Ağsuya içməli suyun verilməsi mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsuya içməli suyun verilməsi mərasimində iştirak edib.

Dövlətimizin başçısı “milli su təchizati və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində həyata keçirilən Ağsu rayonunda su təchizatı, çirkab su sistemləri və çirkab su təmizləyici qurğunun tikintisi" layihəsi ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verən “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirdi ki, Ağsu şəhərinin içməli suya tələbatını təmin etmək üçün suyun Külüllü ərazisində Girdimançayın məcrası altından və Ağsuçayın yuxarı hissəsində mövcud olan quzey bulaqlarından götürülməsi nəzərdə tutulub. Külüllü ərazisində dəniz səviyyəsindən 175 metr yüksəklikdə yerləşən mövcud su qəbuledici qurğudan içməli suyun borularla qəbul edilərək Ağsu şəhərinə və rayonun 8 kəndinə ötürülməsi məqsədi ilə həmin ərazidə məhsuldarlığı 52,5 litr/saniyə olan nasos stansiyası və magistral boru kəməri, o cümlədən nasos stansiyasından təzyiq tənzimləyici anbarına qədər magistral təzyiqli boru kəməri tikilib. Bundan başqa Ağsu rayonunun Padar, Gursulu, Kalağaylı, Yenilik, Pirhəsənli və Elabad kəndlərinin 5260 nəfər əhalisini içməli su ilə təmin etmək üçün magistral boru kəmərindən su çıxışı verilib. Eyni zamanda, su şəbəkəsindən rayonun Təklə və Muradlı kəndlərinin 1080 nəfər əhalisini içməli su ilə təmin etmək üçün su çıxışı da hazırdır.

Bildirildi ki, Ağsuçayın yuxarı hissəsində yerləşən quzey bulaqlarından Ağsu şəhərinə 2010-cu ildə Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına magistral su ötürücü xətti rayon icra hakimiyyəti tərəfindən inşa edilib. Quzey bulaqlarından həmin boru xətti ilə nəql edilən içməli su layihə çərçivəsində əsaslı təmir edilərək müasir avadanlıqla təchiz olunan 500 kubmetrlik su anbarına nəql olunur və buradan əhaliyə paylanır. Bundan əlavə, layihə üzrə təzyiq tənzimləyici və paylayıcı anbarlar inşa olunub, Ağsu şəhərindəki daha bir su anbarı əsaslı təmirdən sonra müasir standartlara cavab verən yeni avadanlıqla təchiz edilib.

Dövlətimizin başçısına məlumat verildi ki, artıq  layihə üzrə müxtəlif diametrli içməli və magistral su xətləri, o cümlədən şəbəkə su xətti çəkilib və bunun üzərində 5493 ev birləşməsi və 481 yanğın hidrantı quraşdırılaraq nəzərdə tutulan işlər yekunlaşıb. Abonentləri içməli su ilə təmin etmək üçün 5020 sayğacın quraşdırılması başa çatdırılıb. Bundan əlavə, müxtəlif diametrli kanalizasiya xətləri, o cümlədən kollektor xətti çəkilib. Kanalizasiya şəbəkə xətləri üzərində 5301 ev birləşməsi və 3136 baxış quyusu quraşdırılıb. Çirkab su təmizləyici qurğunun tikintisi üçün Muradlı kəndinin ərazisində torpaq sahəsi ayrılıb və hazırlıq işlərinə başlanılıb. Çirkab su təmizləyici qurğusundan çıxan təmizlənmiş suyun mövcud Ağsu kollektoruna axıdılması nəzərdə tutulub.

Sonra Prezident İlham Əliyev Ağsu ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

– Bu gün biz çox əlamətdar hadisəni birlikdə qeyd edirik. Ağsu rayonunun içməli su layihəsi artıq başa çatır və nəhayət, bu problem öz həllini tapır. Artıq şəhərə təmiz, gözəl mənbədən içməli su verilir və hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Çünki siz də yaxşı bilirsiniz, mən də bilirəm ki, Ağsunun içməli su problemi həmişə çox ciddi problem kimi qalmışdı. Yadımdadır, birinci dəfə Prezident kimi Ağsuya gələndə vətəndaşlar bu məsələni qaldırmışdılar ki, içməli suyun keyfiyyəti çox aşağıdır və insanların sağlamlığına mənfi təsir göstərir. O vaxt müəyyən tədbirlər görüldü. Ancaq bu gün Ağsu şəhərinin içməli su problemi əsaslı şəkildə tam həll olunur. Təmiz mənbədən keyfiyyətli içməli su verilir. Kanalizasiya layihəsi də başa çatmaq üzrədir. Mənə verilən məlumata görə, gələn il bu layihə də başa çatacaq.

Eyni zamanda, bu içməli su layihəsi çərçivəsində bir neçə kəndə də suyun verilməsi nəzərdə tutulur. Gələcəkdə əlbəttə ki, başqa kəndlərə də içməli suyun verilməsi nəzərdə tutulmalıdır. İçməli su insanların sağlamlığı üçün əsas şərtdir və əminəm, indi yaradılan bu şərait imkan verəcək ki, insanlar daha da sağlam olsunlar. Xüsusilə, gənclər, yetişən gənc nəsil sağlam böyüyəcək. Çünki içməli su, təmiz hava, keyfiyyətli ərzaq məhsulları, tibbi xidmət, fiziki hərəkət və əlbəttə ki, sağlam həyat tərzi insanların sağlamlığı üçün əsas amillərdir. Onların da demək olar ki, hamısı indi Ağsuda var. Yalnız xəstəxana çatışmır. Keçən dəfə mən burada olanda stadion açıldı. Bu gün isə idman mərkəzi açılıb, şəhərə içməli su verilir. Mən artıq buradan Səhiyyə Nazirliyinə tapşırıq verirəm ki, xəstəxananın tikintisini sürətləndirsinlər. Tezliklə o da sizin sərəncamınıza veriləcək.

Ağsu sakini Akif MİRZƏYEV dedi:

– Çox sağ olun, cənab Prezident. Allah Sizdən razı olsun. Bu gün Siz suyun verilməsi mərasimində iştirak edirsiniz. Ömrünüz su qədər uzun olsun. Minnətdarıq. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV:

– Sağ olun.

Ağsu rayonunun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edən Şəfəq BALIYEVA dedi:

– Möhtərəm cənab Prezident, icazə verin bir-iki kəlmə də mən öz ürək sözümü bildirim. Bu gün dünya çox çətin dövr yaşayır. İstər təbii fəlakətlər, istər hərbi münaqişələr. Mən bütün Azərbaycan xalqı adından cəsarət edib çox xoşbəxt olduğumuzu bildirmək istəyirəm ki, bizim Sizin kimi sipərimiz, Prezidentimiz var və biz arxayın, aramla öz zəhmətkeş həyatımızı sürdürürük. Allah Sizi qorusun ki, Siz də bizi qoruyasınız.

Prezident İlham ƏLİYEV:

– Çox sağ olun. Ağsu rayonunun uğurlu inkişafı məni çox sevindirir. Çünki mən artıq dördüncü dəfədir ki, Prezident kimi rayona səfər edirəm və görürəm çox böyük inkişaf var. Abadlıq, quruculuq işləri, sosial məsələlər öz həllini tapır, müəssisələr yaradılır. Burada böyük bir şirə zavodu istifadəyə verilmişdir, indi müxtəlif ölkələrə öz məhsullarını ixrac edir. Kənd təsərrüfatı inkişaf edir. Son vaxtlar yaratdığımız iri fermer təsərrüfatları arasında Ağsu rayonunda olan təsərrüfat məhsuldarlığa görə birinci yerdədir, rekord göstəricidir. Sizi təbrik edirəm.

SAKİNLƏR: – Çox sağ olun.

Prezident İlham ƏLİYEV:

– Taxılçılıqda orta məhsuldarlıq bu gün Azərbaycanda ilk dəfə olaraq 30 sentnerdən yuxarıdır. Ağsuda təqribən 35 sentnerdir. Amma iri fermer təsərrüfatında bu, 50 sentnerdir. Bu, görünməmiş nailiyyətdir, yüksək nəticədir. Biz bu təcrübəni gərək başqa təsərrüfatlarda da tətbiq edək ki, daha da bol məhsul yetişdirək. Çünki insanların məşğulluğu, ərzaq təhlükəsizliyi, ümumiyyətlə, iqtisadi inkişaf üçün kənd təsərrüfatı xüsusi yer tutur.

Biz neft siyasətində bütün lazımi işləri gördük. Bu gün ölkəmiz, xalqımız üçün onilliklər bundan sonra imkan yaradan “Cənub” qaz dəhlizi layihəsini icra edirik. İnfrastruktur layihələri demək olar ki, başa çatır. Bax, bugünkü layihə bunun bariz nümunəsidir. Kənd yolları tikilir. Mən bu gün Kürdəmir-Ağsu yolunu açmışam, o yolla gəlmişəm. Bakı-Şamaxı-Ağsu yolu. Bu da həll olunub. “Azərişıq” burada elektrik təsərrüfatının yenilənməsi ilə məşğuldur. Qazlaşdırma gedir. Mənə söz veriblər ki, Ağsuda qazlaşdırma ilin sonuna qədər 90 faizə çatacaq. Bu da tarixi nailiyyətdir. Bundan sonra yerli istehsal, kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı bizim üçün prioritet olmalıdır. Çünki bizim üstünlüyümüz ondadır ki, bizdə əhali artır. Demək olar ki, qonşu ölkələrin bir neçəsində demoqrafik tənəzzül yaşanır, xüsusilə Ermənistanda. Artıq orada yaşayanların sayı kəskin şəkildə aşağı düşüb. Ona görə ki, böyük köç var, orada insanlar artıq o şəraitə dözmürlər. Digər tərəfdən, təbii artım yoxdur. Ancaq bizdə əhali artır. Bu, bizim üstünlüyümüzdür və çox böyük üstünlükdür. Amma bununla bərabər, bizim iqtisadiyyatımız da buna uyğun şəkildə artmalıdır. Hər il Azərbaycanda əhalinin sayı təqribən 100 min nəfər artır, bəlkə də çox. Gələcəkdə daha da çox artacaq. Ona görə, bizim iqtisadiyyatımız buna uyğun şəkildə inkişaf etməlidir. Son illərdə 1 milyondan artıq yeni iş yeri yaradılıb. Ancaq bu, daimi proses olmalıdır. Ona görə, yeni əkin sahələrinin dövriyyəyə buraxılması, Taxtakörpü, Şəmkirçay kimi böyük su anbarlarının tikintisi, digər kiçik anbarların inşası kənd təsərrüfatının inkişafına dəstək olacaq. Çünki məşğulluq artmalıdır, işsizlik tam aradan qaldırılmalıdır və insanlar daha da yaxşı yaşamalıdırlar.

Gələcəkdə elə məhsul istehsal olunmalıdır ki, biz o məhsulu istənilən xarici bazara ixrac edə bilək. Sizin Ağsudakı zavodun məhsulları kimi. Belə zavodlar çox olmalıdır. Azərbaycan dünyaya özünü böyük həcmdə ərzaq istehsal və ixrac edən ölkə kimi də təqdim edəcək. Bu halda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız neftin qiymətindən daha da az asılı olacaq. Çünki indi dünyada gedən maliyyə-iqtisadi böhranı istər-istəməz bizə də təsir edir. Neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb. Amma biz bütün sosial layihələri icra edirik, biri də dayanmayıb. Bu gün göstəriş vermişəm ki, xəstəxana da tezliklə tikilib istifadəyə verilsin.

İnfrastruktur layihələri icra edilir, ölkəyə investisiyalar qoyulur. Azərbaycan dünyada yaşanan bu çətin dövrdə də nümunə göstərir. Ona görə də təsadüfi deyil ki, bu gün Azərbaycanın uğurlu inkişaf modeli haqqında məqalələr yazılır. Əminəm ki, yaxın gələcəkdə elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Azərbaycan möcüzəsi, doğrudan da möcüzədir. Belə bir geosiyasi vəziyyətdə inkişaf etmək, sabitliyi möhkəmləndirmək, ölkəni qabağa aparmaq doğrudan da Azərbaycan xalqının böyük qəhrəmanlığıdır.

Görün bu gün dünyanın müxtəlif yerlərində nələr baş verir. Bir il bundan əvvəl bunların heç biri yox idi. Qanlı toqquşmaların sayı artır, coğrafiyası genişlənir. Bu qarşıdurmaya, müharibələrə yeni ölkələr qoşulur. Avropada böhran yaşanır. Mən artıq demişəm, bu, daha çox mənəvi böhrandır. Qaçqınlara münasibətdə bu ayrı-seçkilik, bu pis rəftar heç bir çərçivəyə sığmır. Özləri prinsiplər, dəyərlər bəyan ediblər. Başqa ölkələrin daxili işlərinə qarışmaq üçün bunu bayraq edib hər yerdə bəyan edirlər. Onda bu prinsipləri öz ölkənizdə də göstərin. Qadınları, uşaqları, qocaları döyürlər, onlara işgəncə verirlər. Bu insanların nə günahı var?! Ayrı-seçkilik göstərirlər, deyirlər ki, müsəlman qaçqınları buraxmayacağıq, bu nə deməkdir?! Bu faşizmdir, irqçilikdir, ksenofobiyadır. Yenə də Avropada faşizm baş qaldırır?! Axı faşizm bir bəla kimi müsəlman aləmində yaranmayıb. Biz yaxşı bilirik ki, harada yaranıb. Yəni, bunu unutdurmaq istəyirlər. İkinci Dünya müharibəsi haqqında Qərbdə qəsdən təhrif edilmiş informasiyalar gedir. Sovet xalqının, o cümlədən Azərbaycan xalqının iştirak etdiyi o müharibədə sovet ordusunun qəhrəmanlığını aşağılamaq istəyirlər. Televiziyada, internetdə gördüyümüz bu mənzərə yenə də o günləri bizə xatırladır. Yenə də faşizm baş qaldırır? Yenə də insanları təbəqələrə, millətlərə, dinlərə bölürlər? Ona görə islamofobiya çox böyük təhlükədir. Bu, bizim üçün təhlükədir. Çünki biz müsəlmanıq. Onlar üçün də təhlükədir.

Bu qarşıdurma həm ideoloji qarşıdurmadır, həm təbii resurslar uğrunda gedən mübarizədir, müharibədir və təsir imkanlarını genişləndirmək üçün qarşıdurmadır. Ona görə, biz buna hazır olmalıyıq və hazırıq. Biz bütün tədbirləri vaxtında gördük. Qoymadıq ki, yad qüvvələr, bizim inkişafımızı istəməyən qüvvələr Azərbaycanda kök salsın. O kökü biz kəsdik. Kəsdiyimiz üçün də bizə qarşı indi olmazın iftiraları uydurulur. Amma biz buna hazırıq. Əsas odur ki, Azərbaycan inkişaf etsin, insanlar sülh, əmin-amanlıq, sabitlik şəraitində yaxşı yaşasınlar. Azərbaycan burada həm iqtisadi, həm siyasi, həm mənəvi cəhətdən bütün dünyaya nümunə göstərir. Axı Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur. Müxtəlif dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayırlar.

Mən dəfələrlə demişəm, bizim aramızda heç bir ayrı-seçkilik ola bilməz. Dinindən, millətindən asılı olmayaraq hamımız Azərbaycan vətəndaşlarıyıq, hamımızın eyni, bərabər hüquqları var. Budur normal həyat tərzi. Əslində, bizim yaşadığımız bu mühit normal həyat tərzidir. Ancaq görün indi başqa yerlərdə nələr baş verir. Ona görə, mən əminəm ki, Azərbaycan modeli öyrəniləcək və nümunə kimi göstəriləcək. Biz əlbəttə, öz işimizi ona görə qurmamışıq ki, kiminsə xoşuna gələk, yaxud da kimsə bizdən örnək götürsün. Biz bunu özümüz üçün edirik. Biz istəmirik kimsə bizim işimizə qarışsın. Yəni, kənardan oturub Azərbaycana mühazirə oxumaq istəyən məgər bizi bizdən daha çox istəyir? Təbii ki, yox. İstəyir ki, burada təsir imkanları genişlənsin, Azərbaycanı müxtəlif təxribatlara sövq etsin, cəlb etsin, təhrik etsin.

Biz bu təxribatlara getmirik. Getməyəndə də onlar üçün pis oluruq. Eybi yoxdur, qoy onlar üçün pis olaq. Əgər onlar bizi tənqid edirlərsə, deməli, biz düzgün yoldayıq. Bu da var. Azərbaycan xalqı güclü xalqdır, bütün təzyiqlərə dözür, dözəcək, öz sözünü deyir, heç bir yalanı cavabsız qoymur, qoymayacaqdır və bütün dünyaya sübut edir ki, bizimlə ancaq dostluq münasibətləri qurmaq olar. Biz buna hazırıq. Əgər onlar hazırdırlarsa, biz də hazırıq. Əgər yox, onda, necə deyərlər, səninki səndə, mənimki məndə.

 

*    *     *

 

Daha sonra xatirə şəkli çəkdirildi.

Sonda Prezident İlham Əliyev Ağsu şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında