Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun geniş tərkibdə görüşü

İyulun 22-də rəsmi qarşılanma mərasimindən  sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti  Donald Tuskun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Cənab prezident, Azərbaycana xoş gəlmisiniz.

Sizi yenidən görməyimə çox şadam. Bütün nümayəndə heyətiniz xoş gəlib. Bu, bizim əlaqələrimizdə əhəmiyyətli gündür. Sizin səfəriniz Avropa İttifaqı–Azərbaycan əlaqələrinin inkişafında mühüm addımdır. Biz əlaqələrimizin inkişafından çox razıyıq. Biz çox şeyə nail olmuşuq və sözsüz ki, gələcək üçün planlarımız var.

Bu gün biz əməkdaşlığımızın perspektivlərini müzakirə edəcəyik. Hələlik isə bizim mövqeyimizə gəlincə, biz gündəliyin çox geniş olmasından, Azərbaycan, Avropa və regional təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən bir çox sahələri əhatə etməsindən razıyıq.

Biz sözsüz ki, əsas diqqəti siyasi dialoq, iqtisadi əməkdaşlıq, ticarət əlaqələri, enerji təhlükəsizliyi və digər ənənəvi sahələrə cəmləşdirməklə tərəfdaşlığımızı dərinləşdirməyi, əlaqələri intensivləşdirməyi və əməkdaşlıq üçün yeni sahələr tapmağı planlaşdırırıq. Ona görə də ümidvaram ki, səfəriniz zamanı nə etdiyimizi və hansı işləri planlaşdırdığımızı müzakirə etmək üçün yaxşı imkanımız olacaq.

Sözsüz ki, Avropa İttifaqı–Azərbaycan əlaqələri yüksələcək və qarşılıqlı şəkildə faydalı, Avropa və Azərbaycanın maraqlarını, regional təhlükəsizlik və regional inkişaf kimi məsələləri əks etdirən yeni mərhələyə qədəm qoyacaq. Bir daha xoş gəlmisiniz.

Avropa İttifaqı Şurasının prezidenti Donald TUSK dedi:

– Çox sağ olun cənab Prezident. Xüsusilə, dəvətinizə və qonaqpərvərliyinizə görə Sizə təşəkkür edirəm. Mən Bakıya ilk səfərimi çox yaxşı xatırlayıram. Bu, 5 il bundan əvvəl olub. Lakin bu, mənim Avropa İttifaqı Şurasının prezidenti kimi ilk səfərimdir. Təmkinli olduğunuza görə Sizə təşəkkür edirəm. Bildiyiniz kimi, mən Avropadakı problemlərlə əlaqədar Azərbaycana səfərimi təxirə salmalı olmuşdum. Məni başa düşdüyünüz üçün Sizə təşəkkür edirəm. İndi mən buradayam və razıyam.

Prezident İlham ƏLİYEV: Xoşbəxtlikdən, bütün çətin zamanlar artıq geridə qalıb.

Donald TUSK: Cənab Prezident, mən Sizin qədər nikbin deyiləm. Lakin ümidvaram ki, Yunanıstanla bağlı olan bu böyük problemin öhdəsindən gələ biləcəyik. Bir daha Sizə təşəkkür edirəm.

Bildiyiniz kimi, mənim üçün burada olmaq təkcə dostluq baxımından deyil, ilk növbədə, Sizin qeyd etdiyiniz sahələrdəki əlaqələrimizin vacibliyi baxımından böyük əhəmiyyət kəsb edir. Şəxsən mənim üçün əməkdaşlığımızla əlaqəli olan “Enerji Birliyi” adlanan ideya baxımından əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Avropa olaraq bizim üçün bu sahədə əməkdaşlığımız təkcə işbirliyindən ibarət deyil, əslində, bu, enerji resursları marşrutlarının şaxələndirilməsi üçün strateji seçim və strateji imkandır.

 

*   *   *

 

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Azərbaycan ilə Avropa İttifaqı arasında indiyə qədər həm Avropa İttifaqı strukturları, həm də Avropa ölkələri ilə geniş və çoxtərəfli əməkdaşlıq həyata keçirilir. Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi, siyasi, ticari, enerji, mədəni, idman və digər sahələrdə əməkdaşlıq məmnunluq doğurur. Bildirildi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın məzmunu və forması daha da dəqiqləşdirilməli və konkretləşdirilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin tezliklə hazırlanıb imzalanmasının vacibliyi qeyd olundu.

 

*   *   *

 

Sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk arasında söhbət təkbətək görüşdə davam etdirildi. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında