Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidentini və Dövlətlərarası Aviasiya Komitəsinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidenti Olumuiva Benard Aliunu və Dövlətlərarası Aviasiya Komitəsinin sədri xanım Tatyana Anodinanı qəbul edib.

Dövlətimizin başçısı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 70 illiyinə və Dövlətlərarası Şuranın icra orqanı olan Dövlətlərarası Aviasiya Komitəsinin 25 illiyinə həsr olunan Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın 35-ci iclasının Bakıda keçirilməsinin önəmini vurğuladı. Azərbaycanın əlverişli coğrafi mövqeyinin regional nəqliyyat infrastrukturunun və logistik mərkəzin yaradılması baxımından yaxşı imkan yaratdığını deyən Prezident İlham Əliyev mülki aviasiyanın daha da inkişaf etdirilməsinin iqtisadi strategiyamızın çox əhəmiyyətli hissəsi olduğunu vurğuladı. İnfrastruktur layihələrinə böyük həcmdə sərmayə yatırıldığını bildirən Prezident İlham Əliyev son illər Azərbaycanda bir neçə hava limanının inşa edildiyini, Heydər Əliyev Beynəlxalq Aeroportunun isə tamamilə yenidən qurulduğunu, çoxlu sayda yeni təyyarələrin alındığını qeyd etdi. “Azərbaycan Hava Yolları”nın dünyanın uğurla fəaliyyət göstərən şirkətlərindən biri olduğunu deyən dövlətimizin başçısı məmnunluqla vurğuladı ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada dördulduzlu 10 hava limanı arasındadır.

Ölkəmizdə turizmin və biznesin inkişafı ilə əlaqədar müxtəlif regionlara daxili reyslərin açıldığını bildirən Prezident İlham Əliyev Azərbaycanın hava yükdaşımaları sahəsində də yaxşı nəticələr əldə etdiyini diqqətə çatdıraraq yerli karqo şirkətinin də dünyanın aparıcı şirkətləri arasında olduğunu dedi.

Dövlətlərarası Aviasiya Komitəsinin fəaliyyətinə toxunan Prezident İlham Əliyev komitənin sədri xanım Tatyana Anodinanın Azərbaycan mülki aviasiyası ilə əməkdaşlıq işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.

Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun gözəlliyinin onda dərin təəssürat yaratdığını bildirən Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidenti Olumuiva Benard Aliu bunu ölkəmizin sosial-iqtisadi inkişafının göstəricisi kimi dəyərləndirdi.

Rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi proqramlar barədə dövlətimizin başçısına məlumat verən qonaq ölkəmizin Beynəlxalq Mülki Aviasiya Təşkilatına verdiyi dəstəyi yüksək qiymətləndirərək Azərbaycanın bu qurumun əhəmiyyətli üzvü olduğunu vurğuladı.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında