Prezident Aleksandr Lukaşenkonun bəyanatı
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.
– Hörmətli dostlar. Bu gün biz həmkarım, dostum, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev ilə çox səmərəli və məhsuldar danışıqlar apardıq. Tərəflər münasibətlərimizin strateji xarakterini təsdiq etdilər. Azərbaycan ilə Belarus arasında problemlərin və ya fikir ayrılığının olmaması, dünya iqtisadiyyatında durğunluq və beynəlxalq vəziyyətin inkişafında birmənalı olmayan proqnozlar şəraitində gələcək birgə fəaliyyətə yanaşmalarımızın oxşarlığı qeyd edildi. Bu baxımdan biz Belarus-Azərbaycan münasibətlərini daha da dinamikləşdirmək qətiyyətində olduğumuzu bildirdik. Bu, ilk növbədə, ticari-iqtisadi sahədə, investisiyalar sahəsində əməkdaşlığa aiddir.
Son illərdə qarşılıqlı əmtəə dövriyyəsi artımının müsbət dinamikası saxlanılır. Keçən il onun həcmi 330 milyon dollara bərabər olub. Cari ildə də qarşılıqlı ticarətin həcmi, demək olar ki, əvvəlki səviyyədə saxlanılıb. Həm də bu göstərici bizim qarşılıqlı fəaliyyətimizin mövcud potensialına dəlalət edir. Axı ölkələrimizin imkanları çox genişdir. Biz istehsal kooperasiyası və iri infrastruktur layihələrinin həyata keçirilməsi, investisiyaların cəlb edilməsi və bir sıra başqa sahələrdə əməkdaşlığın fəallaşdırılması perspektivlərini müzakirə etdik. Hər iki tərəf birgə istehsal güclərini artırmaqda, Azərbaycanda yığılan texnikanın model sırasını genişləndirməkdə, habelə Azərbaycanda yerli detallardan və dəstləşdirmə materiallarından istifadə edilməklə bizim şirkətlər tərəfindən yeni kooperasiya istehsalatları yaradılmasında maraqlı olduğunu bildirib.
Belarus Respublikasının coğrafi mövqeyini, onun Avrasiya İqtisadi İttifaqının üzvü olmasını nəzərə alaraq, hesab edirik ki, Belarusda Azərbaycan xammalının, yarımfabrikatların emalı üzrə kooperasiya istehsalatları yaradılması, sonradan üçüncü ölkələrin, o cümlədən Avropa İttifaqının bazarlarına çıxmaq perspektivli istiqamətdir. Bu və digər istiqamətlərin müfəssəl işlənməsi üçün Belarus və Azərbaycan hökumətlərinə müvafiq tapşırıqlar veriləcək.
Tərəflər həm də bir sıra sənədlər, o cümlədən prezidentlərin Birgə Bəyannaməsini, Belarus ilə Azərbaycan arasında sosial-iqtisadi əməkdaşlıq haqqında müqaviləni, 2025-ci ilə qədər olan dövr üçün sosial-iqtisadi əməkdaşlıq proqramını imzalayıblar. Prezident Əliyevin indicə dediyi kimi, biz həm də əməkdaşlığın yeni istiqamətlərini - informasiya texnologiyaları, nano-biotexnologiyalar sahəsində, hərbi-sənaye kompleksi, elmi tədqiqatlar sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən etdik. İndicə özünüz şahid oldunuz ki, bizim akademiyalar da müvafiq saziş imzaladılar. Bu sənədlərin reallaşdırılması siyasi, ticari-iqtisadi, elmi-texniki, humanitar əməkdaşlıq sahələrində qarşılıqlı faydalı Belarus-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaq.
Sonda bir daha vurğulayıram ki, Minsk ilə Bakı arasında həll edilməmiş və həll edilə bilməyən məsələlər yoxdur. Müzakirə üçün qapalı mövzular da yoxdur. Biz etibarlı strateji tərəfdaşlar olmuşuq və yenə də belədir. Bizim azərbaycanlı dostlarımız, Azərbaycandakı qardaşlarımız bilməlidirlər ki, biz Belarusda Azərbaycan üçün əlimizdən gələni edəcəyik. Bizim üçün çətin dövrlərdə sizin oynadığınız rolu, bizə etdiyiniz köməyi həmişə yadda saxlayacağıq. Biz qədirbilən xalqıq və bunu yaxşı xatırlayırıq. Lazım gələrsə biz də Azərbaycan xalqına eyni qaydada həmişə kömək edəcəyik. Təşəkkür edirəm.
Prezident İlham Əliyevin bəyanatı
– Sağ olun, hörmətli Aleksandr Qriqoryeviç!
Hörmətli xanımlar və cənablar!
Aleksandr Qriqoryeviç, mən ilk növbədə Sizə bu dəvətə, mənim və Azərbaycan nümayəndə heyətinin üzvlərinin Belarus torpağında hiss etdiyimiz qonaqpərvərliyə görə bir daha təşəkkür etmək istərdim. Bizim münasibətlərimizin gələcək inkişaf yollarını Sizinlə birlikdə müəyyən etmək üçün dost, qardaş Belarusa bir daha gəlməyimə şadam.
Bu gün mühüm sənədlər imzalanıb, onlar müxtəlif istiqamətlər üzrə gələcək inkişafımızı müəyyən edəcək. Prezidentlər tərəfindən Birgə Bəyannamə imzalanmasını xüsusi qeyd etmək istərdim. Bu Bəyannamə bizim həyat fəaliyyətimizin demək olar ki, bütün sahələrini əhatə edir. Orada bizim bir-birimizi daim dəstəklədiyimiz beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətimiz barədə də danışılır. İqtisadi, siyasi əməkdaşlıq, humanitar, sənaye istehsalı, hərbi-sənaye sahələrində əməkdaşlıqdan bəhs edilir. Bizim aramızda bütün bu istiqamətlər üzrə çox sıx münasibətlər, dostluğa, qardaşlığa, qarşılıqlı etimada əsaslanan münasibətlər yaranıb. Aleksandr Qriqoryeviçlə bu gün qeyd etdiyimiz kimi, biz bu münasibətləri illər boyu qurmuşuq. Bu gün həmin münasibətlərin səviyyəsi xalqlarımızın mənafelərinə uyğundur və bu münasibətləri strateji tərəfdaşlar arasındakı münasibətlər kimi səciyyələndirməyə imkan verir.
Biz həmişə bir-birimizi dəstəkləməyə çalışmışıq və bundan sonra da bizdən asılı olan nə varsa edəcəyik ki, Belarus və Azərbaycan daim bir-birinin dəstəyini hiss etsin. Beynəlxalq strukturlarda, iqtisadi kooperasiya çərçivəsində də bütün məsələlərdə bizim çox səmimi münasibətlərimiz var.
Biz iqtisadi sahədə gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyən etdik. Əlbəttə, Aleksandr Qriqoryeviçin fikrinə mən də şərikəm ki, böhran şəraitində ölkələrimiz arasında əmtəə dövriyyəsinin sabit qalması sevindirici haldır. Biz bu gün əmtəə dövriyyəsini xeyli artıra biləcək layihələri də çox ətraflı müzakirə etdik. Biz qarşılıqlı ticarətə daha artıq diqqət yetirməliyik, o cümlədən başqa ölkələrdən idxal etdiyimiz malları Belarusdan Azərbaycana, Azərbaycandan Belarusa idxal etməliyik. Müştərək istehsalatlar yaradılmasının artıq yaxşı tarixi var. Gəncə zavodu buna nümunədir, orada çox qısa müddətdə, bir ildən az vaxtda Belarus texnologiyaları üzrə istehsal qaydaya salınıb. Bu gün həmin zavod Azərbaycan ərazisində mühüm sənaye obyektidir.
Biz Azərbaycanda Belarus texnologiyaları əsasında başqa istehsalatlar yaradılması məsələlərini, həmçinin Belarusda Azərbaycanın kənd təsərrüfatı məhsullarının emal edilməsi üzrə istehsalatlar yaradılmasını nəzərdən keçirməyə hazırıq. Başqa sözlə desək, iqtisadi əlaqələrin möhkəmlənməsi, biznes strukturlarının fəal qarşılıqlı əlaqəsi üçün çox möhkəm siyasi baza vardır. Mənim Belarusa növbəti səfərim bunu əyani şəkildə təsdiq edir. Bu il Aleksandr Qriqoryeviç birinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana gəlmişdi. Fürsətdən istifadə edib, Aleksandr Qriqoryeviçi gələn il Azərbaycana rəsmi səfərə bir daha dəvət etmək istəyirəm.
Bu səfərlər bizim xalqlarımız və region üçün yaxşı siqnaldır. Onlar praktiki baxımdan da çox faydalıdır, çünki səfərlər çərçivəsində biz planlar, layihələr barədə razılığa gəlir, sonra onları reallaşdırırıq. Mənim fikrimcə, münasibətlərimizin bir xüsusiyyəti də ondan ibarətdir ki, biz nə barədə razılığa gəlsək, onu yerinə yetiririk. Biz etibarlı tərəfdaşlarıq və münasibətlərimizi, dostluğumuzu qiymətləndiririk. Əminəm ki, münasibətlərimizin davamlı inkişafı gələcəkdə də təmin ediləcək. Belarus və Azərbaycan iki dost kimi uğurla irəliləyəcək. Bizim nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə bir daha təşəkkür edirəm. Sağ olun.
* * *
Mətbuata bəyanatlar başa çatandan sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.