Dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zirə Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış oldular.
Bildirildi ki, Heydər Əliyev Fondunun Bakının Zirə qəsəbəsində həyata keçirdiyi bu layihə möhtəşəmliyi ilə diqqəti cəlb edir və son illərdə ölkədə icra olunan ən orijinal layihələrdən biridir. Bu nadir məkanın qəsəbədə yaradılması isə onun əhəmiyyətini daha da artırır. Belə ki, yerli sakinlər, xüsusilə də gənclər üçün cəlbedici olan bu yer qəsəbənin sosial-mədəni inkişafında mühüm rol oynayacaq. Digər tərəfdən, bu layihə Heydər Əliyev Fondunun regional inkişaf konsepsiyasında önəmli yer tutur.
Xüsusi layihə əsasında tikilmiş Zirə Mədəniyyət Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetrdir. İkimərtəbəli binanın girişində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətlərini əks etdirən fotostend qurulub. Qalereyada yaşıllıq sahəsi salınıb, müxtəlif növ ekzotik bitkilər, gül və ağaclar əkilib, köşklər qurulub, su-kanal sistemi yaradılıb. Mərkəzin xarici dil kabinetində ingilis, rus və fransız dillərinin öyrənilməsi üçün bütün dərs vəsaitləri var. Kabinetdə elektron lövhə qurulub, hər bir şagird masası son elektron texnologiyalı kompüterlərlə təchiz olunub. Zirə Mədəniyyət Mərkəzindəki IDEA Resurs Mərkəzi ölkə üzrə fəaliyyət göstərən analoji mərkəzlərdən biridir və Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq Təşkilatının ideyası ilə yaradılıb. Burada qlobal iqlim, flora və fauna dəyişikliyi problemləri, kimyəvi tullantılar, ekoloji tarazlığın pozulması ilə bağlı görüşlərin, “dəyirmi masa”ların keçirilməsi planlaşdırılır. Mərkəzdə yaşıllaşdırma, landşaft dizaynı və bağçılıqla bağlı treninqlər də keçiriləcək.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsis etdiyi IDEA kampaniyası nəsli kəsilməkdə olan heyvanların - xüsusilə də Qafqaz faunasının nəsli kəsilməkdə olan beş növünün populyasiyasının qorunub saxlanılmasına və qoruqların mühafizəsinə həsr olunub.
Şahmat sinfində bu qədim oyunun sirlərini öyrənmək istəyənlərin məntiqi düşüncələrinin düzgün formalaşdırılması üçün ən üstün elektron texnologiya qurulub. Kabinet elektron şahmat lövhələri ilə təmin edilib. Oyunlar eyni vaxtda internet vasitəsilə monitorda nümayiş olunur.
Moda studiyası da müasir tikiş avadanlıqları ilə təmin olunub. Bura dərzilik kursu, tikiş dərsləri ilə yanaşı, geyimlərin sifarişi, həm də nümayiş xarakterli bir məkandır. Paltarların biçimi və tikişi kursu fərdi və qrup xarakteri daşıyır.
Muzey formatında yaradılan Zirə Xalça Muzeyi də Mədəniyyət Mərkəzində yerləşir. Muzeydə 150 ildən çox yaşı olan Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri qorunur. Burada xovlu və xovsuz xalçalar, kilim, palaz nümunələri nümayiş olunur. Xüsusi elektron tanıtım sistemi ilə təchiz edilən muzeydə hər bir xalça haqqında Azərbaycan və ingilis dillərində geniş məlumat verilir. Xalça Muzeyinin nəzdində Xalçaçılıq Tədris Mərkəzi də fəaliyyət göstərir. Burada xalçalarımız haqqında praktik və nəzəri dərslər keçirilir. Bu dərslərdə müxtəlif yaş qruplarına aid insanlar iştirak edirlər. Tədris mərkəzi xalçaçılıqda istifadə olunan ləvazimatlarla və hanalarla təchiz olunub. Dərslərin səmərəli keçirilməsi üçün mərkəz Azərbaycan xalçaçılığından bəhs edən audio və video materiallar, kitablar, kataloq və jurnallarla təmin olunub. Mərkəzdə tədris zamanı istifadə olunan xalça eskizlərinin və çeşnilərin hazırlanması üçün rəssamlıq otağı da yaradılıb. Burada 30-dan artıq şagirdə xalçaçılığın sirləri öyrədiləcək. Perspektivdə xalça fabrikinin yaradılması nəzərdə tutulur.
Mərkəzdə 300 nəfərlik 3D kinozalı da fəaliyyət göstərir. “Nizami” Kino Mərkəzində nümayiş olunan filmlərin müasir texnologiya ilə təchiz olunan bu kinozalda da yayımlanması nəzərdə tutulub. Burada xüsusi akustik sistem, lisenziyalı proyektor, işıq və havalandırma sistemləri qurulub. Zalda konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkündür.
Nikah evində nikahların qeydiyyatı aparılacaq və bununla əlaqədar tədbirlər keçiriləcək. Yeni evlənənlərin tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi, yeni doğulmuş körpələrin qeydiyyatı da burada aparılacaq. Mədəniyyət Mərkəzində yeni evlənənlər üçün müxtəlif mərasimlərin və əyləncələrin təşkili ilə bağlı geniş imkanlar var.
Mərkəzdə idman və bədii gimnastika təlimləri üçün nəzərdə tutulan gimnastika zalı da yaradılıb və zal Gimnastika Federasiyası tərəfindən müvafiq avadanlıqlarla təchiz olunub. Art-studiya isə rəngkarlığın sirlərini öyrənmək istəyən müxtəlif yaş qruplarına aid istedadlı gənclərin cəlb olunması üçün nəzərdə tutulub. Studiya zəruri avadanlıq və rəngkarlıq vasitələri ilə təchiz edilib. Burada gələcəkdə tanınmış rəssamların ustad dərslərinin təşkili planlaşdırılır.
Elektron kitabxana mərkəzləşdirilmiş sistemlə təchiz olunub və üç mindən çox elektron vəsait bazaya yüklənib. Kitabxana xüsusi dizaynla tərtib olunub. İstifadəçilərin rahatlığı üçün kitablar sərbəst istifadəyə verilib.
Foto-video studiya da rəqəmsal texnologiyanın ən son avadanlıqları ilə təchiz edilib. Burada müasir fotostudiya - xüsusi fon pərdələri, işıq sistemi, kompüterləşmiş fotoavadanlığı qurulub. Studiyada peşəkar çəkiliş və xidmətlə yanaşı, foto-video-montaj dərslərinin keçirilməsi, mərasimlərin işıqlandırılması nəzərdə tutulub.
Zirə Mədəniyyət Mərkəzində seçicilər, qəsəbə sakinləri ilə qəbul və görüşlərin keçirilməsi üçün də hər cür şərait yaradılıb. Seminar, treninq, iclas, təqdimat və yığıncaqların təşkili üçün zəruri avadanlıqla təchiz olunan 60 nəfərlik konfrans zalı qurulub.
Mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada Orxideya Evinin yaradılmasıdır. Ölkədə ilk dəfə yaradılan bu məkanda 150 nəfərlik qonaq qəbulu və müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Zalın tərtibatında müxtəlif ekzotik gül və ağac kompozisiyalarından, rəngarəng orxideya növlərindən istifadə olunub.
Sonra Prezident İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun və Zirə qəsəbəsinin bir qrup sakini ilə görüşdülər.
Prezident İlham ƏLİYEV dedi:
-Bu gün çox əlamətdar bir gündür. Zirədə belə gözəl Mədəniyyət Mərkəzi və eko-park açılır. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da nadir layihədir. Deyə bilərəm ki, bu, nəinki ölkəmizdə, dünya miqyasında seçilən layihələrdən biridir. Burada həm böyük park yaradılıbdır, 10 hektar ərazidə, eyni zamanda, bu Mədəniyyət Mərkəzində müxtəlif dərnəklər, studiyalar fəaliyyət göstərir, xalça muzeyi, kinozal, kitabxana, konfranslar üçün müxtəlif otaqlar var. Yəni, bu, doğrudan da müasir, çox gözəl mərkəzdir və şadam ki, bu mərkəz Zirə qəsəbəsində yaradılıbdır.
Son vaxtlar ölkəmizin hər bir yerində, o cümlədən Bakı şəhərində ictimai yerlər yaradılır, parklar salınır. Misal üçün bizim ən böyük parkımız bulvardır. Əvvəlki uzunluğu 3 kilometr idisə, indi 16 kilometrə çatıb və ən yüksək səviyyədə qurulubdur. Həmçinin yeni parklar salınıbdır. Məsələn, Mərkəzi Park - Heydər Əliyev Sarayının arxasında yerləşən park yeni yaradılıbdır. Yasamal parkı - bu da yeni yaradılıb, şəhərimizin ən böyük parklarından biridir, Dədə Qorqud parkı və digər parklar. Şəhərdə indi ekoloji layihələr icra edilir. Böyükşor gölünün bir hissəsi təmizlənib, orada da gözəl bulvar salınıb, böyük park yaradılıbdır. Heydər Əliyev Mərkəzinin qarşısında təqribən 7-8 hektar ərazidə park yaradılıbdır. Şadam ki, nəinki şəhərin mərkəzində, eyni zamanda, qəsəbələrdə də gözəl parklar salınır. Bu imkanlardan həm qəsəbə sakinləri, həm də qonşu qəsəbələrdən gələn qonaqlar istifadə edəcəklər. Eyni zamanda, hesab edirəm ki, buraya mütləq şəhərimizin sakinləri və xarici qonaqlar da gələcəklər. Çünki mehmanxanalarımızda bu parkla bağlı kitabçalar təqdim ediləcək və xarici qonaqlar gəlib görəcəklər ki, Azərbaycanda belə gözəl əsərlər yaradılır.
Zirə qəsəbəsinin inkişafı uğurla gedir və burada xüsusilə sizin deputatınızın fəaliyyətini qeyd etmək istəyirəm.
Sakinlər: Allah cansağlığı versin.
Prezident İlham ƏLİYEV: Mehriban artıq 10 ildir ki, sizin deputatınızdır. Zirə qəsəbəsində və digər qəsəbələrdə inkişaf Mehribanın adı ilə bağlıdır. Bu layihə də Heydər Əliyev Fondu tərəfindən icra edilibdir. Şadam ki, bu layihənin ekoloji komponentinin müəllifi mənim qızım Leyladır.
Sakinlər: Allah saxlasın, xoşbəxt olsun.
Prezident İlham ƏLİYEV:
O da çalışır ki, ölkəmizin ümumi inkişafına töhfə versin, xüsusilə ətraf mühitin, nadir heyvanların qorunması istiqamətində çox böyük işlər görür. Azərbaycanda ekoloji vəziyyətlə bağlı görülən işlər artıq beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bu yaxınlarda Parisdə iqlim dəyişikliyi ilə bağlı dünya əhəmiyyətli beynəlxalq konfrans keçirilmişdir. Azərbaycanın təqdim etdiyi nailiyyətlər orada xüsusilə qeyd edilmişdir. Çünki ətraf mühitin qorunması işində biz doğrudan da böyük uğurlara nail ola bilmişik. Xüsusilə Bakıda, Abşeronda, əfsuslar olsun ki, on illiklər ərzində neft hasilatı nəticəsində böyük ərazilər çirklənmişdir. İndi o ərazilərin təmizlənməsi işi gedir və o cümlədən dediyim kimi, Böyükşor gölünün, Bibiheybət buxtasının təmizlənməsi artıq reallıqdır.
Son illər Zirə qəsəbəsində müxtəlif sosial layihələr icra edilmiş, səhiyyə, təhsil ocaqları yaradılmışdır. Əminəm ki, bu gözəl yeni layihə Zirə sakinlərinin sərəncamına veriləndən sonra buraya insanlar gələcəklər, istirahət edəcəklər. Uşaqlar burada müxtəlif dərnəklərdə təlim alacaqlar. Yəni, Zirə qəsəbəsinin son illərdəki inkişafı doğrudan da çox müsbətdir, uğurludur. Əminəm ki, Heydər Əliyev Fondu gələcəkdə bu qəsəbədə və bütün başqa yerlərdə öz fəaliyyətini uğurla davam etdirəcəkdir.
İnfrastruktur layihələri icra edilir və yollar salınır. İndi bu gözəl aeroport yolundan ta Pirallahıya qədər yeni yol artıq salınır, genişləndirilir, onun bir hissəsi istifadəyə verilmişdir. Pirallahıya gedən yol əsaslı şəkildə təmir olunur, yenidən qurulur, körpü tikilir. O körpünün də çox böyük ekoloji mənası var. Çünki bu günə qədər bu bənd sanki dənizi bölür və imkan vermir ki, su təmizlənsin. İmkan vermir ki, ekoloji vəziyyət normallaşsın. İndi bəndin əvəzinə körpü salınır və bunun çox böyük müsbət ekoloji təsiri olacaqdır.
Ümumiyyətlə, son illər ərzində Bakı qəsəbələrində gedən işlər demək olar ki, mövcud problemlərin böyük hissəsini həll edibdir. Çünki hər bir qəsəbədə yollar salınır, içməli su xətləri çəkilir, qazlaşdırma demək olar ki, başa çatmışdır, elektrik enerjisi təchizatı normallaşıb, iş yerlərinin yaradılması istiqamətində addımlar atılıbdır, o cümlədən Zirə qəsəbəsində.
Bildiyiniz kimi, bütün bu işlər Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının nəticəsində mümkün olmuşdur. Proqram davam edir, gələn il də bir çox layihələr icra ediləcəkdir. Qarşıya vəzifə qoyulmuşdur ki, Bakıətrafı qəsəbələrdə bütün infrastruktur, sosial məsələlər öz həllini tapsın. Yaxşı yollar salınsın, məktəblər, uşaq bağçaları, tibb ocaqları, idman obyektləri tikilsin, iş yerləri yaradılsın. Biz bu istiqamətdə ardıcıl şəkildə bütün işləri görürük və əminəm ki, yaxın gələcəkdə qəsəbələrdə bütün problemlər öz həllini tapacaq.
Mən xüsusilə içməli su layihələrini qeyd etmək istəyirəm. Bu yaxınlarda Ceyranbatan su anbarında yeni, dünyanın ən böyük sutəmizləyici qurğusu istifadəyə verilmişdir. Bu qurğu hesabına Bakı sakinlərinə Dünya Səhiyyə Təşkilatının səviyyəsinə uyğun 24 saat ərzində içməli su verilməlidir. Artıq bu proqram da başlanıbdır.
Biz sizinlə bu gün Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində görüşürük. 2015-ci ildə mənim bir çox ölkələrə rəsmi və işgüzar səfərlərim olmuşdur. Mən xaricdə 20 beynəlxalq tədbirdə iştirak etmişəm. Ölkə üzrə də təqribən 20-dən çox rayonda olmuşam. Amma ili mən burada, Zirədə ailəmlə, sizinlə bərabər başa vururam və sizi bir daha salamlayıram. Xahiş edirəm ki, mənim salamlarımı bütün Zirə sakinlərinə çatdırasınız. 2016-cı ildə sizə, bütün Azərbaycan xalqına xoşbəxtlik, uğurlar, əmin-amanlıq arzulayıram.
2015-ci il sınaq ili olmuşdur. Dünyada gedən proseslər istər-istəməz bizə də təsir etmişdir. Ancaq 2015-ci ildə Azərbaycanda ictimai sabitlik təmin edildi, xalqımız sülh, əmin-amanlıq şəraitində yaşayır və yaşamalıdır. Baxmayaraq ki, indi ətraf bölgələrdə müşahidə olunan mənzərə çox acınacaqlıdır. Əfsuslar olsun ki, 2015-ci ildə həm dünyada, həm bölgədə qanlı toqquşmalar, müharibələr, ayrı-seçkilik və anlaşılmazlıq özünü daha qabarıq şəkildə büruzə verir. Azərbaycanda isə bütün işlər normal məcrada davam edir, xalqımızın təhlükəsizlik şəraitində yaşaması təmin edilir, milli birlik, həmrəylik hökm sürür. Əlbəttə, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilmişdir. Şəhərlərimizin siması dəyişdi, Bakı dünyanın ən gözəl şəhərinə çevrildi. Ancaq görüləsi işlər çoxdur. Gələn il xüsusilə idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək. Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz, xüsusilə, idarəetmə sahəsində artıq yeni formatda daha böyük səmərə ilə işləməliyik. Bütün sahələrdə tam şəffaflıq təmin edilməlidir ki, dövlət büdcəmizin gəlirləri ilə bağlı heç bir problem olmasın. Biz elə işləməliyik ki, neftin qiymətindən asılılığı aradan götürək. Mən bunu dəfələrlə bəyan etmişəm və son illərdə qeyri-neft sektorunun inkişafı, bax, bu məqsədi güdür. Əgər biz bu islahatları aparmasaydıq, bu gün çox ağır vəziyyətdə ola bilərdik.
Ancaq neftdən asılılıq hələ ki, davam edir və davam edəcək. Bu asılılığı ən aşağı səviyyəyə endirmək üçün həm iqtisadi islahatlar, həm idarəetmə sahəsində çox ciddi islahatlar aparılmalıdır. İlk növbədə, bütün sahələrdə şəffaflıq tam təmin edilməlidir. İcra orqanlarının, vergi-gömrük orqanlarının fəaliyyəti, ümumiyyətlə, bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Biz dünyanın inkişaf etmiş ölkələrinin praktikasını tam şəkildə tətbiq etməliyik. Gəlirlərə, xərclərə nəzarət gücləndirilməlidir, xüsusilə ictimai nəzarət. Mən bu barədə də dəfələrlə demişəm ki, ictimaiyyət daha da fəal olsun.
Əhaliyə göstərilən xidmətlərdə çox ciddi islahatlar aparılmışdır. “ASAN xidmət” artıq iki ildir fəaliyyət göstərir, 7 milyondan çox insan bu xidmətin imkanlarından istifadə edib və əvvəlki illərdə olan pozuntular, nöqsanlar artıq yoxdur. Yəni, bunu etmək mümkündür. Hər bir sahədə şəffaflıq olmalıdır, yerli və mərkəzi icra orqanları, ilk növbədə, insanlara xidmət göstərməlidirlər, anlamalıdırlar ki, onlar insanlar üçün çalışırlar. Xalq tərəfindən onlara verilən qiymət, yəni, münasibət əsas meyardır. Mən onların fəaliyyətinə qiymət verəndə, ilk növbədə, bu amili nəzərə alıram və alacağam.
Əlbəttə ki, 2016-cı il iqtisadi cəhətdən asan il olmayacaq. Biz bunu bilməliyik. Ancaq elə işləməliyik ki, mənfi tərəfləri minimum səviyyəsinə endirək. Mən əminəm ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edəcək, heç bir sosial proqramın icrası ilə bağlı heç bir problem olmayacaq. Biz daha da ciddi sosial siyasət aparacağıq və çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa yol verməyək. Qeyd etdiyim kimi, idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması işində daha da fəal işləyəcəyik.
Mən bir daha sizi qarşıdan gələn bayramlar münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan inamla inkişaf edəcək. Biz inkişaf yolu ilə, müstəqillik yolu ilə gedirik, müstəqil siyasət aparırıq. Ona görə bəzi hallarda əsassız təzyiqlərə məruz qalırıq. Ancaq biz ləyaqətli siyasət aparırıq. Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür və mən bundan sonra da bu maraqları müdafiə edəcəyəm. Mən xalqın dəstəyini hiss edərək bu işləri daha da inamla aparıram. Bir daha sizi təbrik edirəm, bayramlarınızı təbrik edirəm.
Sakinlər: Çox sağ olun, Allah Sizə cansağlığı versin.
Zirə qəsəbəsinin sakini: Bu gün çox sevindirici haldır. Siz ailənizlə üçüncü dəfədir Zirə kəndinə təşrif buyurursunuz. Bu, sevindirici haldır. Mən öz adımdan, Zirə kəndinin əhalisi, ziyalıları, ağsaqqalları adından Sizə təşəkkür edirəm. Demək istəyirəm ki, Zirə qəsəbəsində bütün yollar qısa zamanda asfaltlaşdırılıb. Az vaxt ərzində Heydər Parkı, xəstəxana, idman kompleksi, bu mərkəz və eko-park yaradılıb. Kimin təşəbbüsü ilə? Hamısı bizim hörmətli Prezidentimiz və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə! Yəni, demək istəyirəm ki, bu kiçik qəsəbədə bu qədər işlər görülübsə, baxın, Azərbaycanın rayonlarında, qəsəbələrində nə qədər böyük işlər görülüb. Bu işlərin hamısı Sizin təşəbbüsünüzlə, göstərişinizlə görülüb. Ona görə də qəsəbəmizin, Bakıətrafı kəndlərin əhalisi adından Sizə öz təşəkkürümüzü bildiririk. Bir neçə gün bundan əvvəl Sizin ad gününüz olub. Camaatımız, ağsaqqallarımız, ziyalılarımız adından Sizi təbrik edirik, Sizə uzun ömür, cansağlığı arzu edirik. Allah-Təaladan arzu edirik ki, Sizə, ailənizə ən gözəl nemət olan cansağlığı versin. Allah-Təala Sizi yerin, göyün bəlalarından hifz etsin. Allah-Təala Sizin kimi Prezidenti biz Azərbaycan xalqına çox görməsin. Allah Sizi hifz etsin.
Türkan qəsəbəsinin sakini:
– Bu gün Zirədəyik, Zirə qəsəbəsindən danışırıq. Amma bu, o demək deyil ki, təkcə elə Zirə qəsəbəsi abadlaşır. Mən Türkan qəsəbəsinin ağsaqqalı kimi deyə bilərəm ki, Türkanda illər boyu qazla bağlı çətinlik olub. Biz sovet vaxtı da orada qaz görməmişik. Bu gün heç kimin qazla bağlı problemi yoxdur. Bu da ölkə rəhbərinin təşəbbüsü ilə mümkün olub. İşıqla bağlı qəti problem yoxdur. Su haqqında danışdınız, çox sağ olun, o vaxt Siz Ağsuda çıxış edəndə mən televizorda baxırdım. Siz dediniz ki, su bizim həyatımızdır. Su gələcəyimiz, balalarımızın sağlam həyatı üçün vacibdir. Artıq iki aydır ki, biz də sudan fasiləsiz istifadə edirik. Gecə-gündüz Sizə də, Mehriban xanıma da, Leyla xanıma da dua edirik. Televizora baxanda görürük ki, dünyanın bir çox yerində uşaqlar, qocalar üçün binalar tikilir. Həqiqəti deyirəm, adam sevincdən kövrəlir. Ona görə biz əgər başqa ölkələrdə də xeyirxah işlər görmüşüksə, özümüzü, ölkəmizi Sizin timsalınızda tanıtdırmışıqsa, bu, bizim üçün fəxrdir.
Mehriban xanımın təşəbbüsü ilə Türkanda məktəb tikilib, internat məktəbi təmir olunub. Gözəl Mədəniyyət Evi var. Əvvəl Mədəniyyət Evi yox idi. Bu gün gözəl ikimərtəbəli, geniş, 200 nəfərlik mədəniyyət evimiz var. Uşaq bağçası tikildi. Keçən il poliklinika çox yüksək səviyyədə inşa olundu. Məktəblərimiz var, asfalt yol da ki öz yerində. Mən də Türkan camaatı adından Sizə təşəkkür edirəm. Bu gün burada bildik ki, Mehriban xanımın təşəbbüsü var. Prezidentimizə və ona cansağlığı arzu edirik. Biz arzu edirik ki, Prezidentimizlə, deputatımız Mehriban xanımla həmişə belə xoş işlərdə görüşək, Sizin rəhbərliyinizlə ölkəmiz, şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz gündən-günə abadlaşsın. Allah Sizə cansağlığı versin. Mən türkanlılar adından Sizə bir daha təşəkkür edirəm. Çox sağ olun.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban ƏLİYEVA çıxış edərək dedi:
-Çox minnətdaram. Bu fürsətdən istifadə edərək, seçkilər zamanı mənə göstərdiyiniz yüksək dəstəyə, inama görə sizə dərin minnətdarlığımı bildirirəm. Artıq biz illərdir ki, bərabər çalışırıq və bütün bu işləri, əlbəttə, Heydər Əliyev Fondu sizin dəstəyinizlə həyata keçirir. Əminəm ki, qalan bütün problemləri də gələcək illərdə birgə həll edəcəyik və belə gözəl açılışlarda daha çox iştirak edəcəyik. Mən sizi təbrik edirəm, sizə cansağlığı arzu edirəm.
Sakinlər: Çox sağ olun. Biz də Sizə cansağlığı arzu edirik.
Prezident İlham ƏLİYEV dedi:
-Son illərdə Xəzər rayonunun demək olar ki, bütün qəsəbələrində doğrudan da çox böyük quruculuq işləri aparılır. Bu, çox böyük təqdirəlayiq bir haldır. İnfrastruktur yaradılır, sosial obyektlər, məktəblər, poliklinikalar, tibb mərkəzləri tikilir. Mən dəfələrlə demişəm ki, əgər hər bir qəsəbənin, kəndin problemi həll olunarsa, onda ölkədə bütün problemlər həll olunacaq. Ancaq bilirsiniz, vaxtilə tikilmiş binalar artıq yararsız vəziyyətə düşmüşdür. Son 10 il ərzində 3 mindən çox məktəb tikildi, təmir edildi. Təsəvvür edin, Azərbaycanda təxminən 5 minə yaxın məktəb var. Onun 3 mini yenidən tikildi, bərpa edildi. Ancaq hələ ki, qəzalı məktəblər var. Mən rayonlarda olarkən hər dəfə arayış alıb baxıram ki, neçə məktəb qəzalıdır. Yəni, bütün bunları etmək üçün vəsait, büdcə vəsaiti, gəlirlər lazımdır.
Biz neftin qiymətinin yuxarı səviyyədə olduğu dövrdə imkandan istifadə etdik ki, insanları narahat edən əsas problemləri tezliklə həll edək. Bu problemlər nə idi? İşıq yox idi, heç Bakıda yox idi. Gecə vaxtı kəsilirdi. Yaxud qazlaşdırma. İndi Bakı yüz faiz qazlaşdırılıb. İndi bölgələr də buna yaxındır, ölkə üzrə təxminən 90 faizə yaxınlaşır. İçməli su maşınlarla daşınırdı. Biz də vaxt olub Bakıda evimiz olmayanda qəsəbələrdə qalmışıq. Biz də bilirik bu nədir! Ona görə də hər bir yerdə, hər qəsəbədə içməli su olmalıdır. Xətlər çəkilib, Oğuz-Qəbələ xətti istifadəyə verilib, Ceyranbatan sutəmizləyici qurğusu yaradılıb ki, təmiz su gəlsin. Hələ ki, bunu tam təmin edə bilməmişik. On il bundan əvvəl Bakı əhalisinin təxminən 45-46 faizi 24 saat su alırdı, indi bu rəqəm 78 faizdir, amma qalan 22 faiz almır. Bu, problemdir. O da həll olunmalıdır, ona da vəsait lazımdır. Bax, biz bu işlərlə məşğul olmuşuq - elektrik stansiyalarının tikintisi, qaz xətləri, içməli su üstəgəl sosial obyektlər.
Son 10 ildə Bakıda, bütün bölgələrdə 500-dən çox səhiyyə müəssisəsi yaradılıb. İndi elə bir rayon yoxdur ki, orada müasir səhiyyə ocağı olmasın. Uşaq bağçalarına böyük ehtiyac var. İndi bizdə əhali artır, bu da çox müsbət haldır. Hər il təxminən 130-140 min körpə dünyaya göz açır. Yəni, uşaq bağçaları problemdir. Çünki yerlər çatmır. Təminat aşağı səviyyədədir. Yeni bağçalar tikilməlidir, ərazi ayrılmalıdır. Yenə də vəsait lazımdır. Ona görə də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Ancaq bu məsələləri həll etmək üçün iqtisadi imkan olmalıdır. Əgər sənin imkanın, gəlirin yoxdursa, sən bunu nəyin hesabına edə bilərsən? Bizim indi gəlirlərimiz çox ciddi şəkildə azalıb. 2015-ci ildə heç kim gözləyə bilməzdi ki, neftin qiyməti 3 dəfə aşağı düşəcək. Yəni, bu, o deməkdir ki, bizim gəlirlərimiz 3 dəfə azalıb. Ona görə, indiki şəraitdə biz ancaq və ancaq çox düşünülmüş siyasət, səmərəli iş, yenə də deyirəm, idarəetmə sahəsində aparılan və aparılacaq islahatlar hesabına öz iqtisadi inkişafımızı təmin edə bilərik. Bu, iqtisadiyyat üçün bir stress idi. Əlbəttə, bunun çox böyük mənfi fəsadları var. Amma digər tərəfdən bu, bizim hamımızı daha da səmərəli işə sövq etməlidir. İndi cəmiyyəti, insanları narahat edən xoşagəlməz hallara son qoyulmalıdır. Burada əlbəttə ki, insanlardan çox şey asılıdır. Dövlət siyasəti də aparılır, aparılacaqdır. Elə tədbirlər görülməlidir ki, xoşagəlməz halların meydanı, necə deyərlər, daralsın. Sistem xarakterli islahatlar aparılmalıdır. Məsələn, “ASAN xidmət”, orada 30-a yaxın xidmət göstərilir və heç bir problemsiz, bürokratiyasız, rüşvətsiz. Bir arayışı almaq üçün hansı əzablardan çıxırdıq. İndi yoxdur. Yəni, mümkündür. Hər yerdə, hər sahədə, bütün icra orqanlarında, yerli, mərkəzi, dövlət strukturlarında belə olmalıdır. Dövlət məmurları vicdanla işləməlidirlər. Onların, necə deyərlər, vicdanı imkan verməməlidir ki, ayrı yolla getsinlər. Amma, eyni zamanda, ictimai nəzarət də güclü olmalıdır. Xalq da siqnal verməlidir, deməlidir, məlumat ötürməlidir ki, bax filan yerdə bu və ya digər çatışmazlıq var. Belə olan halda heç bir problem bizim qarşımızı kəsə bilməz.
Yenə də deyirəm, 2016-cı il iqtisadi cəhətdən asan il olmayacaq. Ancaq mən tam əminəm ki, Azərbaycan inkişaf edəcək, biz bütün sosial proqramları icra edəcəyik. Bununla bərabər, investisiyalar üçün də bizdə kifayət qədər vəsait olacaqdır. Hesab edirəm ki, gələn ilin əvvəlində biz dövlət büdcəmizə yenidən baxmalıyıq. Dürüstləşmə aparılmalıdır və orada həm insanların sosial təminat məsələləri öz həllini tapacaq, həm investisiya məsələləri ki, biz 2016-cı ildə uğurla inkişaf edək. Bax, bizim vəzifəmiz bundan ibarətdir.
Sakin: Möhtərəm Prezidentimiz, bu gün mənim üçün bəlkə də burada oturanlardan daha uğurlu bir gündür. Bəlkə də 2015-ci il daha uğurlu ildir. Sizin dekabr ayında imzaladığınız sərəncama əsasən mənim işlədiyim təhsil müəssisəsi ilin ən yaxşı ümumtəhsil müsabiqəsinin qalibi olub.
Prezident İlham ƏLİYEV: Təbrik edirəm.
Sakin: Çox sağ olun. Mən buna görə şəxsən heç inanmazdım ki, üzbəüz gəlib Sizə bu barədə öz təşəkkürümü bildirərəm. Biz Sizin gördüyünüz o uğurlu işləri dəstəkləyirik. Deyirsiniz ki, birlik lazımdır. Əlbəttə, biz Sizinlə birlikdəyik. Əgər xalq öz rəhbəri, lideri ilə birləşməsə heç bir uğur əldə etmək olmaz. Amma bu gün Sizinlə xalqın arasında olan bu gözəl münasibət bunun bariz nümunəsidir ki, biz uğurla addımlayırıq. Sizə dəstək olan gözəl xanımınız, bizim rayonumuzun deputatı Mehriban xanımla həmişə qürur duyuruq. Mehriban xanım, Sizə bildirirəm ki, inşalarımızda mən bu birliyi həmişə şagirdlərimizə nümunə çəkmişəm. Sizin ailəniz bizə nümunə olub.
Bu gün Sizin tərbiyə etdiyiniz bu gözəl Leyla balamız bizim gənclərimizə nümunədir.
Hörmətli cənab Prezident, Sizin 148 nömrəli məktəbdə etdiyiniz çıxışdan irəli gələn vəzifələr bu gün bizim fəaliyyət planımızda ən prioritet sahə kimi qarşımızda qoyulan istiqamətlərdəndir. Siz bu çıxışınızda milli mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə böyük qiymət vermişiniz, milli ruhumuzun, milli şüurumuzun formalaşmasına böyük diqqət yetirmisiniz. Çünki uğurumuzun rəhni yalnız budur. Biz də öz işimizlə Sizin bu uğurlarınıza, əlbəttə, dəstək olmalıyıq. Gözəl adət-ənələrimizdən biri də qeyd olunur ki, sələflərimizin xələflərinə verdikləri adlardır. Bu gün həmin adı, ulu öndərimizin adını daşıyan bir balamız var. Biz inşamızda da yenə bildirirəm ki, bunu qeyd etmişik. Ulu Heydər Əliyevin adını daşıyan kiçik Heydər Əliyevimiz. O da bizim gənclərimizə nümunədir. Biz onun bu gün nümunəvi davranışını Azərbaycan gənclərinə nümunə göstəririk. Arzumuz budur ki, gələcəkdə bu adın məsuliyyətini Sizə layiq şəkildə davam etdirsin, inşallah.
Bir daha Sizi bu həmrəylik günü münasibətilə təbrik edirik. Bizimlə görüşməyinizi bir xəyal hesab edirdik.
Bayaq orada “dəyirmi masa”da ağsaqqallarımızla bir yerdə əyləşmişdik. Deyirdik Allahın bizə lütfüdür ki, biz bu gün Sizinlə yeni təqvim ilimizi, 2016-cı ili qarşılayırıq. Allah-Təala həmrəyliyimizi bizə çox görməsin. Mən əminəm ki, bu xalq həmişə Sizin arxanızda olacaq, bu tandemin arxasında olacaq.
Sosial rifahımızın yüksəlməsi üçün əlinizdən gələni edirsiniz. Ölkəmizdə, bölgələrimizdə, rayonlarımızda, kəndlərimizdə hətta hər xırda problemi belə hamıdan gözəl bilirsiniz. Allah-Təala Sizə o qədər cansağlığı versin ki, bu məqsədlərinizə çatmağa nail olasınız, inşallah. Allah balalarınızı xoşbəxt etsin. Sağ olun.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev və ailə üzvləri Zirə Mədəniyyət Mərkəzinin ətrafında salınan eko-parkda yaradılan şəraitlə tanış oldular. Burada müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan “Ürək” əsərinin 3 metrlik abidəsi də ucaldılıb. On hektar ərazidə salınan eko-park xüsusi landşaft dizaynı ilə layihələndirilib. Burada geniş yaşıllaşdırma işləri görülüb, minlərlə müxtəlif növ nadir dekorativ və meyvə ağacları, bəzək kolları və güllər əkilib. Parkda müxtəlif növ attraksionlardan ibarət uşaq meydançası yaradılıb, idman trenajor qurğuları quraşdırılıb. Elektromobillər və velosipedlər üçün xüsusi yollar salınıb. Parkın özəlliyini artıran mühüm cəhətlərdən biri də burada 25 adda 150-dək ekzotik quşların saxlanmasıdır. Onların saxlanması və artırılması üçün burada quş parkı yaradılıb. Bundan əlavə, parkda kiçik süni su hövzələri - gölməçələr də var. Ərazinin suvarılması xüsusi sistemlə həyata keçirilir və avtomatik idarə olunur.
Parkda asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət zonaları da yaradılıb, köşklər qurulub. Fəvvarələr meydançası əraziyə xüsusi yaraşıq verir. Pilləli formada yaradılan meydançada rəngarəng işıqlandırma sistemi də qurulub.
Qeyd edək ki, 2005-ci ildən başlayaraq Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılığı ilə bütün ölkədə olduğu kimi, Xəzər rayonunda da çoxsaylı layihələr həyata keçirilib. İndiyə qədər Zirə qəsəbəsində Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinin əbədiləşdirildiyi Xatirə bağı yenidən qurulub, müasir Müalicə-Diaqnostika Mərkəzi tikilib, qəsəbə sakinlərinin asudə vaxtının səmərəli təşkili üçün salınan parkda Mədəniyyət Evi, Zirə İdman Kompleksi, stadion və digər sosial obyektlər istifadəyə verilib, təhsil müəssisələri inşa olunub, yollar salınıb. Qəsəbə sakinlərinin məşğulluğunun təmin olunması məqsədilə mühüm tədbirlər həyata keçirilib. Təsadüfi deyil ki, Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın fəaliyyətə başlaması ilə burada 60-a yaxın yerli sakin daimi işlə təmin olunub.
Ərazi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və ailə üzvləri eko-parkda ağac əkdilər.
Qeyd edək ki, Zirə Mədəniyyət Mərkəzi xüsusi xidməti avtobuslarla təchiz olunub. Bundan əlavə, qəsəbə sakinlərinin rahatlığının təmin olunması üçün Zirə bələdiyyəsinə sərnişin avtobusları da verilib. Onu da deyək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zirə Mədəniyyət Mərkəzinin yaxınlığında Suraxanı rayonu 2 saylı uşaq evi üçün 140 yerlik yay düşərgəsinin inşası başa çatmaq üzrədir.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.