Azərbaycan iqtisadiyyatı müstəqil, öz daxili resurslarına arxalanan iqtisadiyyatdır

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
- 2010-cu ilin sonuna iki ay vaxt qalır. Bu gün demək olar ki, 2010-cu ildə nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilir. Əlbəttə ki, qalan məsələlər də ilin sonuna qədər həllini tapacaq və biz ilin yekunlarını gələn il müzakirə edəcəyik. Bu gün isə 2010-cu ilin doqquz ayının iqtisadi və sosial inkişafının yekunlarını müzakirə edəcəyik.
Doqquz ayda Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edibdir. Nəzərə alsaq ki, bütün dünya üçün böhranlı il kimi tarixdə qalan 2009-cu ildə iqtisadiyyatımız 9 faizdən çox artmışdır, bugünkü iqtisadi inkişaf çox qiymətlidir. Bu il iqtisadiyyatımız 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu göstəricilər müsbət göstəricilər kimi qəbul edilməlidir. Nəzərə alsaq ki, son illər ərzində Azərbaycanda çox sürətli iqtisadi inkişaf müşahidə olunurdu, əlbəttə, bu yüksək bazanın üstündə əlavə inkişafa nail olmaq üçün böyük səylər göstərilməli idi. Azərbaycanda iqtisadi sahədə aparılan düşünülmüş siyasət bizə bu göstəricilərə nail olmaq üçün şərait yaratdı.
Bir sözlə, Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, iqtisadiyyat müxtəlif yollarla inkişaf edir. Biz iqtisadiyyatımızın şaxələndirilməsinə nail ola bilmişik və qeyri-neft sektorunun inkişafı bunun gözəl göstəricisidir. Eyni zamanda, Azərbaycanda güclü sosial siyasət aparılır. Bu da həmişə olduğu kimi, siyasətimizin əsas istiqamətlərindən biridir. Bu il əhalinin pul gəlirləri 11 faiz artmışdır. Əgər bu rəqəmi inflyasiya ilə müqayisə etsək, görərik ki, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu il və xüsusilə keçən rübdə minimum əməkhaqqı və minimum pensiyanın səviyyəsi 75 manatdan 85 manata qaldırılmışdır. Bu meyillər Azərbaycanda keçən illərdə də müşahidə olunurdu, gələcək illərdə də əhalinin pul gəlirlərinin artırılması üçün dövlət tərəfindən bütün addımlar atılacaqdır. Onu da qeyd etmək istəyirəm ki, pensiya və əməkhaqqının indiki minimum səviyyəsi bizi hələ də qane etmir. Amma əgər MDB məkanı ilə özümüzü müqayisə etsək görərik ki, bu göstərici Azərbaycanda ən yüksək səviyyədədir. Ünvanlı sosial yardım proqramı uğurla icra edilir. Bu proqram, təxminən 600 min insanı əhatə edir. 128 min ailə hər ay dövlətdən orta hesabla 108 manat yardım alır. Bu, bir daha onu göstərir ki, Azərbaycanda sosial siyasət, sözün əsl mənasında, prioritet məsələdir.
Bu ilin doqquz ayında sosial sahə ilə bağlı bütün məsələlər həllini tapıb. Sosial infrastrukturun yaradılmasına böyük investisiyalar qoyulubdur. Bu il 23 səhiyyə müəssisəsi təmir olunubdur, 59 məktəb və əlavə korpus, 3 regional olimpiya idman mərkəzi tikilibdir və "Kür" Olimpiya Tədris-İdman Mərkəzi bu yaxınlarda istifadəyə verilibdir. Bu proses davam etdirilir və gələn ilin büdcəsində əlbəttə ki, sosial infrastrukturun möhkəmlənməsi üçün əlavə tədbirlər görüləcəkdir.
Regionlarda gedən işlər bizi qane edir. Mən regionlara tez-tez gedirəm, vəziyyətlə tanış oluram və görürəm ki, həm abadlıq-quruculuq sahəsində, həm də sənayeləşmə, kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində ildən-ilə çox mühüm addımlar atılır. Təsadüfi deyil ki, bu il də Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi uğurla davam edibdir. İlin əvvəlindən bəri Azərbaycanda 56 min yeni iş yeri açılmışdır. 2003-cü ildən sonra Azərbaycanda 900 minə yaxın iş yeri açılmışdır. Bu da özlüyündə onu göstərir ki, işsizlik kimi çox çətin və ağır problem Azərbaycanda tədricən öz həllini tapır. Əminəm ki, növbəti illərdə Azərbaycanda işsizliklə bağlı daha da böyük addımlar atılacaqdır. Bu gün Azərbaycanda işləmək istəyən vətəndaşlar əksər hallarda işlə təmin oluna bilərlər.
Nəzərə alsaq ki, Azərbaycanda böyük tikinti layihələri icra edilir, Azərbaycan dövləti tərəfindən sahibkarlığın inkişafına həm kreditlər hesabına böyük dəstək verilir, həm başqa imtiyazlar göstərilir, əlbəttə, bu amillər də işsizliyin aradan qaldırılması üçün öz rolunu oynayacaqdır. Çünki bu gün məşğulluq məsələlərinin həlli üçün özəl sektor artıq ön plana çıxıbdır. Bu da, ilk növbədə, dövlətin özəl sektora olan diqqəti və dəstəyinin nəticəsidir. İş yerlərinin 70 faizi özəl sektorda yaranmışdır. Əgər dövlət tərəfindən kreditlər verilməsəydi, sahibkarlığa qayğı göstərilməsəydi, 2004-cü ildə regional inkişaf proqramı qəbul edilməsəydi, əlbəttə ki, bu gün özəl sektor bu səviyyədə inkişaf edə bilməzdi. Biz həm iri özəl müəssisələri dəstəkləyirik, həm də ki, kiçik müəssisələri dəstəkləməliyik. Çünki həm dünya praktikası, həm keçən ilin iqtisadi və maliyyə böhranı göstərdi ki, kiçik bizneslə zəngin olan, yəni kiçik biznesin inkişaf etdiyi ölkələrin iqtisadiyyatı daha da dayanıqlı olur. Əlbəttə ki, biz həm kiçik sahibkarlığı dəstəkləyəcəyik, eyni zamanda, iri, böyük beynəlxalq, transmilli şirkətlərin, özəl şirkətlərin yaradılması üçün Azərbaycan dövləti səylərini göstərəcəkdir. Bu gün Azərbaycan şirkətləri xarici bazarlarda uğurla fəaliyyət göstərir.
Bir sözlə, regionlarda işlər müsbət istiqamətdə gedir. Bütün şəhərlərimiz abadlaşır, gözəlləşir, müasirləşir və bu, çox sevindirici haldır. Əlbəttə ki, Bakı - bizim paytaxtımız, sevimli şəhərimiz dünyanın ən gözəl şəhərləri sırasındadır. Bunu təkcə biz yox, Bakıya gələn hər bir insan görür və qeyd edir. Ancaq mən istəyirəm ki, bütün şəhərlərimiz gözəl, abad olsun və orada yaşamaq üçün bütün şərait olsun. Regional inkişaf proqramı da məhz bu məqsədlə qəbul olunmuşdur. Bu gün regionlarda həm təhsil, həm səhiyyə, həm infrastruktur, həm də bütün başqa sahələrdə işlər yüksək səviyyədə aparılır.
Bu ilin doqquz ayında valyuta ehtiyatlarımız artmışdır. Qeyd etməliyəm ki, hətta keçən il, böhranlı ildə valyuta ehtiyatlarımız artmışdır. Baxmayaraq ki, valyuta ehtiyatlarımızın əsas mənbəyi neft-qaz satışıdır və keçən il neftin qiyməti 3-4 dəfə aşağı düşmüşdür, biz düşünülmüş siyasətlə və bu imkanlardan səmərəli şəkildə istifadə etməklə həm ölkə qarşısında duran problemləri həll etdik, infrastruktur layihələrinə böyük vəsait ayırdıq, eyni zamanda, həm keçən il, həm də bu il valyuta ehtiyatlarının azalmasına imkan vermədik. Artıq bu gün mənə verilən məlumata görə, ümumi valyuta ehtiyatlarımız 28 milyard dollardan çoxdur. Bu, əlbəttə ki, bizi daha da gücləndirir, bizi tam şəkildə əmin edir ki, bundan uzun illər, onilliklər sonra Azərbaycan ancaq və ancaq inkişaf yolu ilə gedəcək, Azərbaycan daha da çiçəklənəcək, daha da zəngin dövlətə çevriləcək və ölkə qarşısında duran iqtisadi və sosial problemlər daha da sürətlə həllini tapacaqdır. Bütövlükdə bu mənzərə bir daha onu göstərir ki, Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır, daxili resurslara söykənir, Azərbaycanda iqtisadi və sosial məsələlərin həllində düşünülmüş proqram, strategiya, hər il üçün layihə paketi vardır. Biz bu məsələləri həm Bakıda, həm bölgələrdə vaxtaşırı müzakirə edirik ki, bütün bu işləri lazımi səviyyədə irəliyə aparaq və əlaqələndirmə məsələlərini uğurla həll edək.
Bu il neft-qaz sektorunda qarşıda qoyulan məsələlər həll olunur, neft və qaz hasilatı artır. Mənə verilən son məlumata görə, ilin sonuna qədər Azərbaycanda 50 milyon tondan çox neft və 28 milyard kubmetrdən artıq qaz hasil ediləcəkdir. Bunun böyük hissəsi ixrac edilir və ixrac imkanlarımız, ixracın coğrafiyası genişlənir. Bu gün Azərbaycan qazı qonşu ölkələrə nəql edilir. Azərbaycan nefti bütün dünyaya daşınır. Demək olar ki, Azərbaycan nefti artıq bütün qitələrə çatıbdır. Əlbəttə ki, bu, ölkələrlə həm iqtisadi, həm ikitərəfli əlaqələrimizin inkişafı üçün çox müsbət şərait yaradır. Gələn il biz elə etməliyik ki, təbii resurslarımızdan daha da səmərəli şəkildə istifadə edək. Xüsusilə qaz sahəsində itkilərin azaldılması və Azərbaycanda qazlaşdırma məsələlərinin daha da uğurlu həlli üçün çalışmalıyıq.
Azərbaycanda energetika, neft-qaz sahələrində görülən işlər təkcə daxili işlərlə məhdudlaşmır. Neft-qaz sənayesində apardığımız işlər bölgə və son zamanlar Avropa qitəsi üçün mühüm rol oynamağa başlamışdır. Yəni nə biz, nə də ki, tərəfdaşlarımız Azərbaycanın neft-qaz siyasətinə təkcə Azərbaycanın daxili işi kimi baxmırıq. Çünki bu, artıq beynəlxalq münasibətlərdə, dünya enerji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynayır. Azərbaycan bu gün enerji sektorunda müstəqil və çox etibarlı oyunçuya çevrilibdir. Ölkəmizdə aparılan işlər, müəyyən edilən strategiya, taktika və inkişaf perspektivləri bölgə ölkələrinə, dünya enerji bazarına, neft resurslarının müxtəlif yollarla müxtəlif bazarlara çıxarılmasına təsir edir. Onu da qeyd etməliyəm ki, bu, çox müsbət təsirdir. Çünki Azərbaycan öz təbii resurslarından və enerji siyasətindən elə istifadə edir ki, daha da çox dostlarımız, tərəfdaşlarımız olsun. Enerji siyasətimiz ancaq və ancaq əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Bu il bu sahədə xüsusilə vacib addımlar atılmışdır. Azərbaycanın qaz potensialı artıq daha da səmərəli şəkildə realizə edilir. Qaz ixracımız artır, biz yeni yollar axtarırıq, tapırıq. Yeni layihələr üzərində işləyirik. Həm investisiya qoyuruq, həm texniki-iqtisadi əsaslandırma hazırlanır ki, bütün layihələrimiz səmərəli olsun. Biz istənilən layihənin üzərində daha da ciddi işləməyə hazırıq.
Bir sözlə, bu günə qədər görülən işlər və xüsusilə bundan sonra görüləcək işlər Azərbaycanı daha da möhkəmləndirəcək, ölkəmiz bu siyasətdən həm iqtisadi, həm siyasi cəhətdən, bütün başqa sahələrdə çox böyük fayda görəcəkdir. Bu gün biz bu barədə danışacağıq.
2010-cu ildə müsbət nəticələr göz qabağındadır. Bunun əlaməti gələn ilin dövlət büdcəsidir. Gələn ilin dövlət büdcəsi bu il və əvvəlki illərdə əldə edilmiş, qazanılmış uğurlar əsasında formalaşıb. Artıq büdcənin parametrləri açıqlanıbdır. Gələn il Azərbaycanda dövlət xərcləri 12 milyard 700 milyon manat təşkil edəcəkdir. Bu, 15 milyard dollar deməkdir. Bu, çox böyük rəqəmdir. Əgər biz bu büdcəni adambaşına hesablasaq, görərik ki, Azərbaycan bu sahədə qabaqcıl ölkələrin sırasındadır. Büdcə kəsiri də lazımi səviyyədədir. Yəni, vaxtilə Avropa İttifaqı tərəfindən qəbul edilmiş meyarların altındadır. Bu da çox gözəl göstəricidir. Yəni, Azərbaycanda bu işlər Avropa standartlarına tam uyğun şəkildə aparılır. Büdcəmiz həm investisiyayönümlüdür, həm də sosial məsələlər orada həll olunacaqdır. Sosial məsələlərin həlli, qeyd etdiyim kimi, bizim üçün çox vacib məsələdir.
Bir sözlə, növbəti ilin dövlət büdcəsi bizə imkan verəcək ki, gələn il üçün nəzərdə tutduğumuz bütün layihələr icra olunsun. Bu layihələr çoxdur, həm tikinti sahəsində, həm sosial məsələlərin həlli işində. Biz Azərbaycanda böyük sənaye müəssisələrinin dövlət dəstəyi ilə yaradılmasına çalışırıq. Azərbaycan Dövlət İnvestisiya Şirkəti bu məsələlərdə fəal rol oynayır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlərin verilməsi, aqrolizinq, subsidiyalar - yəni, qarşımızda duran məsələlər çoxdur. Ölkədə həllini gözləyən problemlər vardır. Biz bu problemləri bilirik və bu gün bu barədə danışacağıq. Biz hər il üçün işimizi konkret proqram əsasında qururuq ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə ölkə sürətlə inkişaf etsin.
Bu ilin dövlət büdcəsində hərbi xərclər xüsusi yer tutur. Bu, birinci il deyil ki, Azərbaycanın hərbi xərcləri xərclər arasında birinci yerdədir. Bu, təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq və ordu quruculuğu prosesinin sürətləndirilməsi, gücləndirilməsi üçün Azərbaycan dövləti əlindən gələni edir. Bu gün orduya ayrılan xərclər Silahlı Qüvvələrimizi gücləndirir. Bu gün Azərbaycan Ordusu bölgədə - Cənubi Qafqazda ən güclü, ən peşəkar, ən mübariz ordudur və əlbəttə ki, biz bu istiqamətdə aparılan işləri davam etdirəcəyik.
Gələn il bizim bütün hərbi xərclərimiz 2 milyard 500 milyon manat səviyyəsində olacaq ki, bu da 3 milyard dollardan çoxdur. Nəzərə alsaq ki, torpaqlarımızı işğal altında saxlamağa davam edən Ermənistanın bütün dövlət büdcəsi 2 milyard dollardan bir az çoxdur, görərik ki, Azərbaycanın hərbi xərclərinin Ermənistanın bütün xərclərindən üstün olması ilə bağlı vaxtilə qarşımıza qoyduğumuz vəzifə artıq həll olunub və bu gün bu, reallıqdır. Zaman keçdikcə əlbəttə ki, biz bütün xərclərimizi, o cümlədən müdafiə xərclərimizi daha da artıracağıq. Ermənistandan fərqli olaraq, biz bunu öz pulumuzla edirik, heç bir başqa ölkədən asılı deyilik, heç bir başqa ölkə qarşısında gözükölgəli deyilik, heç kimə yalvarmırıq.
Ermənistandan fərqli olaraq, iqtisadiyyatımızı, ordumuzu Azərbaycan xalqının iradəsi və zəhməti hesabına qururuq. Xalqımızın zəhməti hesabına qazanılmış gəlirlər Azərbaycan üçün ən vacib olan ordu quruculuğu sahəsinə yönəldilir. Biz gələcəkdə də bu işləri davam etdirəcəyik. Torpaqlarımız işğal altındadır. Biz çalışırıq və çalışacağıq ki, tezliklə bu işğala son qoyaq.
Bilirsiniz ki, işğal edilmiş ərazilərə bu yaxınlarda ATƏT-in qiymətləndirmə missiyası göndərilmişdir. Hesab edirəm ki, bu, çox müsbət bir haldır. Beş il bundan əvvəl, 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası ilk dəfə olaraq işğal edilmiş torpaqlara göndərilmişdi. O missiya tərəfindən hazırlanmış hesabat açıq-aydın göstərir ki, erməni qəsbkarları, erməni vandalları hansı cinayətlər törətmişlər.
Bu günlərdə həyata keçirilən missiya əlbəttə ki, həm müqayisə aparmalı, eyni zamanda, orada baş verən dağıntıları, cinayətləri öz hesabatında bir daha əks etdirməlidir. Mən ümid edirəm ki, missiyanın hesabatı ədalətli, obyektiv olacaq, balanslaşdırılmış olmayacaqdır. Çünki danışıqlar prosesində bir çox hallarda vasitəçilər fəaliyyətini balanslaşdırılmış yanaşma ilə qururlar. Ancaq bu sahədə heç bir balanslaşdırmadan söhbət gedə bilməz. Çünki bu, bizim torpağımızdır, orada bütün binalar ermənilər tərəfindən dağıdılıb, bir dənə daş üstə daş qalmayıb, bütün tarixi abidələrimiz, məscidlərimiz, evlər dağıdılıb və talan edilib. Bütün bunlar erməni vandalları tərəfindən törədilib. Orada bütün maddi dəyərlər erməni talançıları tərəfindən oğurlanıb və dağıdılıb.
İşğal edilmiş ərazilərdə törədilən cinayətlər erməni faşizminin vəhşi sifətini göstərir. Biz bunu bilirik və çox müsbət haldır ki, dünya birliyi bu barədə bir daha məlumat alacaqdır. Mən çox ümid edirəm və bir daha demək istəyirəm ki, bu hesabat obyektiv olsun və reallıqları əks etdirsin. Budəfəki missiyanın xüsusiyyəti bir də ondan ibarətdir ki, onun tərkibinə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri də daxil edilibdir. Bu, çox vacib haldır, həm siyasi, həm də praktiki cəhətdən. Ümid edirəm ki, biz yaxın zamanlarda bu hesabatla tanış olacağıq.
O ki qaldı, münaqişənin həlli ilə bağlı məsələyə, bir daha demək istəyirəm ki, Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi vardır və Azərbaycan bu mövqedən bir addım geri atmayacaqdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bu məsələ həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu prinsipdən kənarda heç bir məsələ həll oluna bilməz. Biz imkan verə bilmərik ki, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti 1918-ci ildə Azərbaycan torpaqlarında - İrəvan xanlığı, Zəngəzur mahalı ərazilərində yaradılmışdır.
İkinci erməni dövləti Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda yaradıla bilməz. Biz bu prinsipial mövqeyi bütün beynəlxalq təşkilatlarda müdafiə edəcəyik. Biz praktiki işlərimizlə, atılan addımlarla, ölkəmizi gücləndirməklə bu günü yaxınlaşdırırıq ki, torpaqlarımız işğalçılardan azad olunsun.
Beynəlxalq təşkilatlara gəldikdə, deyə bilərəm ki, son zamanlar bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqelərini bildirmişlər. Əlbəttə ki, bunların arasında BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsas rol oynayır. Ondan başqa, ATƏT-in qərarları, Avropa Şurasının, İslam Konfransı Təşkilatının və son zamanlarda Avropa Parlamentinin qətnamələri və qərarları birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, işğala son qoyulmasını tələb edir.
Bu, məsələnin siyasi və hüquqi tərəfidir. Məsələnin praktiki tərəfi də mövqeyimizi gücləndirir, çünki bu gün Ermənistanı Azərbaycan ilə müqayisə etmək mümkün deyildir. Azərbaycan çiçəklənən, qüdrətlənən, güclənən, müasir, dinamik inkişaf edən, öz resurslarına arxalanan ölkədir. Ermənistan kommunikasiyalardan kənarda qalan, asılı vəziyyətdə olan, başqa ölkələrin və dairələrin ianəsi ilə güclə dolanan ölkədir. Yəni, bu iki ölkəni müqayisə etmək mümkün deyildir. Bu gün gətirdiyim rəqəmlər, gələcək planlar haqqında dediyim sözlər bunu göstərir. Heç şübhə etmirəm ki, illər keçdikcə fərq daha da böyüyəcək və beləliklə, biz hərbi potensialımızı daha da gücləndirməklə məsələnin həllinə nail olacağıq.
Ermənistanda bir məsələni də unutmamalıdırlar. Bu, demoqrafiya məsələsidir. Bu gün Azərbaycan əhalisinin sayı 9 milyondan artıqdır. Ermənistanda isə ölkədən kütləvi şəkildə köç baş verir. Çünki insanlar orada dözülməz şəraitdən beziblər. Orada yaradılmış polis rejimi insanlara imkan vermir ki, azad şəkildə yaşasınlar. Erməni qəsbkarları təkcə Azərbaycan xalqının qanını axıtmayıblar. Hərbi cinayətlər təkcə Xocalıda və başqa yerlərdə törədilməmişdir. Onlar 2008-ci ildə öz xalqına qarşı qəddarlıq, cinayətlər törətmişlər. Ordu tərəfindən 10-dan yuxarı vətəndaş öldürülmüşdür. Yəni Azərbaycan həm siyasi, həm iqtisadi, həm demoqrafiya cəhətdən əlbəttə ki, böyük dərəcədə fərqlənir. Mən əminəm ki, bu məsələlərin kompleks şəkildə, bax bu yolla inkişaf etməsi bizi məqsədimizə gətirib çatdıracaqdır.

{nl}

Maliyyə naziri Samir Şərifovun çıxışı
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
2010-cu ilin ötən doqquz ayı ölkə iqtisadiyyatının heç şübhəsiz ki, növbəti uğurlu inkişaf mərhələsi kimi qeyd olunmalıdır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla həyata keçirilən sosial-iqtisadi kurs əvvəlki illərə xas olan ardıcıllıqla ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını şərtləndirmişdir. Bu, özünü ölkənin cari ilin doqquz ayı üzrə makroiqtisadi göstəricilərində aydın şəkildə büruzə vermişdir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ümumi daxili məhsul 4,1 faiz artaraq 29,3 milyard manata, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirləri 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsul isə 2,8 faiz artaraq 3 min 286 manata çatmışdır. Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz çox olmuş, başqa sözlə əhalinin pul gəlirlərinin artım sürəti, cənab Prezidentin qeyd etdiyi kimi, mövcud inflyasiyanı iki dəfə üstələmişdir. Əhalinin maliyyə imkanlarının göstəricisi sayılan əhaliyə təqdim olunan pullu xidmətlərin həcmi artaraq ötən ilin müvafiq dövrünün göstəricisini 10,5 faiz üstələmiş, pərakəndə əmtəə dövriyyəsi 8,5 faiz, əhalinin banklardakı əmanətləri isə 34,4 faiz artmışdır.
Cari ilin doqquz ayı ərzində Azərbaycan Respublikası 140 ölkə ilə xarici ticarət dövriyyəsini həyata keçirmişdir ki, bunun həcmi 20,2 milyard dollar, o cümlədən idxalın həcmi 4,5 milyard, ixracın həcmi isə 15,7 milyard ABŞ dolları təşkil etmişdir. Yəni bu dövr ərzində xarici ticarət saldosu müsbət 11,2 milyard ABŞ dolları olmuşdur.
Hesabat dövründə dövlət büdcəsinin mədaxili 7 milyard 505 milyon manat və ya 93,6 faiz yerinə yetirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 270 milyon manat və ya 3,7 faiz çoxdur.
Vergilər Nazirliyi mədaxil proqnozunu 100,6 faiz icra etməklə dövlət büdcəsinə 3 milyard 128 milyon manat vəsait təmin etmişdir. Həmin vəsaitin 56,4 faizi və ya 1 milyard 768 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Bu da 2009-cu ilin müvafiq dövrünə nisbətən 89 milyon manat və yaxud 5,3 faiz çoxdur.
Dövlət Gömrük Komitəsi büdcə proqnozuna 100 faiz əməl edərək, büdcəyə 730 milyon manat vəsait təmin etmişdir. Dövlət Neft Fondundan dövlət büdcəsinə 3 milyard 625 milyon manat məbləğində transfert edilmişdir. Sair daxilolmalar üzrə dövlət büdcəsinə 22 milyon manat vəsait ödənilmişdir.
Cari ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 6 milyard 837 milyon manat və ya 83,9 faiz səviyyəsində icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 380 milyon manat və ya 5,9 faiz çoxdur.
2009-cu ilin müvafiq dövrünə nisbətən bu ilin doqquz ayında dövlət büdcəsindən müdafiə xərclərinə 20 faiz, kənd təsərrüfatı xərclərinə 14,2 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 13,9 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinə 9,4 faiz, mədəniyyət xərclərinə 8,3 faiz, səhiyyə xərclərinə isə 5,9 faiz çox vəsait yönəldilmişdir.
Hesabat dövründə icra olunmuş dövlət büdcəsi xərclərinin 2 milyard 65 milyon manatı və ya 30,2 faizi sosialyönümlü tədbirlərin, yəni təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrinin maliyyə təminatına sərf edilmişdir ki, bu da 2009-cu ilin eyni dövrü ilə müqayisədə 124 milyon manat və ya 6,4 faiz çoxdur. Yəni, cari ildə də ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqət mərkəzində olmuşdur.
Qeyd olunmalıdır ki, 2010-cu il bu baxımdan digər illərdən fərqlənir. Belə ki, 2008-2009-cu illərdə dünyanın üzləşdiyi qlobal maliyyə-iqtisadi böhran və onun yaratdığı tənəzzül başa çatsa da, onun təsirləri hələ ki, bu gün də bir çox ölkələrdə hiss olunmaqdadır. Böhranın ağır nəticələrini aradan qaldırmaq üçün bir sıra ölkələr, o cümlədən də inkişaf etmiş dövlətlər büdcə xərclərinin, əmək haqlarının, sosial müavinətlər və digər ödənişlərin ixtisarını həyata keçirmək məcburiyyəti ilə üzləşirlər. Bəzi ölkələrdə hətta kütləvi surətdə iş yerlərinin bağlanması və əhalinin sosial müdafiəsinə ünvanlanmış mühüm layihələrin icrasının dayandırılması, pensiya yaşının kəskin surətdə artırılması kimi tədbirlər də müşahidə olunur.
Azərbaycanda isə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, ölkədə yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların, ilk növbədə qaçqınların və məcburi köçkünlərin sosial və həyat şəraitinin yaxşılaşdırılması üzrə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində 2010-cu ildə ölkə əhalisinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti əhəmiyyətli addımlar atılmışdır. Belə ki, cari ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikası Prezidentinin imzaladığı silsilə sərəncamlarla 1,3 milyon nəfərdən artıq pensiyaçının baza pensiyalarının 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən 800 min nəfərə yaxın təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, habelə hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları 10 faiz artırılmışdır. 394 min aztəminatlı şəxsə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılmışdır. 14 minə yaxın şəhid ailəsi üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinə 50 faiz, 87 min nəfərdən artıq doktorant, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilmişdir. Artımların tətbiqi təxminən 3 milyon nəfərin güzəranının daha da yaxşılaşmasına imkan verəcəkdir. Qeyd etmək istəyirəm ki, artıq sentyabr ayından bu artımların tətbiqi ilə bağlı maliyyələşməyə başlanılmışdır.
Hesabat dövründə sosial-mədəni, inzibati idarəetmə və məişət təyinatlı obyektlərin tikintisi və yenidənqurulması üzrə əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsi davam etdirilmiş, bu məqsədə məcmu olaraq 2 milyard 929 milyon manat, o cümlədən dövlət büdcəsindən 2 milyard 128 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 305 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsindən 45,6 milyon manat, dövlət zəmanəti ilə beynəlxalq maliyyə institutlarından daxil olmuş vəsait hesabına 450 milyon manat vəsait yönəldilmişdir.
Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 300,2 milyon manat, o cümlədən təhsil müəssisələrinə 80,8 milyon manat, səhiyyə müəssisələrinə 42,7 milyon manat, mədəniyyət müəssisələrinə 101 milyon manat, idman müəssisələrinə 40,9 milyon manat, sosial müdafiə və sosial təminat təyinatlı müəssisələrin inşası və yenidən qurulması məqsədlərinə 34,8 milyon manat vəsait sərf edilmişdir.
Əsas kommunal və nəqliyyat infrastrukturunun tikintisi və yenidən qurulması üçün 1 milyard 212 milyon manat, o cümlədən elektrik enerjisi infrastrukturunun tikintisi üçün 89,5 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturunun bərpası və yenidən qurulması üçün 170,3 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının və yol infrastrukturunun tikintisi və yenidən qurulmasına 844 milyon manat, Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin tikintisi və metro üçün avadanlığın alınmasına 106,3 milyon manat vəsait yönəldilmişdir.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 108 milyon manat, o cümlədən Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərinin təmin edilməsi üçün 20 milyon manat, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi üçün 7 milyon manat, Bakı Sağlamlıq Mərkəzinin tikintisi üçün 5 milyon manat, məktəbəqədər və ilk peşə-ixtisas təhsil müəssisələrinin əsaslı təmiri üçün 4 milyon manat vəsait sərf edilmişdir.
Dövlət büdcəsinin Ehtiyat Fondundan isə əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 106 milyon manat vəsait ayrılmışdır.
Cari ilin sona çatmasına az vaxt qaldığını nəzərə alaraq, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri və ehtiyat fondlarından ayrılmış vəsaitlər hesabına 2010-cu ildə həyata keçirilməkdə olan layihələrin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün sifarişçi təşkilatlar tərəfindən ciddi tədbirlərin görülməsi, o cümlədən müvafiq maliyyələşmə sənədlərinin təqdim edilməsi prosesinin sürətləndirilməsi məqsədə müvafiq olardı.
Möhtərəm cənab Prezident, cari ilin aprel-may aylarında Kür və Araz çaylarının daşmasının ölkəmizin bir sıra rayonlarında törətdiyi irimiqyaslı təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvafiq sərəncamınıza uyğun olaraq təbii fəlakətdən zərər çəkmiş əhaliyə birdəfəlik maddi yardımların ödənilməsinə, uçub-dağılmış evlərin tikintisinə və yeni yaşayış massivlərinin salınmasına, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturun bərpası və yenidən qurulması işlərinə aidiyyəti dövlət qurumları tərəfindən başlanılmışdır. Bu məqsədə dövlət büdcəsindən ayrılmış 320,5 milyon manat vəsaitdən 98 milyon manatı artıq təyinatı üzrə istifadə edilmişdir.
Bununla yanaşı, hesabat dövründə Şəki şəhərində, Astara, Masallı, Yardımlı, Lerik və Daşkəsən rayonlarında güclü küləyin müşayiəti ilə yağan leysan yağışlarının təsiri nəticəsində evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 10,1 milyon manat vəsait ayrılmışdır ki, ondan da 5,3 milyon manatı artıq istifadə olunmuşdur.
Qeyd etmək yerinə düşərdi ki, 2010-cu ildə təbiətdə baş verən iqlim dəyişiklikləri və müxtəlif fəlakətlərlə əlaqədar olaraq regionun bir çox ölkələrində kənd təsərrüfatına və ərzaq istehsalına əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Müvafiq olaraq bəzi ölkələr taxıl ixracının həyata keçirilməsinə embarqolar tətbiq etmək məcburiyyətində qalmışdır ki, bunun da nəticəsində taxılın və bir çox ərzaq məhsullarının qiymətlərində artım baş vermişdir.
Möhtərəm cənab Prezident, yaranmış şəraitdən irəli gələrək Dövlət Taxıl Fonduna 2010-2011- ci illər üçün tədarük olunan taxıl məhsullarının, - söhbət ərzaq buğdasından gedir, - həcminin əlavə olaraq 250 min ton artırılmasına dair Sizin verdiyiniz tapşırığın icrası ilə əlaqədar dövlət büdcəsinin Ehtiyat Fondundan 50 milyon manat vəsait ayrılmışdır. Bu da öz növbəsində ölkənin daxili bazarında taxıl və ərzaq məhsullarının qiymətlərinin sabit qalması üçün zəmin yaratmışdır.
Eyni zamanda, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün 2010-cu ilin doqquz ayında 102 milyon manat, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının dəyərinin orta hesabla 50 faizinin ödənilməsinə 55,5 milyon manat, buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə 23 milyon manat, taxıl elevatorlarının tikintisi və ərzaq buğdası tədarükünün nəqliyyat xərclərinə 11 milyon manat vəsait yönəldilmişdir. Cari ilin doqquz ayında kənd təsərrüfatı istehsalında xüsusi əhəmiyyət kəsb edən mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin ödənilməsi ilə bağlı 12,5 milyon manat, o cümlədən dövlət büdcəsinin Ehtiyat Fondundan əlavə olaraq 5,9 milyon manat vəsait ayrılmışdır.
Hesabat dövründə sahibkarlara maliyyə dəstəyinin artırılması, onların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilmiş, bu məqsədə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 1016 sahibkarlıq subyektinə 81 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Ayrılmış vəsaitin 62 milyon manatı və ya 76,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalını stimullaşdıran infrastruktur layihələrinə, 16 milyon manatı və ya 20,4 faizi sənaye məhsullarının istehsalı və emalı layihələrinə, 3 milyon manatı və ya 3,5 faizi turizm infrastrukturunun inkişafı layihələrinə yönəldilmişdir. Bütövlükdə fond tərəfindən ayrılmış kreditlərin 44 milyon manatı və ya 54 faizi dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fondu üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilmişdir.
Cari ilin doqquz ayında dövlət büdcəsindən "Aqrolizinq" Səhmdar Cəmiyyətinə 38,4 milyon manat, o cümlədən Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır. Bu dövrdə "Naxçıvan Aqrolizinq" Şirkətinə 4,5 milyon manat, o cümlədən Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait yönəldilmiş, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə güzəştli kreditlərin verilməsi üçün Dövlət Kənd Kreditləri üzrə Agentliyə 10 milyon manat vəsait isə tam maliyyələşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası da daim nəzarətdə saxlanılır. Hazırda ölkə regionlarında 211, o cümlədən 80 sənaye, 57 kənd təsərrüfatı, 63 xidmət müəssisəsinin tikintisi davam etdirilir.
Ölkəmizin xarici və daxili borclanması ilə bağlı götürdüyü öhdəliklərin vaxtında yerinə yetirilməsi üçün 75 milyon manat, o cümlədən üzv olduğu beynəlxalq təşkilatlara üzvlük haqqı üçün 18,8 milyon manat məbləğində ödənişlər həyata keçirilmişdir. Xaricdə olan diplomatik nümayəndəliklərin saxlanılması üçün, o cümlədən Liviya, Serbiya və Argentinada yeni fəaliyyətə başlamış səfirliklərin saxlanılmasına cəmi 34,6 milyon manat vəsait yönəldilmişdir.
Möhtərəm cənab Prezident, ölkə iqtisadiyyatının 2010-cu ilin doqquz ayı üzrə nəticələri rəhbərliyiniz altında dövlətimizin siyasi və iqtisadi qüdrətinin möhkəmlənməsi, xalqın rifah halının daha da artması istiqamətində qarşıya qoyduğunuz vəzifələrin bundan sonra da inamla və uğurla yerinə yetiriləcəyinə əsaslı zəmin yaradır.
Çıxışımın sonunda icazə verin, Sizi əmin edim ki, bu zəmində, bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, 2010-cu büdcə ilinin layiqincə başa çatdırılması və müəyyən etdiyiniz inkişaf hədəflərinə nail olmaq üçün Maliyyə Nazirliyinin kollektivi öz töhfəsini verəcək və səylərini əsirgəməyəcəkdir. Sağ olun.

{nl}

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun çıxışı
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Həm 2007-ci ilədək olan dövrdə, həm 2008-2009-cu böhran illərində və həm də dünyanın yarısından çoxunun resessiyada olduğu 2010-cu ildə də sürətlə inkişaf edən Azərbaycan Sizin, cənab Prezident, irəli sürdüyünüz iqtisadi siyasətin düzgün və dayanıqlı olmasının təsdiqidir. Bir çox dövlətlərin ciddi problemlər ilə üzləşdiyi bir dövrdə Azərbaycan nəinki özünün iqtisadi inkişaf tempini qoruyub saxlamış, hətta sürətli artıma görə dünyada birincilər sırasında qalmaqda davam etmişdir. Azərbaycanda son illər ərzində formalaşdırılmış inkişaf bazası, hərtərəfli, balanslaşdırılmış sosial-iqtisadi siyasət, böyük həcmdə strateji valyuta ehtiyatları imkan verir ki, qarşıya qoyulan bütün vəzifələr, o cümlədən iqtisadi, sosial, hərbi, ekoloji və digər bir çox məsələlər tez bir zamanda öz həllini tapsın. Sizin rəhbərliyiniz altında ölkənin bütün bölgələrində və həyatımızın bütün sahələrində son illərdə aparılan genişmiqyaslı quruculuq işləri statistik hesabatlar üçün aparılmır, onlar hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında yaxşılaşmanı təmin edir.
Ümummilli lider Heydər Əliyevin milli neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin enerji təhlükəsizliyi sahəsində güclü və müstəqil bir tərəfdaşa çevrilməsini təmin etmişdir. Ulu öndərin neft strategiyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılarkən 271 milyon ABŞ dollarına bərabər aktivlərinin həcmi ildən-ilə artaraq, 2008-ci ildə ilk dəfə olaraq 10 milyard ABŞ dollarını, 2010-cu ilin 9 ayının yekunlarına görə isə artıq 20 milyard ABŞ dollarını keçmişdir. Son üç il ərzində Neft Fondunun aktivləri təxminən 10 dəfə artmışdır. Xam neftin cari qiymətləri ilə və fondun xərclərinin cari il səviyyəsində saxlanması şərti ilə növbəti 5 il ərzində Neft Fondunun aktivlərinin 50 milyard ABŞ dollarına qədər artması proqnozlaşdırıla bilər.
Neft strategiyasının reallaşmasının ilkin mərhələsində və neft hasilatının aşağı olduğu bir vaxtda Dövlət Neft Fondunun yaradılması ulu öndər Heydər Əliyev tərəfindən atılmış uzaqgörən və strateji bir addım idi. Neft ilə zəngin olan ölkələrdə Neft Fondu və yaxud bu kimi qurumların təsis edilməsi bu dövlətlərdə neft sərvətlərinin nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli, məqsədyönlü və şəffaf şəkildə idarə edilməsinə şərait yaradır. Dövlət Neft Fondunun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin səmərəli idarə edilməsindən əlavə gəlirlərin əldə edilməsidir. Cari ilin oktyabr ayının 1-nə olan məlumata əsasən, fondun yaradılmasından bu günə kimi Neft Fondunun idarəetmədən toplam gəlirləri ilk dəfə olaraq 1 milyard ABŞ dollarını keçmişdir. Bu qazanılmış ilk 1 milyard, təbii resurslardan əldə edilmiş və toplanılmış vəsaitlərin artıq kifayət qədər əhəmiyyətli, müstəqil və ən vacibi daimi gəlir mənbəyinə çevriləcəyinə əminlik yaradır.
Cənab Prezident, Sizin qarşımıza qoyduğunuz məqsədlərə nail olmaq üçün Dövlət Neft Fondunun institusional inkişafı istiqamətində mühüm işlər həyata keçirilmişdir. Hazırda Neft Fondu institusional cəhətdən formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınmış və vəsaitlərin idarə edilməsi və şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşməyə qadir olan bir quruma çevrilmişdir. Ötən ilin sonunda Sizin iştirakınız ilə təməli qoyulmuş Dövlət Neft Fondunun yeni inzibati binasının tikintisi isə Fondun daha sürətlə inkişaf etməsinə xidmət edəcəkdir. Təməlqoyma mərasimində çıxışınız zamanı Neft Fondunun fəaliyyətində şəffaflığı vurğulamağınız və bu sahədə nailiyyətlərə verdiyiniz yüksək qiymət - "Azərbaycanda böyük həcmdə vəsaitin idarə edilməsində şəffaflıq təmin edildi" sözləriniz Sizin bu məsələyə qarşı qəti mövqeyinizi bir daha nümayiş etdirdi.
Məhz bu mövqeyin nəticəsidir ki, Azərbaycanın təbii sərvətlərinin idarə edilməsində şəffaflığın artırılması istiqamətindəki təşəbbüslər bu gün ölkə ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Ötən həftə açıqlanmış "Revenue Watch" İnstitutunun "Transparency İnternational" təşkilatı ilə birgə dərc etdiyi təbii resursların idarəedilməsində şəffaflıq indeksinə dair hesabatında 41 ölkə sırasında Azərbaycanın 9-cu yerdə qərarlaşması onu deməyə əsas verir ki, Sizin həyata keçirdiyiniz siyasət hətta qeyri-obyektiv yanaşmaları olan beynəlxalq qurumları da çıxılmaz vəziyyətdə qoyur və ölkəmizin bu sahədə nailiyyətlərini qəbul etməyə məcbur edir. Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, göstərilən hesabatda Azərbaycan təbii resurslar fondları bölümünə və Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsi bölümünə görə maksimal, yəni 100 bal əldə etmişdir.
Sizin birbaşa iştirakınızla Azərbaycanın qoşulduğu beynəlxalq əhəmiyyətli Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsi istiqamətində əldə olunmuş nailiyyətlər və real nəticələr artıq digər ölkələr üçün nümunəyə çevrilmişdir. Azərbaycan hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmalar barədə hesabatlar və beynəlxalq auditor şirkətinin bu hesabatlara dair verdikləri rəylər ictimaiyyətə mütəmadi olaraq açıqlanır. Azərbaycan Şəffaflıq Təşəbbüsündə lider ölkə olaraq qalır və bu təşəbbüsün beynəlxalq səviyyədə idarə edilməsində fəal iştirak edir. Təşəbbüsdə iştirak edən 30-dan çox ölkədən bu günədək yalnız 6-sı tamhüquqlu üzv statusuna malik olmuşdur və bunlardan birincisi məhz Azərbaycan olmuşdur.
Neft Fondunun əsasnaməsinə uyğun olaraq fondun digər məqsədi Azərbaycanda mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsinin təmin edilməsidir. Ölkə iqtisadiyyatına daxili mənbələr hesabına investisiyaların həyata keçirilməsində Neft Fondu mühüm rola malikdir. 2001-2010-cu illər ərzində fonddan ümumilikdə 2,3 milyard manat vəsait ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsi üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Eyni zamanda, fondun 14 milyard manat vəsaiti dövlət büdcəsinə transfert edilmişdir ki, bu vəsait hesabına dövlət investisiya proqramları həyata keçirilir.
Ulu öndərin sərəncamı ilə Dövlət Neft Fondundan ilk ayrılmış vəsait ən ağır sosial vəziyyətdə olan soydaşlarımıza, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Sizin tapşırığınıza uyğun olaraq cəmi 3 il ərzində Azərbaycanda mövcud olmuş bütün çadır düşərgələri ləğv edilmişdir.
Neft Fondundan maliyyələşən digər layihə - "Dəmir İpək Yolu" adlanan Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycanın tranzit potensialının genişlənməsini təmin edəcəkdir.
Dövlət Neft Fondundan maliyyələşən layihələr - Bakının su təchizatı ilə bağlı problemlərin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur. Bu layihələrin reallaşması Bakının su təchizatı ilə bağlı məsələlərinin həllinə şərait yaradacaqdır.
Hörmətli cənab Prezident, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən etibarən azərbaycanlı gənclərin respublikamızdan kənarda təhsil almağa göndərilməsi bir ənənəyə çevrilmişdir. 1969-1970-ci ildə respublikamızdan kənara 47 nəfər təhsil almağa göndərilmişdirsə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olmuşdur. Sonrakı illərdə də bu artım yüksələn xətt üzrə davam etdirilmişdir. Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızdan kənarda təhsil almış vətəndaşlarımız hazırda ölkəmizin inkişafı naminə bütün sahələrdə fədakarcasına çalışırlar.
Ulu öndərimiz Heydər Əliyevin azərbaycanlıların xaricə təhsil almağa göndərilməsi ilə bağlı ənənəsi hazırda Sizin tərəfinizdən uğurla davam etdirilir. Bu proqramın ilk növbədə Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi "qara qızıl"ın insan kapitalına çevrilməsi" ideyasının reallaşmasına doğru atılmış strateji bir addımdır. Cari ilin sonuna qədər dövlət proqramının icrası çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin sayının artıq 750 nəfərə çatması gözlənilir.
Möhtərəm cənab Prezident, bu gün ulu öndərin milli neft strategiyasının uğurla reallaşması sayəsində xalqımız Neft Fondunun aktivlərinin artımının şahididir. Neft Fondunun vəsaitinin artması Azərbaycanın maliyyə potensialının və bütünlüklə ölkənin iqtisadi qüdrətinin artması deməkdir. Bu vəsaitlərin həm bugünkü nəsillər üçün istifadə olunması, həm də gələcək nəsillər üçün qorunub saxlanması Sizin iqtisadi siyasətinizin əsas prinsipidir. Bununla əlaqədar əminliklə demək olar ki, cənab Prezident, Sizin həyata keçirdiyiniz siyasət sayəsində dövlətimizin iqtisadi qüdrəti bundan sonra daha da artacaq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edəcək və xalqımızın maddi rifah halı ildən-ilə yaxşılaşacaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.

{nl}

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin çıxışı
- Zati-aliləri, möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
20 oktyabr Azərbaycan energetikləri üçün əlamətdar bir gündür. 29 il əvvəl - 1981-ci il oktyabrın 20-də ümummilli liderimiz Heydər Əliyevin birbaşa rəhbərliyi altında Mingəçevirdə, Zaqafqaziyanın ən böyük elektrik stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyasının birinci enerji bloku istismara verilmişdir. Bununla da faktik olaraq bugünkü müstəqil Azərbaycanın energetika təhlükəsizliyinin əsası qoyulmuşdur.
Möhtərəm cənab Prezident, 2004-cü ildən Sizin sərəncamınıza əsasən 20 oktyabr respublikamızda "Energetiklər günü" kimi qeyd olunur. Bu gün qarşınızda çıxış etmək fürsətini verdiyinizə görə, ölkə energetikləri adından Sizə öz təşəkkürümü bildirirəm.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elektroenergetika sahəsi daim diqqət mərkəzində olmuşdur. Bu müddət ərzində bilavasitə ümummilli liderimizin rəhbərliyi və göstərişləri əsasında Şəmkir, Araz su elektrik stansiyaları, 70 min kilometrə yaxın elektrik ötürücü xətləri və çoxlu sayda yarımstansiyalar istifadəyə verilmişdir. Beləliklə də, elektrik enerjisi sisteminin real imkanları iki dəfədən çox artırılmışdır. Hətta 1990-cı illərdə olduqca çətin iqtisadi vəziyyətə baxmayaraq, respublikada bir neçə mühüm layihələr həyata keçirilmişdir. Şimal Elektrik Stansiyası, Bakı İstilik Mərkəzi, Yenikənd Su Elektrik Stansiyası və digər mühüm layihələr şəxsən ulu öndərimizin rəhbərliyi altında tikilib istifadəyə verilmişdir.
Möhtərəm cənab Prezident, son illər ərzində Sizin rəhbərliyiniz altında elektrik enerjisi sistemində bir sıra vacib və əhəmiyyətli layihələr həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, 2006-cı ilə qədər Azərbaycan ildə 1,2-1,5 milyard kilovat-saat elektrik enerjisi idxal etmək məcburiyyətində idi. Bu problemi aradan qaldırmaq və ölkəni elektrik enerjisi ilə tam şəkildə təmin etmək üçün Sizin tapşırığınıza əsasən qısa bir müddətdə respublikanın müxtəlif bölgələrində - Astara, Şəki, Xaçmaz, Bakı, Səngəçal, Naxçıvan, Qubada yeni elektrik stansiyaları istismara verildi. Bununla da, ölkənin elektrik enerjisi idxalından asılılığı aradan qaldırıldı. Eyni zamanda bölgələrdə qeyri-neft sahəsinin, sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradıldı.
2005-ci il avqustun 12-də Sizin tərəfinizdən Sumqayıtda 525 MVt gücündə yeni elektrik stansiyasının təməli qoyulmuş və 2009-cu il noyabrın 19-da bu stansiya istifadəyə verilmişdir.
Sizin rəhbərliyiniz altında həyata keçirilən bu layihələr nəticəsində generasiya güclərimiz qısa müddət ərzində 1500 MVt artmışdır. Beləliklə, 2007-ci ilə qədər elektrik enerjisi və təbii qaz idxal edən Azərbaycan, Sizin uğurlu siyasətiniz nəticəsində təbii qaz və elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişdir. Hətta blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası qonşu ölkələrə elektrik enerjisi ixrac edir.
Möhtərəm cənab Prezident, Sizin göstərişiniz əsasında, 2007-ci ildə Azərbaycan İstilik Elektrik Stansiyasında yenidənqurma işləri başlanmışdır. 2011-ci ildə bu işlər başa çatdırılandan sonra stansiyanın gücü 2000 MVt-dan 2600 MVt-a yüksələcəkdir. Stansiyanın səmərəliliyinin artması nəticəsində ildə 500 min ton yanacağa qənaət ediləcəkdir.
Vurğulamaq istərdim ki, ulu öndərimizin yaratdığı sənaye nəhəngi olan bu stansiya yenidənqurma işləri başa çatdıqdan sonra da ölkəmizə uzun müddət xidmət edəcəkdir.
Generasiya sahəsində ən vacib layihələrdən biri də Sizin tapşırığınızla inşa edilən gücü 780 MVt olan Şirvan şəhərində tikilən Cənub Elektrik Stansiyasıdır. Bu stansiya elektrik enerjisi sistemində mühüm rol oynayacaqdır. Stansiyada Azərbaycanda və regionda ilk dəfə olaraq, 4 qaz turbini və 2 buxar turbini olmaqla 3 növ yanacaqdan, - qaz, mazut və dizeldən istifadə etmək mümkün olacaqdır. Məlum olduğu kimi, 50 il əvvəl tikilən köhnə elektrik stansiyasını hazırda maksimum 500 MVt güc ilə işlətmək mümkündür. Burada 1 kilovat-saat elektrik enerjisinə sərf olunan yanacağın miqdarı isə 450 qramdan artıqdır. Cənub Elektrik Stansiyası istifadəyə verildikdən sonra 1 kilovat-saata sərf olunan şərti yanacağın miqdarı 250 qram təşkil edəcək və ildə 700 min ton yanacağa qənaət ediləcəkdir.
Sizin tapşırığınıza əsasən, yaxın zamanlarda gücü 400 MVt olan Tovuz Su Elektrik Stansiyasının tikintisinə başlanacaqdır. Bu çox böyük və mühüm layihədir. Qeyd edək ki, bu su anbarının layihə üzrə tutumu 2 milyard kubmetrdir. Bu tipdə stansiyaların elektrik enerjisi sisteminin tezliyinin tənzimlənməsində və dayanıqlılığının artırılmasında rolu əvəzolunmazdır. Eyni zamanda, Tovuz Su Elektrik Stansiyasının tikintisi su resurslarından daha səmərəli və daha çevik istifadə olunmasına imkan yaradacaqdır.
Sizin göstərişinizə əsasən cari ilin sonuna qədər gücü 400 MVt olan "Şimal-2" Buxar-Qaz Elektrik Stansiyasının tikintisinin başlanması planlaşdırılır. Layihə çərçivəsində "Şimal-1" və "Şimal-2" elektrik stansiyaları üçün yeni soyutma sisteminin, 220 və 110 kilovoltluq yarımstansiyaların, dəniz suyunun duzsuzlaşdırılması sisteminin qurulması nəzərdə tutulur.
Möhtərəm cənab Prezident, 2010-cu il Sizin tərəfinizdən Azərbaycanda "Ekologiya ili" elan edilmişdir. Ekoloji məsələlər daim Sizin diqqət mərkəzinizdə olmuşdur. Hələ Azərbaycan Dövlət Neft Şirkətində çalışarkən Sizin təşəbbüsünüzlə elektrik stansiyalarında mazut əvəzinə təbii qazdan istifadə olunmağa başlanıldı. O zaman elektrik stansiyalarında təqribən 90 faiz mazut, 10 faiz qaz işlədilirdi. Bu gün isə biz 100 faiz təbii qazdan istifadə edirik. Sizin o zaman irəli sürdüyünüz ideyanın həyata keçirilməsi ölkəyə böyük gəlir gətirmiş, eyni zamanda, ətraf mühitin təmizlənməsində mühüm rol oynamışdır. 2002-ci ildə Sizin tapşırığınıza əsasən istismar dövrünü başa vurmuş köhnə "Sumqayıt-1", "Sumqayıt-2" və "Şimal" elektrik stansiyalarının fəaliyyəti tam dayandırılmışdır. Bu qətiyyətli addım külli miqdarda yanacağa qənaət etməyə və ətraf mühitin yaxşılaşdırılmasına da ciddi imkan vermişdir.
Qeyd etmək lazımdır ki, Sumqayıtda istifadəyə verilmiş yeni elektrik stansiyası təmiz inkişaf mexanizmi prinsipi ilə istismar olunur və cari ilin oktyabrın 15-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən respublika üzrə ilk dəfə olaraq qeydiyyata alınmışdır. Bu, bir daha Sizin uzaqgörən siyasətinizin əyani sübutudur. Beynəlxalq ekspertlərin rəyinə görə, təkcə bu layihənin icrası nəticəsində karbon qazının atmosferə tullantısı ildə 1,5 milyon ton azalmışdır.
Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən tərəfimizdən respublikanın su və külək potensialını qiymətləndirən proqram hazırlanmışdır. Su resurslarının araşdırılması göstərmişdir ki, respublikanın müxtəlif bölgələrində dağ çayları və kanallar üzərində ümumi gücü 600 MVt olan 300-ə yaxın kiçik su elektrik stansiyasının tikintisi iqtisadi cəhətdən səmərəlidir. Bu il Göyçay, Balakən və Qusar rayonlarında 3 kiçik su elektrik stansiyasının təməli Sizin tərəfinizdən qoyulmuşdur, 7 stansiyanın layihəsi isə icra olunmaq üçün hazırdır. Sevindirici haldır ki, ilk belə su elektrik stansiyalarından olan Biləv Su Elektrik Stansiyası Naxçıvan Muxtar Respublikasında bu ilin oktyabr ayında Sizin tərəfinizdən işə salınmışdır. Sizin tərəfinizdən təməli qoyulmuş gücü 25 MVt olan Füzuli Su Elektrik Stansiyasının tikintisi 2011-ci ilin ortalarında başa çatdırılacaqdır.
Qeyd etmək istərdim ki, kiçik su elektrik stansiyalarının tikintisinin sürətlə davam etməsinə daxili imkanlar da səfərbər olunmuşdur. Respublikada kiçik su elektrik stansiyalarının tikintisində tətbiq olunacaq zəruri avadanlığın, o cümlədən hidroturbinlərin ölkə daxilində istehsalına yaxın vaxtlarda başlanacaqdır. Bu isə kiçik su elektrik stansiyalarının tezliklə tikilib istifadəyə verilməsinə zəmin yaradacaqdır. Sizin rəhbərliyiniz altında müxtəlif bölgələrdə reallaşdırılmaqda olan kiçik su elektrik stansiyalarının tikintisi həm yanacağa qənaət edilməsində, həm də ətraf mühitin qorunmasında müstəsna rol oynayacaqdır. Qeyd etmək lazımdır ki, bir çox layihələr Kioto protokoluna uyğun olaraq Təmiz İnkişaf Mexanizmi prinsipi ilə tikilir, bu isə atmosferə karbon qazının tullantısını əhəmiyyətli dərəcədə aşağı salacaqdır.
Möhtərəm cənab Prezident, Azərbaycanın enerji xəritəsini nəzərdən keçirsək aydın görərik ki, Sizin göstərişinizə əsasən generasiya gücləri bütün respublikanı əhatə edir. Bu isə hər bir bölgədə güclü energetika potensialının yaranmasına, sosial-iqtisadi rifahın yaxşılaşmasına öz töhfəsini verməkdədir. Generasiya sahəsində görülən işlər nəticəsində Azərbaycan nəinki öz enerji tələbatını tam təmin etmiş, hətta güclü ixrac potensialı yaratmışdır. Əldə olunmuş ixrac potensialını reallaşdırmaq üçün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi layihəsinin icrasına başlanmışdır. Layihə çərçivəsində bu ilin sonuna qədər Azərbaycanla Gürcüstanı birləşdirən 500 kilovoltluq xəttin Mingəçevir-Samux hissəsi, gələn ilin sonuna qədər isə Gürcüstan sərhədinə qədər hissəsi tam hazır olacaqdır. 2012-ci ildə isə Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizindən elektrik enerjisinin ixracı üçün texniki imkan yaranacaqdır.
Möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz altında generasiya ilə yanaşı, yarımstansiyaların və yüksək gərginlikli elektrik verilişi xətlərinin tikintisi və paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması sahəsində də işlər aparılır. Bu sahədə görüləcək işlər hələ olduqca çoxdur. Cari ilin sonuna kimi 500 kV-luq "Samux" yarımstansiyasının və Gəncə şəhərində 2 ədəd 330 kV-luq yarımstansiyanın tikintisinin başa çatdırılması nəzərdə tutulmuşdur. Hazırda Mingəçevirdən Abşerona qədər uzunluğu 280 kilometr olan iki dövrəli 220 kilovoltluq elektrik verilişi xətləri və Ağdaşda yeni 220 kilovoltluq yarımstansiya tikilməkdədir.
Uzunluğu 180 kilometr olan 340 kilovoltluq Goranboy-İmişli xəttinin tikintisi isə ikinci Cənub enerji dairəsinin yaranmasında mühüm rol oynayacaqdır.
Digər mühüm layihələrdən biri isə uzunluğu 100 kilometr olan, 220 kilovoltluq Sumqayıt-Zabrat-Şimal Elektrik Stansiyası- Hövsan xəttinin tikintisidir. 0,4-35 kilovoltluq şəbəkələr bir neçə bölgədə yenidən qurulmuşdur, 20-yə yaxın rayonda isə ilkin ödənişli smart-kart tipli sayğaclar quraşdırılmışdır. Bu işlər bir tərəfdən itkilərin əhəmiyyətli dərəcədə azalmasına, digər tərəfdən yığım səviyyəsinin artmasına imkan verir. Növbəti 3-4 ildə bütün paylayıcı şəbəkələrdə də bu işin başa çatdırılması nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, bu ilin sonunadək elektrik enerjisi sisteminin idarə olunması sahəsində çox vacib layihə başa çatdırılmaqdadır. Bu, dispetçer mərkəzində MDB məkanında analoqu olmayan SCADA sisteminin tətbiqidir. Layihə çərçivəsində dispetçer mərkəzi və bütün sistemtəşkiledici yarımstansiyalar, elektrik stansiyaları arasında 1200 kilometr uzunluğunda fibroptik kabelin çəkilməsi idarəetmə məlumatlarının təhlükəsizliyini təmin edəcəkdir. Rəqəmsal ötürmənin təmin edilməsi nəticəsində idarəetmənin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcəkdir. Layihə çərçivəsində Abşeron ərazisində dispetçer mərkəzinin ehtiyat idarəetmə məntəqəsi də yaradılmışdır.
Möhtərəm cənab Prezident, 2010-cu ilin texniki-iqtisadi göstəriciləri haqqında qısa məlumatları Sizin yüksək diqqətinizə çatdırmaq istərdim.
2010-cu ilin 9 ayı ərzində 13,8 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Elektrik enerjisi sistemində iqtisadi səmərəliliyin əsas göstəricilərindən sayılan hər kilovat-saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 17 qram azalaraq 318 qram olmuşdur. 2009-cu illə müqayisədə mazut ekvivalentində təqribən 140 min ton yanacağa qənaət edilmişdir.
Möhtərəm cənab Prezident, əmin ola bilərsiniz ki, Sizin rəhbərliyiniz altında ölkə energetikləri bundan sonra da dövlətimizin elektrik enerjisi təhlükəsizliyinin möhkəmləndirilməsi naminə əllərindən gələni əsirgəməyəcəklər. İcazə verin, fürsətdən istifadə edərək bu sahəyə göstərdiyiniz daimi diqqət və qayğıya görə bütün ölkə energetikləri və öz adımdan Sizə minnətdarlığımızı bildirim.
Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında