İyulun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə mərasimdə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, bunun İslam dininə ehtiram və milli mənəvi dəyərlərimizə verilən yüksək qiymət olduğunu vurğuladı. Şeyxülislam Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin bəhrəsi olduğunu və bu siyasəti Prezident İlham Əliyevin də uğurla davam etdirdiyini bildirdi. Ölkəmizin beynəlxalq imicinin daha da möhkəmləndiyini vurğulayan şeyxülislam respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini dedi. Bu yaxınlarda ölkəmizin ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının yüksək səviyyədə keçdiyini qeyd edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda milli mənəvi dəyərlərin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətlərini diqqətə çatdırdı. Birinci Avropa Oyunlarının açılış mərasimində onun “Qoy, Tanrı bizi qorusun” deməsini mənəviyyatın təntənəsi adlandırdı.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın, nümunəvi multikulturalizmin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bildirdi. O da birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırdı.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev ölkəmizdə dinlərarası dialoqun və millətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu dedi. Bildirdi ki, yəhudilər Azərbaycanın bütün qələbələrinə sevinir və Azərbaycanı özlərinə doğma bilirlər, onun uğurlarına sevinirlər.
Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təbriklərini çatdırdı, xalqımıza sülh və xoşbəxtlik arzuladı. Hər il gözəl ənənəyə çevrilən iftar mərasimini ölkəmizdəki din-dövlət münasibətlərinin təzahürü adlandıran dövlətimizin başçısı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin müstəqillik dayaqlarımızı daha da möhkəmləndirdiyini bildirdi.
“Azərbaycanda düşünülmüş siyasət, xalqla iqtidar arasında möhkəm birlik var və bu, bizim uğurumuzdur”, – deyən Prezident İlham Əliyev yalnız müstəqillik dövründə ölkəmizin bütün uğurlara nail olduğunu diqqətə çatdırdı. Son illərdə Azərbaycanda dinlərarası münasibətlər və multikulturalizmlə bağlı keçirilən forumların əhəmiyyətinə toxunan dövlətimizin başçısı ölkəmizdəki tolerantlıq mühitinin həyat tərzimizə çevrildiyini vurğuladı. Son dövrlərdə bəzi ölkələrdə milli və dini zəmində qarşıdurmaların, müharibələrin, toqquşmaların baş verdiyini deyən Prezident İlham Əliyev bütün bunların Azərbaycana təsir etmədiyini bildirdi.
Dövlətimizin başçısı Azərbaycanın dünyəvi dövlət olduğunu, tarixdə ilk dəfə ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının yüksək səviyyədə baş tutduğunu qeyd etdi. “Biz müstəqil ölkəyik və Azərbaycan xalqının taleyi öz əlindədir”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, xalqımız üçün milli mənəvi dəyərlər hər şeydən üstündür. Gənclərimizin bu ruhda tərbiyə olunmasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı gənclərin kənar təsirlərdən qorunmasının vacibliyini diqqətə çatdırdı.
Birinci Avropa Oyunlarının gedişində 20 mindən çox Azərbaycan gəncinin gecə-gündüz könüllü şəkildə işləyərək onlara göstərilən etimadı doğrultduqlarını bildirən Prezident İlham Əliyev öz adından və “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından artıq onlara təşəkkürnamə verildiyini bildirdi.
“Azərbaycanın gələcəyi parlaqdır və bizim uğurlarımıza heç bir qüvvə təsir edə bilməz”, – deyən Prezident İlham Əliyev bir daha qarşıdan gələn Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını və xalqımızı təbrik etdi.
Sonda şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə milli mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətə görə bir daha minnətdarlıq etdi.
Sonra iftar süfrəsi açıldı.
(Mərasimdən hazırlanan geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcək).
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.