Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Böyük İyirmiliy”in (G-20) Antalya Sammiti çərçivəsində keçirilən işçi lançda çıxış edib.
Dövlətimizin başçısı çıxışında Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyəli əlaqələrin inkişaf etdiyini vurğulayaraq, Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu xatırlatdı. Ölkələrimiz arasında energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirən Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdıqları mühüm energetika və digər layihələrin yalnız regionda deyil, dünya miqyasında da böyük əhəmiyyətə malik olduğunu dedi. Bu baxımdan “Cənub” qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində önəmini vurğulayaraq, həmin layihənin həyata keçirilməsində əlaqələndirmənin gücləndirilməsinin əhəmiyyətini qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın energetika sahəsində əldə etdiyi uğurlara toxundu. Ölkəmizin neft hasilatı sahəsində böyük tarixə və təcrübəyə malik olduğunu söyləyən dövlətimizin başçısı dünyada ilk dəfə sənaye üsulu ilə dənizdə neftin Azərbaycanda çıxarıldığını bildirdi.
Azərbaycan Prezidenti müstəqillik dövründə həyata keçirilən enerji layihələri, xüsusilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və bu müqavilənin dünyanın enerji xəritəsində tutduğu mühüm yer, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri haqqında da danışdı. Prezident İlham Əliyev vurğuladı ki, həmin illərdən ötən dövr ərzində Azərbaycanın energetika sahəsində beynəlxalq əməkdaşlığı daha da genişlənib və bu gün də uğurla davam edir.
Prezident İlham Əliyev dedi:
– Ölkələrimiz arasında tərəfdaşlıq daim artmaqdadır. O cümlədən Türkiyə ilə energetika sahəsində tərəfdaşlıq regional tərəfdaşlıqdan qlobal tərəfdaşlığa keçib. Biz Türkiyə ilə birgə mühüm energetika layihələrini çox uğurla həyata keçiririk.
Azərbaycan XIX əsrin ortalarında neftin çıxarıldığı ilk ölkədir. Sonra – XX əsrin ortalarında Abşeronda neft hasilatı geniş vüsət aldı. İndi, XXI əsrdə biz “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Artıq xeyli hissəsi gerçəkləşdirilmiş bu layihə Azərbaycanın və Türkiyənin fəal iştirakı ilə uğurla reallaşır. Mən Türkiyə və Azərbaycanı, Xəzər və Aralıq dənizlərini birləşdirən layihəni nəzərdə tuturam. Bu, tarixdə ilk hadisədir. Həmçinin, Türkiyə və Azərbaycanı birləşdirən qaz boru kəmərini qeyd edirəm. Beləliklə də, biz təkcə neft deyil, həm də qaz ixrac edən ölkəyə çevrilirik. Hər iki layihə təxminən 10 il bundan əvvəl həyata keçirilməyə başlayıb. Onların fəaliyyəti bizə daha çox neft və qaz satmağa, tərəfdaşlarımıza isə alternativ enerji mənbələrindən istifadə etməyə kömək edir.
Məlum olduğu kimi, Xəzər dənizinin dünya okeanına çıxışı yoxdur. Buna baxmayaraq, Azərbaycan ilk ölkədir ki, belə bir şəraitdə öz təbii ehtiyatlarını dünyaya çatdıra bilir. Biz şadıq ki, 1994-cü ildə tərəfdaşlarımızla birgə işə başladıq. O vaxtdan bu tərəfdaşlıq uğurla davam edir. Mən, həmçinin, demək istəyirəm ki, ölkələrimiz və dostlarımız arasında olan bu tərəfdaşlıq bizə bu layihələri həyata keçirməyə imkan verib. Biz ümid edirik ki, “Cənub” qaz dəhlizi layihəsi də uğurla gerçəkləşəcək. Mən dəstəyə və eyni istiqamətdə irəli hərəkət etməyimizə görə Prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm. Bizim yaxşı investorlarımız var.
Həmçinin Birləşmiş Ştatların bütün reallaşan layihələrə dəstək verdiyinə görə Prezident Obamaya minnətdarlığımı bildirmək istərdim. Bu dəstək olmadan biz, xüsusilə, 1990-cı illərin ortalarında əldə etdiyimiz uğurlara nail ola bilməzdik.
Həmçinin Böyük Britaniyanın Baş naziri Kemerona təşəkkür etmək istərdim. Böyük Britaniya artıq 20 ildən çoxdur ki, Azərbaycanda ən böyük sərmayədardır. Bu, bizə həm ticarətdə, həm də investisiya və digər sahələrdə tərəfdaşlığımızı çox yüksək səviyyəyə çatdırmağa imkan verdi.
Mən dostum Renziyə bununla bağlı təşəkkür etmək istərdim. İtaliya bundan sonra da bu qazın ən böyük idxalçısı olacaq. Bu layihənin həyata keçirilməsi bizə İtaliya vasitəsilə digər ölkələrin bazarlarına çıxmağa imkan verəcək. Qırx beş milyard dollar məbləğində olan sərmayələr hasil edilən qazın Xəzər dənizi sahilindən nəqlini mümkün edəcək vahid qaz şəbəkəsini yaratmağa imkan verəcək. Həmin qaz Gürcüstan və Türkiyə ərazisindən keçərək Yunanıstana, Bolqarıstana, daha sonra Albaniyaya və nəhayət, Adriatik dənizindən İtaliyaya daxil olacaq. Bu layihə müvafiq ölkələrin hökumətlərinin və şirkətlərinin göstərdiyi səylərin əlaqələndirilməsini tələb edir və biz artıq həmin əlaqələndirmənin, əməkdaşlığın nəticələrini görürük.
Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu, təsdiqlənmiş rəqəmdir. Potensial ehtiyatların həcmi isə 5 trilyon kubmetr təşkil edir. Belə həcm bizim üçün, qonşularımız və Avropa istehlakçıları üçün ən azı 100 ilə kifayətdir. Bu, enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi məsələsinə ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz. Bu, şaxələndirmə layihəsidir. Bu halda şaxələndirmə tək marşrutların deyil, – halbuki bu, əhəmiyyətlidir, – həm də mənbələrin şaxələndirilməsi deməkdir. Bu baxımdan bizim mənbə Avropa üçün yenidir. Bizim marşrut Avropa üçün yeni marşrutdur. Layihə Avropanın enerji xəritəsini tam dəyişəcək. Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi göstərib. Əlbəttə ki, biz tranzit, istehlakçı və hasilatçı ölkələrin maraqlarını təmin etməliyik. Bu məqsədlərə nail olmaqdan ötrü biz bütün tərəflər üçün əlverişli şərait yaratmalıyıq. Çox sağ olun.
* * *
“Böyük İyirmiliy”in Sammiti çərçivəsində Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş naziri Matteo Renzi, Malayziyanın Baş naziri Nacib Rezak, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə ikitərəfli münasibətlərin inkişafına dair qısa söhbətləri olub.
“Böyük iyirmiliy”in Antalya Sammitində Azərbaycanın təmsil olunması, dövlətimizin başçısının dünya liderləri ilə birlikdə müasir dövrün ən aktual məsələlərinin müzakirələrində yaxından iştirak etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən daha bir amildir. Bu, həm də dünya miqyasında Azərbaycana verilən önəmin daha bir nümunəsidir.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.