşırıqların icrasında bundan sonra da əzmlə çalışacaqdır.
Mənə verilən fürsətdən istifadə edərək, metro tikintisi idarəsinin yaradılmasının 60 illik yubileyi ilə əlaqədar olaraq metro inşaatçılarının bir qrupunu yüksək dövlət mükafatları və fəxri adlarla təltif etdiyiniz üçün Sizə bir daha kollektivimiz adından dərin minnətdarlığımızı bildirirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
{nl}
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun çıxışı
- Möhtərəm Prezident!
İcazə verin, vaxt ayırıb bizi qəbul etdiyinizə görə metropolitenin kollektivi adından Sizə dərin minnətdarlığımı bildirim.
Cənab Prezident !
Hörmətli iclas iştirakçıları !
Bakı Metropoliteni fəaliyyət göstərdiyi 43 il ərzində böyük inkişaf yolu keçərək 22 stansiya və 32,9 kilometr yeraltı polad yolları əhatə edən şəbəkəyə çevrilmişdir. Qürur hissi ilə qeyd etməliyəm ki, Bakı şəhərinin ictimai nəqliyyat sahəsində ekoloji cəhətdən təmiz nəqliyyat növü sayılan Bakı Metropoliteni şəbəkəsinin inkişafı məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərə təsadüf edir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına ilk dəfə rəhbərlik etdiyi dövrə qədər Bakı Metropolitenində cəmi 6 stansiya və 8,8 kilometr metro xətti var idi. 1969-cu ildən sonra isə metropolitenin 14 stansiyası və 21,1 kilometr metro xətti inşa edilərək istismara verilmişdir.
2001-ci ildə ulu öndər Heydər Əliyevin böyük nüfuzu sayəsində Avropa İttifaqı tərəfindən ayrılmış qrant hesabına 2002-ci ildə metronun "Həzi Aslanov" stansiyasının inşası başa çatdırılmışdır.
Metropolitendə istismar olunan vaqon parkının yeniləşməsinə məhz ulu öndərin göstərişi ilə başlanmışdır. 2002-2003-cü illərdə 50 ədəd, 2004-2010-cu illərdə isə məhz Sizin dövrünüzdə cənab Prezident 116 vaqon alınmışdır. Bu da öz növbəsində, metropolitendə qatarların hərəkət intervalını 120 saniyəyə qədər azaltmağa imkan yaratmışdır. Son illərdə illik sərnişindaşıma 175 milyon nəfərə çatmışdır. Bakı Metropoliteni dünya metropolitenləri arasında ən ucuz gedişhaqqı olan nəqliyyat vasitəsidir.
Sizin göstərişiniz, qayğı və diqqətiniz nəticəsində son illərdə metro tikintisinə ayrılmış 600 milyon manata yaxın vəsait hesabına metropoliten xətləri inkişaf etdirilmiş, "Nəsimi", "Azadlıq prospekti" stansiyaları və "28 May" stansiyasının ikinci çıxışı istismara verilmişdir.
Metropolitenin tikintisi ilə yanaşı, istismarda olan metro şəbəkəsinin maddi-texniki bazasının gücləndirilməsi, yenidənqurma və bərpa işlərinin aparılması, təhlükəsizliyin artırılması istiqamətində də tədbirlər davam etdirilir. Belə ki, 2008-ci ildə "İçərişəhər" stansiyası tam yenidən qurulmuş, orada müasir tipli 3 eskalator quraşdırılmışdır. Dünyanın aparıcı ölkələrinin metropolitenlərində quraşdırılmış sistemlərə uyğun, müasir texnologiyalar nəzərə alınmaqla Bakı Metropoliteni obyektlərində təhlükəsizlik və videomüşahidə şəbəkəsinin yaradılmasına başlanmışdır. Həmin işlər bu ilin sonunadək yekunlaşacaqdır.
Məhz Sizin göstərişinizlə cari ildə metropolitenin "Məşədi Əzizbəyov" stansiyasında yenidənqurma işlərinə başlanılmışdır.
Hazırda metropolitenin şimal sahəsinə daxil olan VI stansiyada və "Dərnəgül" deposunda inşaat işləri aparılır. Yaşıl xəttin davamı olaraq, həmin stansiyanın istismara verilməsi 2011-ci ildə nəzərdə tutulmuşdur.
Sizin "Azadlıq prospekti" stansiyasının açılışı zamanı verdiyiniz tapşırığa əsasən "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında da inşaat işlərinə başlanmışdır və hazırda sürətlə davam etdirilir. Bu stansiyalar arasında hərəkət təşkil etməklə sərnişinlərin "Memar Əcəmi-2" stansiyasından mövcud xətlərə keçmələri təmin olunacaqdır.
Siz Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və müasir nəqliyyat sisteminin yaradılması istiqamətində bir neçə sərəncam imzalamısınız. Bu sərəncamların əsas məqsədi paytaxt əhalisinin və şəhərimizin qonaqlarının hərəkətində və sərnişindaşımada maksimum rahatlığın və təhlükəsizliyin təmin edilməsindən ibarətdir.
İctimai sərnişindaşımada müstəsna rolu olan Bakı Metropoliteninin davamlı inkişafı baxımından Sizə xas olan uzaqgörənliyin və bu sahəyə göstərdiyiniz qayğı və diqqətin bariz nümunəsi kimi "Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" 2008-ci il 10 noyabr tarixli sərəncamınızla təsdiq edilmiş "Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı"nın və yeni perspektiv sxeminin hazırlanmasını qeyd etmək istərdim.
Perspektiv inkişaf sxeminin texniki-iqtisadi əsaslandırma işlərini yerinə yetirmək üçün tender keçirilmiş, nəticədə metro tikintisi sahəsində böyük təcrübəyə malik, beynəlxalq miqyasda tanınmış Fransanın "SYSTRA", İngiltərənin "Mott MacDonald" və Koreya Respublikasının "Saman" şirkətlərinin iştirakı ilə Beynəlxalq Konsorsium yaradılmışdır.
Konsorsium tərəfindən Bakı şəhərinin yeraltı nəqliyyat şəbəkəsinin beynəlxalq standartlara uyğun ictimai nəqliyyat sistemi səviyyəsində inkişaf etdirilməsi məqsədilə metropoliten xətlərinin perspektiv sxemi hazırlanmışdır. Bu işlərin icrası zamanı həmin xətlərin genişləndirilmiş şəbəkəsinin və ən münasib perspektiv sxemin tətbiq olunması üçün müfəssəl sosial-iqtisadi təhlillər aparılmış, ictimai nəqliyyat üzrə sərnişinlər arasında sorğu keçirilmişdir. Sorğu nəticəsində sərnişinlərin ictimai nəqliyyata tələbatı, eləcə də gediş-gəlişin orta məsafəsi, səbəbi və tezliyi müəyyən edilmişdir. Sosial araşdırmalar üzrə hesabatlarda ehtiyat nəzərə alınmaqla, Bakı əhalisinin illik artım tempi 2,5 faiz götürülmüşdür. Təhlillər zamanı aşağıdakı meyarlar nəzərə alınmışdır:
- ictimai nəqliyyat üzrə əvvəlki təhlillər;
- şəhərsalma planları;
- şəhərin iqtisadi inkişaf istiqamətləri;
- torpaq sahələrindən istifadə etmə amilləri;
- hərəkət intensivliyini yaradan mərkəzlərin (təhsil, səhiyyə, mədəniyyət ocaqları, nəqliyyat qovşaqları, stadionlar və s.) əsas rolu.
Araşdırmaların əsas meyarlarından biri də Bakı şəhərində sürətli ictimai nəqliyyata olan tələbatın dəqiq müəyyən edilməsidir.
Bu isə nəqliyyatın qarşısına qoyulan tələblərin iki mühüm amilini əhatə edir:
- sərnişin axınının mənbələri və təyinatı;
- Bakı şəhərində sərnişindaşıma sahəsində fəaliyyət göstərən nəqliyyat növlərinin hazırkı ifrat yüklənmiş vəziyyəti.
Perspektiv inkişaf sxeminin texniki-iqtisadi əsaslandırma işləri zamanı göstərişinizə uyğun olaraq stansiyaların uzunluğu 7 vaqon üçün 140 metr, gələcəkdə tunellərin uzunmüddətli istismarını təmin etmək məqsədilə xarici diametr 6 metr götürülmüşdür.
Hazırda metropolitendə günün gur saatlarında bir istiqamətdə 1 saatda 38 min nəfər sərnişin daşınır. Beynəlxalq Konsorsium tərəfindən aparılmış araşdırmalara əsasən müvafiq tədbirlər görülmədiyi təqdirdə, bu rəqəm 2016-cı ildə 48 minə, 2030-cu ildə isə 80 min nəfərə çata bilər. Təhlükəsizlik və rahatlıq baxımından bu göstərici Avropa standartlarına görə 30 min nəfər təşkil edir, yəni vaqonun 1 kvadratmetrində 6 nəfər sərnişin daşınmalıdır. İndi Bakı Metropoliteni vaqonlarında günün gur saatlarında 1 kvadratmetrdə 8-10 nəfər sərnişin daşınır ki, bu da təhlükəsizlik tələblərinə cavab vermir.
Aparılmış təhlillərə əsasən Beynəlxalq Konsorsium tərəfindən perspektiv sxem üzrə hazırlanmış 14 potensial variantdan 4 variant seçilmiş və Sizin müzakirənizə təqdim olunur.
Möhtərəm Prezident !
Təqdim olunmuş uzunmüddətli perspektiv inkişaf sxeminə uyğun olaraq gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 119 kilometr metro xəttindən ibarət olacaqdır. Yəni 53 yeni stansiyanın və 84,3 kilometr metro xətlərinin inşası nəzərdə tutulur. Həmçinin təqdim olunmuş variantda yeni stansiyaların tikintisi və yerlərinin seçilməsində sərnişin nəqliyyatının digər növləri, multifunksional nəqliyyat kompleksi ilə inteqrasiya və uzlaşdırma məsələləri də nəzərə alınmışdır.
Metro tikintisinin spesifikliyini və irihəcmli kapital qoyuluşu tələb etməsini nəzərə alaraq, qısamüddətli planların həyata keçirilməsi məqsədilə şəhərin mərkəzini və əhalinin sıx məskunlaşdığı əraziləri əhatə etmək üçün prioritet istiqamətlər müəyyən etmək, yeni xətlərin inşasını buraxılış komplekslərinə bölmək üçün Sizin rəy və tövsiyələriniz bizim üçün çox vacibdir.
İlk növbədə bənövşəyi xəttin qərb, mavi xəttin isə şərq hissəsinin inşası, qırmızı və yaşıl xətlərin genişləndirilməsi nəzərdə tutulur.
Metronun perspektiv inkişafı üçün aşağıdakı prioritet istiqamətlər nəzərdə tutulmuşdur.
Birinci prioritet istiqamət: Buraxılış kompleksi ("Avtovağzal"-"Memar Əcəmi-2"-B3-B4-B5) 5 stansiya, 6,8 kilometr metro xəttindən ibarətdir. Bu istiqamət Yeni Avtovağzal kompleksini, 3-cü, 4-cü mikrorayonları, Tbilisi prospektini və Füzuli küçəsini əhatə edir. Hörmətli Prezident, burada qatarları yeddi vaqondan götürmüşük, ancaq birinci növbədə bunu 5 vaqonluq da etmək olar. 18 qatar heyəti olacaqdır. Sonra sərnişinlər artdıqca qatarlara əlavə vaqonlar qoşmaq nəzərdə tutulur. Hərəkətin intensivliyi 45 qatar/saat nəzərdə tutulur. Hazırda bizdə bu intensivlik 30 qatar/saatdır. Bu istiqamətdə 6,8 kilometr metro xəttinin tikintisi və vaqon parkının yenilənməsi üçün 550 milyon manat vəsaitin lazım olacağı ehtimal edilir.
İkinci prioritet istiqamət: Bu buraxılış kompleksi (VI stansiya-Y-3-Böyükşor-M.Əzizbəyov-2-Sabunçu-Bakıxanov-Y-22-Qaraçuxur-Yeni Günəşli - bunlar yaşayış məntəqələrinin adlarıdır) 8 stansiyadan və 12,5 kilometr metro xəttindən ibarət olacaqdır. Bu istiqamətdə hərəsi 5 vaqondan 33 qatar heyəti işləyərsə, 165 vaqon lazım gələcəkdir. Hərəkət intensivliyi isə yenə də 45 qatar/saat olacaqdır.
Üçüncü prioritet istiqamət (H.Aslanov-Zığ şosesi-Hərbi Akademiya) 2 stansiyadan, 3,7 kilometr metro xəttindən ibarət olacaqdır. Vaqon parkı 11 qatar heyəti olmaqla 55 vaqon, hərəkət intensivliyi yenə də 45 qatar/saat, ehtimal olunan vəsait xərcləri isə 296 milyon manat nəzərdə tutulur. Əlbəttə, bu rəqəm işlərin gedişi zamanı qarşıya çıxacaq bəzi məsələlərlə bağlı dəyişə də bilər.
Cənab Prezident, Siz ulu öndərimizin kursunu bu gün uğurla davam və inkişaf etdirirsiniz. Belə ki, respublikada genişmiqyaslı quruculuq və yenidənqurma işləri aparılır. Göründüyü kimi, ölkədə həyata keçirilən islahatların dinamik surətdə artması nəqliyyat sistemindən də yan keçməmişdir.
Möhtərəm Prezident !
Metropolitenə və metropoliten işçilərinə diqqət və qayğı ulu öndərin dövründə olduğu kimi, Sizin dövrünüzdə də davam etdirilir. Çoxminli metropoliten kollektivi adından Sizi əmin edirəm ki, verdiyiniz göstəriş və tapşırıqları vaxtında yerinə yetirəcək, sabit işimizlə şəhərimizin sakinlərinə və qonaqlarına yüksək səviyyədə xidmət göstərəcəyik !
İcazə verin, bir daha Sizə öz minnətdarlığımı bildirim.
Diqqətinizə görə çox sağ olun!
* * *
Sonra Bakı şəhərində metropoliten şəbəkəsinin gələcək prioritet istiqamətləri və bu sahədə həyata keçiriləcək işlərlə bağlı konkret məsələlər ətrafında müzakirələr aparıldı. Dövlətimizin başçısına Bakı Metropoliteninin inkişaf planının sxemləri və təklif olunan metro xətlərinin çəkilməsi istiqamətləri barədə məlumat verildi.
{nl}
Prezident İlham Əliyevin yekun nitqi
-Mən bu planın hazırlanması işində iştirak etmiş bütün qurumların fəaliyyətini qiymətləndirirəm. Bu işə həm yerli qurumlar, həm də ki, xarici şirkətlər cəlb olunub və çox əsaslı, geniş proqram hazırlanıbdır. Bu proqram növbəti 20 ili əhatə edəcəkdir. Bu proqramın icrası böyük vəsait tələb edəcəkdir. Bu gün bu barədə rəqəmlər səsləndi. Amma əgər biz burada göstərilən bütün işləri icra etsək, bir neçə milyard manat investisiya nəzərdə tutulur.
Əlbəttə ki, bu, çox böyük məbləğdir. Biz bu investisiya layihələrini maliyyə imkanlarımızla da bağlamalıyıq. Hər il Dövlət İnvestisiya Proqramında metro tikintisi üçün vəsait nəzərə alınmalıdır. Biz bu böyük, uzunmüddətli proqramı mərhələlərə bölməliyik. Bu barədə təkliflər səsləndi. Birinci mərhələ 2011-2015-ci illəri əhatə etməlidir. Əlbəttə ki, əgər maddi imkanlarımız imkan versə, biz növbəti beşillik proqrama daha böyük işləri sala bilərik. Biz buna da hazır olmalıyıq. Hər halda, bu baş plan bizə belə imkanları verir. Yəni, biz artıq bilirik ki, son mərhələmiz nədən ibarət olacaqdır. Metro inkişafının bütün proqramı müfəssəl hazırlanıbdır. Sadəcə olaraq, mərhələlərə bölüb, prioritetləri müəyyən edib və biz həmin işləri maliyyə imkanlarımızla uzlaşdırmaq yolu ilə görəcəyik.
Bizim niyyətimiz çox açıqdır, aydındır, birmənalıdır ki, Bakıda metro tikintisini sürətlə irəliyə aparaq. Beləliklə, həm şəhər nəqliyyatına böyük dəstək olacaq, həm də insanlar üçün rahat və çox təhlükəsiz nəqliyyat növü imkanlarını genişləndirəcəkdir. Ümumiyyətlə, ümumi inkişafımız üçün bu, çox vacib məsələdir.
Biz bütün bu işləri gərək beynəlxalq təcrübəyə əsaslanaraq edək. Bakıda metro tikintisinin böyük tarixi vardır. Bu barədə mən artıq söylədim. Ancaq bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır. Burada qeyd olundu ki, yeni avadanlıq, maşınlar alınır. Elə etməliyik ki, bu, ən son texnologiyaya uyğun maşınlar olsun. Həm tunelqazma işləri, həm bütün başqa texniki məsələlər yüksək səviyyədə həll olunmalıdır.
Mən sübhə etmirəm ki, bu plan hazırlananda inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınıb. Çünki bu planın hazırlanmasında inkişaf etmiş ölkələrin şirkətləri iştirak ediblər. Bakıda da ən qabaqcıl təcrübə təhlil edilməlidir və tətbiq olunmalıdır.
Bununla bərabər, dizayn işlərinə xüsusi diqqət göstərilməlidir. Çünki metro yarandığı gündən, - hər halda sovet məkanında, - eyni zamanda, memarlıq növü, memarlıq nümunəsi idi. Bakıda metro stansiyalarının dizaynına çox böyük əhəmiyyət verilirdi. Bu gün biz də bu məsələləri unutmamalıyıq. Biz də çalışırıq ki, yeni stansiyalar gözəl dizaynla fərqlənsin, həm sərnişinlər üçün rahat, həm də gözəl olsun.
Eyni zamanda, əvvəlki illərdə tikilmiş stansiyalarda da yenidənqurma işləri aparırıq. Xüsusilə, "İçərişəhər" stansiyasının həm xarici görünüşü, həm də daxili dizaynı tamamilə yeniləşib və şəhərə əlavə gözəllik verir. İndi "Əzizbəyov" stansiyasında işlər gedir. Orada da çox gözəl memarlıq kompleksi nəzərdə tutulur, eyni zamanda, daxildə də təmir-bərpa işləri aparılır. Biz yeni stansiyaların tikintisində əlbəttə ki, bu məsələləri həmişə nəzərdə saxlayacağıq. Ancaq eyni zamanda, tədricən köhnə stansiyaların təmiri, bərpası, xarici görünüşünün yeniləşməsi məsələləri ilə də məşğul olmalıyıq. Yəqin ki, bu məsələ də İnkişaf Planının bir hissəsi olmalıdır. Yəni, əlavə olunmalıdır ki, həm yeni eskalatorlar, həm təmir-bərpa işləri, lazım gələndə metro stansiyalarının üst konstruksiyalarının dəyişdirilməsi, gözəlləşdirilməsi üçün əlavə vəsait nəzərə alınmalıdır. Çünki bu stansiyalar şəhər memarlığının bir hissəsidir. Şəhərin çox gözəl memarlığı var, həm qədim, həm müasir. Biz bu iki amili nəzərə almalıyıq.
Burada qeyd olundu ki, təhlükəsizlik məsələlərinə diqqət göstərilir. Bu məsələ artıq ilin sonuna qədər yekunlaşmalıdır. Göstəriş verdim ki, nəinki metro stansiyalarında, bütövlükdə şəhərdə videokameralar quraşdırılsın. Şəhərin müxtəlif yerlərində indi bu videokameralar fəaliyyət göstərir. Həm təhlükəsizlik məsələlərinin həlli üçün bunun böyük əhəmiyyəti vardır, eyni zamanda, bu kameralar vasitəsilə bir neçə cinayətin üstü açılıbdır. Bununla bərabər, yol hərəkətini pozan avtomaşınlar da o kameralar vasitəsilə aşkar olunur.
Biz sözlə, bir daha demək istəyirəm ki, biz böyük işlərin görülməsi üçün bütün gücümüzü səfərbər etmişik. Bir daha demək istəyirəm ki, bu, böyük, uzunmüddətli proqramdır, ən azı 20 ili əhatə edəcəkdir. Çalışmalıyıq ki, 20 il ərzində bax bu gün göstərilən bütün vəzifələr icra olunsun, bu stansiyalar tikilsin. Çox böyük, peşəkarlıq, maliyyə imkanları tələb edən işdir. Əminəm ki, biz bütün bu işləri vaxtında və böyük keyfiyyətlə görəcəyik və şəhər sakinləri üçün yeni, gözəl imkanlar yaradacağıq.
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.