Azərbaycan Prezidenti İlham Əliyevə Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu təqdim edilib

Xüsusi müxbirimiz xəbər verir ki, Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrın 11-də Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomunun təqdim edilməsi mərasimi keçirilib.

Prezident İlham Əliyev tarix üzrə fəxri professor seçildiyi bu ali təhsil ocağının xatirə kitabına ürək sözlərini yazdı.

Dövlətimizin başçısı əvvəlcə universitetin rektoru Liu Veylə görüşdü.

Görüşdə ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişaf etdiyi bildirildi. Təhsil sahəsində əməkdaşlığın, xüsusilə universitetlərarası əlaqələrin genişləndirilməsinin, tələbə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edildi. Prezident İlham Əliyevin Çinə dövlət səfərinin ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulandı. Bu sahədə əlaqələrin xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyi bildirildi.

Sonra qarşılılıqlı hədiyyələr təqdim olundu.

Universitetin prorektoru İ Cixon mərasimi açaraq bugünkü görüşün ali təhsil ocağının həyatında mühüm hadisə olduğunu dedi.

Rektor Liu Vey çıxış edərək Prezident İlham Əliyevi universitetdə bir daha salamladı. O, ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumat verdi. Çin ilə Azərbaycan arasındakı münasibətlərin tarixindən danışan rektor Azərbaycan Prezidentinə rəhbərlik etdiyi universitetin “Tarix üzrə fəxri professor” diplomunu təqdim etməkdən şərəf duyduğunu bildirdi.

Sonra prorektor İ Cixon Prezident İlham Əliyevin həyat və fəaliyyəti barədə məlumat verdi.

Daha sonra Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu və döş nişanı dövlətimizin başçısına təqdim edildi.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Dövlətimizin başçısı bu fəxri adın ona verilməsinə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirdi. Dedi ki, bu, ölkələrimiz arasındakı dostluq münasibətlərinin göstəricisidir. Azərbaycanın Çin ilə uzun illərdir uğurlu əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev münasibətlərimizin hazırkı səviyyəsindən məmnunluğunu ifadə etdi. Çinə dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərin səmərəli olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün ortaq siyasi iradənin mövcud olduğunu vurğuladı.

Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs etdi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistanın bu sənədlərə məhəl qoymadığını bildirdi. Dövlətimizin başçısı Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğuladı, Azərbaycanın da “Vahid Çin” prinsipini dəstəklədiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi uğurlardan danışdı, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkəmizdə iqtisadiyyatın inkişaf etdiyini, əlverişli investisiya mühitinin mövcud olduğunu dedi. Dövlətimizin başçısı əsas məqsədin Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirildiyini vurğuladı, müvafiq proqramların həyata keçirildiyini qeyd etdi, ölkəmizdə savadlılığın səviyyəsinin 100 faiz olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycanın regionda sülhün tərəfdarı olduğunu, terrorizmə, ekstremizmə qarşı mübarizə apardığını, ölkəmizin multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırdı.

(Tədbirdən geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcək).

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında