Prezident İlham Əliyev Göyçayda Şahmat məktəbinin açılışında iştirak edib

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçaya səfəri çərçivəsində Şahmat məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda şahmatın qədim ənənələri var. Bu ənənələrin davamı olaraq ölkəmiz dünya şahmat arenasında həmişə mühüm nailiyyətlər əldə edib. İdmanın bu müdrik növü ilə məşğul olanlarda düşünmək, hadisələri qabaqlamaq və düzgün qiymətləndirərək, onları proqnozlaşdırmaq qabiliyyəti daha üstün olur. Məhz bu amilləri nəzərə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində respublikamızın əksər rayonlarında şahmat məktəbləri tikilib. Bu, ölkəmizdə şahmatın kütləvi xarakter almasında həlledici rol oynayıb.

Müstəqilliyimizin ilk illərində həmin məktəblərin əksəriyyəti yararsız hala düşüb. Lakin 1993-cü ildən sonra ulu öndər Heydər Əliyev, 2003-cü ildən sonra isə Prezident İlham Əliyev yeni şahmat məktəblərinin inşasına xüsusi diqqət yetiriblər. Gənclərin istifadəsinə verilən şahmat məktəbləri bütün zəruri avadanlıqla təchiz edilir, onların idmanın bu qədim növünün sirlərinə yiyələnmələri üçün maksimum şərait yaradılır. Göyçayda yüksək zövqlə inşa edilən Şahmat Məktəbi də bu qəbildəndir.

Məktəbin binasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin idmançılar, o cümlədən şahmatçılarla görüşlərində, dövlətimizin başçısının müxtəlif regionlarda şahmat məktəblərinin açılışlarında çəkilən fotoları nümayiş olunur.

Bildirildi ki, Göyçay Şahmat məktəbinin binası 1983-cü ildə istifadəyə verilib. Ötən ildən burada əsaslı yenidənqurma işlərinə başlanılıb. Binanın birinci mərtəbəsində 60 yerlik kiçik yarış zalı, kompüter, müəllimlər və üç sinif otağı yaradılıb. Məktəbin 90 yerlik böyük yarış zalı da müasirliyi ilə diqqəti cəlb edir. ikinci mərtəbədə dörd sinif otağı yaradılıb. Məktəbin məzunlarının və şagirdlərinin müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları kuboklar, layiq görüldükləri fəxri fərmanların nümayiş olunduğu guşə də xüsusi maraq doğurur.

Qeyd edildi ki, hazırda məktəbdə təhsil alan 251 şagirdə şahmatın sirlərini 11 müəllim öyrədir. Məktəbin orijinal dizaynı şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır. Burada yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Respublikamızın bütün bölgələrində fəaliyyət göstərən belə şahmat məktəblərində zəngin təcrübə toplayan məktəblilər beynəlxalq səviyyəli yarışlara qatılaraq ölkəmizi yüksək səviyyədə təmsil edirlər.

Sonda məktəbin müəllim və şagirdləri dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında