Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Dövlətimizin başçısı görüşdə nitq söylədi.

Prezident  İlham  Əliyevin  nitqi

– Hörmətli Mətbuat Şurasının üzvləri.

Sizi səmimiyyətlə salamlayıram. Sizi və bütün Azərbaycan xalqını Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bu gözəl bayram ərəfəsində jurnalistlərin böyük bir qrupu - 200-ə yaxın mətbuat işçisi mənim sərəncamlarımla orden, medal və fəxri adlarla təltif olundu. Onları da təbrik edirəm və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Doğrudan da böyük əlamətdar bir tarixdir. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Bu barədə biz sizinlə dəfələrlə danışmışıq, – xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır.

Bu gün Azərbaycan mətbuatı, deyə bilərəm ki, yeni səviyyəyə qalxa bilmişdir. Mən burada ilk növbədə, Mətbuat Şurasının fəaliyyətini qeyd etmək istəyirəm. Artıq 12 ildir ki, Mətbuat Şurası fəaliyyət göstərir. Mətbuat Şurasının fəaliyyətini həm Azərbaycan jurnalistləri, eyni zamanda, Azərbaycan ictimaiyyəti də görür və hesab edirəm ki, yüksək qiymətləndirir. Çünki şura yaranana qədər Azərbaycan mətbuatında gedən proseslər, deyə bilərəm, imkan vermirdi ki, mətbuat tam müstəqil mətbuat kimi fəaliyyət göstərsin. Azərbaycan mətbuatının keçid dövrü o illərdə olmuşdur. Mətbuat Şurası isə böyük funksiyanı öz üzərinə götürmüşdü. İlk növbədə, jurnalistlərin hüquqlarını qorumağa başlamışdır. Hesab edirəm ki, bu istiqamətdə böyük nailiyyətlərə çata bilmişdir. Zənnimcə, məhz buna görə, bu gün jurnalistlərimizin mütləq əksəriyyəti Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirir. Eyni zamanda, Mətbuat Şurası iqtidarla mətbuat arasında bir körpü idi. Mətbuat Şurası bu funksiyanı bu gün də uğurla icra edir.

Bununla bərabər, hesab edirəm ki, bugünkü mətbuatımızın yüksək səviyyəyə qalxmasında Mətbuat Şurasının çox böyük rolu olmuşdur. Çünki bu, fikrimcə, sadəcə olaraq mətbuatla bağlı olan məsələ deyil. Bu, ümumiyyətlə, cəmiyyətimizin inkişafı ilə bağlı olan məsələdir. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində Azərbaycan mətbuatında bəzən gedən yazılar bizim nə əxlaq normalarımıza, nə milli dəyərlərimizə sığmırdı. Bu da yəqin ki, keçid dövrünün bir əlaməti idi. Çünki azad mətbuat yaranmışdı və senzura ləğv edilmişdi. Bəzi hallarda təhqirlərə, yalanlara rast gəlinirdi.

Hesab edirəm ki, Mətbuat Şurasının bu sahədəki fəaliyyəti bütün cəmiyyət üçün çox dəyərli olmuşdur. Bu gün belə hallara çox az-az rast gəlinir. Hesab edirəm ki, biz gələcəkdə, ümumiyyətlə, milli dəyərlərimizə, adət-ənənələrimizə, cəmiyyətdə əsrlər boyu formalaşmış davranış qaydalarına xas olmayan yazılara rast gəlməyəcəyik.

Ona görə, mən bir daha öz fikrimi bildirmək istəyirəm. Demək istəyirəm ki, Mətbuat Şurasının çox böyük funksiyası var. Mən bunu yüksək qiymətləndirirəm və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

O ki qaldı dövlət siyasətinə, hesab edirəm ki, bunu jurnalistlər yaxşı bilir, görür. Bizim siyasətimiz istənilən sahədə səmimidir və birmənalıdır. Azərbaycan cəmiyyəti bizim siyasətimizlə bağlı fikirləri vaxtaşırı təbii ki, eşidir. Bizim hər bir məsələ ilə bağlı mütəmadi qaydada konkret yanaşmamız var. Hesab edirəm ki, istər siyasi və iqtisadi islahatlarla, beynəlxalq məsələlərlə, ölkə daxilində gedən proseslərlə, o cümlədən mətbuatın inkişafı ilə bağlı Azərbaycan iqtidarının mövqeyi cəmiyyət üçün artıq bəllidir.

Mən tam əminəm ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək. Bu, bizim şüurlu seçimimizdir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, bu, cəmiyyət üçün lazımdır. Mən dəfələrlə demişəm, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır ki, Azərbaycanın dayanıqlı inkişafı təmin edilsin.

Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir.

Bir daha demək istəyirəm ki, demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Bir daha demək istəyirəm, həm jurnalistlər bunu bilsinlər, həm bizim ictimaiyyət də bir daha Azərbaycanın rəsmi mövqeyini eşitsin ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək. Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər.

Əlbəttə, siyasi islahatlar iqtisadi islahatlarla da dəstəklənməlidir. Çünki əks-təqdirdə uğurlarımız yarımçıq olar. Bildiyiniz kimi, iqtisadi sahədə də islahatlar aparılır. Bu gün bütün dünyada, bölgədə yaşanan böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, insanların rifah halı yaxşılaşır və Azərbaycan öz taleyini özü müəyyən edir. Hesab edirəm ki, bu, bizim ən böyük sərvətimizdir. Müstəqillik dövründə biz, sözün əsl mənasında, müstəqil siyasət aparırıq. Bu siyasətin mərkəzində Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının maraqlarıdır. Bu maraqlar bizim üçün hər şeydən üstündür. Həmçinin milli dəyərlərimiz də bizim üçün hər şeydən üstündür.

Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.

Müstəqilliyimizin ilk illərində bizə bəzən elə gəlirdi ki, Qərbdə mövcud olan hər bir sahə gərək Azərbaycanda da tətbiq olunsun. Bizim təsəvvürümüz belə idi ki, ən mütərəqqi təcrübə oradadır, ən azad cəmiyyət orada formalaşıbdır. Ancaq illər keçdikcə biz görürük ki, heç də hər zaman belə deyil. O cümlədən yəqin ki, mətbuatla bağlı olan fikirlər indi sizdə də, məndə də var. Görürük ki, Qərb ölkələrində hər hansı bir vacib mövzu ilə bağlı mətbuatda fikir ayrılığı yoxdur. Əksinə, hər hansı bir alternativ fikri tapmaq çox çətin olur. Biz bunu istər ölkələrin daxili siyasəti ilə, daha çox isə xarici siyasətlə bağlı əyani şəkildə görürük. Qərb mediası Qərbin siyasi maraqlarını maksimum dərəcədə müdafiə edir. Əlbəttə ki, bu, təqdirəlayiq bir haldır. Baxmayaraq ki, bu, azad mətbuatın tam şəkildə təzahürü deyil. Ancaq ölkələrin, yaxud da ki, təşkilatların maraqlarını təmin etmək üçün bu, əlbəttə, təqdirəlayiq bir haldır. Bizdə də elə olmalıdır və hesab edirəm ki, biz də bu yolla gedirik. Çünki cəmiyyətimiz milli ideyalar, milli, strateji maraqlar ətrafında birləşib. Cəmiyyətdə bizim strateji seçimimizlə, ölkəni narahat edən əsas problemlərlə bağlı fikir ayrılığı yoxdur.

Bizim mətbuatımız da, əlbəttə ki, ilk növbədə, dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır. Mən hesab edirəm ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq.

Əlbəttə, bizim mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir. Onu da qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə, ölçü götürülməlidir. Ona görə, sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Bu, belə də olmalıdır, çünki ölkədə həllini gözləyən problemlər hələ ki, çoxdur. Bir çox məsələlər öz həllini tapıbdır. Ancaq hələ ki, həm siyasi islahatlarla, iqtisadi inkişafla bağlı görüləsi işlər çoxdur. Hesab edirəm ki, xüsusilə, idarəetmə sistemində islahatlar daha da dərinləşməlidir.

Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq.

Son vaxtlar Bakının hər hansı bir yerində əgər bir ağac kəsilirsə, dərhal qəzetlərdə, internet saytlarında bu barədə məlumat gedir. Dərhal reaksiya verilir və ölçü götürülür. Digər sahələrdə də, həmçinin. Mən dəfələrlə həm iş adamlarına, həm, ümumiyyətlə, vətəndaşlara müraciət etmişəm ki, əgər hər hansı bir ədalətsizlik, qanun pozuntusu, özbaşınalıq baş verirsə, dərhal reaksiya verin. İndi bu reaksiyanı vermək üçün kifayət qədər imkanlar var. Azərbaycanda internet şəbəkəsi geniş yayılıb. Əhalinin 75 faizi internet istifadəçisidir. Biz indi hər bir yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilişini təmin etməyə çalışırıq.

Ona görə, mən bir daha qeyd etmək istəyirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Şəxsən mənim üçün mətbuat burada çox gözəl dəstəkçi rolunu oynayır. Əminəm ki, gələcəkdə biz bu əməkdaşlığı davam etdirəcəyik.

Mən burada Azərbaycanın beynəlxalq mövqeləri haqqında məsələyə də toxunmaq istəyirəm. Əlbəttə, dövlət öz siyasətini aparır. Bizim beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır və beynəlxalq aləmdə Azərbaycanın çox gözəl nüfuzu vardır. Əgər belə olmasaydı bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsiz Şurasına qeyri-daimi üzv seçməzdi.

Bununla bərabər, siz onu da yaxşı görür və bilirsiniz ki, Azərbaycana qarşı beynəlxalq mediada ədalətsiz kampaniya aparılır. Bu kampaniya ona görə ədalətsizdir ki, ikili standartlar əsasında qurulubdur. Hər bir ölkədə qüsurlar, çatışmayan cəhətlər və sair var. Biz özümüz onları yaxşı bilirik və həll etməyə çalışırıq. Ancaq ümumi regional kontekstdən Azərbaycanı seçib hədəfə çevirmək, əlbəttə ki, ikili standartlar və anti-Azərbaycan siyasətinin əlamətidir. Xüsusilə, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da ciddi formalar alır və bizə qarşı əlaqələndirilmiş şəkildə hücumlar təşkil edilir. Biz bunu Avropa Oyunları ərəfəsində bir daha gördük və bu, mənim üçün sürpriz deyildi. Əksinə, bu, belə olmasaydı, mənim üçün sürpriz ola bilərdi. Bunun müxtəlif səbəbləri var. Siz də bunları yaxşı bilirsiniz. Həm Azərbaycanın müstəqil siyasəti, Azərbaycanın uğurları, Qərbdə islamofobiya meyillərinin gücləndirilməsi. Ümumiyyətlə, hər bir ölkənin yerinin müəyyən edilməsi siyasəti var. Elə bil ki, kimsə burada bu ölkələrin reytinqini, yaxud da, tutduğu yerləri müəyyən etməyə çalışır.

Erməni lobbisinin bizə qarşı fəaliyyəti. Əlbəttə, bu da öz rolunu oynayır, çünki bir çox hallarda Azərbaycana qarşı yazılan məqalələrin arxasında biz uzun erməni qulaqlarını görürük və onlar bizi hədəf seçiblər. Dünya erməniliyi üçün bir nömrəli hədəf Azərbaycandır. Mən bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Mən bunu istənilən auditoriyada deyə və sübut edə bilərəm. Bu, erməni xalqına aid deyil. Erməni xalqı özü kriminal diktatura rejimindən əziyyət çəkir. Bu rejim erməni xalqını elə pis vəziyyətə qoyub ki, o vəziyyətdən çıxmaq üçün bəlkə 100 il vaxt lazım olacaq. Ancaq erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz çalışırlar. Onların geniş maliyyə imkanları, əlaqələri var. Onlar yaşadıqları ölkələrin hakimiyyət orqanları ilə sıx bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara pullar verirlər. Düzdür, bu, lobbiçilik adı ilə gizlədilir. Ancaq bu, əslində rüşvət deməkdir. Beləliklə, bizə qarşı təşkil edilmiş kampaniyada erməni lobbisi ön plandadır. Ancaq bunlarla birləşən digər kateqoriyadan olan qurumlar, insanlar bizə qarşı çox çirkin kampaniya aparırlar. Yəqin ki, gələcəkdə bu, davam edəcəkdir. Biz buna hazır olmalıyıq və hazırıq.

Onu da qeyd etməliyəm ki, bu kampaniya Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etməmişdir və heç vaxt etməyəcəkdir. Çünki bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır. Bu gün Azərbaycan siyasəti xalqın iradəsinə söykənir. İstər daxili, istər xarici siyasət məsələlərində əsas amil budur.

Əlbəttə ki, biz öz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik. Ancaq ona da hazır olmalıyıq ki, biz bundan sonra da müxtəlif xarici mətbu orqanlarda Azərbaycanla bağlı təhqiramiz, yalan, böhtan əsasında yazılmış məqalələrlə üzləşəcəyik.

Nə etməli? İlk növbədə, biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün bu istiqamətdə fəal iş gedir. Həm dövlət orqanları, həm Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, həm də bizim mediamız bu sahədə böyük işlər görürlər. Mən hesab edirəm ki, gələcəkdə xarici dillərdə internet saytlarının sayı daha da çox olmalıdır. Bu gün bu saytlar var və biz onların sayını artırmalıyıq. Hesab edirəm ki, Azərbaycanın ən reytinqli internet saytlarının mütləq başqa dillərdə də variantları olmalıdır. Çünki biz ölkə daxilindəki problemləri, əlbəttə ki, aşkar edirik, görürük, həll etməyə çalışırıq. Ancaq biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünya xəzinəsinə hansı töhfələr veribdir? Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Burada əlbəttə ki, dövlət dəstəyi də olmalıdır və olacaqdır. Xüsusilə internet məkanında daha da böyük işlər görülməlidir. Çünki getdikcə məlumatı internetdən əldə edənlərin sayı daha da artacaq.

Biz erməni təbliğatını ifşa etməliyik. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı olan hücumların arxasında nələr dayanır. Bu da çox sadə bir yanaşmadır. Erməni lobbisi nəyə görə bizə qarşı bu fəaliyyəti aparır? İlk növbədə, düşmənçiliyə görə. Biz onların əbədi düşmənləriyik. Bunu heç kim heç vaxt yaddan çıxarmasın. Digər tərəfdən, sübut etməyə çalışırlar ki, Azərbaycanda demokratiya yoxdur, insan haqları pozulur və beləliklə, erməni azlığı gələcəkdə Azərbaycanın tərkibində yaşaya bilməz. Halbuki bu, tam cəfəngiyatdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bütün millətlərin, dinlərin nümayəndələri Azərbaycanda qardaşlıq şəraitində yaşayırlar. Bizim ölkəmizdə nadir şərait yaradılıbdır və bu, indi bir çox ölkələr üçün nümunə ola bilər. Ancaq bu təbliğatın və anti-Azərbaycan kampaniyasının arxasında əsas tezis məhz bundan ibarətdir. Yenə də Qarabağ mövzusudur, Dağlıq Qarabağ münaqişəsidir. Ona görə, biz Azərbaycanı dünya media məkanına müasir, inkişafda olan, açıq, tolerant ölkə kimi təqdim etməliyik. Bununla bərabər, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq. Çünki Ermənistan daim çalışır ki, mahiyyətlə bağlı məlumatlar heç yerə çıxmasın. Bəli, deyirlər münaqişə var, gəlin bunu sülh yolu ilə həll edək. Amma münaqişə necə yaranıb? Bunun səbəbləri nədir? İşğalçı kimdir? İşğalın qurbanları kimlərdir? Yəni, bu barədə, əlbəttə ki, onlar və onlarla əlbir olan xarici media qurumları heç bir məlumat vermirlər. Bu missiya bizim üzərimizə düşür və həm özümüz bunu etməliyik. Xarici media resursları ilə bizim daha sıx əlaqələrimiz olmalıdır. Bilirəm ki, indi xarici jurnalistlər Azərbaycana vaxtaşırı səfərlər edirlər. Həmçinin erməni təbliğatı nəticəsində Azərbaycan haqqında formalaşmış qeyri-adekvat rəy də onlar ölkəmizə gələndən sonra tamamilə aradan götürülür. Ona görə, həm xarici media nümayəndələrini Azərbaycana dəvət etmək, Azərbaycan jurnalistlərinin xaricə səfərlərini təşkil etmək vacibdir. Qərbin aparıcı media qurumları ilə əməkdaşlıq formatı yaradılmalıdır, məsləhətləşmə, yaxud da ki, sadəcə olaraq informasiya mübadiləsi aparılmalıdır. Biz bu yolla, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xarici media məkanına daha çox çıxış əldə edə bilərik.

Əlbəttə, bu açıq, yəni, ədalətli mübarizədə bizim arqumentlərimizə qarşı erməni tərəfi heç bir arqument qoya bilməz. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan əzəli Azərbaycan torpağıdır. Bunu siz bəlkə də hamıdan yaxşı bilirsiniz. Bugünkü Ermənistanın ərazisində yerləşən şəhərlərin, kəndlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir və Azərbaycan xalqı o torpaqlarda əsrlər boyu yaşamışdır.

Məsələnin hüquqi tərəfi Azərbaycanın mövqeyini birmənalı dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Postsovet məkanında olan heç bir başqa münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməmişdir. Yəni, bu, məsələnin həlli üçün əsas sənəddir. Yəni, hüquqi, tarixi amillər bundan ibarətdir və bu gün də Ermənistan, sadəcə olaraq, bir marionetka kimi bu bölgədə xarici ianələr hesabına fəaliyyət göstərir.

Ermənistan dövlət müstəqilliyini çoxdan itiribdir. Ən yaxşı halda ona forpost deyirlər. Amma, əslində, o, bölgədə nökərlik edir. Əgər erməni xalqının seçimi budursa, biz heç nə deyə bilmərik. Amma inanmıram ki, erməni xalqı müstəqillik arzuları ilə yaşadığı dövrdə bax bu müstəqilliyi təsəvvür edirdi və bunun səbəbi nədir? İşğalçı siyasətdir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, əlbəttə ki, erməni xalqı da real müstəqilliyə qovuşa bilərdi.

Bir sözlə, hesab edirəm ki, xarici media məkanında bizim fəaliyyətimiz bax, bu iki istiqamət üzrə aparılmalıdır - münaqişə ilə bağlı həqiqətlər və Azərbaycan reallıqları ilə bağlı həqiqətlər. Biz bunları çatdırmalıyıq. Biz istəyirik ki, bizi daha da yaxşı tanısınlar. Avropa Oyunları zamanı bizə bəziləri irad tuturdular ki, Azərbaycan bu Oyunları özünü tanıtmaq üçün keçirir. Burada heç bir qəbahət yoxdur. Hər bir ölkə istəyir ki, özünü təqdim etsin. İnkişaf etmiş ölkələr istəmirmi? Əlbəttə istəyir. İstəməsəydilər, onlar da buna bənzər oyunları keçirməzdilər. Bu, bizim təbii istəyimizdir. Biz istəyirik ki, bizi tanısınlar, görsünlər necə inkişaf edirik. Görsünlər ki, cəmi 24 il ərzində biz nələr əldə etmişik, nələr yaratmışıq. Kənardan heç bir yardım almadan, heç bir himayədar olmadan bunları özümüz yaratmışıq. Hələ Qarabağ münaqişəsi ola-ola. Ona görə, biz çalışacağıq bundan sonra da Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilsin. Azərbaycan təqdimatları keçirilsin ki, xaricdə bizi daha da yaxından tanısınlar, daha da çox hörmət etsinlər, bizimlə daha da çox hesablaşsınlar. Belə olan halda, bizim maraqlarımız daha da böyük dərəcədə təmin ediləcək.

Hesab edirəm ki, bizim cəmiyyətimizdə bu məsələlərlə bağlı çox müsbət proseslər gedir. Bir daha qeyd etmək istəyirəm ki, cəmiyyətimiz vahid maraqlar, xalqımız milli ideyalar ətrafında birləşib. Biz hamımız çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək. Əlbəttə ki, burada həm iqtidarın üzərinə böyük funksiya, həm də mətbuatın üzərinə böyük vəzifələr düşür. Qeyd etdiyim kimi, mətbuat işçiləri bu vəzifələrin öhdəsindən şərəflə gəlirlər. Sizi bir daha salamlayıram, təbrik edirəm və sizə gələcək uğurlar arzulayıram. Sağ olun.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun AMAŞOV çıxış edərək dedi:

– Möhtərəm cənab Prezident!

Milli mətbuatımızın tarixi mərhələsinin yaşandığı bu günlərdə bizləri - media nümayəndələrini qəbul etdiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Yubiley sevincini media təmsilçiləri ilə bölüşməyiniz bizim üçün böyük fəxrdir. Mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamınız ötən müddətin yaşantılarına, mətbu irsimizə verilən ən böyük dəyərdir. Bu dəyər milli mətbuatımızın yubileylərinin qeyd edilməsi ilə bağlı ənənəyə söykənir. Ənənənin təməli isə ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub.

Media cəmiyyətin güzgüsüdür. Azərbaycan Prezidenti cəmiyyətin fövqündə dayanan ali şəxsdir. Ötən 140 ilin xalqımıza, millətimizə bəxş etdiyi mənəvi dünya zənginliyi müstəqil dövlətimizin gələcək varlığı baxımından son dərəcə vacibdir. Bu dəyəri yaşatmaq missiyası, cənab Prezident, Sizin tərəfinizdən uğurla həyata keçirilməkdədir. Buna görə də milli mətbuatımızın yubileylərindən ən böyük sevinc payı məhz Sizə düşür.

Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti birinci Avropa Oyunlarında qazandığımız möhtəşəm qələbənin sevinci ilə yaşayır. Oyunlar təkcə idman hadisəsi deyil, eyni zamanda, xalqımızın dünyaya sülh çağırışı, mədəniyyətimizin təbliği, mənəvi xəzinəmizin tərənnüm meydanı idi. Sizin sayənizdə bu missiya çox uğurla həyata keçirildi. Yüksək diqqət və qayğınız, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi yorulmaz fəaliyyəti böyük uğurumuzun təminatı qismində çıxış etdi.

Birinci Avropa Oyunları xalqımız və dövlətimiz üçün tarixi sınaq idi. Qətiyyətlə və fəxrlə deyə bilərik ki, biz bu sınaqdan ləyaqətlə çıxdıq. Avropaya və dünyaya varlığımızı, böyüklüyümüzü nümayiş etdirməyi bacardıq. Tam əminik ki, Sizin sayənizdə Vətənimiz Yay Olimpiya Oyunlarına da ev sahibliyi edəcək.

Birinci Avropa Oyunlarının keçirilməsinə jurnalistlərimiz də layiqli töhfə verdilər. Onlar ölkəmizə qarşı yönələn anti-Azərbaycan kampaniyası ilə mübarizədə vahid platformadan çıxış etdilər. Mediamız siyasi yönümündən asılı olmayaraq Azərbaycan cəmiyyətinin istək və arzularının, duyğu, düşüncə və hisslərinin ifadəçisinə çevrildi. Azərbaycan mediası həmrəyliyi ilə tarixi imtahandan şərəflə çıxdı.

Ümumən Azərbaycan mətbuatının ötən 140 ili çoxsaylı sınaqlarla xarakterikdir. Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” xalqımızda milli kimlik hissini, milli şüuru oyatdı. “Əkinçi”dən doğan qığılcımlar “Ziya”, “Ziyayi Qafqaziyə”, “Kaspi”, “Şərqi-rus”, “Həyat” qəzetlərinin, “Kəşkül”, “Fyüzat”, “Molla Nəsrəddin” jurnallarının və digər mətbu orqanların fəaliyyətlərində əbədi məşələ çevrildi, dövlət müstəqilliyimizə aparan yolun ideoloji bazasını formalaşdırdı. Bu baza o qədər möhkəm oldu ki, hətta sovet dövrünün qadağaları belə milli oyanış hissinin qarşısında dayana bilmədi. Jurnalistlərimiz istiqlal mücadiləmizin ön sıralarında getdilər. Onlar ötən əsrin əvvəllərində olduğu kimi, sonlarında da müstəqillik ideyasının carçısı kimi çıxış etdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyev mediamızın məhz bu şərəfli missiyasına həssas yanaşdı, ölkədə demokratik cəmiyyət quruculuğu prosesində azad medianın mühüm rolunu ön plana çəkdi. Məhz onun sayəsində MDB məkanında ilk dəfə Azərbaycanda senzura ləğv olundu. Bununla da Azərbaycan mediasının inkişafında yeni mərhələ başlandı.

Yeni mərhələnin davamı və uğurları, cənab Prezident, Sizin adınızla bağlıdır. Bu mərhələni xarakterizə edərkən kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik bazasının daha da zənginləşdirilməsini, mediaya dövlət dəstəyinin sistemli şəkil almasını və jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn konkret addımları xüsusi vurğulamalıyıq. Mövcud istiqamətdəki ardıcıl fəaliyyətinizə görə Siz Azərbaycan jurnalistlərinin dostusunuz. Bu dostluq ölkəmizdə vətəndaş cəmiyyəti təməlinin daha da möhkəmlənməsinə xidmət prinsipini rəhbər tutur.

Möhtərəm cənab Prezident, çıxışlarınızda qətiyyətlə qeyd etdiyiniz kimi, qloballaşan dünyada dəyərlərimizin, milli maraqlarımızın və mənafelərimizin qorunması son dərəcə önəmlidir. Bunun üçün dəyişən dünyada baş verən hadisə və proseslərə operativ reaksiyanın verilməsi müstəsna əhəmiyyət daşımaqdadır. İnternetin geniş vüsət aldığı hazırkı dövrdə isə ictimai rəy əsasən internet üzərindən yayımlanan media orqanları, habelə sosial şəbəkələr vasitəsilə formalaşdırılır.

Onu da vurğulayaq ki, internet media resurslarımız ilk Avropa Oyunlarından əvvəl və Oyunların gedişində anti-Azərbaycan təbliğatına qarşı xüsusi fəallıqları ilə seçildilər. Onlar ümummilli maraqlardan çıxış edərək ölkəmizlə bağlı qarayaxma kampaniyalarına tutarlı, operativ cavablar verdilər. Lakin internet media resurslarımızın informasiya müharibəsi şəraitində daha aktiv fəaliyyət göstərmələrinə ehtiyac var.

Azərbaycan dövləti Sizin şəxsinizdə ənənəvi media orqanlarının bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyətini təmin etmək məqsədilə mühüm tədbirlər gerçəkləşdirməkdədir. Hər il ölkənin tanınan, ictimai rəyə təsir göstərən qəzetləri dövlət büdcəsindən maliyyələşdirilir. Kütləvi informasiya vasitələrinin cəmiyyət həyatının müxtəlif istiqamətləri ilə bağlı təşəbbüsləri qiymətləndirilir. Bu proses həm onları maddi-texniki cəhətdən möhkəmləndirir, həm də yaradıcılıq imkanlarına müsbət təsir göstərir. İstərdik ki, bu mexanizmdən internet media orqanları da faydalansınlar. Bunun, eyni zamanda, ölkəmizin xaricdə təbliği baxımından da vacibliyini düşünürük.

Onu da qeyd edək ki, ölkəmizin ədalətli mövqeyinin təbliği üçün jurnalistlərimizin xarici dilləri mükəmməl bilmələri, xarici təcrübəni dərindən mənimsəmələri mütləqdir. Cənab Prezident, Siz də çıxışlarınızda bu məsələyə önəm verdiyinizi bildirmisiniz. Azərbaycanlı tələbələrin xaricdə təhsili ilə bağlı Dövlət Proqramı mövcuddur və faydalı nəticələr verir. İstərdik ki, jurnalistlərimiz də mövcud imtiyazdan bəhrələnsinlər. Jurnalistikanın spesifik sahə olduğunu, eyni zamanda, strateji əhəmiyyət daşıdığını nəzərə alsaq, yaxşı olardı ki, bununla əlaqədar ayrıca fəaliyyət xətti müəyyənləşdirilsin. Belə olarsa, biz Azərbaycan həqiqətlərini, əsasən də Dağlıq Qarabağ həqiqətlərini xarici ölkələrdə daha yaxşı tanıdarıq, eyni zamanda, erməni təbliğatına qarşı daha fəal və ciddi mübarizə apara bilərik.

Möhtərəm cənab Prezident, müstəqillik illərində Azərbaycan mediası bir çox müsbət vərdişlərə yiyələnib. Mediamız hazırda istər texniki xüsusiyyətlərinə, istərsə də yaradıcılıq potensialına görə regionda öncül mövqe tutur. Dünyanın bir çox aparıcı kütləvi informasiya vasitələri bölgə ilə bağlı məlumatlar yayarkən mənbə kimi Azərbaycanın media orqanlarına istinad edirlər. Əlbəttə, vəziyyət bir qədər də təkmilləşdirilməlidir. Ölkəmizə qarşı informasiya müharibəsinin getdiyi hazırkı şəraitdə yüksək statusa yiyələnmək həqiqətlərimizin dünyaya çatdırılması işini daha da sürətləndirər. Bunun üçün isə jurnalistikanın özünün institutlaşmasına ehtiyac var. Proses, ilk növbədə, jurnalistikamızın peşəkarlığının artırılması baxımdan vacibdir. Çünki jurnalistika kifayət qədər dinamik sahədir. Onun yeniliklərinin mütəmadi araşdırılması və tətbiqi mütləqdir. Burada dünya mediasının fəaliyyətinin təhlilinə yönələn iş prinsiplərinin birləşdirilməsi də faydalı olardı.

Bu aspektdən çıxış etsək, bir mühüm məqamın da üzərində dayanmaq istərdim. Azərbaycan mediası dünyada baş verən, eyni zamanda, ölkəmizin maraqları ilə kəsişən məsələlərlə bağlı məlumatları əsasən xarici KİV-lərin vasitəsilə əldə edir. Həmin məlumatların əksəriyyəti isə bu KİV-lərin süzgəcindən keçirilir, öz ölkələrinin maraqlarına uyğun yayımlanır. Ona görə də, cənab Prezident, bizim KİV-lərimizin xaricdəki müxbir məntəqələrinin artırılmasına böyük ehtiyac var.

Media ictimaiyyətini düşündürən mühüm məqamlardan biri də reklam bazarının qənaətbəxş səviyyədə olmamasıdır. Reklamçılar azad sahibkarlardır. Redaksiyalar fəaliyyətləri ilə onları özlərinə cəlb etməlidirlər. Bu, məsələnin bir tərəfidir, daha çox zamanla tənzimlənməlidir. Ancaq biz rəsmi qurumların reklam və elanlarının KİV-də yerləşdirilməsi ilə bağlı Türkiyə təcrübəsini də araşdırmışıq. Məsələ ətrafında Azərbaycan Mətbuat Şurasında çoxsaylı müzakirələr aparılıb. Təhlillərdən sonra belə qənaətə gəlmişik ki, Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqi mümkündür. Bu, KİV-lərin iqtisadi dayanıqlığının artırılmasına mühüm töhfə olardı. Eyni zamanda, bütövlükdə reklam bazarının canlanmasına da müsbət təsir göstərərdi.

Mediamız keyfiyyət dəyişikliyi mərhələsini yaşamaqdadır. Proses özünü istər ayrı-ayrı KİV-lərin maddi-texniki bazasının gücləndirilməsində, istərsə də jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasında göstərir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş mediaya dövlət qayğısı hazırda “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın, həmçinin bu sənədə uyğun olaraq formalaşdırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun timsalında fundamental əsasa malikdir. Media nümayəndələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına gəldikdə isə, bu istiqamətdə jurnalistlər üçün inşa olunmuş bina ən mühüm tədbirlərdəndir. Yeri gəlmişkən, cənab Prezident, onu da deyim ki, jurnalistlərimiz səbirsizliklə Sizin Sərəncamınız əsasında inşa edilən növbəti binanın da onların istifadəsinə verilməsini gözləyirlər.

Azərbaycan jurnalistləri üçüncü dəfədir ki, kütləvi surətdə dövlət mükafatlarına və fəxri adlara layiq görülüblər. Dünən isə 200-ə yaxın həmkarımıza bu sevinci bəxş etdiniz, cənab Prezident. Buna görə də Sizə bütün jurnalistlərimiz adından dərin təşəkkürümüzü bildiririk.

Azərbaycan dövlətinin hazırkı media siyasəti jurnalistikanın ictimai həyatımızdakı önəmini vurğulayan son dərəcə mühüm tədbirlərə əsaslanır və üzərindən illər keçdikdən sonra da Sizin adınızla xatırlanacaq. Digər tərəfdən, biz jurnalistlər qlobal dünyada baş verən bir sıra hadisə və prosesləri, o cümlədən yaşadığımız həssas coğrafi məkanla bağlı reallıqları nəzərdən keçiririk. İstər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətiniz, istərsə də beynəlxalq müstəvidə Azərbaycanın mövqe və mənafelərinin qorunmasına yönələn fikir və düşüncələriniz, əməli fəaliyyətiniz Vətənimizin sükanının etibarlı əllərdə olduğunu söyləməyə əsaslar verir. Bu günün Azərbaycanı dünya miqyasında öz sözünü deyən, öz prinsiplərini diktə edən ölkədir. Buna görə də jurnalistlərimiz üçün Siz yalnız müdrik dövlət başçısı deyil, eyni zamanda, ən böyük vətənpərvər azərbaycanlısınız. Möhtərəm cənab Prezident, icazə verin, Sizə ölkə jurnalistlərinin bu yanaşmasının nəticəsi olaraq Azərbaycan Mətbuat Şurasının xüsusi mükafatını təqdim edim.

Xüsusi mükafat. “Azərbaycanın milli maraqlarının qorunmasında qətiyyətli mövqeyinə görə təltif  olunur, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev”. Təbrik edirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Mükafat dövlətimizin başçısına təqdim olundu.

Əflatun AMAŞOV: Cənab Prezident, eyni zamanda, bizim Sizə bir yubiley hədiyyəmiz var. Bu, Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı kiçik hədiyyədir.

Yubiley hədiyyəsi Prezident İlham Əliyevə təqdim edildi.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm. Biz qaldırdığınız məsələlərlə bağlı lazımi tədbirləri görəcəyik. Çox dəyərli təkliflərdir, həm reklam bazarı, həm də ki, xaricdə müxbir məntəqələri ilə bağlı. Doğrudan da bizə bir çox hallarda artıq xarici medialardan məlumat gəlir. Onların mövqeyi həmin məlumatın daxilində öz əksini tapır. Biz gərək  həqiqəti çatdıraq və belə olan halda buna böyük ehtiyac var. İndi biz hansı yolla, hansı istiqamət üzrə bunu edəcəyik? Siz baxın, təklif edin. İnternet  mediaya dövlət dəstəyi mütləq verilməlidir. Bəlkə indi buna daha çox ehtiyac var.

 

*   *   *

 

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif AŞIRLI çıxış edərək dedi:

– Hörmətli cənab Prezident!

Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı verdiyiniz sərəncama, Azərbaycan jurnalistikasına göstərdiyiniz diqqətə və qayğıya görə məxsusi olaraq Sizə dərin təşəkkürlərimi bildirirəm. Məndən öncə çıxış edən Əflatun Amaşov Azərbaycan mətbuatının keçib gəldiyi tarixi yola qısa bir ekskurs etdi və müasir jurnalistikamızın problemləri ətrafında da fikir və mülahizələrini bildirdi, ən çox da ənənələrdən danışdı. Təbii ki, bu ənənələri formalaşdıran böyük şəxsiyyətlərdir, böyük ziyalılardır. Biz o şəxsiyyətləri, o ziyalıları daim hörmətlə anırıq. Hesab edirəm ki, Azərbaycanda ənənələrin formalaşmasında məxsusi rolu olan ümummilli liderimiz Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyev Azərbaycan jurnalistlərinin çox yaxın dostu idi. Ulu öndər Heydər Əliyev bizim bütün problemlərimizə çox həssas yanaşan, onları diqqətlə öyrənən və bu problemlərin həlli yolunda çox ciddi addımlar atan böyük dövlət xadimi idi.

Burada əyləşən baş redaktorlarımız və jurnalistlərimiz də çox gözəl bilirlər ki, 1990-cı illərin sonlarında cəmiyyətin müxtəlif sahələrində olduğu kimi, mətbuatımızda da böhranlı hallar yaşanırdı. Bu böhranı aradan qaldıran, bizi böhrandan çıxaran ümummilli liderimiz oldu.

Həmin dönəmdə problemlərin bir çoxu kütləvi informasiya vasitələri haqqında mükəmməl qanunların olmaması ilə bağlı idi. Çox qısa müddət ərzində kütləvi informasiya vasitələri haqqında nəinki Azərbaycanda, MDB məkanında, hətta Avropa ölkələrinin qanunvericilik bazasından da daha yaxşı, daha humanist və daha demokratik qanunlar külliyyatı qəbul olundu. Senzura ləğv edildi, bizim “Azərbaycan” nəşriyyatına olan borclarımız birdəfəlik silindi, bu proses dayandırıldı. Ulu öndər Heydər Əliyev, ümumiyyətlə, Azərbaycanda mətbuat üçün yeni bir ənənənin də əsasını qoydu. Bu, mətbuat gününün və mətbuatımızın yubileylərinin dövlət səviyyəsində keçirilməsi ənənəsi idi.

Azərbaycan mətbuatının 125 illiyi 2000-ci ildə məhz ümummilli liderimizin sərəncamı ilə çox yüksək səviyyədə keçirildi. Ulu öndərimiz Heydər Əliyevlə bizim çox görüşlərimiz olub. Biz onun tövsiyələrini həssaslıqla qəbul etmişik. Biz ulu öndərin mətbuata diqqət və qayğısını həmişə yüksək dəyərləndirmişik. Biz həmin görüşlərin təəssüratını həmişə yaşatmışıq və yaşadacağıq. Çünki bu, biz jurnalistlərin fəaliyyəti üçün çox böyük önəm kəsb edir.

Mən istərdim ki, ilk dəfə mətbuatın yubileyinin keçirilməsi mərasiminə toxunam və kiçik bir xatirə danışım. Biz keçmiş “Moskva” mehmanxanasının birinci mərtəbəsindəki salonda yığışmışdıq və ümummilli liderin zala daxil olmasını gözləyirdik. Həmin salonun bir neçə istiqamətdə qapıları var idi. Biz də hesab edirdik ki, ümummilli lider ya ön qapıdan gələcək, ya da arxa qapıdan. İndi burada əyləşən həmkarlarımın bir çoxu orada idi. Biz yan qapının ağzında dayanıb, gözləyirdik. Bir də baxdıq ki, qapı açıldı və ümummilli lider göründü. Qapı ilə bizim aramızda məsafə çox az olduğundan bizim üçün daxili bir gərginlik yarandı. Ulu öndər bizə yaxınlaşdı. O müdrik insan bayramımızı təbrik etdi və görünür, üzümüzə baxıb gərginlik keçirdiyimizi hiss etdi və bizimlə söhbət etməyə başladı. Hətta bizə zarafatyana suallar verdi. Çox qısa bir zamanda bizim daxili gərginliyimiz aradan qalxdı.

O söhbətdə, o görüşdə, cənab Prezident, bizim yaddaşımızda daim yaşayacaq bir məsələnin şahidi olduq. Ulu öndər ölkədə çıxan və ictimai rəyə təsir imkanı olan bütün qəzetləri, onların baş redaktorlarını tanıyırdı. Hətta, adbaad tanıyırdı. Bu, bizim üçün böyük məsuliyyət idi. Biz bu məsuliyyəti dərk edərək öz işimizdə daha dəqiq, daha ciddi olmağa çalışırdıq.

Cənab Prezident, Siz hakimiyyətə gələndə ilk aylarda Türkiyə qəzetlərinin birinə belə bir müsahibə vermişdiniz. Mən dövlət idarəçiliyi ilə bağlı hər hansı bir qərar qəbul edəndə, sənədə imza atanda fikirləşirəm ki, ümummilli lider görəsən bu məsələni, bu problemi necə həll edərdi. Mən az-çox ictimai rəyi bilən bir insan, Sizin fəaliyyətinizi çox yaxından izləyən, müxtəlif yönlərdən siyasi şərhlər verən bir qəzetin yazarı, sıravi bir qələm adamı kimi deyirəm: Sizin dövlət idarəçiliyi ilə bağlı verdiyiniz hər bir qərar, sənədə atdığınız imzalar ümummilli liderimizin imzalarının davamıdır. Məhz buna görə biz Sizə təşəkkür edirik. Siz daxilən, ruhən demokratik insansınız. Burada elə bir atmosfer yaradırsınız ki, biz çəkinmədən alternativ fikirlərimizi, ürəyimizdən gələn fikirləri səmimi şəkildə Sizə çatdırırıq. Bu, Sizin daxili demokratizminizdən, bizə, Azərbaycan ziyalılarına, qələm sahiblərinə olan hörmətinizdən doğur.

Təbii ki, biz ötən dəfə də elə bu zalda müxtəlif təkliflərlə çıxış etdik. Bu təkliflər öz həllini tapdı. Artıq ali məktəblərin jurnalistika fakültəsinə daxil olan müəllim tələbəyə sual ünvanlamır ki, sən jurnalist olmaq istəyirsən, ya yox? Çünki əvvəlcə qabiliyyət imtahanı yox idi. Jurnalistikaya çox təsadüfi adamlar - hüquq, beynəlxalq münasibətlər fakültələrinə balı çatmayan abituriyentlər diplom xatirinə gəlirdilər. Artıq bu problem aradan qaldırıldı. Həm Mətbuat Şurası, həm Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, həm KİVDF, həm baş redaktorlar bu seçim prosesində çox şəffaf, azad şəkildə iştirak edir və bizim gələcək kadrların daha peşəkar, daha savadlı olması üçün əllərindən gələni edirlər.

Burada ahıl jurnalistlərlə bağlı məsələ qaldırılmışdı. Cənab Prezident, bizim ağsaqqal həmkarımız Yusif Kərimov indi Mətbuat Şurasında müxtəlif layihələr həyata keçirir. Özünü jurnalistikaya həsr edən, Azərbaycan mətbuatının inkişafında məxsusi yeri olan, sadəcə indi səhhətindəki problemlərlə əlaqədar cəmiyyətdə baş verən proseslərə qatıla bilməyən və diqqət-qayğı uman ahıl jurnalistlər evlərində ziyarət olunurlar. Onların problemləri öyrənilir və həlli istiqamətində addımlar atılır.

Cənab Prezident, biz belə problemlərimizin daha sürətli, daha çevik həlli üçün Sizə bir daha təşəkkür edirik. Biz Sizi özümüzə dost seçmişik və çox istərdik ki, Siz bizim daim dostumuz olasınız. Çünki Əflatun Amaşov burada bizim yeni mediamızın gətirdiyi yeni problemlər ətrafında söhbət açdı. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində işlərimizi sürətləndirmək üçün inanırıq ki, Sizin tərəfinizdən zəruri tədbirlər görüləcək. Əminik ki, əvvəlki problemlərimiz kimi, bu problemlərin də həllinə Siz öz yardımınızı, köməyinizi göstərəcəksiniz.

Cənab Prezident, biz çox istərdik ki, bir daha deyirəm, həmişə bizim dostumuz olasınız. Çünki bu dostluq bizim problemlərimizin həllində mühüm rol oynayır.

Prezident İlham ƏLİYEV: Yəni, bu, təmənnalı dostluqdur, eləmi?

Akif AŞIRLI: Təmənnalı dostluq deyil. Təbii ki, dostluq birtərəfli deyil, dostluğun ikitərəfi olur. Biz də çalışırıq ki, Azərbaycan həqiqətlərinin, milli maraqlarımıza söykənən fikirlərinizin, ideyalarınızın, yürütdüyünüz müstəqil siyasətin dünyaya çatdırılması istiqamətində imkanlarımızı səfərbər edək, bu yolda fəaliyyət göstərək.

Siz burada media haqqında həm nəzəri, həm də təcrübi fikirlərinizi söylədiniz. Təbii ki, media cəmiyyəti təkcə maarifləndirmə, yönləndirmə institutu deyil, həm də cəmiyyəti öyrənmə institutudur. Biz cəmiyyət içərisində oluruq və ayrı-ayrı təbəqələrlə ünsiyyət qururuq. Onların yazılarını çap edirik. O insanların ümumi fikri bundan ibarətdir ki, Siz Azərbaycanın müstəqilliyi ideyasından bir addım kənara çəkilməmisiniz. Bu, böyük fədakarlıqdır. Bu fədakarlığa görə Sizə “Çox sağ olun!” deyirik.

Azərbaycan artıq özünü, öz müstəqil dövlətçilik tarixini dünyaya təqdim edib. Bakı indi artıq dünyanın, Qərb ölkələrinin dialoq mərkəzinə çevrilib. Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsi buna əyani sübutdur. Yeri gəlmişkən, orada Sizin media haqqında dediyiniz bir fikri xatırlatmaq istəyirəm. Siz orada dediniz ki, media dördüncü hakimiyyət deyil, media artıq birinci hakimiyyətdir.

Azərbaycan təkcə humanitar, iqtisadi sahələrdə deyil, idman sahəsində də öz sözünü deyir. Əflatun Amaşov ilk Avropa Oyunları ilə bağlı öz fikirlərini çatdırdı. Oyunlar zamanı Azərbaycan xalqı yekdil bir mövqe tutdu, dövlətini, dövlətçiliyini və Sizin yürütdüyünüz siyasəti dəstəklədi. Bu, məhz xalqımızın uğurudur, cənab Prezident, Sizin uğurunuzdur.

Cənab Prezident, indi 140 illiyini qeyd etdiyimiz Azərbaycan mətbuatının, jurnalistikasının qarşısında həmişə bir problem olub. Elə “Əkinçi” qəzeti yarananda Həsən bəy Zərdabinin əleyhinə yazan erməni “Muşaq” qəzetinin redaktoru idi və Həsən bəy də işini-gücünü atıb buna cavab verirdi. 140 ildir ki, artıq bu problem Azərbaycan jurnalistlərinin, jurnalistikasının qarşısındadır. Çox xoşdur ki, bu gün Azərbaycanda peşəkar jurnalist ordusu, söz ordusu var. Vətənimizə söz ilə güllə atan o insanlara biz layiqli cavablarını veririk. Siz də Ali Baş Komandan kimi hansı bir məqamdasa bizi torpaqlarımızı işğaldan azad etməyə çağırsanız rahat redaksiyalarımızı səngərə dəyişməyə, səngər qəzetləri çıxarmağa, yeni medianın imkan verdiyi formatda bunu etməyə hazırıq. Hesab edirəm ki, Azərbaycan tarixində bunun örnəkləri olub. İkinci dünya savaşında bizim jurnalistlərimiz məhz bu cür davranıblar.

Cənab Prezident, bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm.

Prezident İlham ƏLİYEV: Sağ olun. Biz burada səslənən fikirləri ümumiləşdirib, qərar qəbul edəcəyik. Çox dəyərli fikirlər, təkliflər səslənib.

 

*   *   *

 

Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud RƏHİMOĞLU çıxış edərək dedi:

– Möhtərəm cənab Prezident!

İcazə verin, mən də milli mətbuatımızın 140 illik yubileyi münasibətilə bizləri bir araya gətirdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirim. Bu gün Sizin mətbuata və jurnalistikaya göstərdiyiniz dəstək sayəsində ölkə mediası, sözün əsl mənasında, keyfiyyət dəyişiklikləri dövrünü yaşayır. Bu, ümumilikdə, müstəqil Azərbaycanın mətbuat tarixində məzmun etibarilə yeni, fərqli, daha dinamik, mütərəqqi mərhələnin başlanması kimi dəyərləndirilə bilər.

Bəllidir ki, dövlətin və vətəndaş cəmiyyətinin hərtərəfli inkişafında kütləvi informasiya vasitələrinin, medianın özünəməxsus rolu var. Media ictimai rəyin formalaşdırılması ilə yanaşı, müxtəlif təmayüllərin cəmiyyətdə təşəkkül tapması üçün əsas vasitədir. Biz çox yaxşı anlayırıq ki, bu gün Sizin əzmkar və cəsarətli siyasətiniz nəticəsində Azərbaycanın beynəlxalq arenada söz sahibi olması, beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirməsi ölkəmizin və dövlətçiliyimizin gücləndirilməsini istəməyən qüvvələrin ürəyincə deyildir.

Amma fərəh hissi ilə deyə bilərəm, ötən ay paytaxtımızda təşkil olunan birinci Avropa Oyunları göstərdi ki, milli mətbuatımız, vətəndaş cəmiyyəti institutlarımız, bütövlükdə xalqımız ağı qaradan seçməyi yaxşı bacarır. Mətbuatımız Oyunlar müddətində bu idman bayramını yüksək səviyyədə işıqlandırmaqla bərabər, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bəzi xarici media orqanlarına və təşkilatlara, sözün əsl mənasında, dirəniş göstərdi, onlara layiqli cavab verdi. Bu, həm sosial mediada, həm də müxtəlif yazılar, təhlil materialları, araşdırmalar şəklində kütləvi informasiya vasitələrində açıq-aydın hiss olunurdu.

Möhtərəm cənab Prezident, rəhbəri olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondu iki böyük beynəlxalq qurumda - Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətində və Beynəlxalq Sülh Bürosunun Ali Şurasında təmsil olunur.

Təşkilatımız BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvüdür. Təvazökarlıqdan uzaq olsa da, qeyd etmək istərdim ki, bizim kimi beynəlxalq statuslu bir media təşkilatının Azərbaycanda mövcud olması ölkəmizdə vətəndaş cəmiyyətinin yüksək səviyyədə inkişaf etməsinin bariz nümunəsidir və bununla bağlı ara-sıra səslənən əsassız iddialara layiqli cavab verir. Beynəlxalq təmsilçiliyimiz Azərbaycana qarşı qarayaxma kampaniyasına tutarlı cavab vermək, bəyanatlar yaymaq, dövlətimizin haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində bizə əlavə üstünlüklər verir və biz bundan layiqincə yararlanmağa çalışırıq. Qeyd etməliyəm ki, təmsil olunduğumuz beynəlxalq qurumlarda Azərbaycana qarşı formalaşdırılmış ikili münasibətlərin müsbət məcrada dəyişilməsinə müəyyən mənada nail olmuşuq. Bu da ölkəmizdə Sizin rəhbərliyinizlə aparılan inkişaf strategiyasının uğurlu icrası, media və bütövlükdə vətəndaş cəmiyyətinə diqqət və qayğınız, doğru informasiya mübadiləmiz sayəsində mümkün olmuşdur.

Yeri gəlmişkən, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına əvəzolunmaz dəstəyiniz barədə bu ilin may ayında Əli Həsənovun iştirakı ilə keçirilən təşkilatımızın baş ofisinin açılışı mərasimində xarici ölkələrin Azərbaycandakı təmsilçiləri beynəlxalq təşkilatların nümayəndələrinə geniş məlumat verdi. Elə həmin tədbirdə Sizin adınıza təqdim etdiyimiz təşkilatımızın ali mükafatı da mərasim iştirakçıları tərəfindən çox yüksək səviyyədə qarşılandı.

Bu gün Azərbaycanın üzləşdiyi təhdidlər, ikili standartlar göz qabağındadır. Belə bir tarixi dönəmdə düşünürəm ki, Azərbaycan mediasının, bütövlükdə vətəndaş cəmiyyətinin məsuliyyəti torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan əsgərinin məsuliyyətindən heç də az deyildir.

Ona görə də hesab edirəm ki, ciddi beynəlxalq qurumlarda təmsil olunan vətəndaş cəmiyyəti təşkilatları və mediamızın ölkəmizin hüdudlarından kənarda fəaliyyətinin gücləndirilməsi məqsədilə əlavə imkanların yaradılması, dövlət orqanları ilə media və vətəndaş cəmiyyəti təşkilatları arasında sıx əməkdaşlığın qurulması zərurəti vardır. Sizi əmin edirəm ki, Azərbaycan haqqında doğru, dürüst informasiyanın geniş coğrafi məkanda yayılmasına bu, əlavə stimul yaradacaq. Sözsüz ki, Azərbaycan Mətbuat Şurasının medianın fəaliyyətini səmərəli şəkildə əlaqələndirməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun media qurumlarının inkişafına hərtərəfli yardımı nəticəsində bu istiqamətdə vəziyyəti nəzərəçarpacaq dərəcədə müsbət yöndə dəyişmişdir. Sevindirici haldır ki, son illər milli mətbuatımız ölkəmizdə gənc nəslə vətənpərvərlik hissinin aşılanması, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi istiqamətində Sizin qarşıya qoyduğunuz vəzifələrin yerinə yetirilməsində böyük uğurlar əldə etmişdir.

Hörmətli cənab Prezident, Şərqdə ilk dəfə söz azadlığı, bəyan və təmin edilən Azərbaycan mətbuatının davamçılarını müqəddəs Ramazan bayramının da qeyd edildiyi bu günlərdə bir araya toplamaqla Siz medianın əhəmiyyətini, onun hüququ dövlət və vətəndaş cəmiyyəti quruculuğundakı vacib rolunu, dövlətimizin mətbuatımıza olan diqqət və dəstəyini bir daha göstərmiş oldunuz. Bu gün Sizin müəyyən etdiyiniz prioritetlər əsasında ölkəmizdə gerçəkləşdirilən tədbirlər, aparılan islahatlar, media və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət öz bəhrəsini verir.

Özüm və həmkarlarım adından bir daha əmin etmək istərdim ki, Sizin rəhbərliyiniz altında əldə olunmuş uğurların qorunmasında, Azərbaycanın haqlı mövqeyinin müdafiəsində milli mətbuatımız, bütövlükdə Azərbaycanın vətəndaş cəmiyyəti hər zaman Sizinlə birgə olacaq, nailiyyətlərinizin keşiyində duracaqdır. Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: – Sağ olun. Bir daha Sizi qarşıdan gələn bayram münasibətilə təbrik etmək istəyirəm. Burada səslənən təkliflərə baxılacaq və lazımi tədbirlər görüləcək. Mən də çalışacağam ki, bundan sonra da mətbuatın dostu kimi qalım. Əlimdən gələni edəcəyəm ki, Azərbaycan mətbuatı inkişaf etsin və media qarşısında duran problemlər öz həllini tapsın.

Dünən imzaladığım sərəncamlar əsasında böyük bir qrup mətbuat işçisi dövlət mükafatları ilə təltif olunubdur. Onların arasında Mətbuat Şurasının üzvləri də vardır. İstərdim ki, onlara bu təltifləri mən özüm şəxsən təqdim edim. 

Prezident İlham Əliyev Əflatun Əhməd oğlu Amaşova və Vüqar Müzəffər oğlu Səfərliyə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərini, Rauf Arif oğlu Abbasova və Azər Hacıqulu oğlu Həsrətə “Əməkdar jurnalist” fəxri adlarının vəsiqələrini və döş nişanlarını təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında