Prezident İlham Əliyev Sabunçu Məhkəmə Kompleksinin yeni binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Sabunçu Məhkəmə Kompleksinin yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə Sabunçu Rayon Məhkəməsinin köhnə binasının, eləcə də Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində hazırlanan müasir məhkəmə bina və komplekslərinin layihələrini əks etdirən stendlərə baxdı.

Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, kompleksin ümumi sahəsi 9 min kvadratmetr olan yeddimərtəbəli binasının inşasına 2012-ci ilin oktyabrında başlanılıb. Tikinti işləri ən müasir standartlara uyğun aparılıb. “Əlillərin hüquqlarının qorunması haqqında” Konvensiyanın tələblərinə müvafiq olaraq binada onlar üçün bütün zəruri şərait yaradılıb. Əlillərin binaya daxil olması üçün xüsusi qurğu quraşdırılıb.

Prezident İlham Əliyev Sabunçu Məhkəmə Kompleksinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, bina Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində inşa olunub.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.

Sabunçu Məhkəmə Kompleksi təxminən 1,3 milyon əhaliyə xidmət göstərəcək. Kompleksdə 150 nəfər, o cümlədən 21 hakim, 100 məhkəmə aparatı əməkdaşı və 30-dək ədliyyə işçisi çalışacaq. Müasir informasiya-kommunikasiya texnologiyalarının quraşdırıldığı bina inzibati və ictimai zonalara bölünür. Hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. Ədliyyə Nazirliyinin icra şöbəsinin əməkdaşları, dövlət ittihamçıları və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

Binada Sabunçu Rayon Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və Ədliyyə Nazirliyinin rayon icra şöbəsi yerləşir. Burada gözdən əlil vətəndaşların sərbəst hərəkəti üçün hər mərtəbənin döşəməsinə xüsusi örtük salınıb. İctimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə gözdən əlil insanlar üçün də xüsusi yazılar var. Müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır.

Prezident İlham Əliyev məhkəmə zallarında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, kompleksdə 14 məhkəmə iclas zalı - cinayət işlərinin baxıldığı 4 və mülki işlərin baxıldığı 10 zal fəaliyyət göstərir.

Zallarda vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılıb.

Diqqətə çatdırıldı ki, kompleksdə “Elektron məhkəmə”nin tətbiqi üçün bütün zəruri infrastruktur yaradılıb. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “Femida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb. Təqsirləndirilən şəxslər zalda beynəlxalq standartlara uyğun xüsusi ayrılan şüşə otaqda saxlanılırlar. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğu da var. Məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılıb.

İnzibati zonada da hakimlər və məhkəmə aparatı işçiləri üçün lazımi şərait yaradılıb.

Prezident İlham Əliyev burada dünyada və Azərbaycanda məhkəmə və ədalət mühakiməsi ilə bağlı tarixi sənədlərə, rəmzlər, poçt markaları və nişanlara baxdı.

Bu mərtəbədə yerləşən konfrans zalı ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, müasir avadanlıqla təchiz edilən zalda hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirə və toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılıb.

Sonra “Elektron məhkəmə” informasiya sisteminin təqdimatı oldu. Bildirildi ki, ədalət mühakiməsinin həyata keçirilməsində şəffaflığın, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamına əsasən “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə işlər görülür, məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi məqsədilə zəruri infrastruktur yaradılır. Yeni inşa olunan müasir məhkəmə binalarında artıq “Elektron məhkəmə” informasiya sisteminin komponentlərinin sınaq rejimində tətbiqinə başlanılıb.

Təqdimatda vətəndaşların, habelə hakimlərin rahatlığına xidmət edən bəzi komponentlərin - ərizə və şikayətlərin elektron formada qəbulu, məhkəmə prosesi iştirakçılarının “elektron şəxsi kabineti”, onların avtomatik məlumatlandırılması, məhkəmədə işlərə baxılmasına dair cədvəllər və digər məsələlər barədə ətraflı məlumat verildi.

Kompleksin böyük iclas zalında həm beynəlxalq, həm də ölkə səviyyəsində tədbirlər keçirmək mümkündür. Yeməkxana və kitabxana da ən yüksək səviyyədədir. Binanın alt qatında təqsirləndirilən şəxslərin müvəqqəti saxlanması üçün kameralar, onların vəkillərlə görüş otağı və konvoy maşını üçün yeraltı dayanacaq mövcuddur.

Kompleksdə yaradılan şərait göstərir ki, son illərdə ölkədə bütün sahələrə olduğu kimi, ədalət mühakiməsinin səmərəsinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məhkəmə sisteminin daha da müasirləşdirilərək beynəlxalq standartlara tam uyğunlaşdırılması işləri uğurla aparılır.

Qeyd edildi ki, hazırda paytaxtın Binəqədi, eləcə də Zaqatala, İmişli və Qəbələ rayonlarında yeni müasir məhkəmə binaları inşa olunur. Azərbaycan ilə Dünya Bankının əməkdaşlığı çərçivəsində 33 məhkəməni və 18 icra qurumunu əhatə edən məhkəmə komplekslərinin və binalarının layihələri hazırlanıb. Artıq paytaxtın Yasamal, Gəncə şəhərinin Nizami, eləcə də Gədəbəy, Oğuz və Quba Rayon məhkəmələrinin yeni inzibati binaları istifadəyə verilib. Eyni zamanda, ölkəmizdə konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən Şəki və Bakının Sabunçu Məhkəmə komplekslərinin tikintisi başa çatdırılıb. Sumqayıt Məhkəmə Kompleksi, həmçinin paytaxtın Nərimanov və Suraxanı Rayon məhkəmələri üçün yeni binaların inşası isə davam etdirilir.

Dövlətimizin başçısı Sabunçu Məhkəmə Kompleksində yaradılan şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında