Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri

Dövlətimizin başçısı UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak edib

 Noyabrın 17-də Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva forumda iştirak ediblər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün təşkilatın mənzil-qərargahına gəldilər.

Bu il UNESCO-nun Nizamnaməsinin qəbulundan 70 il ötür. Təşkilatın yaradılmasının 70 illiyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu da təşkilatın yaradılmasının 70 illiyinə həsr edilib.

Əvvəlcə Prezident İlham Əliyev UNESCO-nun qonaq kitabına ürək sözlərini yazdı.

Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura ilə qısa söhbətləri oldu.

UNESCO Baş Konfransının 38-ci sessiyasının sədri, Namibiyanın informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Stanley Mutumba Simataa tədbiri açaraq forumun gündəliyi barədə məlumat verdi.

Maltanın Prezidenti xanım Mari-Luiz Koleyro forumda çıxış edərək UNESCO-nun yarandığı 70 il ərzində dünyanın xeyli dəyişdiyini bildirdi. Qeyd etdi ki, bu forum UNESCO-nun gələcəyini müəyyənləşdirmək üçün yaxşı tədbirdir. Malta Prezidenti dedi ki, inkişaf real mədəni mühitlə bağlıdır. O, mədəni müxtəliflik, təhsil, yoxsulluq,  savadsızlıq, gender bərabərliyi məsələlərinə toxundu, qlobal problemlərin həllində UNESCO-nun rolunu və birgə fəaliyyətin əhəmiyyətini qeyd etdi.

Sonra Slovakiya Baş nazirinin müavini, xarici işlər naziri Miroslav Layçak çıxış etdi. O, Parisdə baş vermiş terror aktlarını pisləyərək terrorçuların bütün bəşəriyyətin düşməni olduğunu vurğuladı, terrorla birgə mübarizənin önəmini diqqətə çatdırdı. Baş nazirin müavini vurğuladı ki, UNESCO terrorizm və ekstremizmin yer almadığı dünyanın qurulmasında mühüm əhəmiyyətə malikdir. Miroslav Layçak qlobal problemlərin həllində birgə səylərin göstərilməsinin zəruriliyini vurğuladı. 

Foruma sədrlik edən Stanley Mutumba Simataa Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı iqtisadi inkişafından, beynəlxalq aləmdə qazandığı böyük nüfuzdan danışdı. O, ölkəmizin UNESCO-nun etibarlı tərəfdaşına çevrildiyini bildirdi.

Prezident İlham Əliyev forumda çıxış etdi.

Dövlətimizin başçısı əvvəlcə noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verdi. Bildirdi ki, bu dəhşətli terror hadisəsi beynəlxalq ictimaiyyətin bu bəla ilə mübarizə aparmaq üçün öz səylərini birləşdirməli olduğunu bir daha göstərir. Prezident İlham Əliyev keçmişdə çoxsaylı terror hadisələrindən əziyyət çəkən Azərbaycanın terrorizmə qarşı mübarizədəki rolundan danışdı.

Azərbaycan-UNESCO əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin bu təşkilatın fəal üzvü kimi bəşəri dəyərlərin təşviqinə öz töhfəsini verməkdə davam etdiyini dedi. Bildirdi ki, Azərbaycan UNESCO-nun bütün konvensiyalarını və digər sənədlərini imzalayıb, ratifikasiya edib. 2003-cü ildə Azərbaycan və UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanıb. Bu, Azərbaycana UNESCO-nun donorlarından birinə çevrilmək imkanı verib. Prezident İlham Əliyev əminliklə vurğuladı ki, UNESCO-nun təhsil, mədəniyyət və elm sahələrinin inkişafına verdiyi dəstək dünyamızı daha da təhlükəsiz edəcək.

Dövlətimizin başçısı dedi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı bu günə kimi davam edir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Çoxlu sayda tarixi abidələrimiz, muzeylərimiz ermənilər tərəfindən tamamilə dağıdılıb. Prezident İlham Əliyev Ermənistanın nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozduğunu, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrə məhəl qoymadığını vurğuladı. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”, – deyən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliyini bildirdi.

Dövlətimizin başçısı Azərbaycanda mövcud olan tolerantlıqdan, multikulturalizmdən danışdı, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələri barədə forum iştirakçılarına ətraflı məlumat verdi. Prezident İlham Əliyev UNESCO-nun 70 illiyi münasibətilə forum iştirakçılarına təbriklərini çatdırdı.

Sonra ABŞ Prezidenti Barak Obamanın foruma ünvanladığı məktub oxundu.

Daha sonra Fransa Prezidenti Fransua Olland çıxış etdi. O, Parisdə törədilən son terror aktlarından bəhs etdi, Fransanın terrorçulara sərt cavab verəcəyini bildirdi. Fransa Prezidenti terrorizmin bəşəri dəyərlərə böyük təhdid olduğunu qeyd etdi.

Prezident Fransua Olland terror hadisələri ilə bağlı bütün dünyada Fransa xalqına göstərilən həmrəylikdən də danışdı. O vurğuladı ki, Parisdə terror aktlarını törədənlər qatillərdir və onlar heç bir sivilizasiyaya aid deyillər.

Fransa dövlətinin başçısı bəşəri dəyərlərin qorunmasında UNESCO-nun mühüm rol oynadığını bildirdi, təşkilatın Əfqanıstanda, Malidə və digər ölkələrdə dağıdılmış abidələri bərpa etdiyini vurğuladı. Fransa Prezidenti UNESCO-nun mədəni dəyərlərin qorunması ilə bağlı çoxlu layihə həyata keçirdiyini də diqqətə çatdırdı.

Forumdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşdülər.

Görüşdə Azərbaycan ilə UNESCO arasında uzun illər səmərəli uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirildi. Prezident İlham Əliyevin bu tədbirdə çıxışının önəmi qeyd edildi.

Söhbət zamanı Azərbaycanın UNESCO-nun fəaliyyətində rolu, bu təşkilatın işinə verdiyi töhfə yüksək qiymətləndirildi. Həmçinin Azərbaycanda multikulturalizmin inkişafı, ölkəmizin mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi töhfələr diqqətə çatdırıldı. UNESCO-nun xətti ilə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edildi.

Görüşdə əməkdaşlığımızın bundan sonra da genişləndirilməsinə əminlik ifadə olundu və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun mənzil-qərargahında təşkilatın İcra Şurasının zalı və nümayəndə heyətlərinin salonu ilə tanış oldular. Qeyd edildi ki, bu zalın və salonun yüksək səviyyədə təmir olunması Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilib. Zalda İcra Şurasının tədbirləri ilə yanaşı, xoşməramlı səfirlərin görüşləri, toplantıları da keçirilir.

Dövlətimizin başçısı və xanımı ölkəmizin UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələrinə baxdılar.

UNESCO-nun mənzil-qərargahının həyətində qoyulan bu heykəllər burada daimi olaraq sərgilənir. Həmin heykəllər XII-XIII əsrlərə aiddir və Tovuz rayonunun Aşağı Ayıblı kəndindən tapılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva digər ölkələrin UNESCO-ya təqdim etdiyi abidələrə də baxdılar. Qeyd edildi ki, UNESCO-nun mənzil-qərargahının həyətində və binada sərgilənən bu abidələr tarixi, mədəni əhəmiyyət daşıyır.

(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcək).

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında