Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş vitse-prezidenti Siril Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Vitse-prezident Siril Müller 1999-cu ildə Dünya Bankı nümayəndə heyətinin tərkibində ölkəmizə səfər etdiyini və Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyev ilə keçirdikləri görüşü məmnunluqla xatırladı. O, iki il bundan əvvəl ölkəmizə səfəri zamanı Azərbaycanın inanılmaz dərəcədə tərəqqi etdiyinin şahidi olduğunu vurğulayaraq respublikamızın son illərdə çox böyük uğurlar qazandığını dedi. Siril Müller Azərbaycanın gələcəkdə də çox firavan bir ölkə olacağına əminliyini bildirdi.

Azərbaycanda həyata keçirilən inkişaf proseslərinin bundan sonra yeni formatda davam etdiriləcəyini deyən Prezident İlham Əliyev müstəqilliyimizin ilk illərində maliyyə-iqtisadi çətinliklərin mövcud olduğunu vurğuladı. Dövlətimizin başçısı sonrakı illərdə ölkəmizdə çox böyük nailiyyətlərin əldə olunduğunu məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda həyata keçirilən uğurlu enerji siyasəti nəticəsində əldə edilən gəlirlərdən məqsədyönlü şəkildə istifadə olunmaqla infrastrukturun yaradılması, biznes imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması, yerli istehsalın artırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. Azərbaycanın hazırda inkişafın yeni mərhələsində olduğunu vurğulayan dövlətimizin başçısı bu mərhələdə ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması üçün institusional islahatların aparılmasının və sahibkarlığın stimullaşdırılmasının vacibliyini qeyd etdi. İqtisadiyyatın neftdən asılılığının azaldılmasının zəruriliyini bildirən Prezident İlham Əliyev hazırda ümumi daxili məhsulun 70 faizinin qeyri-neft sektorunun payına düşdüyünü vurğuladı. İxracın 90 faizinin enerji sektoruna aid olduğunu deyən dövlətimizin başçısı bunu indiyə qədər qeyri-neft sektorunda istehsal edilən məhsulların daxili bazara hesablanması ilə əlaqələndirərək bildirdi ki, asan olmasa da növbəti mərhələdə ixracyönümlü istehsala önəm veriləcək.  

Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında