Geniş tərkibdə görüş

Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər.

Çin Xalq Respublikasının Sədri Si CİNPİN dedi:

– Cənab Prezident, Sizi Pekində görməyə şadam. Çinə dövlət səfərinə xoş gəlmisiniz. Uzun illərdir ki, Çin ilə Azərbaycan hüquq bərabərliyi, qarşılıqlı fayda və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyirlər. Siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, çoxplanlı əməkdaşlıq fasiləsiz olaraq dərinləşir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri üçün möhkəm təməl və geniş perspektivlər var.

Cənab Prezident Çin xalqının köhnə dostudur. Siz Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün daim səy göstərirsiniz. Keçən ilin mayında Siz Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammitində iştirak edirdiniz. Bu sammit çərçivəsində biz ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran problemlərə dair fikir mübadiləsi apardıq, geniş əhatəli məsələlərə dair qarşılıqlı anlaşmaya nail olduq.

Cənab Prezident, mən ikitərəfli münasibətlərin inkişafında yüksək dinamikanı daim saxlamaq üçün Sizinlə bərabər işgüzar əlaqələri fəallaşdırmağa hazıram. Bir neçə gün bundan əvvəl Azərbaycanda, Xəzərdəki neft mədənində yanğın baş verib, ciddi tələfat olub. Cənab Prezident, bununla əlaqədar, fürsətdən istifadə edib, Çin Hökuməti və Çin xalqı adından, şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı vermək, habelə Sizinlə həmrəy və kədərinizə ürəkdən şərik olduğumu bildirmək istərdim.

 

*    *    *

 

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi:

– Sağ olun, cənab Sədr. İlk növbədə, Sizin ölkəyə dövlət səfərinə dəvət olunduğum üçün Sizə təşəkkür etmək istəyirəm. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycanda baş vermiş faciəli hadisələrlə, çoxsaylı neftçinin həlak olması ilə əlaqədar verdiyiniz başsağlığına görə də Sizə təşəkkür etmək istərdim. Sizin başsağlığınız dost sözləridir. Buna görə Sizə təşəkkür edirəm.

Bizi möhkəm münasibətlər bağlayır. Biz bir sıra sahələrdə dostlar və tərəfdaşlar kimi əməkdaşlıq edirik. Mən bilirəm ki, Siz bizim ölkəmizə xoş münasibət bəsləyirsiniz. Azərbaycanda Sizi çox yaxşı tanıyırlar, dünyamiqyaslı məsələlərdə oynadığınız rola, həmçinin Azərbaycana xeyirxah münasibətinizə görə Sizi yüksək dəyərləndirirlər.

Qeyd etdiyiniz kimi, keçən il Sizinlə görüşdük və ölkələrimiz arasında münasibətlərin geniş spektrini müzakirə etdik. Bizim Şanxay görüşündən sonra keçən bir il ərzində əlaqələrimiz daha da möhkəmlənib. Bu gün biz münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək bir sıra mühüm sənədlər imzalayacağıq. Onların arasında, əlbəttə, Sizinlə bərabər imzalayacağımız bəyannaməni xüsusi qeyd etmək istərdim. Həmin bəyannamə bizim niyyətlərimizi əks etdirir. Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik. İpək Yolu iqtisadi zolağının yaradılması barədə Sizin təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin möhkəmləndiyini, iqtisadi inkişafın artdığını, əhalinin rifah halının yaxşılaşdığını dedi. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldiyini bildirən Çin Xalq Respublikasının Sədri ölkəmizin birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirdiyini qeyd etdi. O, Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırdı. Si Cinpin Çinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da dəstəkləyəcəyini vurğuladı.

Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Sian şəhərində olduğunu xatırladan Çin Xalq Respublikasının Sədri İpək Yolunun başladığı Sianın onun doğma şəhəri olduğunu qeyd etdi. Si Cinpin İpək Yolu üzrə iqtisadi zolağın yaradılması layihəsinin həyata keçirilməsində Azərbaycanın fəaliyyətini dəstəklədiyini diqqətə çatdırdı. O, bununla bağlı bu gün imzalanacaq sənədin bu sahədə əməkdaşlığımızda yeni səhifə açacağını vurğuladı.

Azərbaycanın 2020-ci ilə qədər inkişaf konsepsiyasının olduğunu vurğulayan Si Cinpin ölkəmizin böyük fəaliyyət planı qurduğunu, Çinin də öz perspektivlərini müəyyənləşdirən böyük planlar üzərində işlədiyini qeyd etdi. Bildirdi ki, hazırda Çin şirkətləri Azərbaycanda energetika, informasiya-kommunikasiya texnologiyaları sahələrində və digər sahələrdə uğurla fəaliyyət göstərir. Bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur. Maliyyə sahəsində də əlaqələrin perspektivlərinin olduğunu deyən Çin Xalq Respublikasının Sədri Asiya İnfrastruktur İnvestisiyaları Bankı ilə əməkdaşlığın əhəmiyyətini, həmçinin nəqliyyat, sənaye sahələrində əlaqələrin genişləndirilməsinin mümkünlüyünü qeyd etdi. Azərbaycanın Avrasiyanın mərkəzində yerləşdiyini vurğulayan Si Cinpin ölkəmizin logistika, beynəlxalq nəqliyyat sistemində yaxşı imkanlarının olduğunu, respublikamızın bu sahədə Çin ilə Avropa arasında mühüm tranzit rolu oynaya biləcəyini diqqətə çatdırdı. Çin Xalq Respublikasının Sədri xalqlarımız arasında humanitar, mədəniyyət sahələrində əməkdaşlığın, parlamentlərarası əlaqələrin, gənclər təşkilatlarının əməkdaşlığının genişləndirilməsinin mümkünlüyünü vurğuladı. O, dünyada terrorizm, təcavüzkar separatizm təhdidlərinin olduğu bir vaxtda Azərbaycan ilə Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlığın regionda çox böyük rol oynayacağını söylədi, ölkələrimizin hüquq-mühafizə orqanlarının bu cür hallara qarşı mübarizəni genişləndirməsinin önəmini qeyd etdi.

Beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlığımızın olduğunu deyən Çin Xalq Respublikasının Sədri ölkələrimizin bir çox məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü vurğuladı. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü qeyd edən Sədr Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına “Dialoq üzrə tərəfdaş” statusunda qoşulmasının önəmini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, bu səfərin əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəyini vurğuladı. Dövlətimizin başçısı bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü diqqətə çatdırdı. Prezident İlham Əliyev Çində iqtisadi baxımdan gələcək inkişafla bağlı böyük uğurlar qazanıldığını, Azərbaycanın da mühüm iqtisadi nailiyyətlər əldə etdiyini, ölkələrimizin iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi. Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında yaxın əlaqələrin olduğunu, bunun da ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə kömək etdiyini vurğuladı.

Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdırdı. Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən danışan dövlətimizin başçısı Sian şəhərinə səfərini xatırladı, buradakı qədim mədəniyyətin bütün dünyanın sərvəti olduğunu bildirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyannamədə bu problemin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll edilməsinin əksini tapmasının önəmli olduğunu vurğuladı. Dövlətimizin başçısı Çinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini yüksək qiymətləndirdi, ölkəmizin də “Vahid Çin” prinsipinə dəstək verdiyini dedi. İki ölkənin rəhbərləri arasında şəxsi dostluğun münasibətlərimizin inkişafına töhfə verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu və bunun ölkəmizin xarici siyasətinin prioritetlərindən birini təşkil etdiyini dedi. Terrorizm, təcavüzkar separatizm, ekstremizm kimi təhlükələrlə mübarizədə ölkələrimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın önəmini qeyd edən dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda energetika sektorunda fəaliyyət göstərdiyini, ölkəmizin informasiya-kommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğuladı. Azərbaycanın və Çinin Asiya İnfrastruktur İnvestisiyaları Bankının həmtəsisçiləri olduğunu qeyd edən Prezident İlham Əliyev hökumətlərarası komissiyasının bu yaxınlarda keçirilən görüşünün iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırdı.

Nəqliyyat sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var və ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər. Azərbaycanda infrastrukturun yaradılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində çox böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsinin, texnoparklarda Çin şirkətlərinin iştirakının mümkünlüyünü qeyd etdi. Prezident İlham Əliyev ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırdı. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında