Naxçıvan Sənaye Kompleksi işə salınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Naxçıvan Sənaye Kompleksinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsas qolu olan sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Bütün bunlar isə daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə və ixrac potensialının artmasına şərait yaradır.

Ölkəmizdə strateji xarakter daşıyan sənaye müəssisələrinin yaradılması prosesinin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi həyata keçirilən genişmiqyaslı iqtisadi proseslərin tərkib hissəsidir. Prezident İlham Əliyevin də xüsusi diqqət göstərdiyi sənaye sahələrinin yaradılması prosesində muxtar respublikanın da fəal iştirak etməsi, ilk növbədə, əhalinin məşğulluğunun təmin olunmasına geniş imkanlar açır. Təbii ki, bu cür müəssisələrin yaradılması həm də Naxçıvan Muxtar Respublikasında innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahə üzrə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı yüksəlişini təmin etməkdir. Belə müəssisələrdən biri də muxtar respublikanın Kəngərli rayonunda inşa olunub.

Dövlətimizin başçısına əvvəlcə Sənaye Kompleksinin laboratoriyasında yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, istehsal olunan məhsulların laborator müayinələri burada aparılacaq. Müasir avadanlıqların quraşdırıldığı laboratoriyada yüksək ixtisaslı kadrlar işləyir və burada müayinələrin vaxtında və keyfiyyətlə aparılması üçün hər cür şərait var.

Müəssisənin ərazisini gəzən Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, kompleksin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən zavodlardır. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Kompleks istifadəyə verildikdən sonra muxtar respublikada müvafiq tikinti materiallarına tələbatın yerli istehsal hesabına ödənilməsi təmin olunacaq. Bu müəssisənin fəaliyyətə başlaması daxili tələbatın ödənilməsi ilə yanaşı, yerli inşaat materiallarının ixracına da imkan verəcək. Yeni layihənin reallaşması üçün Sahibkarlığa Kömək Milli Fondundan dövlət maliyyə dəstəyi göstərilib.

Sonra Prezident İlham Əliyev məsaməli beton istehsal edən zavodda yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, müəssisədə xammal kimi daş qumundan, əhəng, gips, sement və alüminium tozundan istifadə olunacaq. İnşaat sektorunda ən çox istifadə edilən bu tikinti materialları istənilən ölçüdə asanlıqla kəsilir, yüksək səviyyədə səs və istilik izolyasiyasına malikdir. Bundan əlavə, yüngül və zəlzələyə davamlı olan bu materiallar yanmaya qarşı beynəlxalq standartlara uyğundur. Müasir avadanlığın quraşdırıldığı zavodda il ərzində 150 min ton məsaməli beton istehsal olunacaq.

Kompleksə daxil olan digər zavodlarda da yüksək şərait yaradılıb. Məsələn, əhəng zavodunda istifadə olunacaq yerli xammal muxtar respublikanın Qarabağlar mədənindən gətiriləcək. Burada hazırlanan məhsullardan inşaat sektorunda, kənd təsərrüfatında, kağız və şüşə istehsalında istifadə ediləcək. Sahəsi 4500 kvadratmetr olan müəssisədə ildə 36 min ton əhəng istehsalı nəzərdə tutulur.

Gips zavodunda istifadə olunacaq xammal isə Çalxanqala, Çeşməbasar, Xıncab və Böyükdüz zonalarından gətiriləcək. Burada istehsal olunan məhsullar məsaməli beton blokların, suvaq və üzləmə gipsinin, gips lövhələrin hazırlanmasında istifadə ediləcək. Zavodun illik istehsal gücü 40 min ton gipsdir.

Gips lövhə zavodunda da yüksək şərait yaradılıb. Xammal kimi nişasta, gips, üzləmə kağızı və yapışqandan istifadə olunacaq. Müəssisədə istehsal olunan məhsullara inşaat sektorunda tələbat böyükdür. Bunu nəzərə alaraq zavodda ildə 2 milyon kvadratmetr gips lövhələrin hazırlanması həyata keçiriləcək.

Sonda dövlətimizin başçısı müəssisəni işə saldı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında