Prezident İlham Əliyevin çıxışı
2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci iclası olub. Dövlətimizin başçısı iclasda çıxış edib.
– 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bu günə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. Eyni zamanda, biz bunu İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndiririk və öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, bu Oyunlar yüksək səviyyədə keçirilsin.
Bir neçə gün bundan əvvəl mənim sərəncamımla Oyunların Təşkilat Komitəsi yaradılmışdır. Biz bu gün Təşkilat Komitəsinin birinci toplantısını keçiririk. Oyunların önəmini nəzərə alaraq, bu birinci toplantını mən özüm aparıram. Əminəm ki, bundan sonrakı dövrdə Təşkilat Komitəsi bütün vəzifələri uğurla icra edəcək və bu Oyunlar ən yüksək səviyyədə keçiriləcəkdir.
Təşkilat Komitəsinə rəhbərlik Mehriban Əliyevaya həvalə olunub. Həm “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə, eyni zamanda, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyeva rəhbərlik etmişdir. Nəticələr də göz qabağındadır. Hər iki beynəlxalq tədbir ən yüksək səviyyədə keçirilmişdir. Həm “Eurovision” müsabiqəsində, həm Avropa Oyunlarının gedişatında bütün təşkilati məsələlər öz həllini tapıb və bu yarışmalarda iştirak etmiş bütün idmançılar və Azərbaycana gəlmiş qonaqlar bunu yüksək qiymətləndirmişlər.
Mən xüsusilə birinci Avropa Oyunlarının nəticələrini qeyd etmək istəyirəm. Bu, birinci belə yarışma idi. Bu günə qədər Avropada qitə yarışları keçirilməmişdi. Əlbəttə ki, bu yarışın yüksək səviyyədə keçirilməsi bizim səylərimizdən asılı idi. Biz bu Oyunların standartlarını müəyyən etdik. Bu, ən yüksək standartlar idi. Həm qonaqlar, həm Azərbaycan vətəndaşları bir daha gördülər ki, birinci Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Məhz qarşıya belə məqsəd qoyulmuşdu. Baxmayaraq ki, bu Oyunların hazırlanmasında bizim cəmi 2 il yarım vaxtımız var idi. Həm yeni idman infrastrukturunun yaradılması, həm mövcud idman obyektlərinin təmiri, bütün təşkilati məsələlərin həlli ən yüksək səviyyədə həyata keçirilmişdir və şübhəsiz, bu işlərdə Təşkilat Komitəsinin xüsusi rolu və əməyi var idi.
Avropa Oyunları bizə imkan verdi ki, öz potensialımızı ortaya qoyaq. Azərbaycan Avropaya və bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır və biz bütün qonaqları qəbul etməyə hazırıq, buna qadirik. Azərbaycan xalqı öz qonaqpərvərliyini, öz tolerantlığını, qonaqlara olan hörmətini bir daha ifadə etdi. Eyni zamanda, bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədə idi. Bu da ölkəmizin ümumi inkişaf potensialının göstəricisi kimi artıq qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Baxmayaraq ki, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Azərbaycana qarşı çox çirkin kampaniya aparılırdı. Bu kampaniya əlaqələndirilmiş şəkildə aparılırdı. Bəzi xarici dairələr Azərbaycanda gedən inkişafı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında həqiqətə uyğun olmayan rəy yaratmaq üçün, sanki, yarışa çıxmışdılar. Azərbaycan haqqında yalan, böhtan, uydurma informasiyalar xarici media orqanlarında da geniş yer almışdı. Əlbəttə, biz yaxşı başa düşürdük və bilirdik ki, bu, təsadüfi deyil. Bu, çox düşünülmüş, məqsədyönlü təşkil edilmiş qarayaxma, şər-böhtan kampaniyası idi. Bu kampaniyanı aparan və onu sifariş edən qüvvələr bir məqsədi güdürdü ki, Azərbaycanı gözdən salsınlar və Oyunlara ləkə vursunlar. Ancaq onların bütün səyləri Azərbaycanda alt-üst edildi. Ona görə ki, ölkəmizə, Oyunlara gəlmiş idmançılar, nümayəndə heyətlərinin üzvləri, qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə gördülər. Gördülər ki, Azərbaycan müasir, dinamik inkişaf edən, demokratik ölkədir. Azərbaycan multikulturalizmin mərkəzidir. Son illər ərzində Azərbaycanda quruculuq, abadlıq işləri o qədər sürətlə gedir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Gördülər ki, Azərbaycan gəncləri və bu Oyunlarda fəal iştirak etmiş könüllülər öz Vətənini sevirlər, öz Vətəni ilə fəxr edirlər. Fəxr edirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Gördülər ki, Azərbaycan idmançıları həm peşəkar, həm vətənpərvər idmançılardır.
Bu Oyunlar Azərbaycan dövlətinin təntənəsi idi. Bizə qarşı bu çirkin əməlləri sifariş və icra edən qüvvələr heç bir məqsədə nail ola bilməmişlər. Baxmayaraq ki, Oyunlar ərəfəsində Avropa Parlamenti antiazərbaycan qətnaməsi qəbul etməyə çalışırdı. Ancaq məqsədə çata bilməmişdir, o qətnamə qəbul edilməmişdir. Oyunların açılış günündə - iyunun 12-də Almaniya Bundestaqı Azərbaycanın əleyhinə yalan-böhtan üzərində qurulmuş çirkin bir qətnamə qəbul etmişdir. Onu da Azərbaycan xalqı və dövləti rədd etmişdir. Yəni, bütün bu səylər onu göstərir ki, biz hətta misli görünməmiş təzyiqlər şəraitində yolumuzdan dönmədik, Azərbaycan bir daha öz imkanlarını ortaya qoydu.
Əlbəttə, Oyunlardan sonra da bizə qarşı təzyiqlərin olacağını proqnozlaşdırırdıq. Çünki Azərbaycan öz müstəqil siyasətinə sadiqdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli-mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki, yaratdıqları stereotiplərə sığmır. Əfsuslar olsun ki, bu gün İslam aləmi daha çox münaqişələr zonası kimi təqdim edilir, islamofobiya meyilləri güclənir, İslam dininə qarşı təhqir-böhtan kampaniyası aparılır və görəndə ki, müsəlman aləmində belə gözəl, dinamik inkişaf edən, müasir ölkə var, əlbəttə, bu da onların planlarını alt-üst edir.
Oyunlarla bağlı qeyd etməliyəm ki, idmançılarımız bizi sevindirdilər. Azərbaycan tarixi qələbə qazanmışdır, komanda hesabında ikinci yerə layiq görülmüşdür. İdmançılarımız 21-i qızıl olmaqla 56 medal qazanmışdır. Yəni, birinci Avropa Oyunları Azərbaycan dövlətinin, xalqının hərtərəfli bayramı, təntənəsi idi. Əminəm ki, gələcəkdə belə bayramlar, qələbələr çox olacaq.
İslam Həmrəylik Oyunlarının keçirilməsi də qeyd etdiyim kimi, çox önəmli beynəlxalq yarışma olacaqdır. Azərbaycan İslam aləminin bir parçasıdır. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Bütün idmançılara, qonaqlara, nümayəndə heyətlərinin üzvlərinə gözəl şərait yaradılmalıdır ki, ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər, öyrənsinlər və Azərbaycanda özlərini rahat hiss etsinlər.
Deyə bilərəm ki, bu Oyunlardan başqa, Azərbaycan müxtəlif beynəlxalq yarışlara da ev sahibliyi edəcəkdir. 2016-cı ildə “Formula-1” yarışması ilk dəfə olaraq Azərbaycanda keçiriləcəkdir. Bu da futbol üzrə dünya çempionatı ilə bir səviyyədə olan yarışmadır. Bütün dünyanın gözü yenə də Azərbaycanda olacaq. Əminəm ki, biz bu yarışmanı da yüksək səviyyədə keçirəcəyik. Gələn il Azərbaycanda Dünya Şahmat Olimpiadası keçiriləcək. Yəni, biz bu yolla gedirik və gedəcəyik. Çünki bizim imkanımız var və eyni zamanda, biz bu yolla ölkəmizi dünyaya tanıdırıq.
Bədxahlara, antiazərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə. Bu gün hamımızın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu, bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır.
Azərbaycan bir nümunədir, bir örnəkdir. Bu, normal həyat tərzidir. Mən bir daha demək istəyirəm ki, biz həyata keçirdiyimiz işlərdə hər hansı bir fövqəladə nailiyyət görmürük. Bu, normal həyat tərzidir. Sadəcə olaraq, bəzi ölkələrdə bu normal həyat tərzi pozulub və irqçilik, ksenofobiya, islamofobiya hökm sürür.
Əminəm, İslam Oyunları ilk növbədə, İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir.
Biz çalışacağıq ki, bütün təşkilati məsələlər öz həllini tapsın. Birinci Avropa Oyunlarında əldə edilmiş təcrübə əlbəttə ki, bizə kömək göstərəcək. Nəzərə alsaq ki, Təşkilat Komitəsi təxminən bu tərkibdə Avropa Oyunlarının keçirilməsi ilə də məşğul idi, mən əminəm, qarşıda duran bütün vəzifələr icra ediləcəkdir və bir daha Azərbaycan öz imkanlarını ortaya qoyacaqdır. İndi isə söz verilir Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya.
Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışı
– Hörmətli cənab Prezident!
Hörmətli iclas iştirakçıları!
İlk növbədə, cənab Prezident, bizə göstərdiyiniz yüksək etimada görə Təşkilat Komitəsinin bütün üzvləri adından Sizə dərin minnətdarlığımı çatdırıram. Sizi əmin edirəm ki, Təşkilat Komitəsi IV İslam Həmrəylik Oyunlarının ən yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Biz çalışacağıq ki, Sizin və Azərbaycan xalqının yüksək etimadını doğruldaq və Oyunlar ən yüksək səviyyədə keçirilsin.
Bu günə qədər ölkəmizdə bir çox böyükmiqyaslı beynəlxalq tədbirlər keçirilib. O cümlədən, əlbəttə, bu il böyük uğurla keçirilən birinci Avropa Oyunlarını qeyd etmək istəyirəm. Bütün bu tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini göstərdi. Həm Siz, həm Azərbaycan xalqı, həm Oyunlarda iştirak edən idmançılar, həm də qonaqlar Oyunların çox yüksək səviyyədə hazırlanmasını qeyd etdilər. Ümumi fikrə görə, bu Oyunlar Yay Olimpiya Oyunları səviyyəsində hazırlanmışdı. Əminəm ki, IV İslam Həmrəylik Oyunları da eyni səviyyədə hazırlanıb keçiriləcək və müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq.
Əlbəttə, Təşkilat Komitəsi birinci Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə əldə etdi. İslam Həmrəylik Oyunlarının da hazırlığında biz həmin prinsiplərlə çalışacağıq, işləyəcəyik. Biz çalışacağıq ki, ilk növbədə, Azərbaycan xalqı üçün növbəti böyük idman bayramı təşkil edək. Eyni zamanda, çalışacağıq ki, ölkəmizə gələn, Oyunlarda iştirak edən hər bir idmançı, hər bir qonaq özünü çox rahat, öz evindəki kimi hiss etsin.
Bildiyiniz kimi, 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul edilmişdir. Səsvermədə 57 üzv ölkənin nümayəndələri iştirak etmişdilər. Qərar yekdilliklə qəbul edilmişdir. Assambleyanın qərarı bir daha göstərdi ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmuşdur.
İndi isə icazənizlə IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri haqqında Sizə məlumat verim.
Əvvəlcədən deməliyəm ki, Oyunların keçirilməsinə müəyyən vaxtın olduğunu və bir çox danışıqların davam etdiyini nəzərə alaraq, bu gün səsləndirilən göstəricilər dəyişə bilər.
IV İslam Həmrəylik Oyunlarının 2017-ci ilin may ayında keçirilməsi nəzərdə tutulur. Bu Oyunlarda 57 İslam ölkəsinin nümayəndələrinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növündə yarışların aparılması planlaşdırılır. Yarışlara 5 mindən çox idmançının qatılacağı nəzərdə tutulmuşdur. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi gözlənilir. Eyni zamanda, bu Oyunları fərqləndirən digər cəhətlərdən biri qeyri-ənənəvi idman növü olan milli zorxana oyunu üzrə mübarizənin aparılması olacaq. Bu idman növlərinə atletika, gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, voleybol, futbol, karate və sair daxildir.
IV İslam Həmrəylik Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilmişdir. Yarışlar ölkəmizdə mövcud olan idman obyektlərində keçiriləcək. Bunlar Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, “Baku Crystall Hall”, Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, “Bakcell Arena”, Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzidir. Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman obyektlərindən istifadə olunacaq. Yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur.
IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri Olimpiya Stadionunda keçiriləcəkdir.
Müxtəlif idman növləri üzrə yarışların keçiriləcəyi idman obyektləri haqqında ilkin təklifləri diqqətinizə çatdırmaq istərdim. Belə ki, güləş və cüdo Heydər Əliyev adına İdman Arenasında, voleybol, boks, taekvondo, karate “Baku Crystall Hall”da, üzgüçülük Su İdmanı Sarayında, stolüstü tennis Bakı İdman Sarayında, tennis Bakı Tennis Akademiyasında, atıcılıq Bakı Atıcılıq Mərkəzində, basketbol, həndbol, ağır atletika Bakı Ekspo Mərkəzində, futbol yarışlarının isə Olimpiya Stadionunda və “Bakcell Arena”da keçirilməsi planlaşdırılır. Oyunlarda iştirak edəcək idmançıların Atletlər Kəndində yerləşdirilməsi nəzərdə tutulur. Media Kəndində kütləvi informasiya vasitələrinin nümayəndələri yerləşdiriləcək. Bir daha qeyd etmək istəyirəm, birinci Avropa Oyunları zamanı əldə etdiyimiz təcrübə göstərir ki, yeni yaradılmış Atletlər Kəndi ən yüksək səviyyədə çalışırdı və orada yaşayan hər bir idmançı çox yüksək rəylə bütün hazırlığı qeyd etmişdir.
Tədbirin dünyada təbliği və informasiya dəstəyi qarşımızda duran ən vacib məsələlərdən biridir. Birinci addım olaraq Oyunlar haqqında hərtərəfli məlumatı əks etdirən internet portalı hazırlanacaqdır. Dünya mediasında İslam Həmrəylik Oyunlarının keçirilməsi barədə informasiya yayılması nəzərdə tutulur.
Hörmətli cənab Prezident, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bizə əvəzedilməz təcrübə qazandırdı və növbəti tədbirlər üçün idarəetmə, təşkilati və logistika işləri, kommunikasiya, informasiya, şəffaflıq və sair sahələrdə çox yüksək tələbləri formalaşdırdı. Avropa Oyunlarının irsi IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə bağlı qarşıda duran təhlükəsizlik, nəqliyyat təminatı, digər texniki təminat və təşkilati məsələlərin həllinin zəminini yaratmışdır. Odur ki, əsas məqsəd bu zəmində yarışlara yüksək səviyyədə hazırlaşmaqdan, bütün mövcud idman obyektlərini yarışmalar üçün tam şəkildə hazırlamaqdan və milli yığma komandanın Oyunlara hazırlığından ibarətdir.
Qeyd etmək lazımdır ki, qarşıda duran məsələlərdən biri də qısa müddət ərzində açılış və bağlanış mərasimlərinin ideyasının formalaşdırılması, texniki məsələlərin həlli, o cümlədən medalların və loqotipin eskiz layihələrinin və dizaynının hazırlanması işlərinin başlanmasıdır. Bu mötəbər idman yarışlarının yayımı xüsusi əhəmiyyət kəsb edir. Tədbirin yayım hüququnun verilməsi ilə bağlı hazırda müvafiq təşkilatlarla danışıqlar aparılır. Beynəlxalq və yerli sponsorların cəlb edilməsi istiqamətində də işlər görülür. Oyunlar keçiriləcəyi müddətdə Azərbaycana gələcək çoxsaylı idmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakıda və Abşeronda mövcud olan otellərin sayı və tutumu dəqiqləşdirilmişdir. Bu sahədə heç bir problem gözlənilmir.
İslam Həmrəylik Oyunlarında gənclərin könüllü qismində cəlb edilməsi geniş yer tutacaq. Cənab Prezident, Siz qeyd etdiniz ki, birinci Avropa Oyunları zamanı Azərbaycan gəncləri, könüllüləri öz bacarıqlarını çox yüksək səviyyədə nümayiş etdirdilər. Bütün qonaqlar dəfələrlə bizim gənclərin peşəkarlığı, vətənsevərliyi haqqında danışırdılar. Əlbəttə, İslam Həmrəylik Oyunlarının təşkilati işlərində könüllülərin aktiv fəaliyyəti nəzərdə tutulur. İlkin hesablamalara görə, Oyunlara təxminən 10 min nəfər könüllü cəlb ediləcəkdir.
Oyunların yüksək səviyyədə keçirilməsi məqsədilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaqdır. Hazırda yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyənləşdirən geniş Tədbirlər Planı hazırlanır. Həmin Tədbirlər Planı qısa müddət ərzində Sizin diqqətinizə təqdim olunacaqdır.
Cənab Prezident, sonda bir daha bizə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, Sizi və bütün Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm. Çox sağ olun.
Gənclər və idman naziri, Təşkilat Komitəsinin üzvü Azad RƏHİMOV çıxış edərək dedi:
– Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli iclas iştirakçıları!
İyirmi dörd illik müstəqillik tariximiz ölkənin inamlı gələcəyinə yönəlmiş çox mühüm və strateji hadisələrlə zəngindir. Müstəqilliyimizin ilk illərində idmanın inkişafına xüsusi diqqət göstərilməsi ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Bu diqqətin səbəbi də ulu öndər tərəfindən aydın ifadə edilmişdir: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.
Möhtərəm cənab Prezident, Azərbaycanda Sizin rəhbərliyiniz altında ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafı da ardıcıl, məntiqli, bir-birini dəstəkləyən qərarlar və tədbirlər əsasında həyata keçirilir. Bütün bunların nəticəsidir ki, idman sahəsində ölkəmiz yüksək beynəlxalq nüfuz qazanıb. Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açmış, Azərbaycanın gücünü və potensialını bütün dünyaya nümayiş etdirmişdir.
Sevindirici haldır ki, bu Oyunlar zamanı yüzlərlə azərbaycanlı gənc zəngin təcrübə qazanmışdır. Müxtəlif təlimlər, kurslar vasitəsilə xarici mütəxəssislərlə əməkdaşlıq, birgə layihələrdə iştirak yerli mütəxəssislərimizin formalaşmasına müsbət təsir göstərmişdir. Əminik ki, ölkəmizdə böyük beynəlxalq idman tədbirlərinin keçirilməsi zamanı bu potensialdan geniş istifadə olunacaqdır.
Birinci Avropa Oyunları ərəfəsində yaradılmış maddi-texniki baza imkan verir ki, IV İslam Həmrəylik Oyunlarını da mövcud idman obyektlərində keçirək. Onların hazırlıq səviyyəsi beynəlxalq federasiyaların texniki tələblərinə tam şəkildə cavab verir. Bu tələblər, eyni zamanda, məşq prosesinin təşkil edilməsinə də aiddir. İştirakçıların sayında ciddi fərq olmadığından yarışlar zamanı idmançıların və məşqçilərin, eyni zamanda, qonaqların yerləşdirilməsi, qidalanması, tibbi xidmət, nəqliyyat, təhlükəsizlik və digər texniki təminat məsələləri də əsasən mövcud imkanlar daxilində həll ediləcəkdir.
Jurnalistlər və digər media təmsilçilərinin də Media Kəndində yerləşdirilməsi üçün bütün lazımi şərait vardır. Atletlər Kəndində bütün mebel və avadanlıqlar hazır vəziyyətdə, toxunulmaz saxlanılmışdır və qarşıdan gələn tədbir üçün tam hazırdır. Eyni zamanda, mətbəxlər, əyləncə mərkəzləri, poliklinika üçün müvafiq avadanlıqlar, daxili nəqliyyat vasitələri və digər texniki vasitələr də işlək vəziyyətdədir. Əməliyyat heyətinin işini təmin etmək üçün 6 mindən çox müxtəlif adda İT avadanlığı, kompüter, skaner, printer, server və digər vasitələr də yenidən istifadəyə tam yararlıdır.
Möhtərəm cənab Prezident, Azərbaycanın birinci xanımı, IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın da qeyd etdiyi kimi, idman təkcə yarış deyil, eyni zamanda, böyük mədəniyyət bayramı olmaqla bərabər, ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Birinci Avropa və IV İslam Həmrəylik oyunlarında, ümumiyyətlə, dünya dövlətlərinin yarısından çoxunun iştirak etməsi Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Eyni zamanda, hazırlıq mərhələsindəki təqdimatlar və Oyunların yayımı ölkəmizin dünyaya tanıtdırılması, Bakının gözəlliyinin nümayişi, tarixi və mədəni irsimizin təbliği üçün geniş imkanlar yaradır.
Gənclər və İdman Nazirliyi son ildə keçirdiyi beynəlxalq tədbirlər zamanı gənclərin könüllü kimi iştirakına xüsusi diqqət yetirmişdir. Ən böyük könüllü qüvvəsi isə Avropa Oyunları zamanı toplaşmışdır. Minlərlə gənc öz işinə məsuliyyətlə yanaşaraq vətənpərvər mövqelərini bir daha sübut etdi. Həmin gəncləri gələcəkdə də bir araya yığmaq məqsədilə onların məlumat bazası yaradılmışdır.
İdmançılarımızın bundan sonra da uğurlu çıxış etmələri üçün onların çoxsaylı idman yarışlarında iştirakı olduqca vacibdir. Bu məqsədlə ölkəmizdə bir sıra idman növlərini özündə birləşdirən kompleks yarışların təşkil edilməsi ölkə idmanına böyük töhfə verir. Bu, idmançıların Olimpiya Oyunlarına hazırlıq səviyyəsini də artırır, nəticələrin daha da yaxşılaşdırılmasına zəmin yaradır, daha çox idmançının təcrübə qazanmasına səbəb olur.
Qeyd etmək istərdim ki, Azərbaycanda futbol üzrə Avropa Çempionatının dörddəbir mərhələ yarışları, “Formula-1” Avropa Qran-pri yarışları, Şahmat Olimpiadası ilə yanaşı, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının final mərhələsi və yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 23 yaşadək gənclərin dünya çempionatı keçiriləcək. Qeyd etmək istərdim ki, noyabrın 2-4-də ilk dəfə olaraq İslam Həmrəyliyi İdman Federasiyasının IX Baş Assambleyası və İslam Həmrəylik Oyunları ilə bağlı yaradılmış koordinasiya komissiyasının ilk toplantısı tədbirin ənənəvi məkanından kənarda - Bakıda keçiriləcək.
Birinci Avropa Oyunlarında komandamız uğurla çıxış edərək şərəfli ikinci yer tutmuşdur. Bütün qüvvələrimizi səfərbər edəcəyik ki, İslam Həmrəylik Oyunlarında da milli yığmamız Sizin və xalqımızın yüksək etimadını doğrultsun. Əminik ki, Azərbaycan xalqı bu Oyunlara da böyük maraq və dəstək göstərəcək. Avropa Oyunlarında olduğu kimi, yarışlar zamanı tribunalar tamaşaçılarla dolu olacaq. Əminik ki, bu Oyunlar İslam ölkələrinin böyük bayramına çevriləcək.
Diqqətinizə görə çox sağ olun.
İclasa yekun vuran Prezident İlham ƏLİYEV dedi:
– Hesab edirəm ki, məruzələrdə kifayət qədər geniş məlumat verildi. Əminəm ki, Təşkilat Komitəsi qarşıda duran vəzifələri uğurla icra edəcək. Əlbəttə, Təşkilat Komitəsinin üzvləri və digər qurumların rəhbərləri burada fəal iştirak etməlidirlər, işləməlidirlər. Avropa Oyunlarının keçirilməsi bizə çox böyük təcrübə qazandırdı. Bu barədə artıq deyildi. Bütün mərhələlərdə yenə əlaqələndirmə olmalıdır və yüksək peşəkarlıq göstərilməlidir. Qonaqların, idmançıların ölkəmizə gəlişi, aeroportda qarşılanması, viza problemlərinin həlli, onların müasir nəqliyyat vasitələri ilə təmin edilməsi, burada həm qonaqlara, həm idmançılara, nümayəndə heyətlərinin üzvlərinə yüksək qonaqpərvərliyin göstərilməsi, bütün bu məsələlər əminəm ki, öz həllini tapacaq.
Təhlükəsizlik tədbirlərinə xüsusi diqqət göstərilməlidir. Əminəm ki, bizim bu sahəyə rəhbərlik edən şəxslər İslam Həmrəylik Oyunlarını da yüksək səviyyədə təşkil edəcəklər. Avropa Oyunları zamanı təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil edilmişdi. Mən bunu demişəm, bir daha demək istəyirəm. Mən son illər ərzində bir çox Yay Olimpiya Oyunlarının açılışlarında iştirak etmişəm və özüm görmüşəm ki, bəzi hallarda küçələrdə əlisilahlı insanlar, hətta müasir xüsusi qurğular yerləşdirilir. Bəzi hallarda binaların damında hava hücumuna qarşı qurğular yerləşdirilir. Bakıda isə bir dənə də olsun əlisilahlı insana rast gəlmək mümkün deyildi. Yəni, budur bizim yanaşmamız. Təhlükəsizlik ən yüksək səviyyədə təşkil edilmişdir. Eyni zamanda, təhlükəsizlik tədbirləri adi insanlara problem yaratmamalıdır, xüsusilə Bakı sakinlərinə. Qonaqlar da bunu hiss etməməlidir. Ona görə, mən əminəm ki, bu dəfə də bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil ediləcəkdir.
İnformasiya-kommunikasiya sahəsində də Avropa Oyunları ilə bağlı heç bir problem olmamışdır. İndi İslam Həmrəylik Oyunlarına qədər əlavə tədbirlər də görülməlidir ki, bütün informasiya-kommunikasiya sistemləri yaxşı vəziyyətdə işləsin və heç bir problem olmasın.
Şəhər nəqliyyatının tənzimlənməsi prosesi gedir, yeni qurumlar yaradılır, Bakı sakinləri də bunu görür, yeni metro stansiyaları inşa edilir. Şəhər nəqliyyatı ilə bağlı yeniliklər artıq tətbiq edilir. Hesab edirəm ki, Oyunlara qədər bu sahədə təkmilləşmə işləri daha da sürətlə getməlidir. Yenə də Avropa Oyunlarındakı kimi xüsusi nəqliyyat zolaqları müəyyən edilməlidir. Hesab edirəm ki, bu sahədə də heç bir problem olmayacaq.
Bakı şəhərinin abadlaşması prosesi gedir. Bunun Oyunlarla heç bir əlaqəsi yoxdur. 2017-ci ilə qədər əlavə tədbirlər görüləcək. Bakıda yeni küçələr açılır, binalar tikilir, şəhər gözəlləşir. Göstəriş verilmişdir ki, şəhərimizin hər bir yerində çox ciddi və böyük quruculuq işləri davam etdirilsin. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil, bütün mikrorayonlarda, şəhərimizin bütün kənar yerlərində də sürətlə quruculuq-abadlıq işləri, infrastruktur layihələri icra edilməlidir və edilir.
Tibbi xidmətlə bağlı deyə bilərəm ki, indi Azərbaycanda, son vaxtlar xüsusilə Bakıda tikilmiş yeni böyük tibb mərkəzləri fəaliyyət göstərir, ən müasir avadanlıq quraşdırılıbdır. Hesab edirəm, Oyunlar zamanı xüsusi briqadalar təşkil olunacaq, xüsusi mərkəzlər müəyyən ediləcəkdir ki, əgər hər hansı bir bədbəxt hadisə baş verərsə dərhal tibbi xidmət göstərilsin.
Atletlər və Media kəndləri ən yüksək səviyyədə qurulubdur. Avropa Oyunlarında orada qalmış idmançılar, nümayəndə heyətlərinin üzvləri bunu xüsusilə qeyd edirdilər. Mənə verilən məlumata görə, bəzi idmançılar, hətta onların yarışları başa çatandan sonra da Bakını tərk etmək istəmirdilər. Çünki Media və Atletlər kəndlərində özlərini çox rahat hiss edirdilər. Bütün işlər ən yüksək səviyyədə təşkil edilmişdi. Təbii ki, 2017-ci ilə qədər həm Atletlər Kəndi, həm də Media Kəndi boş qalacaq. Ona görə, əlbəttə, baxmaq lazımdır ki, orada cari təmir işləri də aparılsın, Oyunlara qədər biz yenə də o yüksək səviyyəni saxlaya bilək.
İdman obyektlərimiz ən yüksək səviyyədədir. Burada qeyd edildi ki, heç bir yeni obyektin tikintisinə ehtiyac yoxdur. Yəni, bu Oyunların keçirilməsi üçün heç bir kapital qoyuluşu nəzərdə tutulmur. Əlbəttə ki, istismar xərcləri olacaqdır. Biz Oyunların keçirilməsi üçün yenə xarici mütəxəssisləri də cəlb edəcəyik. Onlar yerli mütəxəssislərlə bərabər çalışacaqlar. Yəqin yenə də Beynəlxalq Əməliyyat Şirkəti yaradılacaqdır ki, biz bu Oyunları da Avropa Oyunlarının səviyyəsində keçirək.
Oyunlar zamanı çox geniş mədəni proqramların - tamaşaların, konsertlərin keçirilməsi nəzərdə tutulmalıdır ki, qonaqlar bizim zəngin mədəniyyətimizlə tanış olsunlar. Xüsusi ekskursiya turları təşkil edilməlidir. Əgər ehtiyac olarsa, əlavə səyahət avtobusları da alına bilər. Çünki bildiyimə görə, bu avtobusların indi çox böyük funksiyaları var. Həm şəhər sakinləri, həm də turistlər onlardan istifadə edirlər. Biz öz zəngin tariximizi, mədəniyyətimizi təqdim etməliyik. Eyni zamanda, bu Oyunlar iki həftədən çox davam edəcək. Buraya gələcək turistlər üçün bölgələrə ekskursiya turları da təşkil edilməlidir. Hər bir mehmanxana xüsusi bukletlər, broşürlərlə təmin olunmalıdır. Bu sahədə sizin təcrübəniz var.
Yenə də, əlbəttə ki, biz könüllülərin fəaliyyətini səbirsizliklə gözləyirik. Könüllülər üçün də bu, yeni bir imkan olacaq ki, öz məharətini, peşəkarlığını göstərsinlər. Mən bilirəm ki, Avropa Oyunları başa çatandan sonra könüllülər də bir qədər darıxırlar. Biz hamımız darıxırıq. Biz əlbəttə, istəyirik ki, o unudulmaz günləri bir daha yaşayaq. Əminəm ki, İslam Həmrəylik Oyunlarında da könüllülərimiz çox fəal işləyəcəklər. Onların rolu həddindən artıq böyükdür. Bildiyiniz kimi, bütün könüllülər tərifnamə ilə təltif olunmuşlar. Onlar gələcəyimizdir, gənclərdir, hazırlıqlı, vətənpərvər, bilikli, artıq böyük təcrübəyə malik olan insanlardır. Ümumiyyətlə, idarəetmə sistemlərimizdə biz gəncləşmə siyasətini aparmalıyıq. Azərbaycan müasirləşir, inkişaf edir, nəsillər dəyişir və belə gənclər hazırlanmalıdır ki, gələcəkdə onlar ölkəmizi inamla idarə etsinlər.
Oyunların başlamasına iki ildən az vaxt qalır. Oyunlar 2017-ci ilin may ayında keçiriləcəkdir. Ona görə, Təşkilat Komitəsi artıq bu gündən fəal işə başlamalıdır. Bilirəm ki, bu günə qədər hazırlıq işləri aparılmışdır. Bu gün bu, məruzələrdə də səsləndi. Bütün qurumlar əlaqəli şəkildə işləməlidir ki, Oyunları yüksək səviyyədə keçirək. Bir daha demək istəyirəm ki, biz Avropa Oyunlarına göstərdiyimiz yanaşmanı bu Oyunlarda da göstərməliyik. Bu Oyunlar Avropa Oyunlarından az əhəmiyyət kəsb etmir. Elə etməliyik ki, bir daha Azərbaycan öz qonaqpərvərliyini, təşkilatçılıq qabiliyyətini, ümumiyyətlə, öz potensialını bütün dünyaya göstərsin.
Təşkilat Komitəsinə uğurlar arzulayıram. Sizi və bütün Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Sağ olun.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.